Azərbaycan diasporu dünyada erməni mifini
sındırıb
2011-ci ildə Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
20-ci ili tamam olur. Ötən müddət ərzində
müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin
dünya birliyinə inteqrasiyası istiqamətində xeyli
addımlar atılıb.
Amma unutmayaq ki, Azərbaycan
gənc bir dövlətdir, üstəlik, ərazilərimizin
bir qismi hələ də Ermənistanın işğalı
altında qalmaqdadır. Odur ki, müstəqilliyimizin möhkəmləndirilməsi,
siyasi-iqtisadi-hərbi-mənəvi gücümüzün fasiləsiz
- hər gün, hər saat artırılması gənc
dövlətin hədəflərinə çatması yolunda
başlıca şərtdir. Daxili siyasi sabitlik, iqtisadi
sıçrayış, uğurlu neft-qaz siyasəti,
Avropanın enerji təminatında önəmli rol oynamağa
başlaması, Milli Ordunun gücləndirilməsi, maliyyə
imkanlarının artması Azərbaycanın regionda söz
sahibi olmasına, xarici arenada öz manefelərini müdafiə
etməsinə imkan yaradır.
Gənc dövləti
gücləndirmək, beynəlxalq miqyasda nüfuzunu
artırmaq yalnız sayı 9 milyon nəfəri keçən
Azərbaycan vətəndaşlarının işi deyil.
Soydaşlarımız az qala bütün dünyaya səpələniblər
və onların sayı 50 milyon nəfərdən
artıqdır. Müstəqil Azərbaycan Respublikası isə
onların hamısının vətənidir,
soydaşlarımıza arxadır. Təbii ki, onların da məskən
saldıqları ölkələrdə təşkilatlanmaqla,
diaspor gücü ortaya qoymaqla Azərbaycanımızın təbliğatını
aparmaq, Dağlıq Qarabağ həqiqətlərini dünya
ictimaiyyətinə çatdırmaq, erməni lobbisinə
qarşı mübarizədə, düşmənin
çirkin informasiya savaşında gənc dövlətimizə
dəstək vermək Vətən qarşısındakı
borclarıdır.
Azərbaycanın
müxtəlif ölkələrdə artıq sayları
400-ü keçən diaspor qurumları digər diasporlarla
müqayisədə gənc olsa da, onlar tədricən fəaliyyətlərini
gücləndirir, genişləndirir, milli dəyərlərimizi,
dövlətçiliyimizi xaricdə təbliğ edir,
yaşadıqları ölkənin ictimai-siyasi həyatında
fəal rol oynamağa, daha mütəşəkkil şəkildə
təşkilatlanmağa, fəaliyyətlərini koordinasiya etməyə
çalışırlar. Amma heç birimizin, o cümlədən
diaspor təşkilatlarımızın vaxt itirmək
lüksü yoxdur: daha güclü, daha mütəşəkkil
olmalıyıq.
Diasporumuzun fəaliyyətində
indiyədək buraxılan səhvləri, eləcə də
güclü cəhətləri araşdırıb dərs
çıxarmalı və mütəşəkkil fəaliyyətin
elə səviyyəsinə nail olmalıyıq ki, erməni
diasporuna qəti savaş elan edək.
"Ekspress" qəzeti
indiyədək bu ümummilli işimizin təşviq və təbliğinə
öz töhfəsini verməyə çalışıb və
hazırda bu mövzuda Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
yardımı ilə layihə həyata keçirir.
Layihə çəçivəsində
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, bu
prosesdə diasporumuzun rolu və bunun söz və mətbuat
azadlığına, eləcə də KİV-in
inkişafına təsiri mövzularını əhatə edəcək
"Dünyaya baxış" adlı xüsusi səhifə
yayınlanacaq.
İş elə gətirdi
ki, layihənin ilk materialının hazırlanması əlamətdar
günə - Dünya Azərbaycanlılarının III
Qurultayının keçirildiyi bir vaxta təsadüf etdi.
Xatırladaq ki, ilk qurultay ümummilli lider Heydər Əliyevin
təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da,
II qurultay isə 2006-cı il martın 16-da Bakıda
keçirilib.
Dünən - iyulun 5-də
Azərbaycan diasporunun öndə gedən, fəal üzvləri
qurultayın keçirildiyi Heydər Əliyev Sarayına
toplaşmışdılar. Dünya Azərbaycanlılarının
ali forumuna 1272 nümayəndə seçilmişdi.
