Göyçənin qisası qalır
(əvvəli ötən şənbə sayımızda)
Əlbəttə, əsli-nəcabəti
bilinməyən, kökü və ya nəsli yad millətlərə
bağlı olan insanlardan
milli maraqların toqquşduğu
məsələlərdə axıra qədər etibar gözləmək, demək olar ki, mümkün
olmur. Bu həmişə belə olmuşdur,
indi də belədir. Ətrafınızda
baş verən müxtəlif yönlü hadisələrə və həmin
hadisələrə münasibətlərə fikir
versəniz, belələrini elə ilk
baxışdanca heç bir
çətinlik çəkmədən görə bilərsiniz
və görürsünüz də,
əziz oxucular.
Kitabda belə incə məsələlər
təbii formada və sadə bir dildə haqlı olaraq
oxucuların nəzərinə çatdırılır. Bu isə əsərin qiymətini
artırır, onu daha
maraqlı, daha müasir,
daha oxunaqlı edir.
Bir gün Cığal
Həsən Qaraqoyunlu dərəsində yerləşən
Cıvıxlı kəndindən evə
qayıdırmış. Həddən artıq yorulmuş və
yuxusuz olan Cığal bulaqlardan birinin başında dayanıb
atı bir kola bağlayır, sərin sudan doyunca içəndən
sonra bir daşa söykənərək azca dincəlmək istəyir.
O, yuxuya gedir. Elə bu vaxt onu ermənilər yatmış
halda tutub qollarını bağlayaraq Kəvər qalasına
aparırlar. Bu tutulmada da Çarıq Mehralının və
Kavıs oğlu Mədətin əli olur. Bir-iki aydan sonra Kəvər
qalasından çıxarılıb Qarakilsə qalasına
aparılan Cığal Həsən incə bir fənd və
böyük qoçaqlıq göstərərək
qaçır.
Bu hadisədən sonra
Cığal Göyçədə qala bilməzdi. Onu hər
yerdə axtarırdılar, bunun üçün isə
müxtəlif fəndlərdən istifadə edirdilər. Ona
görə də o, İrana getmək, bir müddət orada
qalıb aranı soyutmaq istəyirdi. İrana keçmək də
asan iş deyildi. Ora getmək istəyini heç kim bilməməli
idi. İz itirmək üçün Cığal Həsən
əvvəlcə Gədəbəyə gedib bir neçə
gün orada qalır. Gədəbəydən gecə evə
qayıdıb, yenə də bədxahların vasitəsilə
ermənilərlə üzləşən Cığal Həsən
bir neçə yəhərli atı tövlədən
çıxarıb qovur. Atlar qaçırlar. Zil qaranlıq
gecə olduğuna görə ermənilər atların ancaq
ayaq səslərini eşidirlər, özlərini isə
aydın görə bilmirlər. Onlar Cığal Həsənin
ata minərək qaçdığını ehtimal eləyərək
atların dalınca düşür, onları güllələyirlər.
Bundan istifadə eləyən Cığal mühasirədən
çıxır və bir neçə gündən sonra birtəhər
İrana keçə bilir. Bir müddət orada qalıb yenidən
geri öz kəndinə qayıdan Cığal Kəvərin Hətəmxanlı
kəndinə köçmüş və xəstəlikdən
ayaqları tutulmuş Nəsib oğlu Xanlardan məktub
alır. Məktubdan məlum olur ki, arvadı Güləsər
onu bu vəziyyətdə qoyub, Kovxa Cahangirə qoşulub
qaçıb.
Əlbəttə,
namus-qeyrət sahibi olan, el-oba dərdi çəkən və
daim onun yanında olan insanlar belə bir namussuzluğu nəzərə
almaya bilməzdilər. Belə də olur. Güləsər də,
Kovxa Cahangir də öldürülür.
