Etibarsız dünya...

 

Yusif Muxtarov -70

 

Mən Yusifi gənclik illərindən tanıyırdım. Məncə, o, əslən sabirabadlı idi. Çox mülayim, səbrli, qəddi-qamətli bir oğlan idi. Onu mənimlə Sabirabad Rayon Komsomol Komitəsinin birinci katibi Arif Cəfərov tanış etmişdi. Elə ilk tanışlıqdan onun mədəniyyətinə vurulmuş, ürəyimə yatmışdı.

Keçən əsrin 60-cı illəri idi. Bakıya yayıldı ki, Azərbaycan Milli Dram Teatrına gənc bir aktrisa gəlib. O, İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" dramında Nargilə obrazını füsunkarcasına yaradır. Bir gün Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi Elmira Qafarova komsomol işçilərini yığıb bu tamaşaya apardı. Nargilə rolunda oynayan aktrisa Amaliya Pənahova idi. Onun olsa-olsa, 18 yaşı olardı, hələ İncəsənət İnstitutunun tələbəsi idi. Çox qəşəng, yaraşıqlı bir qız idi. İlahi, bu gənc aktrisa Nargilənin obrazını necə səmimi yaradırdı...

Salon ağzınadək dolu idi. Hər 10 dəqiqədən bir alqış sədaları qopurdu. Biz özümüzü tamam unutmuşduq. Amaliya - Nargilə bizi ovsunlamışdı. Həsənzadə rolunu oynayan xalq artisti Əli Zeynalov Amaliyanın təbii, çılğın, füsunkar oyunundan vəcdə gəlmişdi. Biz hiss edirdik ki, o, gənc qızın ifasına məftun olub. Hətta Əli Zeynalov bəzən öz rolunu oynayanda, duruxurdu. Dövlət Dram Teatrının məşhur artistləri Hökumə Qurbanova, Məhluqə Sadıxova, Leyla Bədirbəyli, Sofa Bəsirzadə Amaliyanın səhnədə fəqan etməsindən lojada donub qalmışdılar. Hökumə xanım kimi ağır təbiətli bir sənətkar məcbur olub dedi ki, "bu qızın böyük gələcəyi var".

... Amaliyanın gəlişilə teatrda bir canlanma yarandı, teatra tamaşaçı axını başladı. Yaşıdları bu qıza həsədlə baxırdılar. Hər yerdə söz-söhbət Amaliyadan gedərdi...

Fasilə elan edildi. Yusifi amfiteatrda görəndə, çox sevindim. Hal-əhval tutdum. Mənə Arif dedi ki, səhnədə hamını ovsunlayan Amaliya xanım Yusifin nişanlısıdır. Çox sevindim, onun bu qədər şan-şöhrətli olması Yusifi narahat etmirdi. O, çox həlim, sakit rəftarı ilə özünü elə aparırdı ki, elə bil Bakını silkələyən bu gənc aktrisanın nişanlısı deyildi...

Amaliya mənim ən çox sevdiyim sənətçi idi. Onun hər bir uğuruna şad olurdum. Ona görə Yusiflə çox səmimi davranmağa başladım. Onlar bir-birinə çox yaraşırdılar. Yusif bu gənc qızı gözündən kənara qoymurdu. Hər yerə birlikdə gedir, birlikdə qayıdırdılar.

Yusif həm radioda diktor işləyirdi. Onun yapışıqlı səsi vardı. Oçerkləri sənət adamları barədə yazıları oxuyanda, adam radiodan əl çəkmirdi. Bu səsdə məlahət, inam, nikbinlik ümid vardı.

 

Yusifgilin bir-birinin ardınca iki uşaqları oldu. O qədər sevinirdi...

 

Vaxtilə Astara Rayon Partiya Komitəsinin katibi işləyəndə, Amaliya xanımı rayonun "Maraqlı görüşlər" klubuna dəvət etmişdik. Yusif gəlmişdi. Yusif o qədər ailəcanlı idi ki, Amaliyanı uşaqları gözündən uzağa qoymurdu. Mənim ailəm, uşaqlarım Yusifgilin Astaraya gəlməsindən çox sevinirdilər. Mənim qohum-əqrəbam olmadığından, elə bilirdim ki, Yusiflə Amaliya mənim doğmalarımdır... Onları görəndə, qəlbimə uşaq sevinci dolurdu. Elə bilirdim ki, onlar mənə bir arxadırlar. Vaxt tapıb Yusiflə 10-15 dəqiqə insani söhbətlər etdik. Yusif Amaliyadan çox razı idi. Deyirdi, onun kimi sədaqətli həyat yoldaşı, mərd qadın, uşaqlarını qəlbən sevən sevimli ana tapmaq çətin məsələdir.

Axı, Yusifin özü də çox yaxşı insan idi: gözütox, qəlbigeniş, təvazökar, istedadlı, bacarıqlı.

