Aytokya

 

 Mircavad Mircavad haqqında

 

 (əvvəli ötən şənbə saylarımızda)

 

   Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

   Yarısəhra çöllər ləngər vurur, sular dumana bürünür. Qorxudan babamın qucağına sığınıram:

   - Torpaq yarılır, indi biz hamımız öləcəyik.

   - Sənə elə gəlir, mənim balam, qorxma, istidəndi.

   Qızmar günəş altında hava od tutub yanır, qəribə görüntülər ağlımı çaşdırır, o zaman mən bunun ilğım olduğunu bilmirdim...

   - Elə bil Yerusəlimdi, - dayə nədənsə sevinir.

   - Sən yaşıllığı, meşəni sevmirsən?

   - Nə danışırsan, Miruşka, ağacları sevməməkmi olar? Amma qısır torpaq müqəddəsdir, orda insan ruhu ilə güclüdür... Cığırlar, adamlar, küləkdə uğuldayan elektrik məftilləri, araba təkərlərinin cırıltısı, su quyusuna düşən vedrənin səsi, evin damına qonan bayquş, nədənsə ona qənd atırlar, niyəsini bilmirəm, bayquş sadəcə olaraq gözəl quşdu, qənd yemir, amma hamı ondan qorxur...

   Dünən dəniz sahilində xalça-palaz yuyurdular, oğlanlar arvadların tumanının altına boylanmaq istəyirdilər, bir həyasız tumanını qaldırıb qışqırır: "Nə böyür-başımızda vurnuxursunuz, alın baxın".

   Biz qorxub kənara çəkildik, arvad gülməkdən uğuna-uğuna qışqırdı: "Qorxdunuz? Rədd olun, rədd olun, köpəkuşaqları".

   Nisə aşiq olub, saçlarını yuyub kerosinkada qurudur. Öz gözlərimlə görmüşəm, ondan ütülmüş, mal ayağı iyi gələcək, axmaq qız...

   Bizim pani, əmim Mirmustafanın arvadı Aneçka pərdələri ipdən asır. Mirmustafa - bu öküz bir kasa arağa çörək döğrayıb yeyir, sonra fısıldaya-fısıldaya bağda dolaşır...

   Arvadların əl-ayağı quma batır, arvadlar bədənlərindən qumu yuyub təmizləmirlər, yəqin kişilərin xoşuna gəlir...

   - Sənin Allahının əlindən nə gəlir, sənin Allahın neyləyə bilər? Məstan pişiyimiz öldü, balaları da öləcək. Əmimin kəlləsində qara şiş bitib, gözlərindən dərd-qəm yağır, kim ona kömək eləyəcək, kim? Allah onu düşünmür... dünən axşam bu əclaf at belində məni bir neçə dəfə qamçıladı. Özü də gülürdü. Zalımların işi həmişə yaxşı gedir..."

   - Sənin belə düşünməyin pis əlamətdir, ən pisi isə mən özüm də bəzən sənin kimi düşünürəm, dünyadan nə rəhim, nə də intiqam gözləmə, möcüzə də gözləmə - o yoxdu, sadəcə düzgün yaşa, onda sən Onun Nurunu hiss edəcəksən... duymasan da sevin ki, düz iş görmüsən...

   Dəvə ağlayırdı, öləcəyini hiss etmişdi, sonra əyriqol qəssab bıçağı düz dəvənin ürəyinə soxdu, qan fışqırdı, bir anda təpədə qan gölməçəsi əmələ gəldi, mən babamdan soruşdum:

   - Niyə qəssabın əli əyridi?

   - Allah onu cəzalandırıb.

   - Mən ət yeməyəcəm...

   Eşşək belində kəndin tozlu küçələrini dolaşan günəş çətirli dəllək gopçunun, yalançının təkidi, həmişə yalan danışır - gop da olsa, maraqlı əhvalatlar danışır.

   "Oyy, çopur cəlladın əlindən hara qaçasan, lent, qotaz, məxmər, zınqırov, bir sözlə, hər cür xırdavat alverçisinin səsi adamın beyninə düşür, getsin öz atını sünnət eləsin",- babam dəlləyin atını sevmir, dəlləyin ayğırı babamın sevimli güllərini gəmirib, tapdalayıb, babam ata da, yiyəsinə də söyür...

