"Xəzər"in
uğurları
İmanyar Quliyev: "Nəşriyyatımız
yeni nəslin ehtiyacının ödənilməsinə
nail olmağa çalışır"
2007-ci
ildən fəaliyyət
göstərən "Xəzər" nəşriyyatı
oxucuları bir-birindən maraqlı kitablarla
sevindirməyə davam
edir. Nəşriyyatın redaktoru İmanyar
Quliyevin sözlərinə
görə, əsas məqsədləri elmi,
tarixi-mənəvi, tərbiyəvi, əxlaqi mövzularda
yeni, orijinal kitablar nəşr edərək savadlı, ağıllı və
mədəni gənc nəslin yetişməsinə az da olsa
yardım etməkdir.
- "Xəzər" nəşriyyatı
hansı vəzifələri gerçəkləşdirməyə
çalışıb?
- Nəşriyyatın qarşıya qoyduğu əsas vəzifələrdən
biri anbaan dəyişən dünyamızın inkişaf tələblərinə
uyğun və yeni nəslin bu dəyişmədə kitab
ehtiyacının ödənilməsinə, istədiyi
mövzuda, istədiyi kitabı əldə etməsinə nail
olmaqdır. Əslində biz gənc nəsillərin kitab
oxumasını, maariflənməsini cəmiyyətimizin daim
diqqət mərkəzində olan əsas məsələ, ulu
öndərimiz Heydər Əliyevin bizə qoyub getdiyi bir ənənə
və tövsiyə kimi qiymətləndirməliyik. Hazırda
nəşriyyat oxucularına elmi, əxlaqi-didaktik əsərlər,
ailə, hekayə kitabları təqdim edir.
- Bu günlərdə nəşriyyatınızın
üç kitabı ayrı-ayrı nominasiyalar üzrə
"2010-cu ilin kitabı" adına layiq görüldü.
Bunlar hansı kitablardı?
- Bildiyiniz kimi, "Yeni
yazarlar və sənətçilər qurumu"nun Azərbaycan
Yazıçılar Birliyi İQƏAİM, Gənclər və
İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və
M.F.Axundov adına Milli Kitabxananın dəstəyi ilə təşkil
etdiyi XI Bakı Kitab Bayramı İlin Milli Kulturoloji
Mükafatı Sənət Müsabiqəsinə yekun vuruldu.
Müxtəlif nəşriyyatların və müəlliflərin
rəngarəng kitab və nəşrlərlə
qatıldığı müsabiqədə nəşriyyatımızın
üç kitabı - "Riyazus-Salehin", "110 sualda
Yaradılış və Təkamül", "Könül
taxtımızın bənzərsiz sultanı: Peyğəmbərimiz
1,2" fərqli nominasiyalar üzrə "2010-cu ilin
kitabı" adına layiq görüldü.
"Xəzər" nəşriyyatında
nəfis şəkildə işıq üzü
görmüş, böyük Məhəmməd Peyğəmbərin
nəsillərə, hər bir insana nümunə sayılacaq
nicat yolu haqqında qələmə alınmış dəyərli
əsərə, İslam mədəniyyətinin zənginliyini
əks etdirdiyinə, ilahiyyat elmi barədə geniş bilgilər
verdiyinə görə teoloq, nüfuzlu düşüncə
sahibi İmam Nəvəvinin "Riyazus Salehin" müxtəsər
kitabı "2010-cu ilin Ədəbi-ilahiyyat kitabı",
yüksək poliqrafik səviyyədə nəşr edildiyinə,
yaradılış və təkamül probleminə alternativ
baxış, intellektual nəzər salındığına,
fəlsəfi təsəvvürlər baxımından
oxunaqlı dildə yazıldığına, elmi göstəriciləri
özündə cəmləyən müxtəsər
ensiklopedik formada, maraqlı üslubda qələmə
alındığına görə professor Arif
Sarsılmazın "110 sualda Yaradılış və Təkamül"
araşdırması "2010-cu ilin Elmi-kütləvi
kitabı", bəşəriyyətə nicat gətirmiş
Məhəmməd Peyğəmbərin həyatı - müqəddəs
İslam yolu barədə qələmə alınmış dəyərli,
oxunaqlı biblioqrafik, elmi-kütləvi əsərin səviyyəsinə,
müsəlman sivilizasiyasının tarixinə həsr
olunmuş intellektual baxışların
inkişafındakı xidmətlərinə və nəfis
şəkildə çap edildiyinə görə Türkiyənin
tanınmış imza sahibi Rəşid Haylamazın ikicildlik
"Könül taxtımızın bənzərsiz
sultanı: Peyğəmbərimiz" kitabı "2010-cu ilin
Biblioqrafik kitabı" nominasiyası üzrə qalibiyyətə
nail olub.
- "Riyazus-Salehin"
kitabı haqqında nə deyə bilərsiniz?
