Renuar mövsümü

 

 Fransız impressionisti Ögüst Renuarın yaradıcılığında insan təsvirləri - qadın və uşaq portretləri xüsusi yer tutur. Fransız impressionistləri əsasən mənzərə janrına üstünlük verdikləri halda, Renuar ailəvi gəzintilərə, rəqs səhnələrinə, nyu deyilən çılpaq modellərə, süjetli məişət tablolarına üz tutardı.

   İlk sovet komissarı Anatoli Lunaçarski uzun müddət Parisdə yaşamışdı. O, Fransa mədəniyyətinə, Parisin bohem həyatına yaxşı bələd idi.

   A.Lunaçarskinin "İncəsənət haqqında məqalələr" biblioqrafik kitabı 1941-ci ildə Moskvada işıq üzü görüb. A.Lunaqarski Renuar haqqında yazdığı məqaləni "Ögüst Renuar - xoşbəxtlik rəssamı" adlandırıb.

   Uşaqlıqda balaca Ögüstün gözəl səsi və əla musiqi duyumu vardı. Ögüstün ilk musiqi müəllimi, hələlik isə heç kimin tanımadığı istedadlı bəstəkar Şarl Quno şagirdini regent olduğu müqəddəs Evstafiya kilsəsinə aparır - Ögüst bazar günləri kilsə xorunda oxuyurdu. Şarl Quno Ögüstü musiqiçi görmək istəyirdi, bu məqsədlə ona xüsusi dərslər keçirdi. Amma Pyer Ögüst Renuar musiqiçi olmadı, rəssam oldu, özü də adı iyirminci əsr incəsənət tarixinə böyük hərflərlə yazılmış rəssam olmaq üçün Rəssamlıq Akademiyasında təhsil alanda başqa tələbələrin istifadə edib atdıqları tübikləri yerdən götürüb onların dibində qalmış rəngləri sıxmaqdan çəkinmirdi, bəzən çəkdiyi rəsmləri ərzağa və ya bir cüt ayaqqabıya dəyişirdi. Amma əsərləri satılmağa başlayanda, əli pulla oynadığı vaxtlarda doğmalarına, yaxınlarına çox bahalı hədiyyələr alıb bağışlayırdı. Bir gün rəssamlar üçün çərçivə düzəldib satan cavan bir usta çərçivələrinin keyfiyyətini artırmaq amacıyla Renuardan məsləhət istəyir. Rəssam keçmişdə necə gözəl çərçivələr hazırlandığını cavan oğlana ətraflı başa salır, aradan bir müddət keçəndən sonra cavan oğlan yenə metrin yanına gəlir:

   - Sənin öyrətdiyin üsulla işləyəndə əvvəlkindən az qazanıram, - deyə şikayətlənir.

   Metr diqqətlə onu başdan ayağa süzür:

   - Dostum, adam nəyəsə nail olmaq istəyəndə qazanacağı məbləğin miqdarı haqqında düşünmür. İymiri il sərasər mənim əsərlərimi alan olmayıb. Bir qarnı tox, bir qarnı ac yaşamışam, pulum-param olmayıb, amma mən rəngkarlıqda uğur qazanmaq haqqında düşünmüşəm.

   Renuarla yazıçı Gi de Mopassan arasında ümumi cəhətlər olmayıb, amma onlar bir-birinə qarşılıqlı sayğı göstəriblər. Renuar Mopassan haqqında "o, hər şeyi qara rəngdə görür" deyirdi. "Renuar dünyaya çəhrayı eynəklə baxır" - yazıçı rəssama borclu qalmayıb.

   Yazıçı və rəssam bir məsələdə həmrəy olublar:

   - Mopassan dəlidir! - rəssam düşündüyünü dilə gətirirdi.

   - Renuar ağılsızdır! - yazıçı rəssam haqqında fikrini belə açıqlayır.

   Rəssamın oğlu, tanınmış kinorejissor Jan Renuar bir dəfə atasından soruşur:

   - Sən Van Qoqun dəli olduğuna inanırsanmı?

   - Rəssamlıqla məşğul olmaq üçün bir azca qəribəlik olmalıdır. Əgər Van Qoq dəlidirsə, onda mən də dəliyəm. Sezannı isə zəncirə bağlamaq lazımdır...