Qeydiyyatın nəticələrinə
görəsə, qurultayın işində dünyanın 42
ölkəsindən seçilmiş 600 nümayəndədən
579 nəfəri, habelə dünyanın 30 ölkəsindən
211 nəfər qonaq qismində iştirak edirdi. Onların
arasında Azərbaycan reallıqlarının dünya
ictimaiyyətinə çatdırılması işinə
daim dəstək verən tanınmış əcnəbi
ziyalılar və alimlər də vardı. Qonaqların
arasında Qırğızıstan Respublikası parlamentinin sədri
Əhmədbəy Keldıbekov, Gürcüstanın diaspor məsələləri
üzrə dövlət naziri Papun Davitaya, Türkiyə
diaspor təşkilatının rəhbəri Kamal Yurtnac,
Moldova Qaqauz Muxtariyyətinin rəhbəri Mixail Formuza, Rusiya
Xaricdə Yaşayan Soydaşlar üzrə Federal Agentliyinin
idarə rəhbəri Vladislav Şvetsov və başqaları
vardı.
Ən çox
nümayəndə və qonaqla təmsil olunan ölkələr
sırasında Rusiya (155 nəfərlə təmsil olunur) və
Türkiyə (101) lider idi. Ukrayna (49), Almaniya (43),
Gürcüstan (41), ABŞ (28), İsveç (23), Niderland
(21), İsrail (17), Özbəkistan (13), Fransa (12), Böyük
Britaniya və Şimali İrlandiya Krallığı (11) və
Kanada (10) da qurultayda çoxsaylı nümayəndə heyəti
ilə təmsil olunurdu.
Qurultayda Azərbaycan
Respublikası 677 nümayəndə və 405 nəfər
qonaqla təmsil olunurdu. Ümumilikdə isə 1872 nəfər
qeydiyyatdan keçmişdi.
Yeri gəlmişkən,
ali tədbirdən əvvəl qurultay iştirakçıları
Fəxri xiyabanda Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət etmişdilər.
Diasporla İş üzrə Dövlət Komitəsinin
(DİDK) sədri Nazim İbrahimov jurnalistlərə
açıqlamasında əmin olduğunu bildirmişdi ki,
Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan
xalqının tarixində çox mühüm yer tutacaq. Onun
sözlərinə görə, Azərbaycan diasporu artıq
tam formalaşıb, güclənib, fəaliyyət göstərdiyi
ölkələrin siyasi həyatına təsir göstərəcək
qüvvəyə çevrilib: "Azərbaycan diasporu III
qurultaya tam formalaşmış, güclənmiş vəziyyətdə
gedir. Diasporumuz dünyada erməni mifini artıq
sındırıb".
Prezident
Administrasiyası (PA) İctimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov isə əmin olduğunu
bildirib ki, III qurultay "dünya azərbaycanlılarının
həyatında yeni mərhələnin başlanğıcı
olacaq" (APA).
Əli Həsənov
xatırladıb ki, 2001-ci ildə bu istiqamətdə atılan
mühüm addım kimi Azərbaycanda Diasporla İş
üzrə Dövlət Komitəsi yaradılıb: "Komitə
dünya azərbaycanlılarının təşkilatlanması,
vahid bir ideya ətrafında birləşməsi, onların
öz aralarında və Azərbaycan dövləti ilə əlaqələrinin
qurulması istiqamətində mühüm işlər
görüb".
Ötən müddətdə
Dünya Azərbaycanlılarının Xartiyasının qəbul
olunduğunu qeyd edən Ə.Həsənov orada dünya azərbaycanlılarının
fəaliyyətinin əsas strateji vəzifələrinin müəyyən
olunduğunu deyib: "Bunun ətrafında hesabatlar dinləniləcək.
Hesabatlarda əsasən bu günə kimi nəyə nail
olunduğu, bundan sonra bizi hansı işlərin gözlədiyi
qeyd olunacaq. Dünya azərbaycanlılarının
qarşısında hansı ideyaların durduğu əsas
müzakirə mövzusu olacaq".
Prezident
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı
şöbəsinin müdiri Elnur Aslanov isə bildirir ki, bu
gün Azərbaycan diasporu vahid bir mərkəzdən
çıxış edə bilən, konkret əməllərlə
bir çox ölkələrdə fəaliyyətini həyata
keçirən bir quruma çevrilib. Onun sözlərinə
görə, prezident İlham Əliyevin qurultaydakı
çıxışı diaspor fəaliyyətinin gələcək
mərhələləri üçün strategiyanı müəyyən
edə biləcək: "Cənab prezidentin
çıxışından irəli gələn tezisləri
xaricdə yaşayan azərbaycanlılar gələcək fəaliyyət
strategiyası kimi qiymətləndirəcəklər. Son 10 il ərzində
Azərbaycan diasporu təşkilatlanma mərhələsini
çox uğurla keçib".
E.Aslanov bəyan edib
ki, Dünya Azərbaycanlılarının III Qurultayı Azərbaycan
diaspor təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi,
Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
konkret işlərin görülməsi üçün
müəyyən strategiyanın hazırlanmasına xidmət
edəcək.
Bir sözlə, əvvəldən
III qurultayın qəbul edəcəyi qərarları ilə
Azərbaycan diasporunun daha mütəşəkkil qüvvəyə
çevrilməsi yolunda tarixi forum olacağı gözlənilirdi.