   Bir dəfə bağda zibilləri, saralmış otları: yarpaqları yandırırdılar, orda kərtənkələlər və tısbağalar yaşayırdı, onlar mənim dostlarım idi, onlarla cürbəcür oyunlar oynayardım - mən ağladım: Mənim Dünyam yanırdı.

   Babam üzünü mənə tutub dedi: "Sən ağlayırsan, bu yaxşıdır". Atamın atası böyük bir nəslin səs-küyündən uzaq bir aləmdə, yalansız, riyasız bir aləmdə sevimli nəvəsinin könlündə xeyirxahlıq toxumları və ədalət hissi cücərdirdi, bu onun ruh yüksəkliyi ilə yaşadığı həyat tərzinə çox uyğun gəlirdi. Mən balaca olsam da, bunu anlayırdım, başa düşürdüm, elə bu üzdən də babama minnətdaram. Ticarətdə əli gətirən atam üçün isə o, əhəmiyyətsiz adamıydı, onu "süpürgəsaqqal", "arsız" adlandırırdı...

   Bəzən qəribə halları olurdu atamın, ustalıqla aşılanmış bir gön dəri onun elə xoşuna gəlirdi ki, ziyana düşsə də, həmən dərini satmırdı, xalça kimi divardan asırdı, köhnə xalçalarımıza yaxşı pul verirdilər, satmırdı, onlara alışmışam deyirdi.

   Dəriləri dəniz suyu ilə yuyandan sonra sahilə sərib qurudurdular, atam özü isə fikir-xəyal içində sahil boyu gəzişirdi, bir də geri dönəndə dərilərin çoxunu dalğalar aparmış olurdu, o, hirsindən özünü unudurdu, onun ardınca dənizə baş vururdum, qiymətli dəriləri dalğaların əlindən güc-bəla ilə alırdıq. Atam yenə ziyana düşürdü. Amma hər il eyni şeylər təkrar olunurdu.

   Atamın daha bir qəribəliyi. Məni də yanına alıb sinaqoqa aparardı, diqqətlə ravvini dinləyərdi, niyə bura gəlmişik, dillərini də bilmirik deyərdim. "Başa düşmək əsas deyil, hiss etmək, duymaq vacibdir - atam belə söyləyərdi. - "Varşovda" kostyola, "Novqorotda" kilsəyə getmişəm..."

   O, böyük parkda pivə içərdi, pivəni mənim üzümə tutardı, mən pivənin köpüyünü üfürərdim, dörd yaşım olardı, onun dükanına gedəndə - ehtiraslı baxışlarla şəhər arvadlarının dalınca baxırdı, nədənsə bu qadınlara o, "şansonyetka" deyirdi. Fantasmoqorik Bakı landşaftı - Qala divarları əhatəsində qədim Asiya şəhəri, balaca binalar, yastıdam evlər, Qala divarları dışında müxtəlif üslublu, yaraşıqlı binalar, Avropa görkəmli küçələr... Buxtanın üzərində qağayılar uçur, bürkülü havada azan səsi ətrafa yayılır və göyərçin qanadlarının kəskin çırpıntısı... Axşamlar gülsatanlar küçədən keçənləri səsləyirlər, ətirli, kirşanlı qadınlar xumar baxışlarıyla kişiləri yoldan çıxarırlar, çinlilər cürbəcür oyuncaqlar satırlar, "Alman konditeri"ndə qızlar gözəl hərəkətlərlə pirojna yeyirlər, rəngbərəng libaslar, çeşidli qoxular, ətirlər, müxtəlif üzlər, mən balaca uşağıydım, bu səsli-küylü, rəngarəng şəhəri sevirdim... Əgər bolşevizm onu iflic etməsəydi, bu şəhər daha gözəl olardı...

