Türk dünyasının xanım-xatını

 

Bu dünyaya göz açanda valideynləri adını Anaxanım qoymuşdular, yəni xanımların anası. Bu günsə öz sənəti ilə "Türk dünyasının səsi"nə çevrilmiş bu xanımı hamı Azərin kimi tanıyır.

- Nəhayət, "Azərinlə əsintilər" Bakıya əsdi. Sizi Bakıda xoş gördük. Deyəsən, Türkiyədə Azərbaycandan ötrü darıxmırsınız...

- Hazırda proqramımız məzuniyyətə çıxıb. Amma bir məsələ var ki, biz il boyu bir neçə dəfə Bakıya gəlib-getmişik. Deyəsən, burada belə bir fikir yaranıb ki, Azərin Bakını birdəfəlik atıb, Türkiyədə yaşamağa gedib. Heydər Əliyev Sarayında Türkiyəli müğənni Yusif Güneylə birgə konsertimiz oldu. Mən Daxili Qoşunların Nəfəsli Orkestrinin solistiyəm, Cavid də (Azərinin meneceri) musiqiçisidir. Bir neçə dəfə həmin orkestrin konsertində iştirak etmişik. Mən məgər hər dəfə Bakıya gələndə car çəkməliyəm ki, ay camaat, mən filan iş üçün gəlmişəm. Sadəcə, bu barədə mətbuata informasiya verməmişik, ola bilsin ki, bu səbəbdən hamı mənim birdəfəlik getdiyimi düşünür.

- Əslində, sizin Türkiyənin dövlət televiziyasında veriliş aramağınız təqdirəlayiqdir. Çünki qeyri-türkiyəlilərin Türkiyədə iş görməsi müşkül məsələdir. Hətta Almaniyada doğulub boya-başa çatan türklərə də Türkiyədə irəli getməyə yerli sənətçilər imkan vermirlər...

- Əslində, bu, gözəl xüsusiyyətdir. Çünki vətən vətəndaşındır...

- Bu halda sizin TRT-də hər həftə iki saat canlı yayımda veriliş aparmağınızı alqışlamaq lazımdır. Türkiyədə sizə bu imkanının tanınması çox maraqlıdır...

- Hər şey insanın özündən asılıdır. Bəli, türklər siz buyurduğunuz kimi, kənardan gələnə elə də maraq göstərməzlər. Lakin düşünürəm ki, türklər, konkret olaraq TRT rəhbərliyi mənə həmin verilişin aparıcılığını təsadüfən təklif etməyib. Əvvəlcədən mənim fəaliyyətim barədə onlarda kifayət qədər məlumat vardı. Həmin verilişdən çox-çox əvvəl Azərbaycan və türk diasporları üçün dəfələrlə konsertlər vermişəm. Mənim türküçülük ideologiyasının təbliğindəki fəaliyyətimə insanlar laqeyd qalmadılar və bu verilişi təklif etdilər. Yenə deyirəm, bu bizim öz qazancımızdır. Bilirsiniz ki, ilk gündən Cavidlə birlikdə çalışırıq. Bizim ansamblın azərbaycanlı musiqiçiləri PKK ilə mübarizənin getdiyi bölgələrə səfər edib, konsertlər veriblər. Yəni mən tək deyiləm. Seçdiyim repertuardan əlavə, Allah-taala yəqin məni çox sevir ki, qarşımıza xeyirxah insanları çıxarıb. Məhz ideoloji iş aparmaq üçün mən "Azərinlə əsintilər" verilişində aparıcılıq təklifini qəbul etdim. Musiqi ilə bağlı veriliş olsa da, burada türk dünyasının bütün problemlərindən söhbət gedir.

- Türkiyədə aparıcılıq etdiyinizi görəndən sonra buradakı telekanallar həvəslənib sizə təklif göndəriblərmi?

