Azərbaycanda qaz erası başlayır...
Prezident":Təsdiqlənmiş qaz
ehtiyatlarımız ən
azı 100 il bizə və istehlakçılara kifayət
edəcək
Dünən Bakıda XVIII Beynəlxalq
Xəzər Neft və Qaz, Neft
Emalı və Neft Kimyası Sərgisi ("Caspian Oil & Gas") açılıb. Sərginin açılış
mərasimində çıxış edən
prezident İlham Əliyev Azərbaycanın neft-qaz
sektoruna dünyanın
marağının getdikcə artdığını bəyan
edib.
Dövlət başçısı xatırladıb ki,
sənaye üsulu ilə neft dünyada ilk dəfə olaraq Azərbaycanda
hasil edilib: "Neft və qaz hasilatında bizim böyük ənənələrimiz
var. İkinci Dünya müharibəsində faşizm üzərində
qələbənin təmin olunmasında Bakı neftinin
böyük payı olub".
Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk
illərində böyük çətinliklərlə
üzləşib: "O zaman hakimiyyətə gələn
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsi üçün bir sıra
addımlar atdı ki, onlardan da biri "Əsrin müqaviləsi"nin
imzalanması idi. "Əsrin müqaviləsi" ilə Azərbaycan
ilk dəfə olaraq Xəzər dənizinə xarici
investisiyaları cəlb etdi".
1995-ci ildən indiyədək Azərbaycan
iqtisadiyyatına 97 milyard dollar investisiya qoyulub ki, bunun 42 milyard
dolları neft sektoruna yatırılıb. "Bu gün Azərbaycan
bölgənin enerji təhlükəsizliyində yaxından
iştirak edir. "Əsrin müqaviləsi" tarixi hadisə
idi. Bizim xarici şirkətlərlə birinci əməkdaşlığımız
çox uğurlu alındı. 1994-cü ildən indiyədək
xarici şirkətlərlə heç bir ciddi problemimiz
olmayıb. İnvestorlar tam əmindirlər ki, onların
investisiyaları dövlət tərəfindən
qorunur",-deyə İlham Əliyev bildirib.
"Əsrin müqaviləsi"ndən sonra neftin xarici
bazarlara çıxarılması istiqamətində də
işlər aparıldığını deyən ölkə
başçısı Azərbaycan neftinin hazırda 3 istiqamətdən
bazarlara çıxarıldığını və şaxələndirmənin
təmin edildiyini bildirib. Bakı-Tiflis-Ceyhan neft kəmərinin
istismara verilməsi nəticəsində ölkə
iqtisadiyyatına böyük həcmdə vəsaitin daxil
olmağa başladığını söyləyən
prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan neftdən gələn
gəlirlərin səmərəli istifadəsini təmin etmək
məqsədilə Dövlət Neft Fondunu (ARDNF) yaradıb və
bu gün ARDNF dünya səviyyəsində ən şəffaf
qurumlardan sayılır. Son 7 ildə neftdən gələn gəlirlərin
ölkə iqtisadiyyatına yatırılması nəticəsində
Azərbaycanda yoxsulluq həddi 49%-dən 9%-ə enib. Dövlət
başçısı vurğulayıb ki, əgər ARDNF
olmasaydı, buna nail olmaq mümkün olmazdı.
Prezident həmçinin bəyan edib ki, əldə olunan
nailiyyətlər Azərbaycan üçün yeni mərhələdir:
"İndi Azərbaycan dünyada təkcə neft deyil, həm
də qaz ölkəsi kimi tanınmağa başlayıb.
Vaxtilə "Şahdəniz" yatağının kəşfi
diqqəti cəlb etməmişdi, amma indi dünyada bu
yatağa böyük maraq var. Azərbaycan qaz dəhlizlərinin
də şaxələndirilməsinin tərəfdarıdır
və bu sahədə işləyir. Bu gün Azərbaycan
qazı 4 istiqamətdən dünya bazarına
çıxarılır. Artıq Azərbaycanın əsas
ixrac neft-qaz kəmərlərinin sayı 7-yə
çatır. Azərbaycanın qanunvericiliklə etibarlı
şəkildə tənzimlənən və yanacağa tələbat
olan yeni böyük qaz bazarlarına ehtiyacı var.
