Aytokya

 

  Mircavad Mircavad haqqında

 

  (əvvəli ötən şənbə saylarımızda)

 

   Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

   Ötən əsrin o uzaq müəmmalı və vahiməli əllinci illərində ölkədə qadağa qoyulmuş yeni Avropa incəsənətini öyrənmək imtiyazına malik yeganə adam idim. Bununla belə, ətraf mühitin daimi müdaxiləsi məni bezdirirdi, özümdən çıxarırdı. İndiki kimi yadımdadı - Ermitajın zallarından birində işləyirəm, birdən ictimai iaşə, "Şipr", "Krasnaya Moskva" odekalonu, çiyələk sabunu, kolbasa və trikotaj növbələrində saatlarla alçaldılan, turşumuş tər qoxuyan adamlar içəri soxuldular, onların dalınca bir dəstə pioner, ardınca suvorovçuların ekskursiyası... adamların nəfəsindən, baş gicəlləndirən kimyəvi reaksiyalardan tabloların rəngləri çatlayır... Hirsim bağırsağımı doğrayır, içimin zəhərini onların üstünə tökürəm: "Çıxın, hamınız çıxın!" - zaldan-zala keçib bağırıram. Adamlar əsas pilləkənlə aşağı düşdülər, mən yuxarıda qaldım, qapını bağladım. Əlimə keçən şeylə divara - "Hamınız rədd olun! Əclaflar! Ermitaj mənimdir!" - yazdım.

   Səhərisi gün sevimli köməkçilərimi, dostlarımı və himayəçilərimi xoşagəlməz sözlər yazdığım divarın qarşısında çaşqın və çarəsiz vəziyyətdə gördüm, bir daha o sözləri oxudum, mən öz ağılsızlığım ucbatından bu adamları pis vəziyyətdə qoymuşdum, halbuki bu xeyirxah adamlar mənimçün çox şey etmişdilər. "Hər şeyə mən cavabdehəm, heç kim cəza almayacaq" - sonra bir əski götürüb divarda yazdığım sözləri silməyə başladım, muzeyin əməkdaşları mənə baxıb gülürdülər. Xəyalətdən, peşmançılıqdan və ağrıdan ürəyim parçalanırdı, güclə pıçıldadım: "Hər şey yaxşı qurtarsa belə, əlbəttə siz daha məni "zapasniklər"ə buraxmayacaqsınız, bundan qorxuram, bu, mənimçün ölümdən də betərdi". Onlar məni sakitləşdirdilər: "Yox, narahat olmayın, indi gedin, divarı biz özümüz təmizləyərik".

