Aytokya
Mircavad
Mircavad haqqında
(əvvəli ötən
şənbə saylarımızda)
Məqalə Azərbaycanın
görkəmli rəssamı Mircavad Mircavadovun həyat
yoldaşı tərəfindən lent yazısına
köçürülmüş xatirələri əsasında
hazırlanıb. Böyük rəssamın həyatı və
yaradıcılığı barədəki fikirləri ilk dəfə
mediada - "Ekspress"də çap olunur.
Tez-tez qədim insan məskəni
Qobustana qayaüstü rəsmlərə baxmağa gedirəm
- bura açıq səma altında muzeydi. Konkret formalardan
uzaqlaşmağa ehtiyac duyuram, neolit incəsənəti məni
daha şərti ifadə vasitələrinə gətirib
çıxardır, mən tədricən predmetsiz təsvirə
yaxınlaşdım.
İrihəcmli sement
barelyeflər işləyirdim, onları Azərbaycan heykəltəraşlığının
arxaik formaları ilə əlaqələndirirdim. Abşeronun
Buzovna kəndində şəhər mədəniyyətindən
uzaqlaşıb təbiətin qoynuna sığındım, bu
təbiət uşaqlıqdan mənə doğma idi, burda mən
öz stixiyamda idim, şimal küləyi xəzrinin
tüğyan etdiyi qumlu dəniz sahilində, əncir
ağacları arasında tənhalıqda doğmalardan və ənənələrdən
uzaq xoşbəxt ömür sürmüşəm, on il
göyüzü altında asudə nəfəs
almışam. İndiyəcən nə bilirdimsə, nə
öyrənmişdimsə, nəyə nail olmuşdumsa,
hamısını bir kənara atmaq qərarına gəldim, hər
şeyi yenidən başlamalıydım, dəyişməliydim
- ilan dərisini dəyişən kimi. Burda sənət və
həyat haqqında xaotik düşüncələrimə
aydınlıq gətirdim, hisslərim duruldu - təbiətlə
qaynayıb qarışdım. Əsərlərimi tədricən
məhv edirəm, axırda hamısını yandırdım.
Artıq otuz yaşımı haqlamışam. Durumumu
aydınca xatırlayıram, amma haqlı deyildim, o vaxta qədər
bir sıra doğrudan da yaxşı lövhələr
yaratmışdım, lövhələrimi
yandırmağımın səbəbi isə daima
özümdən narazılığım olub. O lövhələri
məhv etdiyimə görə peşmançılıq hissi
keçirirəm, buna bir şeylər duyuram, amma yəqin ki,
çox da peşman deyiləm. O zaman mənimlə ünsiyyətdə
olmaq, fikir mübadiləsi etmək mümkün deyildi,
özüm özümə qarşı
çıxırdım, içimdəki qarşıdurma mənə
əzab verirdi, olduqca əsəbiydim. Van Qoqun sözləriylə
özümə təsəlli verirdim. Van Qoq deyir: "Rəssam
müqəddəsdir və quduz köpəkdir". Bəli, mən
əzablı bir prosesdən keçirdim. Metamorfoza. Və mən
hər şeyi yenidən, ibtidaidən, insanlığın
başladığı yerdən - neolitdən başlamaq qərarına
gəldim. Bu istək məni Qobustana, qayaüstü rəsmlərə
yönəltdi. 1951-1952-ci illər idi. Rəssamlardan Qobustana
gedən ilk adam mən olmuşam, çox çətinliklə,
özü də ikinci səfərimdə qayaüstü rəsmləri
tapdım. Sonralar rəssamları dəstə-dəstə
Qobustana ekskursiyaya apardım. Qarşımda qədim
insanların yaşayış məskəni vardı, onlar bu sərt
qayalar arasında yaşayıblar, ov ovlayıblar, ocaq
qalayıblar. Düzü, rəsmlər çox da xoşuma gəlmədi,
başqa ölkələrin reproduksiyalarında daha
yaxşılarını görmüşdüm,
gördüyüm reproduksiyalarda heyvan rəsmləri hərəkətliydi.
Məkan!
Tarixə qədərki kataklizmalar nəticəsində
yaranmış qəribə formalı dağlar, qayalar...