Azərbaycanın təsdiqlənmiş qaz
ehtiyatlarının həcmi 2,2 trilyon kubmetrə qədərdir.
Bu ən azı 100 il bizə və istehlakçılara kifayət
edəcək. Proqnozlarımız isə daha çoxdur. Biz
Avropa İttifaqı ilə "Qaz Bəyannaməsi"ni
imzaladıq və hazırda digər sənədlərin
üzərində işlər gedir. Ümid edirik ki, yaxın
vaxtlarda bütün sənədlər hazır olacaq və bu,
"Şahdəniz-2" layihəsinin icrasına mühüm
təsir edəcək".
"Cənub qaz dəhlizi"nin perspektivinə
inandığını deyən prezident hazırda Azərbaycanla
Türkiyə arasında qaz tranziti ilə bağlı
müzakirələrin aparıldığını
vurğulayıb: "Artıq müzakirələr son mərhələdədir
və yaxın vaxtlarda Türkiyə ilə tranzit sazişin
imzalanması nəzərdə tutulur. Bizim "Şahdəniz"dən
başqa da böyük qaz ehtiyatlarımız, o cümlədən
"Ümid" yatağı var. Bu yataq ARDNŞ tərəfindən
aşkarlanıb. ARDNŞ "Ümid" yatağında həm
sərmayəçi, həm də operatordur. Ümid edirəm
ki, növbəti mərhələlərdə də qaz
yataqlarının kəşfiyyatı davam etdiriləcək".
Azərbaycan tərəfdaş ölkələrlə
enerji təhlükəsizliyi məsələsində üzərinə
düşdüyü bütün vəzifələri yerinə
yetirir. "Azərbaycan bu gün özünü enerji ilə
tam təmin edir. Ölkənin valyuta ehtiyatları 35 milyard
dollardır. Son 7 ildə ÜDM 3 dəfədən çox
artıb",-deyə prezident İlham Əliyev
vurğulayıb.
Açılış mərasimində bir sıra
ölkələrin dövlət və hökumət
başçılarının "Caspian Oile & Gas-2011"
sərgisinin iştirakçılarına təbrik məktubu
oxunub. ABŞ prezidenti Barak Obamanın Azərbaycan prezidenti
İlham Əliyevə məktubunu ABŞ dövlət katibinin
Avrasiyanın enerji məsələləri üzrə
xüsusi nümayəndəsi Riçard Morninqstar oxuyub.
Böyük Britaniyanın Bakıdakı səfiri
xanım Karolin Braun isə Britaniyanın baş naziri Devid
Kemeronun təbrik məktubunun məzmunu ilə tanış
edib. Türkiyə səfiri Hulusi Kılıç Türkiyə
baş naziri Rəcəb Tayyib Ərdoğanın məktubunu
iştirakçıların diqqətinə
çatdırıb. Sərgi münasibətilə Azərbaycan
prezidenti İlham Əliyevi təbrik edən Ərdoğan məktubunda
qeyd edib ki, Türkiyə-Azərbaycan enerji əməkdaşlığı
regionun və Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır.
Avropa Birliyinin enerji məsələləri üzrə
komissarı Günter Ottinger Avropa Komissiyasının prezidenti
Jose Manuel Barrozunun məktubunu oxuyub. Məktubda yaxın aylarda
"Cənub qaz dəhizi"nin əsasının
qoyulacağına və regionda stabilliyin qorunub
saxlanacağına ümid ifadə olunur.