- Öncə qeyd edim ki,
İmam Nəvəvi orta əsr Müsəlman Şərqinin
tanınmış alimidir. O, cəmi 44 illik ömründə
müxtəlif elm sahələrinə aid 42 əsərdən
ibarət zəngin elmi irs qoyub getmişdir. Onun hər bir əsəri
dərin elmi məzmunu, faktların dəqiqliyi və
orijinallığı ilə seçilir ki, "Riyazus
Salehin" adlı çoxcildlik əsəri də məhz bu
qəbildəndir. Hədis elmində ən mötəbər mənbələrdən
sayılan bu kitab yazıldığı vaxtdan İslam
coğrafiyasında, o cümlədən Azərbaycanda
stolüstü kitaba çevrilmişdir. Nəvəvi şəxsiyyəti,
onun dərin hədis biliyi, hədis seçimində əsas
götürdüyü prinsip və mənbələr
(Kütubi-Sittə - "Səhih" (Buxari), "Səhih"
(Müslim), "Sünən" (Əbu Davud), "Sünən"
(Tirmizi), "Sünən" (Nəsai) və "Sünən"
(İbn Macə) göstərir ki, bu kitabda əksini tapan hədislərin
böyük əksəriyyəti səhihdir. O, "Təmiz
niyyət, ixlas, səmimiyyət", "Səbir",
"Doğruluq və istiqamət", "Xeyirxahlıq və
yaxşılıq etməkdə yarışmaq"
"Yaxşılığı yaymaq, pislikdən çəkindirmək",
"Alimlərə, böyüklərə, fəzilətli
insanlara ehtiram", "Qadınlarla yaxşı rəftar etmək,"
"Gözəl əxlaq" kimi 372 başlıq altında
müvafiq ayə və hədisləri təqdim etmişdir. Əsərdə
seçilən mövzular, ayə və hədislərdə əksini
tapan məsələlər müasir cəmiyyət
üçün də aktuallıq kəsb edir, mənəvi-insani
dəyərləri qoruyub saxlamaq, yaşatmaq, yaşamaq
üçün bir yol göstərir.
- "110 sualda
Yaradılış və Təkamül" kitabında təkamül
nəzəriyyəsi necə əks olunub?
- Təkamül nəzəriyyəsi
ortaya atılandan bu günədək bir sıra mübahisə
və müzakirələrə səbəb olmuş,
haqqında - lehinə və ya əleyhinə xeyli
araşdırmalar aparılıb. Alimlər daha çox bu nəzəriyyənin
mütləq elm kimi təqdim edilməsini, faktlarla təsdiq
olunmamasını, keçid formalarının
tapılmamasını, təhriflərə yol verməsini,
ideoloji xarakter daşımasını tənqid ediblər.
Burada bir məqamı da qeyd edim ki, hal-hazırda Avropa və
ABŞ-da Təkamülün yanlışlığını
isbat edən xeyli elmi tədqiqatlar mövcuddur və bu nəzəriyyəyə
əleyhinə çıxışlar get-gedə artır.
Professor Arif Sarsılmazın "110 sualda Yaradılış
və Təkamül" adlı kitabı da məhz bu
mövzuya həsr olunub. Müəllif müasir elmi məlumatlara,
bir çox Avropa və Amerika alimlərinin
araşdırmalarına, öz təcrübəsinə və
digər sanballı qaynaqlara əsaslanaraq Təkamülün
yeganə elmi nəzəriyyə olmadığını,
mühüm məsələləri düzgün, məntiqli,
elmi cavablandırmadığını, elmi əsas qayəsindən
uzaqlaşdırdığını ətraflı şəkildə
izah edir. Kitab sual-cavab şəklində tərtib edilmiş, hər
mövzuya aid faktların və ya fakt kimi istifadə edilən
materialların fotoşəkilləri verilib.
- "2010-cu ilin Biblioqrafik
kitabı"nda hansı tarixi hadisələrə toxunulub?
- İlahiyyatçı
alim Rəşid Haylamazın Peyğəmbərimiz Həzrəti
Məhəmmədin ömür yoluna həsr olunmuş
"Könül taxtımızın bənzərsiz
sultanı Peyğəmbərimiz - 1,2" kitabı 15 illik gərgin
araşdırmalar nəticəsində ərsəyə gəlmişdir.
Müəllif siyər ənənəsinə sadiq
qalsa da, gələcəyimizə yön
verən həqiqətləri
quru xronloji ardıcıllıqla sadalamamış,
roman üslubunda, sadə
və anlaşıqlı
dildə canlandırmışdır. Yazar oxucunu kitabın
səhifələrində əksini
tapan Allah Rəsulunun
(s.ə.s.) nümunəvi
həyatı ilə Peyğəmbər dünyasına
çəkib aparır,
o dövrün məşəqqətlərlə
dolu acılı-şirinli
günlərinə canlı
şahid edir. Kitabı oxuduqca gah Rəsulullahın haqqa çağıran səsini, Ona arxa olan Hz. Xədicənin
təsəllisini, gah səhabənin işgəncələrdən
dilə gələn iniltisini eşidir, gah da müqəddəs
yerlərdən hicrəti,
Məkkə həsrətini
görür və nəhayət, İslam bağında açan güllərin xoş rahiyəsini hiss edir, könüllərin İslamla,
Rəsululahla, Quranla bütünləşməsinə şahid oluruq.
Sadə dildə,
axıcı üslubda qələmə alınan duyğu
yüklü bu əsərlə Peyğəmbərimizlə
(s.ə.s.) aramızdakı məsafələrin qismən də
olsa, qısalacağını düşünür və
insanların səadətinə həsr edilən bu həyatı
öyrənməklə öhdəmizə düşən vəzifələrə
daha möhkəm sarılacağımıza ümid edirik.
Aynurə MƏMMƏDOVA
Ekspress.-
2011.- 8 iyun.-S. 23.