Mən öz işlərimdə
o qayaların ruhunu, vulkan püskürmələrini,
dağların cizgilərini, onların nəhəng
formalarını və dinamizmini təsvir etməyə
çalışmışam. Məhz bu illərdə Kamal
tez-tez yanıma gələrdi. Kamal Əhmədov. Onun
güclü təbii potensiyası, fəhmi vardı, mən
ona vaxt ayırmağa qızırğalanmırdım,
çünki o, buna layiq idi. Mən Kamal üçün
natürmort qurardım, onun işləməsini izləyərdim,
bu rəssamın müvəffəqiyyətləri məni
ürəkdən sevindirirdi. Şillerin "Quldurlar"ı
ona bütün Şekspirdən xoş gəlirdi,
Pasternakın şeirlərini sevirdi,.. Mətin iradəsi, məqsədyönlülüyü
və sənət eşqi, dövranın kəc rəftarına
baxmayaraq, onu irəli, zirvələrə doğru
aparırdı.
Buzovnada böyük
şitlər üzərində smola ilə lövhələr
yapırdım. Rəngkarlıqda nitroemaldan istifadə edirdim,
bəzən qum vasitəsi ilə relyefli təsvirlər
işləyirdim, relyefli təsvirlərdə ağacdan,
metaldan və s. faydalanırdım. Bundan başqa sement heykəllərim
də vardı. Heykəlləri açıq səma
altında işləyirdim... mən xoşbəxt idim... deyəsən
elə bil ki xoşbəxt idim... Bu əsərləri bir
pedaqoqun bağ evində işləyirdim, o, ali məktəblərdən
birində marksizm-leninizm fənnindən dərs deyirdi. Günlərin
bir günü mənim əcaib əsərlərimə
baxıb "bu antisovetizmi burdan rədd elə, yoxsa
özüm onların axırına çıxacağam"
dedi. O zaman mənim yaşamağa yerim yox idi, pedaqoqun bağ
evində yaşamaq zorundaydım. Lövhələri harasa
başqa bir yerə daşımağa pulum da yoxdu, bu cəmiyyət
mənim əsərlərimin cəlladı olub. Bəzi
lövhələrimi şəhərə, anamın evinə
aparmaq istədim, amma şitlər relyeflərin
ağırlığından sındı, lövhələrin
rəngləri töküldü, bitum qopdu...
Bir neçə irihəcmli
rəngli abstraksiyanı yaxınlıqda yaşayan buzovnalı
tərtibaçı rəssam Arifin yanında qoydum. Bəzən
Arif özünü elə aparırdı ki, guya məni
tanımır, mənim lövhələrimi də öz
adına çıxıb lovğalanırdı, mən də
onun hap-gopuna barmaqarası baxırdım. Bir neçə ildən
sonra onu tok vurub öldürdü, mənim lövhələrim
yoxa çıxdı, onların izinə düşə bilmədim...
haçansa, hətta mənim ölümümdən sonra belə
onları axtarsalar... əldən-ələ keçib uzaqlara
satılsalar da, eybi yox, təki bu lövhələr
yaşasınlar, bir çox lövhələrimi torpağa
basdırıb gizlətməli oldum, bir xəritə
cızıb əsərlərimi basdırdığım yeri
işarələmişdim, fəqət xəritəni itirdim.
Orda əncir ağacının altında sementdən
yapdığım heykəllər vardı, sement heykəllər
də yoxa çıxdı, onların sonrakı taleyi
haqqında səhih məlumatım yoxdu. Bağ sahibi öz
torpağında üzümlük salmışdı...
