Mir
Cəfərin məhkəməsi necə
hazırlanmışdır
(əvvəli
ötən şənbə saylarımızda)
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Bağırov və Şəkinski
1952-53-cü illərdə Məmmədəmin Şəkinskinin
Krasnodardan ailəsinə göndərdiyi məktublara əyilməz
şəxsiyyətin ürək çırpıntıları
hopmuşdur. Onun 1953-cü ildə sonbeşik oğluna (o zaman Əkrəm
Şəkinski Məşədi Əzizbəyov adına Azərbaycan
Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinin
dördüncü kurs tələbəsi idi - T.Q.)
ünvanı belə yazılmışdı: Krasnodar ölkəsi,
Çernomorsk qəsəbəsi, Kalinin küçəsi, ev
1.
Məmmədəmin Şəkinski 1950-ci ilin mart
ayının 15-də 50 yaşını "Qara dəniz"
qəsəbəsində "qeyd" etmişdi. O, Qaradəniz
trestinin mənzil-kommunal təsərrüfatı idarəsinin
müdiri idi. Azərbaycanda baş verən hadisələri
"Pravda" qəzetindən və mərkəzi jurnallardan
izləyirdi. 1953-cü il martın 5-də Stalinin vəfatından
kədərlənən 53 yaşlı Məmmədəminin
ilk dəfə sürgünlükdə gözləri
yaşarmışdı. Fəqət elə həmin gün
Sov.İKP MK-nın, SSRİ Ali Soveti Rəyasət Heyətinin
və Nazirlər Sovetinin birgə iclasında Mir Cəfər
Bağırovun Sov. İKP MK Rəyasət Heyətinin
üzvlüyünə namizəd seçilməsi ürəyini
dağa döndərmişdi. Həmin iclasda Lavrenti
Pavloviç Beriyanın (M.Şəkinski onu 1918-ci ildən
şəxsən tanıyırdı - T.Q.) G.M.Malenkovun
müavini təyin edilməsi də ona sevinc bəxş etdi.
Xeyli düşünüb-daşındıqdan sonra qələm
götürüb Sovet hökumətinin
başçısına aşağıdakı məktubu
yazdı:
"SSRİ Nazirlər Sovetinin sədri G.M.Malenkov
yoldaşa
Vətəndaş Məmmədəmin Əhməd
oğlu Şəkinskidən
ünvan: Krasnodar ölkəsi, Çernomorsk qəsəbəsi,
ev 1
Ərizə
"Çernomorneft" trestinin mənzil-kommunal təsərrüfatında
54 il vicdanla və qüsursuz çalışmışam.
Ancaq 1952-ci ilin mayında mən "öz xahişimlə"
yataqxana komendantı işimdən azad edilmişəm. Səbəbi
də bu olmuşdur ki, mənzil-kommunal təsərrüfatındakı
və trestin ayrı-ayrı rəhbərlərinin işindəki
kobud nöqsanlara kəskin münasibətimi bildirmişəm.
Mənim işdən çıxarılmağım,
aydındır ki, mənzil-kommunal təsərrüfatı rəhbərliyindəki
çirkin əməllərlə məşğul
olanların heç bir fakta əsaslanmayan hərəkətidir.
Bəhanə budur ki, mən "1937-ci ildə repressiya
olunmuşam. Çirkablıq girdabına düşmüş
bu adamların niyyəti baş tutmuşdur: Cənub rayon
partiya komitəsi mənim iştirakım olmadan bədnam qərarı
təsdiq etmişdir.
Krasnodarneft Birliyinin rəisinə şikayət məktubu
ilə müraciət etdikdə, o əvvəlcə müraciətimə
canıyananlıqla yanaşdı və bildirdi ki, mən
işimə qaytarılacağam (Onun rəsmi yazılı vədini
məktubuma əlavə edirəm). İndiyədək Birlik rəisinin
vədi yerinə yetirilməmişdir.
Sizdən soruşuram: Sovet dövlət quruluşu şəraitində
bir sovet vətəndaşı kimi mənim bir ilədək
işsiz qalmağımı nə ilə izah etmək olar?
Axı həmişə Vətənimiz naminə namusla
çalışmışam, Sovet pasportu daşıyıram,
neftçilərin həmkarlar ittifaqının üzvüyəm,
1954-cü ildə SSRİ neft sənayesi tərəfindən
neftçilərə nümunəvi məişət xidməti
göstərdiyimə görə
mükafatlandırılmışam. İnanın ki, işsiz
qaldığım vaxtlarda sözün tam mənasında
ehtiyac içində yaşamışam.
Güman edirəm ki, artıq elə bir zaman gəlmişdir
ki, Sov. İKP 1937-38-ci illərdə yejovçuluğun əsassız
olaraq günahlandırdığı və həbsə
alındığı mənim kimi bir kommunistin işinə əncam
çəkəcəkdir".
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2011.- 2-4 iyul.- S. 15.