Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

 (əvvəli ötən şənbə saylarımızda)

 

           Məmmədəmin Şəkinski

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   Bağırov və Şəkinski

 

   "SSRİ Nazirlər Sovetinin sədri G.M.Malenkov yoldaşa

 

   Vətəndaş Məmmədəmin Əhməd oğlu Şəkinskidən

 

   ünvan: Krasnodar ölkəsi, Çernomorsk qəsəbəsi, ev 1

 

   Ərizə

 

   "Çernomorneft" trestinin mənzil-kommunal təsərrüfatında uzun illər vicdanla və qüsursuz çalışmışam. Ancaq 1952-ci ilin mayında mən "öz xahişimlə" yataqxana komendantı işimdən azad edilmişəm. Səbəbi də bu olmuşdur ki, mənzil-kommunal təsərrüfatındakı və trestin ayrı-ayrı rəhbərlərinin işindəki kobud nöqsanlara kəskin münasibətimi bildirmişəm.

   Mənim işdən çıxarılmağım, aydındır ki, mənzil-kommunal təsərrüfatı rəhbərliyindəki çirkin əməllərlə məşğul olanların heç bir fakta əsaslanmayan hərəkətidir. Bəhanə budur ki, mən "1937-ci ildə repressiya olunmuşam. Çirkablıq girdabına düşmüş bu adamların niyyəti baş tutmuşdur: Cənub rayon partiya komitəsi mənim iştirakım olmadan bədnam qərarı təsdiq etmişdir.

   Krasnodarneft Birliyinin rəisinə şikayət məktubu ilə müraciət etdikdə, o əvvəlcə müraciətimə canıyananlıqla yanaşdı və bildirdi ki, mən işimə qaytarılacağam (Onun rəsmi yazılı vədini məktubuma əlavə edirəm). İndiyədək Birlik rəisinin vədi yerinə yetirilməmişdir.

   Sizdən soruşuram: Sovet dövlət quruluşu şəraitində bir sovet vətəndaşı kimi mənim bir ilədək işsiz qalmağımı nə ilə izah etmək olar? Axı həmişə Vətənimiz naminə namusla çalışmışam, Sovet pasportu daşıyıram, neftçilərin həmkarlar ittifaqının üzvüyəm, 1954-cü ildə SSRİ neft sənayesi tərəfindən neftçilərə nümunəvi məişət xidməti göstərdiyimə görə mükafatlandırılmışam. İnanın ki, işsiz qaldığım vaxtlarda sözün tam mənasında ehtiyac içində yaşamışam.

   Güman edirəm ki, artıq elə bir zaman gəlmişdir ki, Sov. İKP 1937-38-ci illərdə yejovçuluğun əsassız olaraq günahlandırdığı və həbsə alındığı mənim kimi bir kommunistin işinə əncam çəkəcəkdir.

   Sovet dövlətinin başçısı kimi Sizdən xahiş edirəm ki, çıxılmaz vəziyyətimə biganə qalmayasınız, müvafiq şəxslərə göstəriş verəsiniz, mənə hər hansı bir sahədə işləməyə şərait yaradılsın. Bir sovet adamı kimi mən də həyatımın sonunadək sosialist Vətənimizə faydalı olmaq istəyirəm.

 

   Məmmədəmin Şəkinski 6 aprel 1953-cü il."

 

   Fəqət M.Şəkinskinin hökumət başçısına bəslədiyi ümidləri boşa çıxdı. Kreml sarayında yüksək səviyyəli iclasda Lavrenti Beriyanın qəfildən əl-qolunu bağlayıb apardılar, gizlicə qətlə yetiirdilər. Sonra da Mir Cəfər Bağırovun adını hallandırmağa başladılar. Məmmədəmin Şəkinskinin Malenkova yazdığı məktubundakı "yejovçuluq" kəlməsi "Beriya-Bağırov" ifadəsi ilə əvəz olundu, yalanın ayağı yer tutdu, yeridikcə yeritdilər...