Qurultayı
açıq elan edildikdən sonra dövlət himni səsləndi
və ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik
sükutla yad edildi. Daha sonra "Gücümüz birliyimizdədir!"
sənədli filmi nümayiş etdirildi.
Azərbaycan prezidenti
İlham Əliyev forumda geniş nitqlə
çıxış etdi və diasporumuzun fəaliyyətinin
daha da gücləndirilməsi ilə bağlı tövsiyələrini
verdi (3-cü səhifəyə bax).
"Söz verirəm
ki, Azərbaycan prezidentinin tövsiyələrini yerinə
yetirəcək, qeyd etdiyi nöqsanları aradan
qaldıracağıq". Bunu isə ali forumdakı
çıxışında Diasporla İş üzrə
Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirdi.
İbrahimov deyib ki,
hazırda dünyada 416 Azərbaycan diaspor təşkilatı
fəaliyyət göstərir. Onun sözlərinə görə,
bu təşkilatlardan 102-si Dünya Azərbaycanlılarının
II Qurultayından sonra təsis edilib.
Komitə sədri Azərbaycan
diasporunun fəaliyyətinin hücum taktikası üzərində
qurulduğunu vurğulayaraq, qeyd etdi ki, bu gün Azərbaycan
diaspor təşkilatları türk dilli ölkələrin
diasporları ilə əlaqələri
sıxlaşdırır.
Qurultayda
çıxış edən Qırğız parlamentinin
spikeri Əhmədbəy Çeldibekov
Qırğızıstanda 20 mindən çox azərbaycanlının
yaşadığını qeyd etdi.
Gürcüstanın
Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze isə
Gürcüstan prezidenti Mixail Saakaşvilinin qurultaya təbrik
məktubunu oxudu.
Türkiyə
Cümhuriyyətinin Xaricdə yaşayan Türklər və
Qohum Topluluqlar üzrə Başkanlığının rəhbəri
Kamal Yurtnac bildirdi ki, iki dövlət arasında qurulan
münasibətlərin möhkəmləndirilməsində hər
iki dövlətin başçısının böyük
rolu var. Bununla yanaşı, onun sözlərinə görə,
ölkələrin mədəniyyətinin, tarixinin və milli
maraqlarının tanınmasında diaspora təşkilatları
daim bir-birilə münasibətdə olmalıdır.
Rusiya Federasiyası
Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə
və Beynəlxalq Əməkdaşlıq üzrə Federal
Agentliyinin idarə rəisi, general Vladislav Şvetsovun sözlərinə
görə, dostluq qohumluğa bənzəyən bir durumdur.
"Məncə, Azərbaycan və Rusiya xalqlarrı
arasında böyük dostluq var. Qurultayın keçirilməsi
sivilizasiyaların arasında körpülərin, mədəniyyətlər
arasında əlaqələrin yaranmasında böyük rol
oynayır".
Moldova Qaqauz Muxtariyyətinin
rəhbəri Mixail Formuza Azərbaycanla qaqauzların əvvəldən
qardaş olduqlarını bildirdi. "Bizim də çətin
zamanlarımız olub və həmin vaxtlar Heydər Əliyev
və Süleyman Dəmirəl bizə yadım göstəriblər.
Biz kiçik bir millətik və ehtiyacımız var ki,
Dünya Azərbaycanlılarının Qurultayı kimi
böyük tədbirlərdə iştirak edək. Bu, bizi
sevindirir".
Forumun gedişində
III qurultayın proqramı və reqlamenti təsdiq edildi,
işçi orqanları yaradıldı. Daha sonra qurultayda
hesabat dinlənildi və Azərbaycan diasporunun daha da gücləndirilməsi
yolları müzakirə olundu. Toplantıda "Dünya Azərbaycanlılarının
III qurultayının qətnaməsi", "Azərbaycan
prezidentinə müraciət", "Dünya azərbaycanlılarına
müraciət", "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
beynəlxalq təşkilatlara, xarici ölkələrin
parlamentlərinə, dövlət və hökumət
başçılarına müraciət" qəbul edildi.
Bundan başqa, forum
Dünya Azərbaycanlılarının Əlaqələndirmə
Şurasının fəaliyyətinin yenidən təşkili
ilə bağlı məsələni səsverməyə
çıxararaq qəbul etdi. Şuranın fəaliyyətini
davam etdirmək barədə qərar qəbul edən qurultay
Şuranın tərkibində Rəyasət Heyətini ləğv
edərək İcra Katibliyi yaratdı. Azərbaycan prezidenti
İlham Əliyev yenidən Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının sədri,
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Nazim İbrahimov isə icra katibi seçildi. Əlaqələndirmə
Şurası üzvlərinin sayı isə 107-dən 115-ə
çatdırıldı.
Bununla da ali forum
işini yekunlaşdırdı.
İradə Cəlilova
Ekspress.- 2011.- 6 iyul.- S. 12.