   Ermitajın 1949-1955-ci illər arasındakı əməkdaşlarına - akademik İosif Abqaroviç Orbeliyə, tarix elmləri doktorları Mixail İllarionoviç Artamonova və Boris Borisoviç Piotrovskiyə, professor Levinson-Lesinqə, Orbelinin xanımına, bağışlayın adını unutmuşam, dərin təşəkkürlərimi bildirirəm. Qoy onların övladları və övladlarının övladları bilsinlər ki, ağır və qorxulu bir zamanda bu insanlar üsyankar bir rəssama necə qəhmər durublar, ona yardım əli uzadıblar. Onların xatirəsi qarşısında sayğıyla baş əyirəm. Onların sayəsində mən beş il "Ermitaj dərsi" keçmişəm. Uzun illərdən sonra SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mixail Alpatov mənim əsərlərimi gördü və harda təhsil aldığımı soruşdu, mən qürurla "Ermitajı bitirmişəm" dedim. - "Bəlli olur" - onun gözlərinə qüssə çökdü, dodaqları pıçıldadı: "Sizə heyfim gəlir". O, özünü sanki günahkar kimi hiss edirdi, nərdivanı kitab rəfinə dirəyib ordan təsviri sənətə aid nadir kitablar götürüb mənə göstərdi... O, Ermitajın və Antropologiya muzeyinin mehriban əməşkdaşlarına oxşayırdı, xatirələr ürəyimi kövrəldirdi. Alpatov mənim yaradıcılığım haqqında rəy yazdı, Bakıda və Moskvada sərgilərimin açılmasına, haqqımda monoqrafiya yazılıb çap olunmasına çalışdı, amma onun sehrli məktubu da kara gəlmədi. 1984-cü ildə uzun fasilədən sonra üç gün Moskvada oldum, ordan da iki günlüyə Leninqrada Ermitajı ziyarət etməyə, muzeyin direktoru Boris Borisoviçlə görüşməyə getdim, Boriç Borisoviç səfərdəydi, biz görüşə bilmədik. Təsadüfən Bakıda rastlaşdıq, Litva rəssamı Boleslav Mutuzo Bakıya gəlmişdi. Rəngkar Yura onu Bakıya gətirmişdi, Yura arabir mənə baş çəkərdi, bəzən də öz yeni əsərlərini mənə göstərərdi. Sonralar Yura xaricdə yaşayan zəngin əqrəbalarının yanına getdi. Boleslav çox emosional adamıydı, mənim işlərimi görəndə heyrətini gizlətmədi, mənim şərəfimə badə qaldırdı, gedəndə ona iki-üç slayd göndərməyimi istədi, əlbəttə mən ona slayd göndərdim, Mikelancelonun sonetlərini sevdiyimi unutmayan Bloeslav Mikelancelonun sonetlər kitabının bütün vərəqlərinin fotosunu çəkib mənə yolladı, mən indi də bu qeyri-adi kitabı həvəslə oxuyuram.

   Ermitaj Rusiyanın işığı, kültürü, onun humanizmə gedən yoludur. Ermitaj Avropaya açılan savaşsız, qan-qadasız qiymətli pəncərədir. 1987-ci ildə Moskvada bir dəfə Morozovun imarətinin yanından keçəndə çoxdan dünyasını dəyişmiş kolleksioneri ucadan salamlayırdım, milisioner mənə dəli kimi baxırdı... Hə, yadıma bir əhvalat düşdü, bəlkə də sizə mənasız görünəcək, qoy olsun... Qış günüydü, arvadımla taksiyə mindik, radioda bilmirəm estrada musiqisiydi, yoxsa cazdı, nəsə gözəl bir musiqi verirdilər, sürücü eləmə tənbəllik, radionun səsini aldı, neynəyirsən deyirəm, radionun səsini artır. Sürücü mənə "Oyunun olsun, baba!" - "Mən rəssamam" - deyirəm ona - "rəssamlar isə heç vaxt baba olmurlar, biz özümüzü mamontlar kimi hiss edirik, ölkəmiz isə qəribə ölkədi, vəhşi ölkədi, biz də haçansa mamontlar kimi yox olacağıq". Arxaya dönüb: "Ah, hayıf ki diktofon yoxdu, amma sən bunu mütləq yaz, unutma". Mən xəstə idim, taksiçi bizi nevrologiya institutuna tomoqrammaya aparırdı. Psixoloq nədən şikayət etdiyimi soruşdu, bilirsiniz, dedim, səfehləyirəm, həkim güldü: "Yox, cavan oğlan, hələ tezdir..." Belə, gəlin yenidən gənclik yollarına dönək... Ürəyimdən keçirdi ki, təkcə mən yox, başqaları da qərb incəsənətini görsün, mən bunu vacib sayırdım, amma siyasi qadağa səbəbindən bu, mümkün deyildi. Onda mən Don Kixot kimi Moskvaya, SSRİ Rəssamlar İttifaqının Rəyasət Heyətinə üz tutdum, qəbula yazıldım, mənə elə gəlirdi ki, onları impressionistlərin əsərlərindən ibarət sərgi açmağın vacib olduğuna inandıra bilərəm. Axır ki, qəbula gələnlərin siyahısına düşdüm, xalçalar döşənmiş qəbul otağında həyəcanla var-gəl edirdim, birdən zala çox qəribə adamlar daxil oldular, yorğun-arğın, üst-başları çirkli, ayaqqabıları yırtıq kişi və qadın, yanlarında gözlərinin altı göyərmiş sısqa bir uşaq vardı. Mən onlardan kim olduqlarını soruşdum. "Donbasdanıq. Donbasdan bura piyada gəlmişik. Dombasda aclıqdır. Şaxtaçılar aylarla əmək haqqı almırlar". Mən sarsılmışdım, əzilmişdim. Bu ölkə elementar şeylərdən mərhumdur, kölələrini taleyin ümidinə buraxıb, mən də bu yaramazlara nəsə sübut etmək istəyirəm. Ciblərimdə nə vardısa, çıxarıb bu zavallıların ovcuna basdım, Rəyasət Heyətinin qəbuluna girmədim, çıxıb getdim...