   1955-ci ilin sentyabrında M.Şəkinskinin 18 il sürən məşəqqətli sürgün həyatına son qoyuldu, Bakıya qayıtdı. Əlli beş yaşlı dönməz əqidə sahibi respublika rəhbərliyi tərəfindən ehtiramla qarşılandı. Ona hətta cavanlığındakı vəzifəsini də təklif etdilər - Bakı şəhər milis rəisi. İmtina etdi. Daxili İşlər Nazirliyinin arxivində işləməyə razılıq verdi. Beləliklə, əmək kitabçasında Kalıma və Krasnodar ölkəsindən sonra Bakı şəhəri yazıldı.

   1957-ci ilin yanvarın 18-də Azərbaycan SSR Daxili İşlər naziri Əli Kərimovla Bakı milis idarəsinin sabiq sədrlərindən biri Məmmədəmin Şəkinskinin təkbətək görüşü "tam qarşılıqlı anlaşma" ilə bitdi. Mir Cəfər Bağırovun vaxtında məsul vəzifələrdə çalışmış və M.C.Bağırovdan sonra ona qarşı şər-böhtan kampaniyalarından imtina etmiş Əli Kərimov bağırovçu, ədalətli mübariz insanı DİN-nin Arxiv İdarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Arxiv idarəsinə bilavasitə Əli Kərimovun birinci müavini, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov rəhbərlik edirdi. 1945-ci il mart ayının 24-də SSRİ Ali Sovetinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adını almış Xəlil Məmməd oğlu Məmmədov müharibədən sonra Bakı Şəhər, Əzizbəyov rayon partiya komitələrinin katibi və Azərbaycan KP MK-nın şöbə müdiri vəzifələrində çalışmışdı. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan sənədlərdən məlum olur ki, 1958-ci il iyul ayının 7-dən 22-dək Daxili İşlər Nazirliyi Arxiv idarəsinin rəisi polkovnik M.Ə.Şəkinski arxiv materiallarının qorunub saxlanılmasında əməli köməklik göstərmək məqsədilə Göyçay, Zaqatala, Şəki və digər rayonlara ezam olunmuşdur. M.C.Bağırovun Azərbaycana rəhbərliyi dövründə Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan SSR Səhiyyə naziri Azərbaycan KP MK şöbə müdiri müavini vəzifələrində olmuş Vəli Axundov 1959-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra Əli Kərimovun da, Xəlil Məmmədovun da, M.Şəkinskinin də irəliləyişi baş vermişdir. Əli Kərimov Azərbaycan SSR Nazirlər Soveti sədrinin mədəniyyət məsələləri üzrə müavini, Xəlil Məmmədov Azərbaycan SSR Daxili işlər naziri, Məmmədəmin Şəkinski Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi vəzifəsinə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivində 1960-cı il aprelin 4-də Azərbaycan SSR Daxili İşlər naziri Xəlil Məmmədovun imzaladığı əmrin surəti saxlanılır. Burada deyilir ki, Azərbaycan SSR Nazirləri Sovetinin 1960-cı il 25 mart 204-27s nömrəli qərarına müvafiq olaraq, milis polkovniki, Azərbaycan SSR DİN Arxiv İdarəsinin rəisi M.Ə.Şəkinski 1960-cı il aprelin 1-dən Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamına göndərilsin.

   Bir il sonra, 1962-ci ilin əvvəlində Əli Kərimovun vəzifə pilləsi respublikamızda Vəli Axundovdan sonra ən yüksək bir səviyyəyə qaldırıldı. Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin Partiya-Dövlət Nəzarəti Komitəsi və onun yerlərdə orqanlarının yaradılması ilə əlaqədar olaraq, Əli Kərimov Azərbaycan SSR nazirlər Sovetinin müavini qalmaqla, həm Azərbaycan KP MK katibi seçildi və həm də Respublika Partiya-Dövlət Nəzarəti Komitəsinin sədri təyin olundu.

   Arxiv sənədləri göstərir ki, Məmmədəmin Şəkinskinin ürəyincə olan bu nəzarət orqanının fəaliyyətinin ilk günlərindən o, Əli Kərimovun ən yaxın köməkçilərindən və əvəzsiz məsləhətçilərindən biri, bəlkə birincisi olmuşdur. Arxiv idarəsinin sədri Respublika Partiya-Dövlət Nəzarəti Komitəsinin qeyri-adi ştatdankənar üzvü kimi də fəaliyyət göstərmişdir. Bu cəhətdən arxivdə tanış olduğumuz bir arayış bunun nümunəsidir. Əli Kərimovun şəxsən tapşırığı ilə milis polkovniki M.Şəkinski Bakının Nəriman Nərimanov rayonunda mənzil sahəsinin uçotu və bölüşdürülməsi vəziyyətini yoxlayaraq arayış təqdim etmişdir. Bu arayışın müəyyən hissələrini oxuculara təqdim edirəm:

