Muğamın
itkisi
Xanəndə
Sabir Mirzəyev dünyasını dəyişdi
Azərbaycan mədəniyyətinə
ağır itki üz verib. Azərbaycanın görkəmli
xanəndəsi, "Çahargah" muğamının
görkəmli ifaçısı kimi musiqi tarixinə
düşmüş 69 yaşlı Sabir Mirzəyev iyulun 23-də
dünyasını dəyişib. Bu xəbər həqiqətən
Azərbaycanın milli musiqisi - muğamatımız
üçün əsl faciə deməkdir.
Sabir Mirzəyev yüz ildə bir yetişən xanəndələrdən
idi. Muğam sənətində səs tembri, ifa tərzinə
görə sayılıb-seçilən, hörmət edilən
sənətkarlar çox olub. Lakin onun kimi qaltanlı tembrə
malik sənətkara az-az rast gəlinir. Hələ gənc
yaşlarından yaşca ondan böyük və ya kiçik
xanəndələr öz oxumaqlarını onun ifasına bənzətməyə
çalışıblar. Onun müasirləri Əbülfət
Əliyev, Yaqub Məmmədov, Vahid Abdullayev, İslam Rzayev,
Süleyman Abdullayev, Teymur Mustafayevin gənc yaşlarında
lentə aldırdıqları ifalarını dinlədikcə,
istər mayedə, istər müxalifdə, istər "Əraq"da
Sabir Mirzəyevin boğazlarını, zəngulələrini,
xallarını hiss etməmək mümkün deyil. Hətta
vaxtilə onu yuksək kluarlarda "fars" boğazları
etməkdə günahlandıranlar özləri toylarda
yaxşı ənam gətirdiyinə görə, onu
yamsılayırdılar...
Sabir Mirzəyev 1942-ci il noyabrın 14-də, Cəlilabad
rayonunda, dövrünün məşhur xanəndələrindən
sayılan Nüsrət Mirzəyevin ailəsində göz
açıb. Atası o dövrdə cənub bölgəsinin
ən məşhur xanəndəsi olsa da, mərkəzin
qeyri-səmimi atmosferindən uzaq olmaq üçün
Bakıya gəlməyib. Balaca Sabirin oxumasından,
bülbül cəh-cəhini xatırladan səsindən isə
6-cı sinifdə oxuyarkən xəbər tutur. "Ustad
oğlundan şəyird olmaz", - deyib atalar. Nüsrət
Mirzəyev də bu səbəbdən övladlarının da
gözəl səsə malik olmasına diqqət yetirmir,
"Xanəndə olmaq istəsə, əziyyət çəkib
özü öyrənəcək, gözünün
qabağında bu boyda müəllim var..." deyirdi. Nüsrət
kişi Sabir Mirzəyevin özfəaliyyət dərnəyinin
solisti kimi konsertdə "Kürd Şahnaz"ına qulaq
asandan sonra oğlu ilə ciddi məşğul olmağa və
muğamın sirlərini ona öyrətməyə
başladı. Günlər keçir, Sabir hər gün bir
yeni avaz, bir yeni zəngulə öyrənirdi. 16-17
yaşına çatanda, onu nəinki Cəlilabadda,
bütün cənub bölgəsində samballı xanəndə
kimi tanıyırdılar. Günlərin birində Cəlilabadda
toyların birində məşhur tarzən Bəhram Mansurov
onun səsinə qulaq asıb bəyənir və ona mütləq
Bakıya gedib muğam təhsili almağı məsləhət
görür. Bir il sonra Sabir Mirzəyev elə "Kürd
Şahnaz"ı oxuyub Azərbaycan muğamatının
"tanrı"sı Seyid Şuşinskidən "əla"
alır və Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil
olur. Sabir Mirzəyev 18 yaşında hələ tələbə
ikən Müslüm Maqomayev adına Dövlət
Filarmoniyasına solist qəbul edilir. Bu o dövr
üçün görünməmiş hadisə idi. Bu səhnə
Sabir Mirzəyevi xalqa tanıdır və sevdirir. Sabir Mirzəyev
muğam xiridarları tərəfindən "Çahargah
Sabir" adlandırılanda da hələ tələbə
idi.
