Göyçənin qisası qalır
Bilavasitə
tanışlarının və oxucularının dərin
hörmətini qazanmış olan əsil şair, istedadlı
yazıçı, tanınmış publisist və jurnalist
Eldar İsmayılın 2011-ci ildə iki kitabı nəşr
olunaraq oxucuların sərəncamına verilmişdir. Onlardan biri
mənbəyini olduqca zərif hisslərdən və incə
duyğularadan götürmüş "Yarpaqlar tökülmək
istəmir hələ" adlı şeirlər kitabı,
ikincisi isə qardaşı Hüseyn İsmayılla birlikdə
yazdığı "Göyçənin qisası
qalır" adlı tarixi romandır.
Bir oxucu kimi, mənim
fikrimcə, tarixi-bədii əsərləri yazmaq sırf
tarixi və sırf bədii əsərlər yazmaqdan daha
çətindir və müəllifdən daha böyük
yaradıcılıq məsuliyyəti tələb eləyir.
"Göyçənin
qisası qalır" tarixi romanı böyük Türk
Dünyasının kiçik bir hissəsi olan Göyçə
mahalında, xüsusən də onun bir neçə kəndində
dövrün nəbzi ilə döyünən və fəaliyyətdə
olan hadisələrə və həmin hadisələrin
gedişinə öz təsirini göstərən
tanınmış şəxsiyyətlərə həsr
olunmuşdur.
Bildiyimiz kimi, ən
böyük sərkərdələr, sultanlar, xanlar, xaqanlar,
yenilməz hökmdarlar, dünyanı əllərində
oyuncaq kimi asanca oynada bilən fatehlər də bu geniş
dünyanın özü ilə müqayisədə çətinliklə
görünə bilən adi bir yerdə, kiçik bir otaqda,
balaca bir daxmada dünyaya göz açıblar və əvvəlcə
öz valideynlərinin, sonra qohum-əqrəbalarının,
qonşularının əhatəsində böyüyüblər.
Bu əhatə dairəsi tədricən genişlənib, həyat
öz sözünü hərəyə bir cür diktə eləyib.
Onlardan bəziləri dünyanın gedişatına öz təsirini
göstərə bilmiş, özləri də tarixə
çevrilmişlər və dünya durduqca yaşayacaqlar. Əlbəttə,
belələri çox az olurlar və müvafiq dövrün
tələbi nəticəsində yaranıb
formalaşırlar. Bu yaranma hər zaman, hər yerdə hər
kəsə qismət olmur.
Deyilənləri təsdiqləmək
üçün Oğuz xanı, Meteni, Atillanı, Şəmsəddin
Eldəgəzi, Əmir Teymuru, Yıldırım Bayazidi, Fateh
Sultan Mehmeti, Şah İsmayıl Xətaini, Yavuz Sultan Səlimi
və bir çox digər dahi türk oğullarını,
dahi söz sultanları olan Dədə Qorqudu, Yunus Əmrəni,
Nizami Gəncəvini, Məhəmməd Füzulini və bir
çoxlarını yada salmaq kifayətdir. Zaman onları,
onlar isə tarixi yaratmış, özləri də əbədi
olaraq tarixləşmişlər.
"Göyçənin
qisası qalır" romanı həmin dövrün
bütün rəngarəng çalarlarını
özündə əks etdirən və tarixi hadisələri
anlaşıqlı bir dildə, olduğu kimi oxucuya
çatdıran qiymətli bir tarixi romandır. Əsəri
oxumağa başlayan oxucu ondan ayrılmaq istəmir. Mən də
belə oxuculardan biri oldum.
Bir oxucu kimi, mənə
ilk növbədə aydın oldu ki, hər yerdə olduğu
kimi, Göyçədə də dövrün
burulğanında burulan, öz daxili dünyasına, öz
geninə, nəslinə-kökünə qırılmaz tellərlə
bağlı olan insanlar olmuşlar və onlar öz əcdadlarından
miras qalan tarixi keçmişlərinə, əcdadlarına
xas olan fəaliyyət göstərmişlər.
Kitabı oxuduqca
aydın olur ki, hər yerdə olduğu kimi, Göyçədə
də Cığal Həsən, Topal Oruc, Qlava Bayram kimi mərdlər,
qeyrətlilər, söz və nüfuz sahibləri, ümumiyyətlə,
Cığallar və Hüsənnilər tayfaları kimi
tayfalar və bunlardan fərqli olaraq az da olsa namərdlər,
nakəslər, yaltaqlar, məddahlar, mal-dövlət əsiri
olanlar, yəni, Çarıq Mehralı, Ağgöz Namaz, Kavıs
oğlu Mədət, kovxa Cahangir kimiləri də olmuşdur.
Baş verən hadisələrin,
edilən qəbahətlərin növündən və
ölçüsündən asılı olmayaraq, mərdlər
öz mərdliklərini, namərdlər isə öz namərdliklərini
göstərmişlər. Göyçədə də belə
olmuşdur. Müəlliflər tərəfindən göstərilən
aşağıdakı hadisələr və həmin hadisələrə
müxtəlif adamların fərqli münasibətləri
deyilənləri təsdiq eləyir.
Əvvəlcə dolu
düşüb, sonra yağış yağdıqdan sonra əmələ
gələn dağ selinin bir kişini apardığını
görən Cığal Həsən öz həyatını
təhlükəyə ataraq böyük çətinliklə
tanımadığı həmin adamı xilas eləyir.