   M.ŞƏKİNSKİ - 1962-ci il fevral ayının 27-də adi bir vətəndaş sifətilə Nərimanov rayon icraiyyə komitəsinin mənzil şöbəsinin müdiri Katamadze yoldaşın qəbuluna düşüb, mənzillərin bölüşdürülüb paylanması məsələsi ilə maraqlandım. Katamadze ayağa qalxıb məni zorla otağından çıxardı. Düzdür, mən özümü rəsmi təqdim etməmişdim. Bu, o deməkdir ki, Nərimanov RİK-nin mənzil şöbəsində şikayətə gələn hər hansı bir vətəndaşla belə kobud rəftar edilə bilər. Üstəlik, bu hadisə baş verən zaman milis işçisi Popova da Katamadzenin kabinetində idi.

   Yoxlamadan müəyyən edildi ki, Nərimanov rayon icraiyyə komitəsi aparatının və ilk növbədə mənzil şöbəsinin qapıları buraya müraciətə gələnlərin üzünə bağlıdır. Müdirin yanına ancaq "tanışlıqla" və ya "qabaqcadan telefonla zəng etməklə" düşmək mümkündür. Vətəndaşların mənzil növbəsinə götürülməsi və yaşayış sahəsi ilə təmin olunmasında ciddi qüsurlara yol verilir. Məsələn, mağazada işləyən vətəndaş Badasyan Q.S. 1928-ci ildən qardaşı ilə birlikdə 36 kv. metr sahəsi olan ikiotaqlı mənzildə yaşayır. Mənzil uçotu qaydalarına zidd olaraq Badasyan Q.S. növbəyə alınmışdır. Bufet işçisi Kalaşnikova V.V. 17 kv. metr sahəsi olan mənzildə yaşasa da, rayon icraiyyə komitəsinin qərarı ilə "mənzilə çox ehtiyacı olanların siyahısı"na salınmışdır. Hamamda kisəçi işləyən və 28 kv. metr sahəli mənzildə yaşayan Abbas Həsənov da yenidən mənzil növbəsinə götürülmüşdür. Mərkəzi univermağın bölmə müdiri Panina L.A. 41 kv. metr sahəsi olan mənzildə yaşamasına baxmayaraq, mənzil növbəsinə salınmışdır. Nərimanov rayon milis şöbəsinin rəis müavini Petrusenko A.Q. 28 Aprel küçsəsindəki 4 nömrəli 63 kv. metr sahəli evdə yaşamasına baxmayaraq, rayon icraiyyə komitəsinin qərarı ilə 3-cü Dağüstü küçəsində 16 kv. metr sahəli yeni mənzil almış və oraya qardaşını köçürmüşdür.

 

   Göstərilənləri nəzərə alaraq təklif edirəm:

 

   1. Ləmbəranski və Yurxanov yoldaşlara tapşırılsın ki, vətəndaşların mənzil növbəsinə alınması və onlara mənzil verilməsi işini ciddi nəzarət altına alsınlar. Zirzəmilərdə və qəza vəziyyətində olan evlərdə yaşayan vətəndaşlar yeni mənzillə təmin olunmayınca heç kəsə yeni mənzil sahəsi ayrılmasın.

   2. Nərimanov rayon icraiyyə Komitəsinin sədri Yurxanov yoldaşa bir vəzifə olaraq tapşırılsın ki, icraiyyə komitəsində elə qayda yaradılsın ki, vətəndaşlar iş gününün hər hansı bir saatında rayon icraiyyə komitəsinin şöbələrinə və rəhbərlərinə maneəsiz müraciət edə bilsinlər. Mənzil şöbəsinin işçisi Katamadzenin məsələsi rayon icraiyyə komitəsinin iclasında müzakirə edilsin və onun gələcəkdə də qalıb-qalmaması məsələsi həll olunsun.

 

  (ardı var)

 

 

  Teyyub Qurban

 

            Ekspress.- 2011.- 9-11 iyul.- S. 15.