Səhvlərimə də borcluyam...

 

   Sevimli aktyorumuz, xalq artisti Yaşar Nurinin səhhətində yaranan nasazlıq bütün Azərbaycanı təşvişə saldı, nigarançılıq içində saxladı. Allaha şükür ki, gözəl sənətkarımız artıq bizi nigarançılıqdan çıxardı.

   Onunla üç il əvvəl, Türkiyəyə qaraciyərini dəyişdirməyə getməzdən əvvəl görüşüb söhbətləşmişdik, texnikanın etibarsızlığı səbəbindən həmin müsahibə diktofonda qaldı, oxucularımıza çatdıra bilmədik. O gündən bəri çox sular axıb, xalq artistinin həyatında çox şeylər baş verib.

    Bu ilin payızında 60 illik yubileyini qeyd edəcəyimiz Yaşar Nuri geriyə baxmağı xoşlamasa da, həyatının hər anının dəyərini bilir...

   - Əslində səhhətimdəki sonuncu problem üçüncü idi. Qaraciyərdən əvvəl məndə prostat vəzisində də əməliyyat aparılmışdı. Atalar üçədək deyiblər, şair demişkən, "Mən istərəm bəlanı, çün bəla istər məni". Dərd gələndə batmanla gəlib, qram-qram çıxır. Nə olubsa olub, bunlara görə təəssüflənmirəm. Bu bir taledir. Taleyin yazısına nəinki mən, heç bir bəndə yox deyə bilməz. Bu da bir növbəti imtahan idi. Ümumiyyətlə, ömrüm elə imtahanlarda keçib. Mən əslində geriyə baxmağı xoşlamıram. Ona görə yox ki, hardasa səhvlərim var. Ümumiyyətlə, bu yaşa çatdığıma və insanların az-çox məhəbbətini qazandığıma görə səhvlərimə borcluyam. Çünki insan özünə səhvlərinə görə nəzarət edir. Bu səhvlər insanı sonda kamilliyə aparır. Səhv edə-edə elə bir məqama çatmışam ki, artıq səhvim qalmayıb... Altmış yaş ömrün ən gözəl, əsl yaşamalı məqamıdır. Mən o qədər yaşamaq istəyirəm ki, bu cəmiyyətə, insanlara hər hansı formada köməyim dəysin. Lazımsızlıq həyatın ən böyük faciəsidir, hətta ölümdən də betərdir. Əsl kişi varlığında yoxluğunu, ölümünü görməlidir. Əgər ömrün necə gəlib-getməsindən xəbərin olmursa, onda təqsir özündədir, mənasını bilməmisən. Mən ömrümün hər saniyəsindən xəbərdaram və onu boş yerə xərcləməmişəm. 10 yaşımdan səhnədəyəm. Yenə deyirəm, sevilirsənsə, yaşamağa dəyər. Yox əgər bu yoxdursa, Allah uzaq eləsin, onda canlı meyid kimisən. Ona görə də, 60 yaşı böyük fəxrlə, başı uca, alnı açıq qarşılayıram. İnşallah hökumətimiz də mənim 60 yaşımı böyük fəxrlə qeyd edəcək.

 

   - Yubileyin konkret tarixi müəyyən edilibmi?

   - Hələlik dəqiq tarix yoxdur. Amma arzum budur ki, oktyabrın 5-də qeyd edilsin, çünki 50 illiyim də o tarixdə keçirilib. İnşallah, yaşayıb görərik. Hər halda bu yaşa çatdığıma görə peşman deyiləm. Üç il əvvəl ölümlə üz-üzə dayananda, öz-özümə hesablama apardım və belə qənaətə gəldim ki, əgər bir şey olsa, xalq bundan 30 il sonra da haqqımda hörmətlə danışacaq.

   - Birinci dəfə Türkiyədə əməliyyat olunub qayıdandan sonra özünüzü yaxşı hiss etdiyinizi deyirdiniz. Həyat yoldaşınız Rəhimə xanımın sizin qayğınıza qalması da hamımıza məlumdur. Sonra birdən-birə komaya düşmək nə məsələ idi?