 

   ***

 

   Ögüst Renuarın ecazkar fırçasına məxsus "Qız yelpiklə" və "Janna Samarinin portreti" Ermitajda nümayiş etdirilir, yolunuz Moskvaya düşsə, Puşkin muzeyində Renuarın daha bir tablosu - "Kuşetkada oturmuş çılpaq qadın" baxışlarını sizdən qaçırıb xəfifcə gülümsəyəcək. Renuar Janna Samarininin portretini 1828-ci ildə işləyib, bu məşhur portreti çəkəndə rəssamın otuz yeddi yaşı vardı. Rəssam portreti Salonda açılacaq sərgiyə göndərir, portretin lakla örtülmədiyini görəndə düşünürlər ki, yəqin rəssam qənaət edib, ya da unudub, "təşəbbüs" göstərib portretin üzərinə lak çəkirlər, fəqət yağlı boya hələ tam qurumamışdı, bu səbəbdən də rəssam portreti lakla örtməmişdi. Sərginin açılmasına bir gün qalmış rəssam portreti yenidən işləməli olur, zira bu sənət incisi naşı münasibətdən zərər çəkəcəkdi. Renuar qadınları çox sevirdi, bu gözəl məxluqlara pərəstiş edirdi, "qadınlar məni rəssam edib, qadınlar olmasaydı, əlimə fırça almazdım" deyirdi rəssam. Qırx yaşlı rəssam ilk dəfə İtaliyaya gedir, orda Rafael, Veroneze, Titsian kimi dahilərin əsərlərini öz gözləri ilə görür və bu sənətkarların əsərlərinə valeh olur. Parisə dönəndən sonra rəssam İtaliya səfəri haqqında belə deyir:

   - Parisin ən çirkin qadını ən gözəl italyandan cazibədardır.

   Renuarın yetmiş yaşı tamam olanda bir jurnalist qadın rəssamın otuz il bir yastığa baş qoyduğu arvadı Alina Şeriqodan müsahibə alır, jurnalist qadın madam Alinanı görcək səfeh bir sual verir:

   - Siz məşhur rəssamın xanımısınız, ancaq əyninizdə keçən il geydiyiniz paltar var, zinət əşyalarınız gözə dəymir. Sizin məhəbbətinizin dəyəri budurmu?

   Heç bir zaman ruh yüksəkliyini itirməyən Alina Şeriqo jurnalist qadına belə cavab verir:

   - Boş verin, məgər paltara görə adamı sevirlərmi? Məhəbbət Ay işığında gəzinti deyil, məhəbbət qulluqçuya, qəssaba verməyə pulun olmayanda geydiyin kraxmallı köynəkdi, yediyin ətdi.

   Renuarın arvad sarıdan bəxti gətirib - bu isə hər sənətkara nəsib olacaq səadət deyil. Rəssamın emalatxanasına gözəl qadınlar, gənc naturaçı qızlar gəlib gedərdi. Alina bayağı qısqanclıq səhnələri ilə manipulyasiya edəcək qadınlardan deyildi. Renuar da bunu yaxşı bilirdi. Renuar gələcək arvadı ilə tanış olanda Alina dərzi idi (Renuarın əri tərəfindən atılmış anası da dərzi olub), onlar bazar günlərini ya dostları arasında, ya da Sena çayında qayıqda keçirərdilər. Alina məharətlə avar çəkirdi. Renuarın bir çox əsərində bu qadının obrazı ilə rastlaşırıq.

   Alina Şeriqo rəssamın arzuladığı, haçansa xəyalında yaşatdığı qadın obrazı kanonlarına tam uyğun gəlirdi - Renuar bu qadınla otuz ildən artıq xoşbəxt bir ömür yaşayıb. Xalq komissarı A.Lunaçarskinin təbiri ilə desək, Renuar xoşbəxtliyin rəssamıydı.

