Salnaməçi ilə son söhbət
18 il əvvəlin müsahibəsi
Bu yaxınlarda
arxivimə baş vurub səliqə-səhman
yaratmağa çalışırdım.
Əlimə on səkkiz il bundan qabağın qaralaması keçdi.
O vədə
yüz yaşı haqlayan Qulam Məmmədliylə
görüşmüşdüm
- Azərbaycan teatrının yaranışından bu yana bircə gününü ötürməyən, yazdıqları özü-özündən xəbərsiz salnaməyə çevrilən, tədqiqatçı, görkəmli jurnalist, ədəbiyyatşünas və
teatrşünas, əməkdar mədəniyyət işçisi Qulam Məmmədliylə.
96 yaşlı mədəniyyət
cəfakeşiylə yastığı
başında kəlmə
kəsmişdim.
Çətinliklə danışırdı. Buna
görə də, ömrünün son dörd ilində xəstəlikdən əziyyət
çəkən, gözləri
görməyən, yalnız
sol qulağı zəif də olsa eşidən Qulam müəllimin dilindən "qopardıqlarım"
böyük qənimətdi.
İki övlad, üç nəvə sahibiylə söhbəti olduğu
kimi, nöqtəsinə-vergülünə
toxunmadan verirəm. Nədən ki, üstündən iyirmi ilə yaxın vaxt ötən bu görüşün özü də artıq tarixdi...
-
Bayaq arvad deyəndə ki, sizlərdən baş çəkməyə gələn
var, çox sevindim. Adınız nə oldu?
-
Seymur.
-
Hə, Seymur bala, de görüm ədəbiyyatımızın vəziyyəti necədi? İstedadlı yazarlarımız var?
-
Qulam müəllim, ədəbiyyat öz axarıynan gedir. İndi müharibədi deyə, gah görürsən ədəbi
prosesdə nə isə süstlük var, gah da,
nə bilim vallah... Amma yazarlar çoxdu.
İstedadlılar da az deyil.
-
Anar (yazıçı Anarı deyir - S.E.) buradadı, yoxsa hələ
Turkiyədədi?
-
Yox, gəlib, artıq burdadı. Nə lazım idi, Qulam müəllim?
-
Bir xeyli vaxt bundan qabağın söhbətidi. Mənə
demişdi türklər sənin "Molla Nəsrəddin"
əsərin əsasında film çəkir. Heç bizdə
bu barədə məlumat
verən olmadı. Bir də deyirdi,
"Ağ qonşu, qara qonşu" ("Ağ qoç, qara qoç"u nəzərdə tutur-red.), ya bilmirəm necə adlanır, əsər yazır. Bilmək istəyirdim görüm noldu onun o
işi. Çoxdandı
bizə gəlmir. Xəbərin yoxdu o işdən?
-
Xeyr, heç nə eşitməmişəm
bu barədə. Anar müəllimdən xahiş
edərəm Sizə baş çəkər.
-
Sonra, Rafael (yazıçı
Rafael Hüseynovu nəzərdə
tutur - S.E.) tarixi mövzuda əsər başlamışdı. Ondan da
xəbərim yoxdu. Ta gəlib-getmir. Qılman da (yazıçı Qılman
İlkin - S.E.) xeyli vaxtdı mənə dəymir.
- Rafael Hüseynovdan da
xahiş edərəm
yanınıza gələr.
-
Onu mütləq
görmək istəyirəm.
Bir məsələ var, yəqin sən bilməzsən. Rafael Hüseyn Cavid haqqında yazanda rəhmətliyin evindən cib dəftərçəsini tapmışdı.
Çox maraqlıdı.
Cavidi 1937-ci ildə tutanda evini ələk-vələk
eləyib, altını
üstünə çevirmişdilər.
Bəzi şeyləri
yerindəcə məhv
etmişdilər, nəyisə
də daşıyıb
aparmışdılar. Bəs,
bu gündəlik, yox cib dəftərçəsi
harada qalıbmış?
Bax, onu öyrənmək istəyirəm
Rafaeldən... Ay oğul, bu nə
ömürdü mən
yaşayıram. Elə
bilirsən, mənə
xoşdu. Nolsun bu qədər yaşamışam. Yeriyə
bilmirəm, görmürəm,
ağrıyıram, işləyə
bilmirəm... Kimə lazım olurdum, axşam saat 10-da da olsa, yanıma
gəlirdilər. Elə
Rafael ozü. Bəs indi noldu?
Niyə bu qapını açmaq istəmirlər? Yoxsa, Qulam Məmmədli daha heç kimə lazım deyil? Axı, o qədər ürəyimdə sözüm
var.
-
Qulam müəllim, Sizin qədrinizi bilənlər, xətrinizi
istəyənlər çoxdu...
Olar sual
verim? Həyatınızda
ən əlamətdar
hadisələr...
-
Birincisi, uşaq ikən dəmirçilik peşəsini atıb, mətbəədə yığıcı
işləməyimdi. İkincisi,
1923-cü ildə Aşqabaddan
Bakıya köçməyimdi.
Üçüncüsü, 1927-ci ildə kooperativə yazılıb, 1930-cu ildə
bax bu gördüyün
mənzili almağımdı.
Dördüncüsü isə,
indiyə qədər
mənə sədaqətli
qalan bu arvadla ailə qurmağımdır (Qulam
müəllimin həyat
yoldaşı milliyyətcə
rus olan Lida Andreyevnadı
- S.E.). Altmış dörd
ildi biz bir yerdə yaşayırıq. O, mənim
ən yaxın yoldaşım, sirdaşımdı.
İndiyə qədər
yaşamağımın səbəbkarı
da Lidadı.
-
Sizin sonuncu işiniz - "Sizə kim lazımdır?"
məlumat kitabınız
gənc tədqiqatçılar
üçün çox
gərəklidi. Mənə elə
gəlir, bu kitabı ərsəyə
çatdırmaq üçün
o biri əsərlərinizdən
daha artıq vaxt - bütün ömrünüzü xərcləmisiz.
-
Elədi. Ümumiyyətlə,
mən qısa müddətə yaranan əsəri başdansovdu iş hesab etmişəm.
Ömrü boyu yazdıqlarımın hamısı
faktlar əsasındadı
və xeyli vaxt hesabına meydana çıxıb. Bir dənə yalana, şişirtməyə
rast gəlməzsiz. Ona görə də həmişə yazıya çox ciddi iş kimi
baxmışam. Sözün
məsuliyyətini bir
an unutmamışam. Oxucu qarşısına qoyulan balaca məqalə də adi şey deyil.
İllər sonra bu yazılanlar salnaməyə çevrilir.
Dövrün, zamanın
ab-havasını həmin
sətirlərdən öyrənirik.
Bu mənada riyakarlığa yol vermək olmaz, gələcək çaşa
bilər...
Seymur Elsevər
Ekspress.- 2011.- 25-28 iyun.- S. 12.