   - Bəli, Türkiyədən birinci dəfə çox yaxşı qayıtmışdım. Müalicəm də davam edirdi. Yeni qaraciyərim sağalıb, orqanizmimə tam adaptasiya olunub. Amma komaya düşməzdən bir ay əvvəl mən çox gərgin işlədim. Bir ay ərzində həm Musiqili Komediya Teatrında "Ər və arvad", Opera Balet Teatrına "Arşın mal alan", Kukla Teatrında "O olmasın, bu olsun" tamaşalarında oynadım. Hələ Gənc Tamaşaçılar Teatrında da yeni tamaşada məşq edirdim, onu təhvil verə bilmədim. Bilmədim yorğunluqdan, yoxsa əsəbdən, məndə oksigen çatışmamazlığı yarandı. Komaya düşməyimi hiss etmədim, onu bilirəm ki, noyabrın 6-da Türkiyəyə getmişəm, fevralda da ayılmışam. Ayılan kimi də, həkimlərə dedim ki, lap əlil arabasında da olsa, Bakıya gedib "Azdrama"nın açılışında iştirak etməliyəm. Martın 1-də yeriyə bilmirdim. Birdən özümə dedim ki, durmalıyam. Dedim və durub 5 addım getdim. Həkimə də dedim ki, 4-5 addım hələlik gedə bilirəmsə, bəsimdir, teatrın qapısından salona kimi hərəkət etməyə bu da kifayət edir...

   - Türkiyədə həkimlər demədilər ki, daha gəlməyin...

   - Dedilər, daha gəlməyin, xəstəlik sizə yaraşmır... Oradakı həkimlər sağ olsunlar, mənə sonsuz hörmət göstərdilər. Türkiyə mətbuatında mənim səhhətim barədə dəfələrlə məlumatlar dərc edildi. Mənə bir daha əyan oldu ki, xalq məni çox istəyir. Biri var, səhnəyə çıxıb yaxşı rol göstərirsən səni alqışlayırlar. Amma biri də var, səhnədən, kinodan kənarda xalq sənin hörmətini saxlayır. Türkiyədə olanda Azərbaycandan mənə bilsəniz nə qədər teleqram və ya məktublar gəlirdi? Deyirdilər ki, nə rol oyna, nə də filmə çəkil, sakitcə evdə otur, biz bilək ki, sağsınız. Mən orada olanda yanıma nazirindən tutmuş, tələbəsinədək minlərlə azərbaycanlı gəldi. Hələ türkləri demirəm. Sağ olsun, hörmətli prezidentimiz cənab İlham Əliyev, dəfələrlə zəng edib səhhətimlə maraqlanıb. Dövlət səviyyəsində xəstəxanaya zəng olunub, mənim necə olur-olsun sağalmağım barədə tapşırıqlar verilib. Hər gün 60-dan yuxarı tələbə ora gəlirdi. İnandırım sizi, mənə hər gün bir otaq dolusu gül dəstəsi gəlirdi. Orada gül dəstələrini içəri buraxmırlar. Ona görə deyirəm ki, mən varlığımda yoxluğumu bu dünyada gördüm... Mənim bir qonşum var, fizika elmləri doktorudur, o bir siyahı tutub mənə dedi ki, Yaşar müəllim, bu tamaşalar, filmlər bir sənətkar ömrünə sığmaz. Həqiqətən öz işimə o qədər aludə olmuşam ki, rolların, tamaşaların, filmlərin sayına diqqət etməmişəm. Bunlar nə vaxt baş verib, yadıma da gəlmir. "Ac həriflər" televiziya-tamaşasının lent yazısını Türkiyədə Cahangir Novruzovun rektoruna verdim, baxandan sonra məni öz universitetinə dəvət etdi. Dedim ki, 60-dan sonra mənim özümə dərs deyən lazımdı...

   - Bəlkə özünüz deyəsiniz, Sizi xalqa sevdirən hansı xüsusiyyətinizdir?

   - Bilmirəm, hər halda məni xalqa ilk növbədə sənətim sevdirib. Hərə bir şeyə görə sevir. Bu günün özündə mən kiminsə barədə danışanda neçə gün fikir çəkirəm ki, necə oldu, görəsən artıq əskik söz danışmadım ki?

   - Bu illər ərzində Yaşar Nuri özündən nəyi öyrənib və ya hansı məziyyətiniz özünüz üçün də sirr qalıb?

   - Son zamanlar əsəbi olduğumu öyrənmişəm. İnsan yaşlaşdıqca mənfi cəhətlərindən xəbər tutur. Xəstəliyim məni çox darıxdırır. İnsanlarla ünsiyyətdə ola bilmirəm. Mən gözümü açandan günüm dostlarımla daima yeyib-içməkdə, deyib-gülməkdə keçib. Bununla belə məşğul olmağa iş tapıram. Hələlik daha çox tələbələrimlə məşğulam. Bundan başqa teatrda "Xanuma" tamaşasında məşqlərə başlamışam. Samir Kərimoğlunun filmində çəkilmişəm. Yaxın günlərdə Vaqif Mustafayevlə yeni filmin çəkilişlərin başlayacağıq. Yəni baş qatmağa iş var, sadəcə əvvəlki templə işləyə bilməməyim məni darıxdırır. Həkimlər söz verib ki, 6 aya tam sağalmalıyam. Artıq 4 ay arxada qaldı, iki aydan sonra yenə əvvəlki Yaşar Nurini görəcəksiniz.