 

   ***

 

   parisdə bahar

    parisdə renuar mövsümü

   aynadan baxır mənə

    bir qadın təbəssümü

   ah nə deyim

   ömrümün payızına nə qalıb

   bir qadın təbəssümü

    könlümü məndən alıb

   renuar düşünürəm

    bir qadın təbəssümü

   aldada biləcəkmi

    qapı döyən ölümü

   indi mənim ömrüm

    çıxılmaz bir yol

   indi məni ovutmaz

    sevda nə alkoqol

   yandırıb yaxammadı

    bu paris şəhərini

   parisə bahar gəlib

    parisdə bahar bahar

   söylə mənə gizlicə

    söylə ögüst renuar

   bir təbəssüm dəyişərmi

    bir şair qədərini

 

   Pyer Ögüst Renuar 1841-ci ilin fevralında Limoj şəhərində dərzi ailəsində doğulub. Ailənin doqquz uşağı vardı. Ögüst dörd yaşında ikən ailə Parisə köçür, bu üzdən də rəssam özünü parisli hesab edirdi. Renuar gəncliyində A.Sisley, K.Mone, F.Bazil ilə dostlaşır. Q.Kurbenin və E.Monenin əsərləri onun daha çox xoşuna gəlirdi. Renuar impressionist rəssamdır, o, həmkarları Pisarro, Bazil, Mone və Sisley kimi planarda işləməyə üstünlük verirdi. Rəssam planarda işləyən zaman predmetlərin rəng çalarları işıq refleksləri ilə süslənir.

   1874-cü ildə Parisdə Sezannın, Deqanın Monenin, Sisleyin və Renuarın əsərlərindən ibarət sərgi açıldı. Sərgi açılar-açılmaz bu rəssamlara impressionistlər adı verildi. Monenin sərgidə tamaşaçıların müzakirəsinə çıxarılan bir tablosu - "İmpression" rəssamların taleyini dəyişdirdi. Lüğətdə impression - təəssürat anlamında işlədilir.

   Deyilənə görə, Renuardan impressionizmin necə yarandığını soruşanda o, zarafatla kifayətlənərmiş - "Bizim rəssamlardan birinin palitrasında qara rəng qurtarır, o da qara rəng yerinə göy rəng işlədir".

   Bu da sizə impressionizm. Gənc rəssamlara məsləhət - qara rəngin yerində göy, göy rəngin yerində qırmızı, qırmızı rəngin əvəzinə istədiyiniz rəngdən istifadə edin - artıq hazır impressionistsiniz. Niyə də olmayasınız, neopoema yazan qafiyəli-qafiyəsiz cümləpərdazlardan nəyiniz əskikdir - vaxt itirmədən işə girişin. Qrup yaradın. Amma unutmayın ki, öz sənətşünaslarınız, tənqidçiləriniz olmalıdır - bu, çox vacibdir. Məsələn, Kazimir Maleviçdən örnək götürün, "Qara kvadrat" çəkin və "Qara kvadrat" haqqında fəlsəfi traktat yazın. Nə isə, bu, başqa bir söhbətin mövzusudur və bu mövzunun Renuar mövsümünə heç bir dəxli yoxdu.

   Eduard Monenin "Olimpiya"sı Salonda sərgilənəndə böyük maraq doğurmuşdu. Bu tablo E.Monenin ən uğurlu əsərlərindən biridir. Renuar Monenin "Olimpiya"sı haqqında - "Mone əla rəngkardı, buna şübhə ola bilməz, amma o qadın bədəni çəkə bilmir, kim belə bir qadınla yatağa girmək istəyər?.." - Əlbəttə, Renuar zarafat eləyirdi. Pol Sezann isə "tablodan işıq gəlmir" deyir.

   Metr Renuar gənc rəssamlardan birinin qış mənzərəsini şərh edərkən ona belə öyüd verir - "Təbiətdə rəng mövcud deyil, sizin çəkdiyiniz mənzərədə göyüzü mavidir, bu mavilik qar üzərində görünməlidir. Səhərlər səmanın rəngi həmişə yaşıla, sarıya çalır. Əgər siz səhər mənzərəsi çəkirsinizsə, bu rənglər qar üstündə hiss olunmalıdır. Əgər axşam mənzərəsi işləyirsinizsə, onda qırmızı və sarı rəng çalarlarını yaddan çıxarmayın. Kölgələrə diqqət yetirin, sizin kölgələr çox tünddür. Titsianın və Rubensin kölgələrinə baxın, onlar necə yüngül, necə şəffafdır. Təbiət əlvan rənglidi, qara və ağ rəng deyildir".