   Bir-iki qədəh vurandan sonra atamın nitqi açılardı - "eşşək Cavad", "eşşək Həşim" - bir aktyorun teatrı başlanardı, eşşək və "Həşim" bir-biri üçün yaranıblar, hamının dərdini mən çəkirəm, Allah şeytana lənət eləsin, axı niyə belə ağıllıyam, axmaq olaydım, dəli-divanə olsaydım, ondan yaxşıydı, mən hamının dərdini çəkincə hamı mənim qəhrimi çəkərdi...

   Bir gürcü qonağımız gəlmişdi, mən otağa girəndə gürcü məni görcək heyrətlə atama demişdi:

   -Sənin nə gözəl oğlun var!

   - Elə bircə görüntüsü var, fikir vermə, bir işə yaramır, rəssamdı.

   - O! Rəssam olmaq yaxşıdı, bizim şəhərdə bir rəssam yaşayırdı, çox məşhur idi, üç aşbazı vardı.

   - Bu başqadı, bunun heç taxta qaşığı da olmayacaq...

   Mənim yaş kağızımı almağa vaxtı yoxuydu, yaş kağızımda 1923-cü il yerinə 1922-ci ili görəndə anam "vay, bu nədir" dedi. Kişi "Bir il qabağa, bir il dala, nə fərqi var, kağızdı da" dedi.

   Adətən qatara gecikərdi, maşınla qatarın dalınca gedərdi, qarşıdakı stansiyada qatara minərdi. Onun bu arxayınçılığı ucbatından on dörd yaşımda sünnət olundum...

   Kerosinkanı necə yandırdığını görəydiniz, əvvəlcə fitili darta bildiyi qədər dartar, sonra kibriti kerosinkanın üstünə atardı, kerosinkanı alov bürüyərdi, alov sütununun qarşısında durub "yanıram"- deyə qışqırardı.

   Yaxşı ki, mən yanında olurdum, anam gəlib çıxana qədər kerosinka yağlı yeməklə birgə Nobelin mazut buruqlarına dönərdi...

   Nə qədər əliaçıq olsa belə, hərdən simiclik eləyərdi, məni Lənkərana ayaqyalın aparmışdı, yolda ayaqqabı alacağını söyləmişdi, on üç yaşım vardı, utanırdım. Məni Lənkərana ayaqyalın aparıb-gətirdi...

   Onun yaxşı cəhətləri də vardı, Mirhəşimin evində çalışan mənim dayəm hər ay aldığı qızıl pulu dəyişdirəndə aldanıb-aldanmadığını soruşdu, atam "hər ay yanıma gəl, mən sənə iki dəfə artıq pul verərəm" dedi.

   Fələk onun üzünə gülürdü, nəyə əl atsa, bəxti gətirirdi, əli bərəkətliydi, pul üstünə pul gəlirdi. Mənə elə gəlir ki, əgər o, ağac sulasaydı, ağac qızıl puldan bar gətirərdi. Səhər saat altıda oyanıb işə girişərdi, işini görüb qurtarandan sonra zümzümə eləyərdi, məlahətli səsi vardı.

   43 yaşında 17 yaşlı Zeynəblə evlənmək qərarına gəlmişdi. Ələsgərovlar ailəsi hörmətli və dövlətli ailəydi, onlarla qohum olmaq sərfəliydi, necə deyərlər, pul pul üstünə gələr...

   Həmən il Mirhəşim Gürcüstanda mandarin bağları aldı, ikinci poliklinikanın yanında üçmərtəbəli mülkə sahib idi, mən orda doğulmuşam. Nizami adına Ədəbiyyat Muzeyinin qabağındakı binanın birinci mərtəbəsində böyük manufaktura dükanı vardı. Zeynəbin atası Hacı Əlibaba dülgərlikdən başlamışdı, addım-addım böyüyüb fabrikant Kuznetsovun məşhur farforlarının bütün Zaqafqaziyada satışı üzrə səlahiyyətli adamı olmuşdu. Kuznetsov Hacı Əlibabanın ticari bacarığını, düzgünlüyünü yüksək qiymətləndirirdi. Kuznetsov Hacının iki qızına yemək servizləri bağışlamışdı. Xeyransaya çəhrayı, Zeynəbə göy rəngli qızıl suyu ilə işləməli əntiq farfor dəstləri qismət olmuşdu. Bir yaşım tamam olanda babam mənə qızıla tutulmuş gümüş fincan, qəndqabı, qəhvədan və s. - uşaq "pribor"u hədiyyə edibmiş... Sonralar bu əşyalar müsadirə olundu, əsgərlərin evimizdəki ağ royalı tüfəng qundağıyla necə qırdıqlarını heç vaxt unutmaram.