   - Müalicəniz necə gedir?

   - Artıq qara ciyərlə qurtarmışıq. Tamam sağalıb. Hazırda beynimdə oksigen çatışmamazlığından müalicəmi davam etdirirəm. Türkiyədə həkimlər xəstəni sağaltmasa buraxmırlar. Həkimlər mənə söz veriblər ki, sentyabrda səhnədə olacağam. Bir dənə də rol oynayım, ondan sonra oynamasam da olar...

   - Deyəsən, səhnədən ötrü çox darıxmısınız...

   - Mən hər dəfə boş olanda səhnəyə çıxıb, onu başdan ayağa seyr edirdim, öz-özümə sual verirdim ki, məni buraya bağlayan nədir. Butaforlar, tərtibat olmasa, boş bir yerdir də... İnanın, indi də bilmirəm ki, məni ora bağlayan hansı qüvvədir. Səhnə məni bu günün Yaşar Nurisi edib. Başqa yerdə işləsəydim, məni uzağı 1000 nəfər tanıyıcaqdı. Amma səhnə məni bütün dünyaya tanıdıb. Səhnə mənə hər hansı sənətkarın arzuladığı bütün mükafatların yiyəsi edib. Sonuncu dəfə "Zirvə" mükafatı da verildi. Səhnə mənim bütün sevincli və kədərli günlərimin şahidi olub. Bu teatrın səhnəsində dəfələrlə yubileylərdə iştirak etmişəm. İndi onlardan ötrü darıxıram. İndi teatra girəndə gözüm həmin aktyorları axtarır.

   - Ən çox kimdən ötrü darıxırsınız?

   - O qədər cani-dildən dostluq etdiyim aktyorlar olub ki. Ən çox Kamal Xudaverdiyevdən ötrü darıxıram. Çünki axır vaxtlar onunla dostluq edirdim. Hamlet Xanızadə, Telman Adıgözəlov, Səməndər Rzayev daha kimlər, kimlər... Rəhmətlik Telmanla telefonla danışdıq, sonra eşidirəm ki, vəfat edib. Yaman vaxtsız getdi.

   - 50 illiyinizdə yığılan gülləri atanızın məzarı üstünə qoydunuz. Məmmədsadıq Nuriyev dövrünün ən adlı-sanlı aktyorlarından idi, amma heç bir fəxri ad almadı. Siz onun acığını bu sənətdən aldınızmı?

   - Mən 60 illiyimdə yığılan gülləri də atamın məzarı üstünə qoyacağam. Atam çox yaxşı aktyor olub. Zərdir də, gətirmədi, nə fəxri ad aldı, nə ona dövlət ev verdi. Yəqin Allah bunları mənim qismətimə yazdığı üçün ona vermədi. Atam əvvəlcə mənim aktyor olmağıma icazə vermirdi, lakin sonradan nə fikirləşdisə, razılaşdı. Razılaşdı deyəndə ki, mənim oynadığım "Övlad" tamaşasına baxandan sonra dedi ki, aktyor ola bilərsən.

   - Yaşar müəllim, neçə illərdir Mədəniyyət və İncəsənət Universitetində yeni-yeni aktyor nəsli yetişdirirsiniz. Gənclərdən razısınızmı?

   - Bizim tələbələr qızılgül kolu deyil ki, yetişsinlər. Qızılgülə tez-tez su verirsən, boy atır, şaxələnir. İstedadı ona necə verim? Harda satırlar ki, gedib 150 qram alıb gənclərə verim? İstedadlıları da var. Onlar da toya tamadalıq edənlərə baxıb onların dalınca gedir. Mənə elə gəlir ki, gənclərdə sonadək sənətlə məşğul olmaq iradəsi çatmır. Bir də gənclərdə mən sənət yanğısını görmədim. Lap çilingər ol, amma sənətinə sevgi göstər. Mən neçə ilin aktyoruyam, yaşımın bu çağında tamaşadan sonra gedib asılqanda işləyən qadından soruşuram ki, tamaşaçı gedəndə nə deyirdi?

   - Türkiyədən qayıdandan sonra yeni teatr gördünüz. "Azdrama"nın həm binası, həm də kollektivi dəyişib...