Hər dəfə söhbət düşəndə,
o illəri belə xatırlayırdı: "Filarmoniyanın
səhnəsinə çıxmağım məni xalqa tez
tanıtdırdı. Atam rəhmətlik uzun illər xanəndəlik
etdi, bu qədər tanına bilmədi. Amma mənim 20
yaşım olanda, artıq bütün respublika məni
"Çahargah Sabir" kimi tanıyırdı".
Sabir Mirzəyev 40 il filarmoniyanın solisti olur. Bu illər
ərzində o Azərbaycanı qarış-qarış gəzib
öz məlahətli ifası ilə insanların
zövqünü oxşayır, onların ruhuna su çiləyir.
Sabir Mirzəyev özünəməxsus ifa
texnikası və üslubu ilə elə gənc
yaşlarından seçilir. O
dövrün bütün oxuyanları məhz bu yola
üstünlük verir.
Sabir Mirzəyevin "Bəstə Nigar"ını
oxumağa çox xanəndələr girişsə də,
onun sirrini öyrənə bilməyiblər. Onun "Bəstə
Nigar"ının sirrini xanəndələrin arasında
yalnız Əvəzxan Xankişiyev bilir.
Bu yazının müəllifinə də bir zamanlar
onun tələbəsi olmaq xoşbəxtliyi nəsib olub. 10 ilin söhbətidir. Sabir Mirzəyevdən
müsahibə almaq üçün yanına getmişdim.
O zamanlar Xətai adına Mədəniyyət
Evində muğam kursu açmışdı. Tələbələrdən
birinə "Bəstə Nigarı" öyrədirdi.
Mən də xanəndə Əvəzxan
Xankişiyevdən Sabir müəllimin "sirrini"
oğurladığım üçün özümdən xəbərsiz
zümzümə etdim. Nə isə, müsahibə əsnasında
mənə onun yanına gəlib-getməyi təklif etdi ki,
muğamı öyrənməyimin xanəndə olmasam da, bir
jurnalist kimi mənə xeyri var...
Bir məqamı qeyd etmək istərdim ki, üzdə
onun böyük sənətkar olduğunu deyən bəzi həmkarları
öz imkanlarından istifadə edib həm Asəf Zeynallı
adına Musiqi Texnikumunun, həm Milli Konservatoriyanın, həm
də Mədəniyyət və İncəsənət
Universitetinin qapılarını Sabir Mirzəyevin üzünə
bağladılar. Ustad belə şeylərə
heç vaxt fikir verməzdi və kimsə indiyədək onun
simasından təbəssümün əskik olduğunu
görmədi. Onun ifa etdiyi "Qarabağın
maralı", "Şuşanın dağları",
"Nazlana-nazlana", "Gülə-gülə",
"Aşiqəm" xalq mahnıları,
"Çahargah" və "Rast" muğamları Azərbaycan
Televiziyasının Qızıl Fondunda saxlanır.
Son zamanlar simasında bir nuranilik
yaranmışdı. Gənclik şuxluğunu heç vaxt itirməyən
sənətkar yavaş-yavaş qocalığı qəbul
edirdi. Oğlu İlhamın dediyinə görə, son
zamanlar ürəyində ağrılar əmələ gəlibmiş:
"Əslində, o, heç vaxt dərdini kiməsə deməyi
xoşlamazdı. Həm də həkimə getməyi
də sevmirdi. Biz onun indiyədək hər
hansı bir yerindən şikayət etdiyini eşitməmişik.
Amma son zamanlar zarafatla deyirdi ki, "nəsə
elə bil, ürəyim mənimlə qoz-qoz oynayır".
