İnsan olan belə vəhşilik etməz!
Tovuz rayonunun Əlibəyli
kəndində erməni vəhşiliyinin qurbanı olan 13
yaşlı Aygün Zirəddin qızı
Şahmalıyevanın ölümü ilə bağlı
cinayət işinə başlanıb. Baş Prokurorluğun məlumatına
görə, Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik
niyyəti ilə adam öldürmə) maddəsi ilə
iş başlanıb, istintaq hərəkətləri
aparılır.
Xəbər verdiyimiz
kimi, iyulun 14-də Ermənistanla həmsərhəd olan Əlibəyli
kəndində partlayıcı qurğunun işə
düşməsi nəticəsində Şahmalıyeva
Aygün həlak olub, onun 32 yaşlı anası
Şahmalıyeva Elnarə Məmmədtağı qızı
isə bədəninin bud nahiyəsindən yaralanıb.
Partlayıcı
qurğu quraşdırılmış "itəbənzər"
uşaq oyuncağı Tovuz çayı
yaxınlığında oynayan Aygün Cəfərov, Elsəvər
Həsən oğlu ilə birgə taparaq sonuncunun evinə gətiriblər.
Evdə oynayan zaman Aygün oyuncağı masanın
üstünə vurub, nəticədə partlayış
baş verib.
Hadisənin şahidi
olan Elsevər ANS-ə olayı belə danışıb:
"Çayda çimib evə qayıdanda suyun kənarında
itə bənzər oyuncağı ayağımla vurub kənara
tulladım. Sonra onu Aygün götürdü, ona
oyuncağı atmasını dedim. Lakin yanımızda olan
balaca uşaq ağladı və oyuncağı istədi.
Aygün yenidən o oyuncağı götürdü və evə
gətirib stolun üstünə qoydu. Elə həmin an itə
bənzər oyuncaq partladı".
Dünən Daxili
İşlər Nazirliyi (DİN) Tovuz çayının kənarından
tapılan oyuncağın partlaması nəticəsində
baş verən faciə ilə bağlı məlumat
yayıb: "İyulun 14-də saat 15.30 radələrində
Tovuz rayonunun Yuxarı Mülkülü kənd sakini, 16
yaşlı Elsevər Cəfərov və onlarda qonaq olan 13
yaşlı Aygün Şahmalıyeva Tovuz çayının
kənarından tapdıqları oyuncağı evə gətiriblər.
Həmin oyuncaq evdə partlayıb. Nəticədə Aygün
hadisə yerində dünyasını dəyişib, onun
anası Elnarə isə ayaqlarından xəsarət alaraq xəstəxanaya
yerləşdirilib. Faktla əlaqədar rayon Prokurorluğu tərəfindən
araşdırma aparılır".
Şahmalıyevlər
ailəsi Sankt-Peterburqda yaşayır və Tovuza qonaq gəliblər.
Ailənin başçısı Zirəddin Şahmalıyev
faicədən 2 gün əvvəl Tovuzdan Rusiyaya
qayıdıb.
Dünya
erməni vandalizmini qətiyyətlə
pisləməlidir
Tovuz rayonundan millət
vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin üzvü Qənirə Paşayeva bildirib ki,
partlayış nəticəsində yaralanan Elnarə
Şahmalıyeva hazırda xəstəxanadadır: "Həkimlər
onun vəziyyətini orta ağır qiymətləndirirlər.
Onun müalicəsi davam edir".
Qənirə
Paşayeva bunun Ermənistanın azyaşlı uşaqlara
qarşı törətdiyi ilk vandalizm aktı
olmadığını xatırlabı: "Bir neçə
il bundan əvvəl həmin ərazidə analoji hadisə
baş vermişdi. Ermənistandan çaya buraxılan
oyuncağı götürərkən partlayış baş
verməsi nəticəsində iki azyaşlı uşaq həlak
olmuş, biri isə yaralanmışdı. Bu il mart
ayının 8-də Ermənistan silahlı qüvvələri
Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı
sakini Fariz Bədəlovu evinin həyətində oynayan vaxt
snayperlə hədəfə alaraq qətlə
yetirmişdi".
Millət vəkili
deyib ki, Ermənistanın törətdiyi vandalizm aktı Avropa
Şurası Parlament Assambleyası daxil olmaqla bütün beynəlxalq
təşkilatlar qarşısında qaldırılacaq. Azərbaycanın
rəsmi qurumları ilə yanaşı, diaspor və
qeyri-hökumət təşkilatları da bu vandalizm
aktını beynəlxalq ictimaiyyətin diqqətinə
geniş şəkildə çatdırmalıdırlar:
"ATƏT-in Minsk qrupunun həmsədrləri başda olmaqla
beynəlxalq təşkilatların Ermənistanın törətdiyi
bu cür vandalizm aktlarına qarşı heç bir tədbir
görməməsinin, laqeyd münasibət bəsləməsinin
nəticəsidir ki, Ermənistan bütün dünyanın
gözü qarşısında bu cür insanlıq əleyhinə
vandalizm aktlarını törətməkdə davam edir".
Millət vəkili bəyan
edib ki, həmsədrlər, habelə beynəlxalq təşkilatlar
bu hadisəni kəskin pisləməli, bu hadisənin törədilməsində
təqsirli olanların cəzalandırılmasını tələb
etməli, bu kimi vandalizm aktlarının yenidən təkrarlanmasının
qarşısını almaq məqsədilə rəsmi İrəvana
qarşı ciddi təsir və təzyiq mexanizmlərini tətbiq
etməlidirlər: "Əks halda, bütün bunlar onsuz da gərgin
olan vəziyyətin gərginləşməsinə gətirib
çıxaracaq. Bu zaman yarana biləcək vəziyyətə
görə məsuliyyət Minsk qrupu həmsədrləri və
digər beynəlxalq təşkilatların üzərinə
düşəcək".
Düşmən Qarqar və Tərtər
çayları ilə də mina axıdır
Azərbaycanın bir
sıra qurumları artıq Ermənistanın bu barbar
davranışı - çayla bomba-oyuncaq axıtması məsələsini
beynəlxalq təşkilatlarda qaldırmaqla bağlı
işlərə başlayıblar.
"Minalar Əleyhinə
Kampaniya" İctimai Birliyi iyulun 14-də hadisə ilə
bağlı araşdırma apararaq, ermənilərin törətdiyi
bu hadisə barədə Piyadalar Əleyhinə Minaların
Qadağan Olunması Beynəlxalq Kampaniyası və Kasetli
Silahların Qadağan Olunması Kampaniyasının üzvlərinin
elektron poçtuna məlumat göndərib.
Təşkilatın sədri
Hafiz Səfixanov APA-ya açıqlamasında bildirib ki, faktla
bağlı müvafiq beynəlxalq qurumların tədbirlərində
ayrıca məlumatlar veriləcək: "Bizdə olan məlumata
görə, bu, ermənilər tərəfindən törədilmiş
ikinci analoji əməldir. Bundan 15 il əvvəl faciə ilə
nəticələnmiş eyni hadisə baş vermişdi. Bu,
insanlığa yaraşan hərəkət deyil və
hazırda bütün dünya bu kimi hallarla mübarizə
yolları arayır. Ermənistan tərəfi bununla bir daha
beynəlxalq hüquq normalarına məhəl
qoymadığını və düşmənçiliyini
sübuta yetirdi".
Səfixanov ermənilər
tərəfindən hər il Tərtər çayı vasitəsi
ilə Azərbaycanın nəzarətində olan ərazilərə
minalar axıdılması məsələsinin də dəfələrlə
beynəlxalq təşkilatlarda
qaldırıldığını deyib.
Azərbaycan Ərazilərinin
Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) də
məsələni beynəlxalq təşkilatlarda və minatəmizləmə
əməliyyatlarına dəstək verən donorlar
qarşısında qaldırmağa hazırlaşır.
ANAMA-nın baş əməliyyat
mütəxəssisi Adil Aslanov APA-ya bildirib ki, piyada əleyhinə
mina və əldə düzəldilmiş, müxtəlif
formalara salınmış "sürpriz
partlayıcılar"ın istifadəsi (İED) Ottava
Konvensiyası ilə qadağan olunub. Hazırda BMT bununla
bağlı geniş iş aparır.
"2000-2001-ci illərdə
Əlibəylidə yerli əhali tərəfindən ermənilərin
dəfələrlə uşaq oyuncaqlarına
bağlanmış partlayıcıları su ilə kəndə
axıtması barədə məlumat verilmişdi. Bununla
bağlı orada dəfələrlə partlayış olub,
ölüm hadisəsi baş verib, yaralanan olub. Belə hallar
ermənilər tərəfindən mütəmadi olaraq həyata
keçirilir", - deyə ANAMA nümayəndəsi bildirib.
ANAMA nümayəndəsi
bu yaxınlarda ermənilər tərəfindən su ilə
minaların axıdılması faktına Ağdam rayonunda
Qarqar çayında və Tərtər çayında rast gəlindiyini
də qeyd edib. Aslanovun sözlərinə görə,
oyuncağa partlayıcının
quraşdırılmasının səbəbi də
aydındır: "Oyuncağı götürən
uşağı öldürmək. Bu,
düşünülmüş şəkildə edilib və
cinayətdir".
Aslanov ermənilərin
"sürpriz mina" hazırlamaq baxımdan "təcrübəli"
olduqlarını, onların qaz balonları, su vedrələri
və s. qabların içində hazırladıqları
İED-lərə müxtəlif cəbhəyanı
yaşayış məntəqələrində
rastlaşıldığını da vurğulayıb.
E.Mirzə
Ekspress.-
2011.- 16-18 iyul.- S. 12