Müəlliflər həmin
dövr hadisələrində Qaraqoyunluların da tutduğu
yeri qələmə almış, Qaraqoyunlu Dərəsindəki
kəndlərin hamısının adlı-sanlı, mərd,
qoçaq insanlarının adlarını iftixarla çəkmiş,
Salah kəndindən olan Hasança Paşanın ermənilərlə
vuruşmalarda göstərdiyi igidlikləri isə fərəh
hissi ilə xüsusi olaraq qeyd etmişlər. Qaraqoyunlunun mərd,
qoçaq, yenilməz oğullarından biri olan, quşu
göydə gözündən vura bilən Hasança
Paşanın gülləsi ilə təkcə bir gündə
dörd ermənini cəhənnəmə vasil elədiyini, top
arabasını məhv etdiyini, Göyərçin kəndi
yaxınlığında- Göyəmlidə gedən
döyüşlərin birində Göyərçinli
Hamzanı vuran ermənilərdən ikisini elə həmin
andaca o dünyaya göndərdiyini xüsusi fəxrlə qeyd
eləyirlər.
Zaman öz
sözünü deyir, Cığal Həsən də, Topal
Oruc da öz əcəlləri ilə bu dünya ilə
vidalaşırlar və kəndin qədim qəbiristanlığında
uluların, bir çox müqəddəslərin əbədiyyətə
qovuşduğu torpağa tapşırılırlar.
Bundan sonra fələyin
çərxi tərsinə dövran eləyir. Bütün Qərbi
Azərbaycanda, ümumiyyətlə, Azərbaycanın hər
yerində olduğu kimi, Göyçədə də öz
havadarlarından həmişə ustalıqla istifadə eləyən
daşnaklar Göyçə türklərini qırmağa,
onları öz ata-baba yurdlarından qovmağa
başladılar. Sağ qalanlar birtəhər, çətinliklə
də olsa, kəndləri tərk eləyirdilər. Bir gündə
Toxluca kəndindən 14 adam öldürülmüşdü.
Uşaq-böyük, qadın-kişi, qoca-cavan, bir sözlə
hamı başını götürüb birtəhər kənddən
qaçmağa, canlarını qurtarmağa
çalışırdılar. Kəndin üç
cavanı- 25 yaşlı Ağəli, 10 yaşlı Qəmbər
və 8 yaşlı Aydaş da qaçanlar arasında idilər.
Zil qaranlıq bir gecə idi. Göz gözü
görmürdü. Onlar qəbiristanlığın
arasından keçib getməliydilər. Qəbiristana
çatıb dayandılar. Ağəli sakitcə,
pıçıltı ilə, yavaş-yavaş və ehtiyatla
qəbiristanlıqda uyuyanların ruhuna dua oxudu. Elə bu anda
onların üçünü də heyrət, qorxu və dəhşətli
bir təəccüb hissi bürüdü. Üçü də
onlara ünvanlanan səsləri eşidirdilər.
Üçü də yerlərində quruyub
qalmışdılar. O səslər onların
üçünün də həmişə eşitdikləri
doğma və əziz səslər idi. O səslər həmin
qəbiristanlıqda əbədiyyətə qovuşan
Cığal Həsənlə Topal Orucun səsi idi. Onlar fəryad
qoparırdılar:
- Hara gedirsiniz? Niyə
gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Axı
Göyçənin qisası qalır! O qisası kim alacaq?
-deyirdilər.
Necə qeyri-adi hadisədən
yaranmış çox zərif, incə, əsl insana və
insanlığa xas olan duyğularla dolu olan kövrək hiss, qəlbə
asanca daxil olub qəflət yuxusunda yatmış olan
şüurları oyadan, onu duymağa, düşünməyə,
görməyə, götürməyə çağıran
qeyri-adi bir hadisə!