Norveçin vəliəhd- şahzadəsi Hookon Maqnus
ARDNŞ və Norveçin "Statoil" şirkəti
arasında mövcud olan sıx əlaqədən məmnunluğunu
bildirib, Azərbaycanda Dövlət Neft Fondunun
yaranmasını müsbət qiymətləndirib: "Xəzər
dənizi dünyanın enerji bazarında getdikcə daha
çox rol oynamağa başlayıb".
Gürcüstanın enerji naziri Aleksandr Xetaquri isə
prezident Mixail Saakaşvilinin təbrik məktubunu sərgi
iştirakçılarının diqqətinə
çatdırıb.
İyunun 10-dək davam edəcək "Caspian Oil &
Gas" sərgisinin əsas təşkilatçısı
"Iteca Caspian" şirkətidir. Sərgidə
dünyanın 27 ölkəsindən 285 şirkət, o
cümlədən neft və qaz sektorlarını təmsil edən
bütün bölmələrin istehsal və idarəetmə,
neft və neft məhsullarının nəqli üzrə təşkilatların
rəhbər işçiləri, ekologiya işçiləri,
eləcə də elm xadimləri iştirak edir. Sərgi sahəsinin
40%-dən çox hissəsini əsas etibarilə tədbirin daimi
iştirakçıları olan dünya şöhrətli
şirkətlər tutur. Sərginin sponsorları arasında
ARDNŞ, "Baku White City", "BP-Azerbaijan",
"Caspian Geophysical", "Caspian Pipe Coatings",
"Conoco Phillips", "Cross Caspian Oil & Gas Logistics",
DEPA, "Edison", "Fluenta",
"GDF Suez", "Inpex Corporation",
"McDermott Caspian", "Nobel Oil", OMV, RWE,
"Statoil", "Salans", TAP,
"Total E&P Azerbaijan" və "Volgaburmaş" şirkətləridir.
Keçən illə müqayisədə
sərgi iştirakçılarının
sayı 25% artıb.
Yerli iştirakçıların sayı
da artıb - onlar bütün sərgi iştirakçılarının
38%-ni, debütant şirkətlər
isə iştirakçıların
ümumi sayının
12%-ni təşkil edir.
Bu gün "Hyatt Regency" mehmanxanasında "Caspian Oil & Gas" konfransı işə başlayacaq. İki gün
davam edəcək tədbirdə 30-dan çox
ölkədən 500-dən artıq nümayəndə
heyətinin iştirakı
planlaşdırılır. Konfransda Avropanın enerji təhlükəsizliyi və
Azərbaycanın bu məsələdə rolu,
ölkənin investisiya
baxımından cəlbedici
olması, habelə Azərbaycanda kəşfiyyat
və hasilatın əsas inkişaf istiqamətləri kimi mövzular müzakirə ediləcək. Tədbirdə
dünya enerji bazarında dəyişikliklər,
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında Azərbaycanın
rolu, Azərbaycanın
investisiya baxımından
cəlbediciliyi, kəşfiyyat,
nəqletmə layihələri,
eləcə də ekoloji məsələlər
müzakirə predmeti
olacaq, 50-dən artıq
məruzəçinin çıxışı
gözlənilir.
ABŞ nümayəndəsi R.Morninqstarla
yanaşı, burada Böyük Britaniyanın
Xəzər enerji məsələləri üzrə
məsləhətçisi Anqus Miller, Türkmənistanın
"Türkmənneft" Dövlət
Konserninin sədri, Türkmənistanın dövlət
naziri Anaqulu Dəryayev, Qaz İxracatçı Dövlətləri
Forumunun baş katibi Leonid Baxanovski, Beynəlxalq Enerji Agentliyinin təhlükəsizlik
və enerji bölməsinin direktoru Didye Husan, Macarıstan
və Polşanın İnkişaf nazirliklərinin
nümayəndələri və
s. iştirak edəcəklər.
Sərgi və konfransı dünyanın 11 ölkəsindən
90 KİV nümayəndəsi işıqlandırır. Sərginin ekspozisiyası "
A.Həmid
Ekspress.- 2011.- 8 iyun.- S. 2; 7.