"Azərbaycan Ukraynada müəyyən
qədər tanınır"
Xarkov
vilayəti Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyətinin
sədri Murad Ömərov: "Ukraynada azərbaycanlıların
yaşaması çox rahatdır"
Ukraynanın Xarkov vilayətində
yaşayan azərbaycanlıların üz tutduqları bir məkan
var; Xarkov vilayəti Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyəti.
Bu cəmiyyətdə nəinki Ukraynada, habelə
dünyanın bir çox ölkələrində
tanınmış ziyalılar təmsil olunurlar. Cəmiyyətin
sədri texnika elmləri namizədi, professor, Xarkov
radioelektronika universitetnin təbii elmlər kafedrasının
müdiri Murad Ömərovdur. Bundan başqa Xarkovda
tanınmış fizika-riaziyyat elmləri doktoru İsmayıl
Vəliyev, Ukraynanın xalq rəssamı Seyfəddin Qurbanov,
iqtisad elmləri namizədi Şahin Ömərov və
başqaları bu cəmiyyətin fəallarındandır. Cəmiyyətin
nəzdində "Dostluq" mədəniyyət mərkəzi,
"Azərbaycan inciləri" rəqs qrupu,
"Qarabağ" folklor ansamblı, "Natəvan"
qadın klubu və hüquq məsləhətxanası fəaliyyət
göstərir.
Dünya Azərbaycanlılarının
III qurultayında iştirak edən Azərbaycan-Ukrayna
"Dostluq" cəmiyyətinin sədri Murad Ömərov
"Ekspress"in suallarını cavablandırır.
- Öncə istərdim
ki, cəmiyyətiniz haqqında məlumat verəsiniz...
- Xarkov vilayəti Azərbaycan-Ukrayna
"Dostluq" cəmiyyəti 1999-cu ildə yaranıb. Cəmiyyətin
müxtəlif millətlərdən olan 500-ə yaxın
nümayəndəsi var. Cəmiyyətin yaradılmasında əsas
məqsəd Ukrayna-Azrbaycan arasındakı dostluq münasibətlərini
möhkəmləndirmək, Azərbaycan həqiqətlərinin
təbliği, ölkələr arasında iqtisadi, mədəni
əlaqələrin qurulması və Ukraynada yaşayan azərbaycanlıların
hüquqlarını müdafiə etməkdir.
Cəmiyyət yaranan
gündən həmin qurumun üzvü olmuşam, 2001-ci ildə
cəmiyyətin konfransında sədr seçilmişəm və
bu günə kimi də vəzifəmi davam etdirirəm. 2001-ci
ildə cəmiyyətin nəzdində Xarkovdakı 131
saylı məktəbdə həftənin bazar günlərində
"Bazar günü məktəbi" fəaliyyət
göstərir. Bu məktəbdə 80 nəfərlik proqram
hazırlanıb. Burada Azərbaycan dili-ədəbiyyatı,
tarix, coğrafiya, Azərbaycan milli-adət ənənəsi,
İslam Mədəniyyəti dərsləri keçirilir və
bu məktəbdə çalışanlar dövlər tərəfindən
əmək haqqı alır. Qeyd etməliyəm ki, həmin məktəbin
rəsmi statusu var, yerli hakimiyyətin verdiyi qərar əsasında
fəaliyyət göstərir. İki il öncə bu məktəbin
statusu dəyişdi və bura "Dostluq" Mədəni Təhsil
Mərkəzi adlandırıldı. Məktəbimiz yenə həftədə
bir dəfə fəaliyyət göstərir, bazar günləri
iki avtobus uşaqları şəhərin müxtəlif yerlərindən
yığıb, məktəbə gətirir, dərs
sonrası isə evlərinə aparır. Onu da deyim ki, cəmiyyətin
nəzdində "Azərbaycan inciləri" adlı rəqs
qrupu da fəaliyyət göstərir. Rəqs qrupunun və məktəbin
rəhbəri Ülviyyə Hüseynovadır. Bu rəqs qrupu
Xarkovda keçirilən bütün tədbirlərdə
iştirak edir. Nəzərinizə çatdırım ki, bir
neçə il öncə həmin rəqs qrupu cəmiyyətin
maliyyə dəstəyi ilə Bakıya gəldi. İki il
öncə isə rəqs qrupu Türkiyədə 23 aprel
Uşaq günündə iştirak edib.
- Fəaliyyətdə
olduğu müddətdə cəmiyyət nə kimi işlər
görüb?
- Cəmiyyət Azərbaycanın
bütün milli, dini və dövlət bayramlarını
yüksək səviyyədə qeyd edir. Matəm günlərini
- Xocalı faciəsini, 20 Yanvar gününü də hər
il anırıq. Bütün keçirilən tədbirlər,
telekanallar, qəzetlər və internet vasitəsi ilə
işıqlandırılır. Biz bacardığımız qədər
Azərbaycan həqiqətlərini ictimaiyyətə
çatdırmağa çalışırıq.
Bu kimi tədbirlərin
keçirilməsində cəmiyyət olaraq, fəallıq
göstəririk. Biz Azərbaycanın Böyük Vətən
müharibəsində iştirak etmiş, Sovet İttifaqı
Qəhrəmanı adı almış vətəndaşlarının
tanıtımıyla da bağlı tədbirlər
keçiririk. Bu tədbirlərin keçirilməsində də
əsas məqsəd ukraynalılara bu torpaqda bizim də
yaşama hüququmuzun olduğunu sübut etməkdir.
- Dünya Azərbaycanlılarının
III Qurultayının iştirakçısı oldunuz. Təəssüratlarınız
necə oldu?
- Mən bundan əvvəl
keçirilən qurultaylarda da iştirak etmişəm. Bir
şeyi qeyd edim ki, bizim cəmiyyət aşağıdan
qurulmuş bir cəmiyyətdir. Ukraynada "Ukrayna-Azərbaycan"
konqresi var. Bunlar yuxarıdan qurulmuş cəmiyyətdir. Cəmiyyətlərin
yaradılmasında əsas məqsəd Azərbaycanın adət-ənənələrini
qoruyub-saxlamaq, bunu gənc nəslə aşılamaq, Azərbaycan-Ukrayna
dostluq münasibətlərini möhkəmləndirmək,
iqtisadi, mədəni, elmi istiqamətlərdə iki dövlət
arasındaa olan münasibətin genişlənməsinə
kömək göstərməkdən ibarətdir. Xarkov vilayətində
yaşayan azərbaycanlıların hüquqi yardımla təmin
edilməsi də cəmiyyətlərin mühüm vəzifələrindən
biridir. Ən başlıcası isə cəmiyyət olaraq,
azərbaycanlıların müsbət imicinin
formalaşdırılmasına yardım etmək, Azərbaycanı
tanıtmaqdır. Axı, hamı Azərbaycanı yaxından
tanımır. Biz bir cəmiyyət kimi bu işlərin
görülməsi üçün böyük səy
göstəririk. Bir fikri də qeyd etməliyəm ki, Dünya
Azərbaycanlılarının Qurultayının keçirilməsindən
asılı olmayaraq, biz daim işimizi görür, fəaliyyət
göstəririk. Hesab edirəm ki, cəmiyyət sədri
olmasaydım da, bu qurultayda bir elm adamı kimi iştirak edə
bilərdim. Amma cəmiyyət sədri kimi dəvət edilməyim
mənə qürur hissi verir. Mən düşünürəm
ki, Diasporla İş üzrə Dövlət Komitəsi
böyük proyektlərdə yaxından iştirak etməli,
həmin layihələri koordinasiya etməlidir. Böyük
proyektlərin həyata keçirilməsinin hər iki ölkə
üçün böyük əhəmiyyət kəsb edəcəyini
düşünürəm. Bəzən cəmiyyətdaxili
problemlər yaranır, cəmiyyətə sədrlik işinin
həyata keçirilməsi üçün çox zaman
böyük mübahisələr olur. Mənim fikrimcə, cəmiyyətə
sədrliyi ziyalılar etməlidir. Amma ziyalıların
hamısı imkanlı deyil, cəmiyyətlərin
ziyalılar qədər maliyyəyə də ehtiyacları
var. Bəzən olur ki, maliyyə problemləri üzündən
cəmiyyətə imkanlı sədr rəhbərlik edir və
təbii ki, öz istədiyi kimi cəmiyyəti idarə edir.
Komitə cəmiyyətin
işlərinə qarışmasa da, mənə daima
yardımlar göstərir. Ukraynada fəaliyyət göstərən
məktəblər üçün dərsliklər
sifariş etmişdik. Onlar da artıq hazırdır.
- Ukraynada azərbaycanlıların
yaşayış səviyyəsi necədir?
- Bu nöqteyi-nəzərdən
Ukraynada azərbaycanlıların yaşaması çox
rahatdır. Ukraynalılar çox tolerant bir millətdir. Burada
Rusiyadan fərqli olaraq, şovinizm, ksenofobiya yoxdur. Azərbaycanla
Ukrayna əsrlər boyu dost olublar. Bildiyimə görə,
Türkiyədən sonra Ukrayna Azərbaycanın ikinci strateji
müttəfiqidir. Ukrayna bütün dünya siyasətində
hər zaman Azərbaycana dayaq olduğunu sübut edib. Ola bilər
ki, məişət səviyyəsində hər hansı
problemlər olsun, amma qlobal səviyyədə ukraynalılarla
azərbaycanlılar arasında heç bir problem yoxdur. Əksinə,
böyük dostluq münasibətləri var.
- Hazırda Ukraynada nə
qədər azərbaycanlı yaşayır?
- Qeyri-rəsmi mənbələrə
görə, Ukraynada 500 mindən çox azərbaycanlı
yaşayır ki, onların da 50 mini Xarkovdadır. Azərbaycan
və Ukrayna prezidentləri dost olduğu üçün
Ukraynada azərbaycanlılara münasibət yaxşıdır.
Amma təəssüflər olsun ki, azərbaycanlılar bu
dostluq əlaqələrindən lazımı qədər
istifadə edə bilmirlər.
- Ukraynada Azərbaycan dilinin səviyyəsi necədir? Yəni Azərbaycan dilində
qəzet, jurnal, telekanal varmı? Axı, siz güclü
dostluq əlaqələrindən
danışırsınız...
- Təəssüflər
olsun ki, bizim cəmiyyətin qəzeti yoxdur, amma Ukrayna Azərbaycanlıları
Konqresinin ayda bir dəfə nəşr etdirdiyi qəzet var. Yəni orda Azərbaycan dilində nə isə yaratmaq qadağan deyil, amma yaratmaq çətindir.
Keçən il biz Xarkovda orta məktəb yaratmaq istəyirdik, amma təəssüflər
olsun ki, səfirlikdən bizə dəstək vermədilər.
- Azərbaycan
diasporunun Ukraynada fəaliyyəti nə səviyyədədir?
- Qeyd
etdiyim kimi, Ukrayna tolerant ölkədir
və burada diaspora fəaliyyəti aparmaq çox asandır. Təbii ki, burada da diaspor təşkilatları
fəaliyyət göstərir.
Onlar azərbaycançılığın, mədəniyyətimizin, tariximizin
təbliği sahəsində
böyük işlər
görürlər. Azərbaycan Ukraynada
müəyyən qədər
tanınır.
İradə CƏLİLOVA
Ekspress.-
2011.- 16-18 iyul.- S. 16.