Ancaq vətən,
el-oba, doğma yurd, nəsil-kök qədri bilən,
dünyada yaşadığı zaman ölümsüzlük
qazanan babaların qeyrətinə söykənən,
onların müqəddəs ruhlarının narahat olduğunu
duyan və özü də qəlbən narahat olan müəlliflər
bu zərif hissləri yaşaya və qələmə ala bilər.
Kitabı oxuduqca aydın olur ki, Eldar İsmayıl və
Hüseyn İsmayıl da belə müəlliflərdəndirlər.
Təsadüfi deyil ki,
günlərin bir günü Eldar İsmayıl sərhəd
rayonlarından birinə gedir. Elə bu zaman böyük bir
durna qatarı Azərbaycan səmasından uçaraq
Göyçə səmasına keçir. Əlbəttə,
bu, Eldar İsmayıl kimi insana, onun kimi vətən oğluna,
el-oba tərəfkeşinə, qəlbi bütün Türk
dünyası ilə döyünən əsl türkə,
onun kimi bir şairə təsir etməyə bilməzdi.
Başqa heç bir imkanı olmayan Eldar İsmayıl ancaq:
Mən də qərib,
sən də qərib,
Bu dərdimi qan, ay durna.
Göyçəmizdən
keçər olsan,
Şah dağına
qon, ay durna.
Qəbristanı
gəz ahəstə,
Ruhlar qərib,
ruhlar xəstə.
Qon anamın qəbri üstə,
Ağla, sızla,
yan, ay durna.
- deməklə qəlbini
boşaldır, az da olsa təsəlli
tapır.
Kitabı oxuduqca,
oxucuya aydın olur ki, tarixin müxtəlif dövrlərində
həmişə olduğu kimi, bu dəfə də bizim
köməyimizə Türkiyə, türk ordusu gəldi. Onların
köməkliyi ilə daşnaklar doğma Azərbaycanımızın
hər yerində olduğu kimi, ulu Göyçədə də
öz layiqli cavablarını artıqlaması ilə
aldılar və göyçəlilər öz doğma
yurdlarına qayıtdılar.
1917-ci ildə Rusiyada
çevriliş oldu. 1920-ci ildə rusların
"Qırmızı Ordu", bizim isə
"Qırmızı Ordu" deyil, "Qızıl Ordu"
adlandırdığımız rus ordusu Ermənistana və Azərbaycana
daxil oldu. Yeni bir quruluş- Sovet Sosialist Respublikaları
İttifaqı yarandı. Azərbaycanın itkiləri daha da
davam etdi.
Aşağıda itirdiklərimiz ərazilərin bəziləri
haqda məlumat verilmişdir:
1920-ci ildə Qərbi
Azərbaycanın hamısı itirildi.
1929-cu ildə
Qazağın 5000 hektarlıq ərazisi, Cəbrayıl qəzasının
Nüvədi, Ernəziz, Tuğud kəndləri ermənilərə
verildi.
1948-1953-cü illərdə
azərbaycanlıların Azərbaycandan böyük
deportasiyası oldu.
1969-cu ildə Tovuz
rayonundan 760 hektar ərazi ermənilərə verildi.
1984-cü ildə Qazaxdan bir hissə
verildi.
1988-ci il hadisələri
nəticəsində Dağlıq Qarabağın
hamısı, Aran Qarabağın isə çox böyük
hissəsini ermənilər zəbt elədilər.
Ermənilər Azərbaycandan
torpaq almağın yollarını yaxşı biliblər,
bilirlər və bunun yollarını unutmayıblar.
"Göyçənin
qisası qalır" adlı bu olduqca qiymətli tarixi
romanı yazıb oxucuların sərəncamına verdiklərinə
görə müəlliflərə bir oxucu kimi öz dərin
minnətdarlığımı bildirirəm və gələcək
yaradıcılıqlarında daha böyük müvəffəqiyyətlər
arzulayıram.
Faiq Həsənov,
ATU-nun
dosenti,
kimya elmləri
namizədi
Ekspress.-
2011.- 16-18 iyul.- S. 18.