Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

  Məmmədəmin Şəkinski

 

  Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

   (əvvəli ötən   şənbə saylarımızda)

 

   Bağırov və Şəkinski

 

   Arxiv materialları göstərir ki, 1959-61-ci illərdə M.İskəndərov Azərbaycan hökumətinə başçılıq edərkən M.Şəkinskinin bütün rəsmi müraciətləri dövlət səviyyəsində həll olunmuşdur.

   1960-cı il iyun ayının 17-də Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv İdarəsinin rəisi Nazirlər Sovetinə aşağıdakı məktubla müraciət etmişdir: "Respublikanın arxiv orqanlarınlda yüksək ixtisaslı arxiv işçilərinin əmək haqqı aşağıdır. Sizdən xahiş edirik ki, arxiv işçilərinin məvacibinin artırılması məqsədilə idarəmizə əlavə vəsait ayırasınız".

 

   M.Şəkinskinin müraciətindən sonra respublika arxiv işçilərinin aylıq maaşı 500 manat olmuşdur. M.Şəkinskinin digər bir məktubu əsasında Nazirlər Sovetinin tapşırığı ilə Respublika Maliyyə Nazirliyi Əlibayramlı, Dəvəçi, Qazax, Kirovabad, Quba, Salyan, Xaçmaz və Şamaxı rayon arxivlərinə aylıq əmək haqqı 300 manat olmaqla əlavə arxiv işçiləri üçün vəsait ayrılmışdır.

   Dövlət arxivində M.Şəkinskinin müxtəlif rəhbər işçilərə ünvanladığı rəsmi məktublar da saxlanılır. Onun 1960-cı il aprelin 14-də Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədr müavini X.Süleymanova göndərdiyi məktubda oxuyuruq:

   "Azərbaycanın mərkəzi dövlət arxivlərində saxlanılan çox mühüm sənədlərin mühafizəsi məsələləri arxiv orqanlarının ümdə vəzifəsidir. Hazırda respublikanın mərkəzi dövlət arxivlərindəki 300 min sənədin və fotonun bərpasına ehtiyac vardır. Bunun üçün arxivlərdə bu sahədə səriştəli kadrlar çatışmır. Sizdən xahiş edirik ki, Azərbaycan SSR Nazirlər Sovetinin təsdiq etdiyi qaydalara uyğun olaraq, Arxiv İdarəsinin laboratoriyasının 3 ştat vahidi artırılması üçün ayda iki min manat vəsait ayrılmasını planda nəzərdə tutasınız".

   Respublikada böyük nüfuz sahibi olan M.Şəkinskinin qanuni təklifləri müsbət həll olunmuşdur. 1960-cı il noyabr ayının 8-də Arxiv İdarəsinin rəisi bu dəfə Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundova müraciət etmişdir. Məktubda oxuyuruq: "1920-ci il dekabrın 15-də Azərbaycan İnqilab Komitəsi "Vahid dövlət arxiv fondu təşkil olunması və Xalq Maarif Komissarlığı nəzdində Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında" dekret qəbul etmişdir. Həmin tarixdən 40 il ötür. Hazırda respublikamızın arxivlərində üç min müəssisə, təşkilat və idarələrdən daxil olmuş sənədlər saxlanılır ki, bunlar da milyondan artıq iş qovluqlarında yerləşdirilmişdir.

   Azərbaycan SSR-in mərkəzi dövlət arxivləri vətəndaşların müraciətləri əsasında əmək fəaliyyəti barədə arayışlar verir ki, bu da onların qanuni tələblərinin yerinə yetirilməsinə xidmət edir".

   Məmmədəmin Şəkinski əlamətdar yubiley ərəfəsində respublikada ilk dəfə olaraq "Əməkdar arxiv işçisi" adının təsis olunması təklifini qaldırmışdır.