   Tanışlığımızdan otuz altı il sonra Piotrovski ilə Bakıda görüşdüm (arxeoloqların simpoziumu keçirilirdi). Azərbaycan Elmlər Akademiyasının bağında təsadüfən rastlaşdıq. O getmək ərəfəsindəydi, mənim əsərlərimi görmək üçün bu seytnotdan çıxa bilmədiyinə görə çox heyifsilənirdi. Arvadım on beş dəqiqə ərzində gedib evdən rəngli slaydlar gətirdi. Piotrovski slaydlara baxanda həyəcanlandı: "Vavilon! Vavilon! İlahi, bu, böyük sənətdir, Misir Ehramları! Əbəs yerə Ermitajı lərzəyə salmamışdınız. Biz sizə inanırdıq, sizi xatırlayırdıq, amma sizdən bir xəbər yox idi. Bağışlayın, elə bilirdik ki, ölmüsünüz... Siz Moskvaya getməlisiniz. Orda yeni sənətşünaslar yetişib, əcnəbi kolleksiyaçılar var, sizi görərlər, dəyərləndirərlər!" - "Əlimə bir az pul düşəndə təyyarə bileti ilə rəng almaq haqqında düşünəndə mən rəng almağı seçirəm". Boris Borisoviç skamyadan qalxdı, məni qucaqlayıb üzümdən öpdü...

   İnfarkt. Yanvar, Palatada Abşeronun bütün küləkləri əsir. Divarlarda böcəklər oynaşır. Gecələr pəncərənin o üzündə külək soyuqdan donmuş qulyabani kimi ulayır, belə bir şəraitdə doğum günümü qarşılayıram. 60 yaşım tamam olur. Yata bilmirəm, yuxum qaçıb. Ağlıma cürbəcür əcaib fikirlər gəlir. Heç kim mənə baş çəkmir, hamı məni unudub, təkcə arvadım gecə-gündüz yanımdadı.

   Axır ki, bir dəfə şeytan peyda oldu, elə qapının ağzındaca mənə təsəlli verdi:

   - Maşallah, ölənə oxşamırsan!

   - Min dəfə əsərlərimdə ölüb dirilmişəm, bir dəfə ölməyə nə var... bax, xəstəxana səfaləti içində səssizcə uzanmışam, heç kimə lazım deyiləm, amma taleyimdən şikayətlənmirəm. Mən xoşbəxt olmuşam! Heç vaxt öz vicdanıma qarşı çıxmamışam. İstədiyim kimi yaşamışam, belə yaşamaq istəmişəm. Tablolar yaratmışam, bütün enerjimi onlara vermişəm, onlardan enerji süzülür. Amma onlar kimə lazımdı? İnsanlara pəhriz yeməyi lazımdı. Qədim müdriklər bizə iki, yeddi, doqquzdaha artıq dünyaların mövcud olduğunu aşılayıblar. Bütün xalqların eposlarında, