Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Məmmədəmin Şəkinski
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Şəkinski
Azərbaycanda ötən əsrin ən qalmaqallı və
indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən biri Mir Cəfər
Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban bu məhkəmə,
onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Azərbaycan Partiya-Dövlət Nəzarəti
Komitəsinin sədri Əli Kərimov Məmmədəmin
Şəkinskinin arayışında göstərilən faktlar əsasında təcili tədbirlər
görülməsi üçün müvafiq işçilərinə
tapşırıq vermiş, ertəsi günü Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv
İdarəsinin rəisini hökumət binasındakı
kabinetində qəbul etmişdir.
Əli Kərimov da, Məmmədəmin
Şəkinski də Mir Cəfər
Bağırov dövlət quruculuğu ənənələrini
ləyaqətlə davam etdirirdilər. Hər
ikisi mənəviyyatca saf,
prinsipial, son dərəcə
obyektiv, yüksək vəzifəlilər
qarşısında yaltaqlanmayan şəxsiyyət
idi. Mir Cəfər
Bağırovun arxiv qovluqlarında rast gəldiyimiz əlyazmasından parçalar onların yaddaş
dəftərində həkk olunmuşdu:
"Əməlisaleh deyilsənsə, başqalarına
nümunə ola bilməzsən",
"İnamın olmasa, inandıra bilməzsən".
M.C.Bağırovun zərb-məsəl kimi
səslənən bu sözləri M.Şəkinskinin
parlaq şəxsiyyətinin canlı cizgiləri
idi. Azərbaycan
Respublikası Dövlət Arxivində onun
kadr seçilməsinə düzgün
münasibətini göstərən bir material ilə oxucuları tanış etmək
yerinə düşər. 1960-cı il
fevralın 19-da M.Şəkinskinin ünvanına
Naxçıvan MSSR-dən aşağıdakı rəsmi məktub
daxil olmuşdur:
"Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin
razılığı ilə Sov. İKP üzvü Məmmədov İbrahim
Alməmməd oğlunu Sizin
yanınıza söhbətə göndəririk. Məmmədov
İ.A. 1946-cı ildən Sov. İKP üzvüdür, natamam ali təhsili var.
Məmmədov
İbrahim Alməmməd oğlunu Naxçıvan MSSR
DİN-in Arxiv şöbəsinin rəisi vəzifəsinə
tövsiyə edirik.
Naxçıvan MSSR
daxili işlər nazirinin vəzifəsini icra edən K.Məmmədov.
17 fevral 1960-cı il
Naxçıvan şəhəri."
Həmin il fevral ayının 22-də
İ.A.Məmmədov Bakıda M.Şəkinskinin qəbulunda olmuşdur. Söhbətin gedişində məlum
olmuşdur ki, son illərdə İ.Məmmədov ticarət-kooperativ
şəbəkəsində çalışmış, mənimsəmə
hallarına görə cinayət məsuliyyətinə
alınmış və 8 il müddətinə
azadlıqdan məhrum olunmuşdur. İ.Məmmədovun
tarixçi ixtisası təhsili yoxdur.
Elə həmin gün Bakıdan
Naxçıvana rəsmi cavab məktubu yola salınmışdır:
"Naxçıvan MSSR daxili
işlər naziri polkovnik
Nuriyevə
Sizin 1960-cı il
17 fevral (211 N-li) məktubunuza
cavab
Göndəridiyiniz İ.A.Məmmədov yoldaş
uzun illər ticarət şəbəkəsində
işləmişdir. Sizə məlum olduğu
kimi, arxiv işi Sovet Azərbaycanının
tarixi üzrə elmi-tədqiqat fəaliyyətinin
ən mühüm sahəsindən biridir. Belə hesab edirik ki, İ.A.Məmmədov
yoldaş Muxtar
Respublikanın arxiv orqanlarına
başçılıq edə bilməz. Bunu
da nəzərə alın ki, son vaxtlar
Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivinin tərkibinə lazımi səriştəsi
olmayan işçilər qəbul edilmişdir.
Bununla yanaşı, Arxiv
İdarəsinin rəhbərliyi belə hesab
edir ki, ticarət-kooperativ
işini yaxşı bilən İ.A.Məmmədovu
öz ixtisası üzrə işlə təmin
etmək olar.
"Azərbaycan SSR Daxili İşlər
Nazirliyi Arxiv İdarəsinin
rəisi polkovnik M.Şəkinski".
Azərbaycan Respublikası Dövlət Arxivinin
fondlarında M.Şəkinskinin Əli Kərimova
ünvanladığı məktublar xüsusi
yer tutur. Təkcə
1960-cı ilin martından dekabrınadək
respublika Arxiv İdarəsinin
rəisi hökumət başçısının
müavininə 10 rəsmi məktub göndərmişdir. Bəzilərindən
parçalar:
14 mart 1960-cı il
tarixli məktubdan:
Dəftərxana işinin düzgün təşkili arxiv
fondlarının elmi əsaslarla komplektləşdirilməsində
mühüm rol
oynayır. Bizim tərəfimizdən
aparılmış yoxlamalardan müəyyən
edilmişdir ki,
respublikanın əksər müəssisələrində, təşkilat
və idarələrində kargüzarlıq qeyri-qənaətbəxş
vəziyyətdədir. Nazirliklərin, idarə və müəssisələrin
rəhbərləri kargüzarlıq məsələlərinə
lazımınca diqqət yetirmirlər. Kargüzarlar
arasında mütəxəssislər yox dərəcəsindədir,
sənəd və materiallar düzgün tərtib olunaraq
müəssisələrin arxivinə təhvil verilmir.
SSRİ Nazirlər Sovetinin 1958-ci il 13 avqust tarixli
qərarı ilə təsdiq olunmuş qaydalara görə, nazirliklərdə, müəssisə
və idarələrdə bu sahəyə
nəzarət arxiv orqanlarına həvalə
edilmişdir. SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin
tapşqırığına uyğun olaraq, respublikamızda kargüzarlıq üzrə
idarələrarası komissiyanın yaradılma məsələsini
müzakirənizə təqdim edirik.
14 aprel 1960-cı il tarixli
məktubdan:
Saatlı və
Ağsu rayonları
1943-cü ildə təşkil
olunmuşdur, buna qədər həmin rayonlar müvafiq olaraq Sabirabad və Kürdəmir rayonlarının ərazisinə
daxil idi. Bu səbəbdən Saatlı və Ağsu rayonlarının kolxoz, maşın-traktor stansiyaları, kənd sovetləri və digər təşkilat və idarələrinin arxiv sənədləri əvvəlki rayonlarda, yəni Sabirabad və Kürdəmirdə
qalmışdır. Zəhmətkeşlər bu və ya
digər arxiv sənədinin surətini
əldə etmək üçün yaşadıqları
rayonlardan qonşu rayonlara üz tutmalı olurlar. Bundan əlavə, Saatlı və Ağsu rayon dövlət arxivi rütubətli və darısqal otaqlarda yerləşir.
Təklif edirik
ki, Sabirabad və Kürdəmirdə
rayonlararası dövlət
arxiv idarəsi yaradılsın.
20 aprel
1960-cı il tarixli məktubdan:
"Poliqrafiyaçı" arteli
yanında 25-30 nəfərdən
ibarət "arxivçilər"
qrupunun yaradılmasından
16 ay keçir. Ancaq
"Poliqrafiyaçı" arteli üzərinə düşən vəzifəni
nəinki yerinə yetirməmiş, arxiv materiallarının işlənib
hazırlanması xərclərini
200 faiz qaldırmış,
beləliklə, SSRİ Dövlət
Arxiv Fondu qaydalarını kobudcasına
pozmuşdur.
25 avqust
1960-cı il tarixli məktubdan:
Azərbaycan SSR Mərkəzi Dövlət
Kino-Foto Sənədləri
Arxivində iki min altı yüz üç kino sənədi saxlanılır.
Bu sənədlərdə sovet
Azərbaycanının 40 il ərzində xalq təsərrüfatı,
elm, incəsənət, mədəniyyət
sahələrində əldə
etdiyi nailiyyətləri
əyani şəkildə
əks olunur.
Sizə məlum
olduğu kimi, bu nadir və qiymətli kino-foto arxiv materiallarının saxlanıldığı arxiv
Yasamal vadisindəki binadadır. Bu ərazidə orta illik rütubət 100 faiz təşkil edir ki, belə
bir vəziyyətdə
arxiv sənədləri
yararsız hala düşür və ən yaxın vaxtlarda tamamilə məhv olub gedə bilər. SSRİ
Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə müraciətimizdən sonra,
bu ilin avqust
ayında İttifaq
Kino-foto Sənədləri
Dövlət Arxivinin rəisi Mışko yoldaş Bakıda ezamiyyətdə olmuş və vəziyyətlə
tanışq olduqdan sonra bu qərara
gəlmişdir ki, Azərbaycan Dövlət
Kino-foto Sənədləri
Arxivini Yasamal vadisində yerləşdirmək
qətiyyən düzgün
deyildir.
Yuxarıda
deyilənləri nəzərinizə
çatdırmaqla Sizdən
xahiş edirəm ki, Azxərbaycan Dövlət Kino-foto Sənədləri Mərkəzi
Dövlət Arxivinin Yasamal vadisindən Bakının rütubəti
az olan
başqa ərazisinə
köçürülməsi məqsədilə təcili
tədbir görəsiniz.
31 oktyabr
1960-cı il tarixli məktubdan:
Azərbaycan
arxivlərində çalışan
ali savadlı
mütəxəssislərin aylıq maaşı digər müttəfiq respublikalarda işləyənlərinkindən
aşağıdır. Məsələn,
rayon dövlət arxivlərinin
müdirləri Gürcüstanda
400-690 rubl, Ermənistanda
410 rubl maaş alırlar, Azərbaycanda isə 335 rubldur. Aylıq əmək haqqının
aşağı olması
səbəbindən biz yüksək
ixtisaslı mütəxəssisləri
arxiv orqanlarında, xüsusilə rayonlarda işə qəbul edə bilmirik.
Sizdən xahiş
edirik ki, 1961-ci ildə respublikanın mərkəzi dövlət
arxivlərində və
rayon arxivlərində işin
həcminin daha da genişləndiriləcəyini
nəzərə alaraq,
arxiv əməkdaşlarının
məvacibinin artırılması
üçün təşəbbüs
göstərəsiniz.
13 dekabr
1960-cı il tarixli məktubdan:
Nəzərinizə çatdırıram ki, Əlibayramlı rayon icraiyyə
komitəsi rayon dövlət
arxivini münasib binaya köçürmək
barədə Nazirlər
Sovetinin tapşırığını
yerinə yetirmir.
RİK sədri A.Aslanov yoldaş ezamiyyətdə olmuş nümayəndəmizə məsuliyyətsizcəsinə
demişdir ki, "yüz qərar verilsə də, arxivə bina verməyəcəyəm".
Arxiv idarəsi
rəhbərinin müraciətlərini
respublika hökuməti
başçısının müavini özünəməxsus
şəkildə həll
etmişdir. Azərbaycan Respublikası
Dövlət Arxivində
saxlanılan bir çox sənəd və materiallar dediklərimizi əyani sübut edir. Belə ki, Ə.Kərimovun
təklifi ilə şəxsən M.Şəkinski
yerlərdə arxivlərin
vəziyyəti ilə
tanış olmuşdur. 1960-cı ilin fevral ayında
M.Şəkinski Əlibayramlıda
(indiki Şirvan rayonu - T.Q.) ikən aşkar etmişdir ki, dövlət rayon arxivinin materiallarının
bir hissəsi Qazıməmməd şəhərində
bərbad halda saxlanılır. Qax,
Balakən, Mirbəşir,
Tovuz və Jdanov rayonlarında qiymətli arxiv materialları çürüməkdədir.
Jdanov
rayon dövlət arxivində
sənədlərin 80 faizi
quru yerdə toz-torpağın içində
saxlanılır.