   - Fikrimcə, hansı işdə olur-olsun islahatların nəticəsi müsbət olur. Teatrın repertuarı mütəmadi olaraq dəyişməlidir. Əgər adam özü teatrda lazımsız olduğunu bilə-bilə işləyirsə, burada mənim günahım nədir? Görürsən ki, kollektivdə səni sayan yoxdur, deməli, özün çıxıb getməlisən. Amma islahat o deyil ki, başdan-ayağa hamını işdən çıxarasan. Özü də indiki zamanda insanları işsiz qoymaq günahdır. Bunun yolunu tapmaq lazımdır. Düşünürəm ki, rəhbərlik də çalışır. Teatrın açılışından 4 ay keçib, artıq 4 premyera olub. Beşincisi də bu yaxınlarda olacaq. Teatr əsgərlik kimidir, əsgəri özbaşına buraxsan 100 faiz "samovolka"ya qaçacaq. Aktyor da həmçinin. Amma işləyənlərə, dublyaja gedənlərə, filmlərdə çəkilənlərə də şərait yaratmaq lazımdır. Hər halda gələcəyə çox ümidliyəm.

   - "Azdrama"nın gözəl repertuarı vardı, amma yeni rəhbərlik köhnə repertuardan imtina etdi...

   - Bunlar hamısı əsaslı təmirin yaratdığı fəsadlar idi. Repertuar yenə də olacaq. Turabovun dövründə təmir olanda da teatrın repertuarı bərbad vəziyyətə salındı. Baş rejissor təmirdən əvvəl işini elə tutmalı idi ki, sonra problem yaranmasın. Soruşanda deyirdi ki, teatr açılandan sonra hər şey düzələcək. Yaxşı ev yiyəsi təmirə başlayanda artıq müəyyən edir ki, təmirdən sonra hansı mebeli hara qoyacaq... Teatr çox həssas sənətdir. Tamaşaçılar gəlib tamaşaya baxıb hazır məhsulu görürlər. Bir vaxtlar məni də teatrlardan birinə direktor göndərirdilər, getmədim. Çünki yüzlərlə insanın həyatının məsuliyyətini üzərimə götürə bilməzdim.

 

   (Bir siqaret yandırır)

 

   - Həkimlər, deyəsən, sizə siqareti tərgidə bilməyiblər...

   - Daha əvvəlki kimi çəkmirəm. Hərdən əsəbləşəndə çox çəkirəm...

   - Sizi nə bərk əsəbləşdirir?

   - Bəzi televiziya aparıcılarının efirdəki davranışları və danışıqları adamı əsəbiləşdirir. Səviyyəsiz bir müğənninin sevgilisindən ayrılmasını elə təqdim edir ki, elə bil dünya dağılıb. Deyir ki, "bütün Azərbaycan sizin ayrılmağınızdan şoka düşüb". Əşi, bütün Azərbaycanın dərdi-səri yoxdur ki, filankəsin ayrılmağı ilə məşğul olsun? Hörmətli akademikimizin televiziyalarla bağlı o boyda məqaləsi dərc edildi. O məqalədən sonra bir-iki gün dayandılar, sonra yenə öz işlərini davam etdirirlər. Belə şeyləri eşidəndən sonra siqaret çəkmək istəyirəm.

   - Arzuladığınız, amma oynamadığınız rol olubmu?

   - Bu qədər rol oynamışam, amma hələ də arzuladığımı tapmamışam. Nə roldur, onu mən də bilmirəm. Ramiz Fətəliyevin "Növbəti" əsəri var, onun rus dilində tamaşasına baxdım, çox xoşuma gəldi. Həmin əsəri İntiqam Qasımzadəyə Azərbaycan dilinə tərcümə etdirmişəm. İnşallah, həmin tamaşada oynayacağam. Bundan başqa bir planım da var, arzu etdiyim rolların monoloqlarından ibarət mono-tamaşa hazırlamaq istəyirəm, Bir aktyorun teatrı kimi. Burada Hamletdən tutmuş Kefli İsgəndərədək bütün arzuladığım və oynadığım rolların monoloqu var. Həmçinin Çarli Çaplinin "Üç məktub"unu Moskvadan gətirtmişəm. Hazırda onu oxuyuram.

   - Tamaşaçılar sizin komik rollardan zövq alır, dincəlirlər. Hansı rolunuz sizi dincəldir?

   - Heç vaxt özüm-özümə baxıb dincəlmirəm. Çünki keçmişə qayıtmağı xoşlamıram. Pisi-yaxşısı ilə keçmiş keçmişdə qaldı, vəssalam. Yenindən dünyaya gəlsəydim, elə bu ömrü yaşayardım.

 

 

   İltifat HACIXANOĞLU

 

   Ekspress.- 2011.-  9-11 iyul.- S. 19