Bu ailə mənim üçün çox doğmadır. Amaliyanın üzləşdiyi ədalətsizlikləri, çəkdiyi əzabları xatırlayanda, indi gözlərim yaşarır. Onun məşhurluğu, populyarlığı çoxlarını yerindən tərpətmişdi. Bunlara dözmək lazım idi. Yusif ona arxa olmasaydı, evin ağırlığını, işlərini öz çiyninə götürməsəydi, Amaliya xanım bu əzablara dözməzdi.

... Yusifin ölümünə qətiyyən inanmıram. Bu xəbər məni qəlbimin dərinliklərinə qədər sarsıtdı. Artıq bir il keçir o müdhiş gündən iyul ayının 22-də Yusifin 70 yaşı onsuz qeyd olunacaq... Eh, etibarsız dünya.

İndi Amaliyanın məclislərə, çağırışlara, tədbirlərə tək getdiyini görəndə, xəlvət bir yerə çəkilib ürəyimi boşaldıram. Bundan başqa əlimdən gəlir ki?!

   Dövlətimiz Yusif Muxtarovu yüksək qiymətləndirdi. Amaliya xanımın bədii rəhbər olduğu Bakı Bələdiyyə Teatrının bütün ağırlığı Yusifin çiynində idi. Bütün qayğıları o çəkirdi. Teatr sahəsində böyük xidmətlərinə görə Yusif Muxtarova xalq artisti adı verildi. Yusifə zəng etdim ki, təbrik edim, dedi, " təbrik, deməli, 2-3 qat artıq işləməliyəm". Yusif belə adam idi, zəhmətkeş, işgüzar.

Respublikanın xalq artisti, ustad xanəndə, Şərqdə muğam dəsgahlarını ifa edən ilk qadın sənətkar, səhnəmizin lirik Leylisi Sara xanım Qədimova bu cütlüyə vurulmuşdu. Dönə-dönə deyirdi ki, "Amaliya xanımla Yusif bir-birilərinə çox yaraşırlar. Yusif kimi ailəsinə bağlı ikinci bir ər tanımıram".

Azərbaycanda pis bir adət yaranıb. Müğənniyə, sənətçiyə, aktrisaya min söz deyir, qarasınca danışır, müxtəlif şər-şəbədə qoşurlar. Neynəmək olar ki... Bu bizim xalqımızdır. Lakin bu illər ərzində Amaliya xanım barədə bir artıq-əskik söz eşitmədim. Məncə, bu, Yusifin xidmətidir. Çünki Amaliya xanımı Yusif bütün bəlalardan qoruyurdu.

Artıq Yusifsiz illərimizi yaşayırıq. Lakin onu unutmaq heç Allaha da xoş getməz.

Yusif həmişə mənimlədir: dərdimi soruşur, uşaqlarımdan hal-əhval tutur, dolanışığımla maraqlanır axırda da deyir ki, "özündən muğayət ol, hər şeyi özünə dərd etmə".

Bu gün yaman kövrəlmişəm. Talesiz həyatım, kimsəsiz ömrüm-günüm, əzablı günlərim qapımı döyür. Tez qapıya tərəf boylanıram. Düşünürəm ki, yəqin, gələn Yusif olacaq. Yenə ürək-dirək verib deyəcək: "Fikir çəkmə, Çingiz, hər bir çətinliyə döz. Hər qaranlıq gecənin bir gündüzü olur. Biz hələ çox yaşayacağıq".

 

Yenə alt-üst olub düşüncələrim,

Dağdan da ağırdır qəmim, kədərim,

Qanlı yaş axıdır qəmli gözlərim,

Yaşaya bilmirəm, mən bu dünyada...

 

Amaliya Milli Məclisə deputat seçiləndə, Yusifin qayğıları birə-beş artdı.

Bütün çətinliklərə baxmayaraq, onlar xoşbəxt idilər. İki çox gərəkli vətəndaş, istedadlı insan, tərbiyəli, bacarıqlı, sədaqətli övlad böyüdüb boya-başa çatdırdılar. Mehriban Aynur mərd İlqar Muxtarovları!

Yusiflə Amaliya xanımın üç nəvəsi -gözəl Nərgiz -bir ali məktəb bitirib, xaricdə ikinci ixtisas alır; Fikrət balamız - xaricdə onbirinci sinifi bitirib, orta təhsilini davam etdirir; istedadlı, dəcəl Aydın balamız, babasının şirini - beşinci sinfə keçib, sənətə çox vurğundur, böyük istedadı var. Nəvələrin üçü çox tərbiyəli, böyük-kiçik yeri bilən müasir gənclərdir.

Yusif çox fəxr edərdi ailəsi ilə, uşaqları, nəvələri ilə... Həyatını onlara həsr etmişdi! Onlar da öz ataları, babaları həyat yoldaşı ilə həmişə fəxr edirdilər, edirlər edəcəklər...

Yusif fəxr olunası kişi idi!

"70 yaşın mübarək olsun, Yusif" demək istədim ... düşündüm, etibarsız dünya, etibarsız dünya...

 

 

Çingiz FƏRƏCOV,

Kənd Təsərrüfatı Nazirliyinin

şöbə müdiri, əməkdar kənd

təsərrüfatı işçisi

 

Ekspress.- 2011.-22 iyul.- S. 23.