Qaraqoyunlu dərəsinin
Əmirxeyir kəndindən ermənilərin
oğurladığı 153 baş-malqaranın əvəzini dəfələrlə
çıxaraq onlara bu elə sataşmağın heç də
asan olmadığını lazımi dərəcədə
sübuta yetirirlər.
Ağbulaq kəndindən
olan bir nəfərdə toxunma tarixi çox qədim olan
gözəl bir xalça var imiş. Xalçada Göyçə
gölünün təsviri toxunmuş, altında isə
"Göyçə Dənizi" yazılıbmış.
Həmin xalçanı Akop adlı bir erməni görür.
Belə bir tarixi xalçanın Göyçə türklərinin
əlində olmasını, təbii ki, istəmir. Hansı
qiymətə olmasından asılı olmayaraq, almaq və onu
tarixdən silmək istəyir.
Xalça əhvəlatını
eşidən Cığal Həsən və Topal Oruc
xalça sahibi ilə danışıb, xalçanın ermənilərin
əlinə keçməsinə mane olurlar.
Ermənilərin bir-neçə nəfər
göyçəlini saxlayıb Göyçə
gölündə batırmaq istədiklərini eşidən
Cığal Həsən və Topal Oruc bir-neçə ermənini
girov götürərək onları xilas eləyir.
Həmin dövrlərdə
Zaqafqaziya üzrə Yer Quruluşu İdarəsi Tiflisdə
yerləşirdi. Ermənilər həmin idarə ilə
danışaraq Ağbulaq kəndinin ərazisindən yer almaq,
kənd salmaq və orada erməniləri məskunlaşdırmaq
istəyirlər. Cığal Həsən və Topal Oruc
Tiflislə əlaqə saxlayaraq böyük çətinliklə
də olsa, ermənilərə torpaq verilməsinin
qarşısını alırlar.
Bu deyilənlər
Cığalların və Hüsənnilərin elədiklərinin
cüzi bir hissəsidir. Bəs çarıq mehralılar,
ağgöz namazlar, kavıs oğlu mədətlər nə
edirdilər?
Ermənilər
Göyçənin sayılb-seçilən mərd, igid, qeyrətli
oğullarını aradan götürmək, tayfalar
arasında nifaq salmaq, o cümlədən, Cığallarla
Hüsənnilərin arasını vurmaq, onları biri-birinə
düşmən etmək və nəticədə
bütün Göyçəni zəiflətmək istəyirdilər.
Bu məqsədlə müxtəlif üsullara əl atır,
satqınlardan, qorxaqlardan, yaltaqlardan, zatıqırıqlardan
istifaə edirdilər.
Məsələn,
günlərin bir günü Hüsənnilərdən olan Məşədi
Məmmədə güllə atılır. Güllə ona dəymir.
Atan qəsdən elə atır ki, dəyməsin. Gülləni
kimin atdığını bilsə də, Çarıq
Mehralı onun Cığallar tərəfindən
atıldığını, Cığalların Hüsənniləri
qırmaq istədiklərini, onların biri-birinə
düşmən olduqları şayiəsini yayır. Məqsəd
bu iki tayfanın arasını vurmaq, onları zəiflətmək
və düşmənlərə fürsət yaratmaq idi. Amma
nə Cığallar, nə də Hüsənnilər
görüb-götürməmiş deyildilər.
Xəbərin
Çarıq tərəfindən yayıldığını
bilən Cığal Həsən onu yanına
çağırıb təpindikdə, o, gülləni
Ağgöz Namazın atdığını bildirir. Bu xəbərin
doğru olması tam təsdiqləndikdən sonra Ağgöz
Namaz Cığal Həsən tərəfindən
öldürülür.
Hüsənnilərə
ziyan vurmaq üçün ermənilər fürsət
axtarırdılar. Bir gün Hüsənnilərin
hamısının, o cümlədən, Topal Orucun və Məşədi
Məmmədin də evdə olduğunu ermənilərə xəbər
verirlər. Hüsənnilər mühasirəyə
alınır. Bunu eşidən Cığallar köməyə
gəlir. Bir neçə erməni, o cümlədən,
onların başçısı Arzuman
öldürülür.
Bu yerdə müəlliflər
çox haqlı olaraq "Ocaq başındakı düşmənə
qalib gəlməsən, qapı dalındakı düşmənə
qalib gələ bilməzsən" xalq məsəlini yada
salırlar və bu deyim çox yerinə düşür,
oxucunu dərindən bir nəfəs alıb başını əllərinin
arasına alaraq, düşünməyə vadar edir.
Çox cüzi sayda
olsa da, satqınlığın və satqınların
olması səbəbi haqlı olaraq müəllifləri
düşündürür, oxucuda da böyük maraq
yaradır. Bu məqsədlə müəlliflər məğlubiyyət
nə olduğunu bilməyən böyük fateh Əmir
Teymurun ordusundakı bir hadisəni haqlı olaraq yada salır.
Həmin hadisə belə
olmuşdur: Əmir Teymura ordudakı bir əsgərin
satqın olduğunu xəbər verirlər və onu
öldürmək istədiklərini bildirirlər.
Əmir Teymur
öldürməkdən əvvəl o satqının əslinin,
nəslinin-kökünün, ata-anasının kim olduğunu
öyrənməyi tapşırır. Axtarıb həmin
satqının anasını tapırlar. Məlum olur ki, onun
atasının kim olduğu məlum deyil, o, qeyri-qanuni yolla
dünyaya gəlmiş adamdır...
(ardı var)
Faiq Həsənov,
ATU-nun
dosenti,
kimya elmləri
namizədi
Ekspress.-
2011.- 9-11 iyul.- S. 18.