   Əsgərlər güzgünü də sındırmaq istəyirdilər, anam güzgünün qabağını kəsib durmuşdu, sanki bu güzgü bir əşya deyildi, onun ömrünün bir parçasıydı, anam əsgərlərə yalvarırdı, dua eləyirdi, sonra əsgərlər güzgünü sındırmadılar, o zaman gizlədə bildiyimiz qiymətli əşyaları müharibə zamanı dəyər-dəyməzə satdıq. Amma bəzi əntiq əşyalar qalmışdı, onları bir nəfər qədim əşyalar həvəskarına, gümüş qabları isə Zevin küçəsindəki mağazaya satdım. Əvəzində kətan və boya aldım...

   Atamın qadın gözəlliyi haqqında öz mülahizələri vardı. Onun qadın idealı uzunayaqlı, geniş sinəli, ağ dərili olmalıydı. Bibim Seyidxanım deyir: "birdən qız sən deyən kim olmadı", atam "onda evlənmərəm, sən get qızı gör". Bibim xoş xəbərlə qayıdır, qızı görür, bəyənir, "bir az burnu uzundu" deyir qardaşına...

   Çox dəbdəbəli toy olur. General Şıxlinski iki paçka qatı açılmamış bonknotu şabaş atır, bonknot paçkaları dekorativ sobanın üstünə düşür, yaddan çıxır, yalnız yarımildən sonra qulluqçu qadın təsadüfən əskinazları tapır və ev sahibəsinə qaytarır... Sovet hökuməti gələndən sonra çar ordusunun generalı məhrumiyyətlərə düçar olur... Köhnə rus ordusunun azərbaycanlı zabitləri kütləvi təqiblərə məruz qalırlar, general Şıxlinskini Gəncədə tutdular. Leninin silahdaşı bolşevik Nəriman Nərimanov Şıxlinskini ölümün əlindən aldı. Port-Artur qəhrəmanı, Müqəddəs Anna ordeninin bütün dərəcələriylə, 4-cü dərəcəli Georgi, Vladimir, Stanislav ordenləriylə təltif olunmuş general hər şeydən məhrum oldu, Bakıda küçə süpürdü... Mirhəşim kommunistlərin pəncəsinə keçən bütün şərəfli insanları belə bir acı tale gözlədiyini ürək ağrısı ilə dilə gətirirdi. Şıxlinskinin boş otağında dəmir çarpayıdan və bir tək stuldan savayı heç nə yox idi, divardan rəhmətlik Nigar xanımın portreti asılmışdı. General məğrur və vüqarlıydı, biz tez-tez atamla ona baş çəkərdik, Mirhəşim Generalın heysiyyətinə toxunmadan bir bəhanə tapıb cibinə pul qoyardı, onu qonaq çağıranda Zeynəbə qonağın ən çox xoşladığı yeməkləri bişirtdirirdi...

   Mirhəşim yetim qohumlarımızı öz himayəsinə götürmüşdü. O, bircə mənə qarşı sərt idi, o, məndə məni deyil, öz nəhəng kommersiya planlarını həyata keçirə biləcək varis görmək istəyirdi. Bu məqsədlə alman dili dərslərimin pulunu ödəyirdi. Mən boy-buxunlu, güclü və ağıllıydım. Mirhəşim deyirdi ki, səni elə bir böyük bankir edəcəm ki, Nobelin sənə paxıllığı tutacaq. O, qardaşım Tofiqə etibar eləmirdi. Qıyıq gözlərinə görə Tofiqə "kalmık" ayaması qoymuşdu, ona fağır, tıxsız balıq deyirdi, doğrudan da Tofiq beləydi...  

 

 

(ardı var)

 

Adil Mirseyid

 

Ekspress.- 2011.- 25-28 iyun.- S. 14.