   Azərbaycan arxiv işçilərinin əlamətdar bayramı ərəfəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı mətbuatda dərc olunmuşdur:

   "Respublikanın arxiv idarələri işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif edilməsi haqqında

   Respublikada arxiv işinin təşkil edilməsinin qırx illiyi ilə əlaqədar olaraq və uzun müddət qüsursuz işlədiklərinə görə aşağıdakılar Azərbaycan SSR Ali Sovetinin FƏXRİ FƏRMANLARI ilə təltif edilsinlər:

 

   1. Əliyev Veysəl Mürsəl oğlu - Qutqaşen rayon dövlət arxivinin müdiri

   2. Axundova Almaz Əkbər qızı - Naxçıvan rayon dövlət arxivinin müdiri

   3. Vartanova Polina Leontyevna - Azərbaycan neft birliyi mərkəzi arxivinin müdiri

   4. Hüseynova Dina Sadıq qızı - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idarəsinin baş elmi əməkdaşı

   5. Cəfərova Sara Mehdi qızı - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idarəsinin baş elmi əməkdaşı

   6. İsmayılova Mehparə Nüsrət qızı - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idarəsinin şöbə rəisi

   7. Nepryaxina Yekaterina Vasilyevna - Azərbaycan dəmir yolu arxiv idarəsinin rəisi

   8. Pronkina Olqa Sergeyevna - Mərkəzi Dövlət Oktyabr inqilabı Azərbaycan SSR- sosializm quruculuğu arxivinin baş elmi əməkdaşı

   9. Rəfiyev Qərib Teymur oğlu - Ordubad rayon dövlət arxivinin müdiri

   10. Sarkisov Levon Semyonoviç - DQMV icraiyyə komitəsi yanında arxiv şöbəsinin müdiri

   11. Selskaya Nina İudiyevna - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idarəsinin baş elmi əməkdaşı

   12. Tarakanova Mariya Mixaylovna - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idarəsinin elmi-məlumat kitabxanasının müdiri

   13. Xaçaturova Lyusya Parseqovna - Vartaşen rayon dövlət arxivinin müdiri

   14. Şakaryan Amaliya Aramovna - Mərkəzi Dövlət Oktyabr inqilabı Azərbaycan SSR- sosializm quruculuğu arxivinin rəisi

   15. Şəkinski Məmmədəmin Əhməd oğlu - Azərbaycan SSR Nazirlər Soveti yanında Arxiv idrəsinin rəisi

   16. Eyvazova Kübra Həsən qızı - Azərbaycan SSR Dövlət plan komissiyası arxivinin müdiri

   17. Fişşeva Nina Qriqoryevna - Azərbaycan SSR Mərkəzi Dövləti foto-fono-kino sənədləri arxivinin rəisi

 

   Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri S.Cəfərov

 

   Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi Z.Şükürova

 

   Bakı şəhəri, 10 dekabr 1960-cı il."

 

   Respublikada arxiv işçilərinin yubiley bayramı ərəfəsində Məmmədəmin Şəkinski 1960-cı ilədək ictimaiyyətə naməlum qalmış tarixi bir sənədi - "Xalq Maarif Komissarlığı nəzdində Vahid Dövlət Arxivi Fondu Mərkəzi Dövlət Arxivinin yaradılması barədə" Nəriman Nərimanovun imzaladığı dekretin surətini aşkarlamışdır. Dekretdə deyilir:

   1. Keçmiş hazırkı hökumət müəssisələrinin ictimai təşkilatların bütün arxivləri Vahid Dövlət Arxivi halında birləşdirilir.

   2. Dövlət Arxiv Fondunun Mərkəzi Dövlət Arxivinin idarə olunması Xalq Maarif Komissarlığına tapşırılır.

   3. Bütün hökumət müəssisələrinin 1920-ci il aprelin 26-dək olan yazışmaları bütün sənədləri mərkəzi Dövlət Arxivinin sərəncamına keçirilir.

   4. Hazırda fəaliyyət göstərən bütün müəssisələrin arxivləri Mərkəzi Dövlət Arxivi ilə qarşılıqlı müqavilə bağlananadək fəaliyyətini davam etdirir.

