Qızıl
Qran-Pridən 9 qızıl
8-10 iyul
günlərində Heydər Əliyev adına İdman və Konsert
Kompleksində böyüklər arasında sərbəst, yunan-Roma və qadın güləşi
üzrə Qızıl Qran-Pri turniri keçirildi.
Yarışda 34 ölkəni təmsil edən 400-dək
güləşçi mükafatlar uğrunda mübarizə apardı.
Sərbəst güləşənlərin
çıxışı ilə startı verilən turnirə
bazar günü "klassiklər"in qurşaq tutması ilə
yekun vuruldu. Baş məşqçi
Fərid Mansurovun rəhbərlik etdiyi yunan-Roma güləşi
üzrə yığmamız çıxışını
2 qızıl, 3 gümüş və 4 bürünc medalla başa vurdu. "Klassiklər"imiz
arasında ən yaxşı nəticəni Rövşən Bayramovla (55 kq) dünya və Avropa çempionu adını daşıyan Həsən
Əliyev (60 kq) göstərdi.
Qeyd edək ki, finalda öz komanda yoldaşı Taleh Məmmədovu
məğlubiyyətə uğradan tanınmış pəhləvanımız
Bayramov finala qədər isə ardıcıl olaraq, Zurab
Maçaraşvilini (Gürcüstan), Mohsen Hacı Puru
(İran) və Orxan Əhmədovu mübarizədən kənarlaşdırmışdı.
Maraqlıdı
ki, bu çəki dərəcəsində
bütün medalları Azərbaycan pəhləvanları
qazandı. Belə ki, finalda
Rövşənə uduzan Taleh turnirin gümüş, Orxan Əhmədovla
Eldəniz Əzizli isə bürünc medala layiq
görüldü.
60 kq-da mübarizə aparan Həsən Əliyevə
gəlincə, iki ay öncə Avropa çempionatında qalib
gələn Həsən Qızıl Qran-Pridə müvafiq
ardıcıllıqla Casem Əmirini (İran), Tonimir Sokolu
(Xorvatiya), Kamran Məmmədovu və serbiyalı Davor
Stefanekanı məğlub edincə çempionluq zirvəsini ələ
keçirdi.
Komandanın aktivinə yazılan daha iki
gümüş medal finalda ukraynalı Dmitro Pinkova uduzan Elvin
Mürsəliyevlə (74 kq) öz iranlı həmvətəni
Həbibulla Əhlaniyə uduzan legionerimiz Saman Təhmasibinin
(84 kq) payına düşdü. "Klassiklər"in aktivinə
yazılan daha iki "bürünc"ün sahibi isə
Kamran Məmmədovla Vitali Rəhimov (66 kq) oldu.
Yarışın maraqlı və təəssüfləndirici
məqamları isə iki ay öncə Avropa çempionu
adını qazanan Rafiq Hüseynovun (74 kq) iştirakı ilə
keçirilən görüşlər oldu. Yarımfinalda
Rafiq Azərbaycan yığmasında özünün əsas rəqibi olan Elvin Mürsəliyevlə
qarşılaşdı. AÇ-2011-in ardından Qızıl
Qran-Prini də udub olimpiya təsnifatlı dünya
çempionatına gedəcək yığmanın heyətində
yer almaq iddiasında olan Rafiq Elvinlə
görüşdə uduzmaqla qızıl medala olan ümidini heçə çıxardı. Hələ
bu azmış kimi, Avropa çempionumuz
ardından üçüncülük uğrunda mübarizədə də məğlub
olaraq, turnirlə əliboş vidalaşmaq məcburiyyətində qaldı. Bu isə onun həm də
DÇ-2011-ə gedəcək yığmada yer
almaq şansını sual
altına saldı.
"Klassiklər"dən bir gün öncə zəriflərimiz
turnirdə uğurla çıxış edib. Baş
məşqçi Rövşən Umudovun
rəhbərliyi altında turnirə qatılan
xanımlarımız heç də nə
onlardan sonra
çıxış edən "klassiklər"dən, nə
də yarışın birinci günü meydana
atılan sərbəst güləşənlərdən geri qalmayıb. Mariya
Stadnik (48 kq) və Sona Əhmədlinin (59 kq)
simasında qızıl medal qazanan qadın yığmamız yalnız finalda uduzan Gözəl Zutova (63 kq) ilə 1
"gümüş"ə və 4 "bürünc"ə
sahib çıxıb. Zəriflərimizdən
bürünc medalları Yuliya
Radkeviç (55 kq), Olesiya Zamula (59 kq), Zümrüd
Qurbanhacıyeva və Dina İvanova
(72 kq) qazanıb.
Xatırladaq ki, dağıstanlı mütəxəssis
Saypulla Absaidovun rəhbərliyi altında Qızıl
Qran-Prinin ilk günü döşək üzərinə
çıxan sərbəst güləş üzrə
yığmamız isə 5 qızıl, 1 gümüş və
2 bürünc 8 medal qazanmışdı.
"Qızıllar"ın sahiblərinə gəlincə,
Mahmud Məhəmmədov (55 kq), Zəlimxan Hüseynov (60 kq),
Cəbrayıl Həsənov (66 kq), Şərif Şərifov
(84 kq) və Xetaq Qazyumov (96 kq) çempionluq sevincini
yaşayıb, daha iki pəhləvanımız
gümüş, birisə bürünc medal qazanıb.
Beləliklə də, Azərbaycan pəhləvanları
ümumilikdə 24 medal qazanıb ki, onlardan da 9-u "klassiklər"in,
7-si qadınların, 8-i də sərbəst güləşənlərin
payına düşüb.
Yeri gəlmişkən, reqlamentə uyğun olaraq,
turnirdə hər çəki dərəcəsində qalib
adını qazanan idmançıya 10, ikinci yerin sahiblərinə
5, üçüncü yeri tutanlara isə 2 min dollar
mükafat verilib. Qalib
idmançıların məşqçiləri isə 2000 dollara sahib
çıxıblar.
İNTİQAM
Ekspress.- 2011.- 12 iyul.- S. 20.