1960-cı il sentyabr
ayının 17-də (M.C.Bağırovun
doğum günü -
T.Q.) Azərbaycan SSR Nazirlər Soveti
"Respublikada arxiv işinin vəziyyəti barədə" geniş
qərar qəbul etmişdir. Qərarı Nazirlər Sovetinin
sədri Məmməd
İskəndərov imzalamışdır.
ARAYIŞ.
Məmməd Əbdül oğlu
İskəndərov 1915-ci ildə
Qubadlı rayonunun Evarlı kəndində yoxsul ailədə anadan olmuşdur.
1928-ci ildə kənd
məktəbini bitirmiş,
Bakıya gələrək
M.Ə.Sabir adına
pedaqoji texnikuma daxil olmuşdur. 1934-cü ildə texnikumu bitirmiş, Zəngilan rayonunun Xanlıq kənd orta məktəbində müəllim olmuşdur.
1935-ci ildə Bakıya gəlmiş və Azərbaycan Sənaye İnstitutunun hazırlıq kursuna daxil olmuşdur. 1940-cı ildə mühəndis-geoloq ixtisası
üzrə "Molotovneft"
trestinin birinci mədənində işləmiş
gənc geoloq
1941-43-cü illərdə müharibənin
ağır sınaqlarından
çıxmışdır. O, Moskva və Kiyev cəbhələrində
atıcı alayın
mühəndisi, batalyon
qərargahının rəisi
olmuşdur. 1943-cü ildə
Mir Cəfər Bağırovun
təşəbbüsü ilə neftçi-mütəxəssis
kimi Dövlət Müdafiə Komitəsinin
qərarı ilə arxa cəbhəyə qayıtmış, "Molotovneft"
trestinin mədənlərində
geoloq və mədən partiya təşkilatının katibi
işləmişdir, 1945-47-ci illərdə Azərbaycan
KP Bakı Komitəsi katibinin neft üzrə müavini, sonra Bakı şəhəri Lenin rayon partiya
komitəsinin birinci katibi, 1948-49-cu illərdə
Azərbaycan SSR Dövlət
Nəzarəti nazirinin
müavini vəzifələrində
çalışmışdır.
Məmməd İskəndərov bir geoloq kimi elm sahəsində də səmərəli fəaliyyət
göstərmişdir. O, 1946-cı ildə namizədlik,
1957-ci ilddə doktorluq
dissertasiyası müdafiə
etmişdir. Geologiya-mineralogiya
elmləri doktoru,
professor M.İskəndərov haqqında 1949-cu il
aprelin 18-də Moskvaya,
SSRİ Nazirlər Sovetinə
M.C.Bağırov tərəfindən
göndərilmiş məktubda
deyilir: "Bir neçə ildir ki, Orconikidzeneft dövlət planını
yerinə yetirmir. Sizdən xahiş edirəm ki, bu vəzifəyə
mühəndis-geoloq Məmməd
Əbdül oğlu İskəndərovu təyin
edəsiniz". Orconikidzenefti gerilikdən çıxaran
bacarıqlı geoloq və təşkilatçı
Leninneft trestinə keçirilmiş, 1951-53-cü illərdə
Azərneft birliyinin baş mühəndisi və rəisin birinci müavini vəzifələrində işləmişdir.
1953-54-cü illərdə Azərbaycan
KP Bakı şəhər
partiya komitəsinin birinci katibi, 1954-59-cı illərdə Azərbaycan
KP MK katibi, 1959-1961-ci illərdə
Azərbaycan SSR nazirlər
Sovetinin sədri vəzifələrində olmuşdur.
1961-ci il dekabrın
29-da Azərbaycan SSR Ali Sovetinin
beşinci çağırış
səkkizinci sessiyasında
Azərbaycan SSR Ali Soveti
Rəyasət Heyətiinin
sədri seçilmişdir".
(Bax: Musa Qasımlı,
Cavid Hüseynov, Azərbaycanın baş nazirləri. Bakı, "Adiloğlu" nəşriyyatı,
2005-ci il, səh. 87-91).
(ardı var)
Teyyub Qurban
Ekspress.-
2011.- 16-18 iyul.- S. 15.