   5. Dövlət ictimai müəssisələrin ayrı-ayrı köhnə materiallarına malik olan bütün vətəndaşlar bunları Mərkəzi Dövlət Arxivinə təhvil verməlidirlər.

   6. Dövlət idarələri ictimai müəssisələr Mərkəzi Dövlət Arxivinin rəsmi razılığı olmadan heç bir sənədi, yazışmanı digər materialları məhv edə bilməzlər.

   7. Arxiv materiallarının saxlanılması bunlardan istifadə olunması, vəsaitə qənaət edilməsi məqsədilə Dövlət Arxiv Fondunun ayrı-ayrı bölmələri arxiv işinin mərkəzləşdirilməsi prinsipi əsasında birgə fəaliyyət göstərirlər.

   8. Azərbaycan Dövlət Nəşriyyatına bir vəzifə olaraq həvalə olunur ki, yerlərdə nəşr olunan bütün ədəbiyyatı (kitab, jurnal, qəzzet, vərəqə, plakat b.k. üç nüsxə Mərkəzi Dövlət Arxivinə göndərilsin).

   Qeyd etmək lazımdır ki, dekretin sonuncu bəndi hələ N.Nərimanovun sağlığında, 1925-ci il fevralın 5-də tam yerinə yetirilmişdi. Azərbaycan Xalq Komissarları Sovetinin (hökumət başçısı Qəzənfər Musabəyov idi - T.Q.) qərarı ilə Aərbaycan Dövlət kitab palatası yaradılmışdı. Palata SSRİ dövründə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da mövcud olmuşdur. Burada respublikamızda nəşr olunan bütün çap məhsulları, kitab, jurnal, not, qrafik sairə toplanırdı. Kitab palatası əvəzsiz zəngin, bütün nəsillər üçün tarixi-elmi fond idi. Bu qeyri-adi xəzinədə milyonlarla çap məhsulları vardı. Fəqət bu misilsiz canlı tariximizi, milli dəyərləri şəxsi maraqlarına qurban verənlər 1998-ci ildə kitab palatasını məhv etdilər... Sonra da Nəriman Nərimanovun adını daşıdığı bağdan onun büstünün götürülməsi barədə "dekret" imzaladılar...

   ...1960-cı ildə Mir Cəfər Bağırovun "Mirqəzəb", "Mircəllad" obrazını baxça uşaqlarının beyninə yeridən manqutlardan fərqli olaraq, M.Şəkinski Mir Cəfər Bağırovun xilaskar rolunu rəhbər şəxslərə ünvanladığı məktublarda belə heç kəsdən çəkinmədən göstərmişdir. Respublika Dövlət Arxivində M.Şəkinskinin üzərində dəst-xətti qalmış bir sənədlə tanış oluruq. Mərkəzi Komitədə nümayiş olunmuş arxiv kino lentlərinin siyahısının birinci vərəqinin sol kənarında yazmışdır: "1960-cı il sentyabrın 28-də qonaq evində MK Bürosu üzvləri üçün nümayiş etdirilmişdir".

   Zuğulbada "Bağırov bağı"nda Azərbaycanın altmışıncı il rəhbərləri hansı arxiv filmlərinə baxmışlar? 1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü, 1946-cı ildə ordu hissələrinin İrana yola salınması, 1947-ci ildə M.Kalininin Bakıya gəlməsi. Bu kino-kadrlarda M.C.Bağırov da təsvir olunur.

 

   MÜƏLLİFDƏN. Bu günlərdə Azərbaycan Dövlət Foto-fono-kino arxivində M.Şəkinskinin onun yetişdirmələrinin göz bəbəyi kimi qoruyub mühafizə etdikləri filmlərlə mən tanış oldum. Bu arxiv lentlərində Mir Cəfər Bağırovun 1934-cü ildən 1952-ci ilədək fəaliyyətinin müxtəlif dövrləri əks olunur.

 

   (ardı var)

 

 

  Teyyub Qurban

 

  Ekspress.- 2011.- 23-25 iyul.- S. 15.