Yalnız yeddi lövhəni sağ-salamat şəhərə,
anamın evinə gətirib çıxara bildim. Anam başqa
evə köçdü və mən nəhayət ki, yenidən
işləməyə başladım. O qədər məhsuldar
işləyirdim ki, əsərlərimi qoymağa yer
tapmırdım, üç iri, ağır abstrakt
kompozisiyanı sındırmalı oldum. Axır ki, şəhərdən
on beş km uzaqda, Əhmədlidə mənə balaca bir
emalatxana verdilər, ən ağır absrakt kompozisiyamı ora
apardım, pilləkənlərin darlığı
ucbatından kompozisiyanı ikinci mərtəbəyə
qaldırmaq mümkün olmadı, onu
emalatxanalarımızın foyesində yerləşirdik, bədxahlar
tez bir zamanda onun axırına çıxdılar. Onu
yandırdılar. Səhər zibillikdən qara smola
tüstüsü qalxanda nə baş verdiyini anladım. Qədim
Sufi Həmid məzarlarından əlvan, şəffaf
boyalarından ölümdən sonrakı həyatın
varlığına inam ümidi süzülür. Mən
düşüncələr içində tərəddüdlə
"ölü" sözü yazıram. Ölülər
canlıdır (canlı olan bəlkə yalnız real
mövcud olandır), mən isə xəyalətəm, mən
kabusam - Uitmen belə deyir. Onun şeirləri hüdudsuz
göy qübbəsi altında məzar əsirliyindən
qurtulmuş kimi görünən uca baş
daşlarının günəşə
ölümsüzlük himni oxuduğu bu yerlərə
çox yaraşır. Uzun illər keçəndən sonra həyatın
mübarizədən ibarət olduğunu anladım. Mübarizənin
müxtəlif üsulları mövcuddur. Sənət gözlənilməz
eksperimentlərlə insanları heyrətləndirməli, məlum
ənənəvi çərçivələrdən kənara
çıxmalıdır. Bethoven deyir: "Əgər mənim
içimdə Ruh danışırsa, hansısa lənətə
gəlmiş bir skripka vecimə deyil".
Qədim
Çində belə sənətə əzabkeş ürəyin
əks-sədası deyərdilər...
Dar mənada milli sənət
anlayışı mənə yaddır. Dünya mədəniyyəti
masştabında onun nəfəsi çatmır. Mənim sənətim
həyatdan, sağlam dünyagörüşündən
qidalanır, incəsənətdə buna az-az rast gəlirik, ələlxüsus
da müasir zəmanədə bu, nadir keyfiyyətdir. Amma mən
heç zaman bu məziyyətlərlə kifayətlənməmişəm,
həmişə demişəm ki, mən nəhənglər nəslindənəm,
ayaqlarım torpaq üzərində möhkəm dayanıb,
başım isə kosmosdadır. Mənim sənətimin
etiraf olunması zamanın işidi, mənim zamana ehtiyacım
var, Qulliver asanlıqla liliputların düşüncəsində
yer ala bilməz. İndi biz yaşa dolmuşuq, indi kimin kim, nəyin
nə olduğu üzə çıxır. Hər şey
göz qabağındadı, hər şey aydındır. Bizdə
gözdən pərdə asanlar var, özlərini elə aparırlar
ki, guya onlar bu dünyanın adamları deyillər. Nitşe
yaxşı deyir: "Boşboğazlara qulaq asmayın, amma
baxın görün onlar nəynən yaşayırlar, necə
yaşayırlar".
Hər cür məhrumiyyətə
rəğmən həyatı öz içimdən keçirərək
təsvir etməyə can atıram. 1907-ci ildə Pikasso
"Avinon qızları"nı yaratdı. Bu əsər
yeni sənət partlayışıydı. Pikasso yeni sənət
anlayışı ilə əski sənət arasında
sınır çəkdi. Bu, yeni estetikaydı, əsər
otuz il nümayiş etdirilmədi. Pikasso "yaxşı
zövqə ölüm" elan elədi. Futuristlər,
dadaistlər, pop-art rəssamları bu şüarı havada
qapdılar. Pikasso dahi avanqardistdir. Müasir rəssamların
heç biri ondan yan keçməyib.
Velaskesdən,
Püssendən, Delakruadan, Manedən, Kurbedən improvizələr
sadəcə olaraq ağılasığmazdır.
Peyzajların, natürmortların, portretlərin rəng ritmləri,
plastikası... Obrazlar və ruh... Kubizm... Siyah-bəyaz
işıq-kölgə effektləri, bu rəsmin Paqaninisi
Rembrandtın ofortaları, Dürerin qravürləri ilə,
Qoyyanın son dövr yaradıcılığı ilə
yanaşı dayana bilər. Nils Bor deyib: "Bu ideya dahiyanə
sayıla biləcək qədər ağılsız
deyil".