 

   ***

 

   Qoca Renuar artrit xəstəliyinin kəskin formasından əziyyət çəkirdi. Onun barmaqları əcaib hala düşmüşdü, əli fırça tutmurdu. Fırçanı onun əlinə bağlayırdılar. Ömrünün son günlərinə qədər metr hər gün molbert önünə keçib sol əliylə sağ əlinə dəstək verərək səbrlə işləyirdi. Xəstəlik öz işini görürdü, işləmək hər gün bir az daha çətinləşirdi, barmaqları iflic olmuş, fiziki ağrılardan, mütəmadi yuxusuzluqdan əzab çəkən qoca rəssam ruhdan düşmürdü.

 

   ***

 

   Klod Mone xatirələrində yazır ki, gözünün ucu ilə Renuarın necə işlədiyini seyr edən Eduard Mane yaxınlaşıb onun işlədiyi kətana baxdı, sonra üzünü turşudub mənə pıçıldadı: "Siz onun dostusunuz, onun istedadı yoxdu. Ona deyin ki, rəngkarlıqla məşğul olmasın, özünə başqa sənət seçsin".

   Rəngkarlıqda "istedadı olmayan" gənc rəssamın əsərləri Luvrda, Londonun milli qalereyasında, Ermitajda, Drezden muzeyində klassik Avropa rəssamlarının ən məşhur əsərləri arasında yer alacaq - xoşbəxtlikdən rəssam o gözəl günlərin sevincini doya-doya yaşayacaq. Vaxt gələcək Renuar sənətinin sirlərini öyrənməyə çalışacaqlar, onun palitrasını analiz edəcəklər.

   Əsl sənət əsərinin təsviri və ya təqlidi mümkün deyil. Ondan təsirlənmək, ondan nəsə öyrənmək olar, amma ondan süzülən işığı əllə tutmaq cəhdiniz mütləq boşa çıxacaq...

 

   ***

 

   Mən müasir avanqard sənətə bir qədər loyal yanaşıram. Üsyankar gənclik illərimiz çoxdan döngədən burulub, qələbəlikdə gözdən, könüldən uzaqlaşıb. İndi realist incəsənət, sos-realizm yox ha, məhz realist incəsənət məni daha çox özünə çəkir, düşünürəm ki, avanqard sənətin formal axtarışları, absurd eksperimentləri özünü doğrultmayıb, gözləri gicgahında və ya alnında təsvir olunan, insan anatomiyası ilə heç bir əlaqəsi olmayan portretləri, anlamsız mücərrəd kompozisiyaları görəndə gülümsəyib yan keçirəm. Pardon, pardon! Mən naşı deyiləm və nə dediyimin fərqindəyəm.

   Bilirsinizmi, proletar şairi yoldaş Mayakovski sənət məbədi Ermitajın binasının makaron fabrikinə verilməsini təklif edibmiş - Vladimir Vladimiroviçdən heç gözləməzdim. Kazimir Maleviç muzeyləri "sənət qəbristanlığı" adlandırırdı. Belə şeylər də olub... Amma biz Parisdə, Renuar mövsümündəyik - Renuar isə xoşbəxtlik nəğməkarıdır...

 

   ***

 

   Ölüm mələyi rəssamın başı üzərində dövrə vururdu. Ətrafındakı insanların heç biri onu görmürdü, bəlkə də görmək istəmirdi.

 

   Renuar oğlunu yanına çağırır, hələ huşu başında ikən vəsiyyətini eləyir:

   - Qəbrimin üstünə çox ağır daş qoymayın, durub gəzmək həvəsinə düşsəm, o daşı üstümdən qaldırmaq istəyəcəyəm, - barmaqları iflicdən qurumuş qoca rəssam ölüm yatağında belə zarafatından qalmır...

   Bəzən mənə elə gəlir ki, Ögüst Renuar məzar daşını qaldırıb ayağa qalxır, sevdiyi şəhərin küçələrini gəzib dolaşır...

 

 

  Adil Mirseyid

 

  Ekspress.- 2011.- 30 iyul-1 avqust.- S. 14.