- Verilişlə bağlı hələ Türkiyəyə getməzdən əvvəl xeyli təkliflər almışdım. Sadəcə, istəmədik. Bircə dəfə də olsun, mənim verilişimdə hansısa sponsorun adını eşitməzsiniz. Sağ olsunlar, hərdən bizim telekanallar məni ziyalı kimi öz verilişlərinə dəvət edirlər. Mən həmin verilişlərin aparıcılarına da bunu demişəm ki, aparıcılar beşinci plandadırlar. Verilişin mövzusu, ideyası qalır bir kənarda, əvvəldən axıradək sponsorun adı, istehsal etdiyi məhsuldan danışılır. Bu, həqiqətən biabırçılıqdır. Sponsorun adı onsuz da verilişin əvvəlində, reklam bölməsində qeyd olunur... Ona görə də, mən burada aldığım təkliflərə "yox" dedim. "Azərinlə əsintilər" verilişində Türk dünyasının tarixi, mədəniyyəti və incəsənətindən söhbət açılır. Bu veriliş iki telekanalda - həm "TRT-avaz", həm də "TRT-müzik"də yayımlanır. Müstəqillik qazanandan sonra Azərbaycanın yaşadığı bütün faciələr barədə bu telekanallar vasitəsilə dünyaya məlumatlar verilir. Bu telekanallar vasitəsilə Azərbaycan musiqisi bütün dünyaya səslənir. Bunu etmək mənim vətəndaşlıq borcumdur.

- Nədənsə Türkiyənin başqa telekanalları Azərbaycana maraq göstərmirlər. Çox nadir hallarda Azərbaycanla bağlı hansısa kadrı müşahidə etmək olar. Azərbaycan dili isə "Yahşi Cazibə" serialında aşağılanır, tele-müsabiqələrə qatılan gənc sənətçilərimizə aşkar təzyiqlər olunur. Azərbaycanın xalq artisti Brilyant Dadaşova və yaxud Azəri qızı Günel verilişlərdə təhqir olunurlar...

- Türkiyədə hər kəsə ad-sanına deyil, özünə görə hörmət edirlər. Mən bu gün Türkiyənin istənilən bölgəsində rahatlıqla konsertlər verirəm. Mən uzun illər Türkiyədə yaşadığım üçün yerli insanların psixologiyasına bələdəm. Siz özəl telekanalların yaratdığı görüntülərə elə də diqqət verməyin. Əslində türklər bizləri çox sevirlər. Hansı bölgəsinə getmişəmsə, çox isti münasibət görmüşəm. Onlar mənə bir azərbaycanlı xanım-xatını kimi münasibət göstəriblər. Onlar özləri də etiraf edirlər ki, əsl sənət bizdədir. Bizlərin intellekt cəhətdən daha üstün olmağımızı onlar özləri də etiraf edirlər. Bilirsinizmi, hər şey insanın özünü necə təqdim etməsindən asılıdır. Dəfələrlə onminlərlə tamaşaçı qarşısında türk sənətçiləri ilə müştərək konsertlərimiz olub. Heç vaxt yad münasibət müşahidə etməmişəm. Başqaları necə qarşılanıb, məni maraqlandırmır, özümə qarşı olan diqqəti deyə bilərəm. Türkiyədə mətbuat ciddi incəsənət barədə yazmaz, onların əsas mövzusu şoudur. Lakin dəvət aldığım verilişlərdə türk sənətçilərinə şəxsi həyatı ilə bağlı sual verildiyi halda, aparıcı mənə çatanda mütləq sənətlə bağlı sual verir. Hansı konsertə gedirəmsə, məni aparıcılar "Türk dünyasının səsi Azərin" kimi təqdim ediblər. Bu, mənim üçün yetərlidir. Bir də mən Türkiyədə bir şeyi müşahidə etdim ki, onlarda qısqanclıq yoxdur. Mənim verilişimdə türk dünyasının məşhur "Yalla" qrupundan tutmuş, tanınmış sənətçilərinədək hamı deyirdi ki, biz sizin yanınızda oxumarıq. Cavid şahiddir, bunu canlı yayımda özləri etiraf ediblər. Deyirlər ki, biz sizin yanınızda oxumağa utanırıq. Amma aralarında keyfiyyətsizləri də tapılır. Davud Güloğlu Bakıda konsert verəndə 3 gün Cavidə yalvardı ki, Azərin xanım "Çırpınırdı Qara dəniz" mahnısını oxusun. Mən də, inanın ki, Cavidin xətrinə gedib oxumuşdum. Qayıdandan sonra ondan soruşdular, hansı Azərbaycan sənətçisini tanıyırsınız, dedi ki, heç birini tanımıram. Yəni belələri də var. Ona görə də, belə neqativ şeyləri millətin adına yazmaq lazım deyil. Çünki Türkiyədə media başqa-başqa qrupların əllərindədir. Yalandan cəmiyyətin güzgüsü təəssüratı yaratmaqlarına baxmayın, hamıya Türkiyədə məlumdur ki, media həqiqəti yazmır. Konkret olaraq "Yahşi Cazibə"yə gəldikdə onu deyərdim ki, bu serial Azərbaycan dilini sözün yaxşı mənasında reklam etdi. Mənim tanıdığım türklər var, onlar etiraf edirlər ki, "Cazibə"nin dili elə onların öz dilidir, sadəcə sonradan Avropanın təsiri ilə "müasirləşib".