Zarafatından da qalmırdı. Son aylarda
ürəyi həqiqətən 3-4 dəfə ona bərk əziyyət
verdi. Burada müalicə də
etdirmişdik. Bir az təngnəfəslik
vardı, amma özünü pis hiss etmirdi. İnanın ki, həkimlərdən
qaçırdı deyə, biz onu İrana dincəlmək,
istirahət etmək adı ilə yolladıq ki, "get bir az
havanı dəyiş..." Anamla İrana
istirahətə getməyə razı oldu. Təbrizdə də anam onu dilə tutub ki, "bu qədər
yol gəlmişik, gəlsənə, özünü bir
yoxlatdırasan". Müayinədən
sonra həkimlər ona deyiblər ki, "sizi klinikadan buraxa
bilmərik". Bu vəziyyətdə
sizin, ümumiyyətlə, bura qədər gəlməyiniz
möcüzədir. Ürəyində
tromb olduğuna görə onun əməliyyat olunması vacib
imiş. Son vaxtlar siqareti də tərgitmişdi.
Arada qəlyan çəkirdi ki,
boğazını nəm saxlayır. Son
aylarda onu da atmışdı. Nə isə,
anam əməliyyat üçün lazım olan pulu
götürmək üçün İrandan Bakıya gəldi.
Qayıdanda, qardaşımı da özü ilə
götürdü ki, "təkcə qorxuram". Mən sərhədçi olduğuma görə
xaricə çıxmağa icazəm yoxdur, ona görə
kiçik qardaşım Etibar anamla getdi. Sonra
İranda atamın vizasının vaxtı başa
çatdığına görə Naxçıvana getməli
olublar. Naxçıvandan qayıdandan sonra halı
ağırlaşıb, 5-6 saat komada qalıb, sonra ürəyi
dayanıb..."
İlham sonadək danışa bilmədi, kövrəldi...
Nəhayət, asta-asta davam elədi: "Naxçıvanda
olanda onunla telefonla danışanda, hiss etdim ki, danışa
bilmir. Dedim ki, "papa, məni aldatma, nəsə bir şey
varsa, mənə de. Dedi ki, "heç bir qorxulu şey
yoxdur" və evdəkiləri, əsas da oğlum Sabiri
soruşdu".
Sabir Mirzəyevin sağlığında
qazandığı xalq sevgisi onu muğam yaşadıqca
xalqın yaddaşında yaşadacaq. Nə vaxt "Mirzə Hüseyn",
"Çahargah" səslənsə, mütləq Sabir
Mirzəyev böyük sevgi ilə xatırlanacaq - baxmayaraq ki,
onunla vida mərasimi adınalayiq təşkil edilmədi,
baxmayaraq ki, çoxdan layiq olduğu halda "xalq artisti" fəxri
adını almağına mane oldular, baxmayaraq ki, Fəxri
Xiyabanda dəfn edilməsinə şərait yaratmadılar...
Yeri gəlmişkən, iyulun 24-də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam
Mərkəzində Vladimir Vısotskinin xatirə gecəsi
keçirilib. Və yeri gəlmişkən,
Sabir Mirzəyevin vida mərasimini də bu məkanda
keçirmək olardı...
Sonda Sabir Mirzəyev sənətinin
xiridarları üçün qeyd etmək istərdim ki,
ustadla vida mərasimi bu gün evində olacaq. Sənətkar "Qurd
qapısı" qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, mərhumun nəşi
dünən axşam saatlarında Bakıya gətirilməliydi. Bu barədə xanəndənin
oğlu Etibar Mirzəyev məlumat verib. Onun sözlərinə
görə, cənazəni gətirən avtomobil karvanı
dünən Təbrizdən yola düşüb: "Təbrizdən
çıxıb, yoldadır. Biz Biləsuvar
postuna - keçidə, cənazəni qarşılamağa
gedirik. 1 kilometr yolumuz var. Təyyarə
yoxdur deyə, maşınla gətirilir. Naxçıvana
aparıb, oradan təyyarə ilə gətirmək olardı.
Amma orada sənədləşdirmə işi
uzun çəkəcək. Ona görə
də, ən yaxşı variant cənazəni
özümüz gətirməkdir. Cənazəni
Bakıya təxminən saat 5-6 ya çatdıra bilərik".
Allah qəni-qəni rəhmət eləsin!
İltifat HACIXANOĞLU
Ekspress.- 2011.- 26 iyul.- S.23.