El Qreko dörd yüz
il öz tamaşaçısını gözlədi,
Delakruaya çirkinliyin apostolu dedilər, Maneyə
güldülər, Van Qoq sağlığında bir əsər
atıb, Qogen... bu mövzunu çox uzatmaq olar...
"Bu dəfə o,
Tanrını, Yaradanı tapdı" - bu sözləri
Folkner Heminqueyin "Qoca və dəniz" əsəri
haqqında söyləyib. Bu fikir rəngkarlıq sənətinə
də aiddir...
Gənclik maksimalizmi ilə
həyatın naqisliklərinə qarşı
çıxırsan, gəncliyə xas səbirsizliklə tərəddüdlər
içində vurnuxursan, həyata üsyan edirsən, dünya
ilə savaşırsan, həyat sənə ədalətsiz
görünür, amma zaman keçdikcə anlayırsan ki, sən
izaholunmaz qarşısında acizsən, kamil insan deyilsən və
dünyanı qınamağa dəyməz, Rembrandtın
tablosundakı yolunu azmış oğul kimi Yaradanın
qarşısında hüznlə boyun əyirsən, qəlbinə
bir rahatlıq, əmin-amanlıq hakim kəsilir, necə ki,
Bethoven bunu Doqquzuncu simfoniyada ifadə edib...
P.S. Ötən əsrin
80-ci illərindən Gennadi Brijatyukun Əhmədlidəki
emalatxanasına gedib-gələrdim. Mircavad ilə Gena qonşu
idilər, Mircavadla onda tanış olduq, amma bu
tanışlıq salam-sağoldan uzağa getmədi. Gena Əhmədlidən
"Baksovet"ə köçdü...
Sonralar rəssam Kamal Əhmədlə
Mircavadı bir neçə dəfə ziyarət etdik. Mircavad
Kamalın xatirini çox istəyirdi.
Yadımdadı, sovet sənətşünası
Mürsəl Nəcəfov Mircavadı "ifşa edən"
bir məqalə yazmışdı, məqalə böyük
hay-küyə səbəb olmuşdu, gənc rəssamlar
Mürsəl müəllimə savaş
açmışdılar. Səhhət Veysov Mircavad
yaradıcılığı haqqında dəyərli bir
yazı yazdı. Məmməd İsmayılın baş
redaktoru olduğu "Gənclik" jurnalı yazını
çap elədi...
Kamal Əhməd,
Aydın Əfəndi və mən Mircavadın yanına
getdik, ustadın əsərlərinə baxdıq,
uzun-uzadı söhbət etdik, Aydın Əfəndi və mən
rəssama öz şeirlərimizi oxuduq.
Bakıda Mircavadın
ilk fərdi sərgisi açılmışdı - Aydın Əfəndi
Mircavada şeir ithaf etmişdi. Aydın rus dilində
yazırdı, mən o şeiri tərcümə elədim,
şeir ustadın xoşuna gəlmişdi.
İndi nə Gennadi
Brijatyuk, nə Mircavad, nə Kamal Əhməd, nə də
Aydın Əfəndi var, Səhhət Veysov sağdı,
gec-gec görüşürük, gedib Şamaxıda
yaşayır özüyçün.
İllər nə
çabuq ötüb keçir, ötüb keçən illər
ürəyimizdə çapıqlar buraxıb əbədiyyətə
qovuşur. Mən fatalist adamam - Kamal Əhmədin, Gennadi
Brijatyukun, Mircavadın, Van Qoqun, Rene Maqrittin... rəsmləri
ilə mənim şeirlərim arasında mistik bir
bağlılığın olduğuna inanıram. 1985-ci ilin
may ayında Mircavadın rəsmləri önündə
yazdığım misraları xatırlayıram və bu anda mənə
elə gəlir ki, ustad səsimi eşidir.
kimdi qurd
döşü əmən
bu uşaq kimdi allah
hardan gəlib hara gedir bu uşaq
söylə ustad
nədir istedad
şeytan nədi, mələk nədi
tale nədi, fələk nədi
dahiliklə divanəlik
arasına uzanan
qıl körpüdən
necə keçdin qaranlıqda sən
sən bir günəbaxansan
bəlkə bizim hamımızdan
göyüzünə yaxınsan...
Adil Mirseyid
Ekspress.-
2011.- 9-11 iyul.- S. 14.