- Aparıcılıq etmək sizə öz işinizlə məşğul olmağa mane olmur ki?

- Hazırda yeni albomun üzərində çalışırıq. Bu albom həm Azərbaycan, həm də türk mahnılarından ibarət olacaq. Bu yaxınlarda "Könül macərası" adlı yeni mahnı yazdırdıq. Mahnının bəstəkarı Elçin Atayevdir, sözlərini də bir türk xanım yazıb. Bundan başqa Türkiyənin tanınmış siyasi xadimi, 4 il əvvəl vertolyot qəzasında həlak olan Muhsin Yazıçıoğlunun "Üşüyorum" adlı şeirinə musiqi yazılıb. Muhsin Yazıçıoğlu hələ SSRİ-nin vaxtında gizli-gizli Azərbaycana köməkliklər edən şəxsiyyətlərdəndir. "Üşüyorum"a musiqini mənim bacım Zümrüd Tağıyeva yazıb. Gözəl bir mahnı çıxıb. Albomda sözləri Qənirə Paşayevaya məxsus olan "Turanım" mahnısı da var ki, internetdə bu əsərə böyük maraq var. Bunlardan əlavə bir neçə xalq mahnısı da yazdırmışıq. Biz verilişlərarası müddətdə tez-tez xarici qastrollara gedirdik.

- Bu gün gənclər şikayətlənirlər ki, əsl sənətlə irəli getmək mümkün deyil. Bir zamanlar Azərin də Türkiyədən qayıdıb gələndə belə vəziyyətlə üzləşmişdi. Özü də o dövrdə şou-biznes əsl sənəti üstələmişdi. Amma bu gün Azərin "türk dünyasının səsi" hesab olunur. Gənclərə nələri məsləhət edirsiniz ki, onlar da əsl sənətin sayəsində irəli gedə bilsinlər?

- Sadəcə gənclər öz peşələrini sevməlidirlər. Bu peşə səni doydurur, ya ac qoyur, hələləlik bu barədə düşünməsinlər. İnanın səmimiliyimə, bu gün də biz əsl sənət barədə düşünürük. Və sənət həqiqətən istedadlı adamı heç vaxt ac qoymur. Başa düşürəm, bu gün insanların yaşamaq şərtləri dəyişib, gənclər daha çox maddiyyat barədə düşünürlər. Onları qınamıram. Amma pul hər şey demək deyil. Ola bilsin ki, pul bəzi sənətdən uzaq insanların ad-san, şan-şöhrət qazanmasına vasitə olub. Qoy gənclərimiz nəfslərinə qalib gəlib bu ucuz şöhrətdən uzaq olsunlar, müvəqqəti parıltı onların gözlərini qamaşdırmasın, başlarını aşağı salıb öz peşələrinə sonadək yiyələnsinlər, əsl sənətkar olsunlar. İnsan Allahı görməyi bacarmalıdır. Heç kəs bu dünyanın malını özüylə aparmayıb. Ümumiyyətlə, Azərbaycanın bugünkü şəraitində "mən" kəlməsi bizə yaraşmır. Əslində çoxdan Azərbaycanda "biz" ideologiyası olmalı idi. Əfsuslar olsun ki, biz hələ də "biz"i görmürük.

 

  

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2011.- 23-25 iyul.- S. 31.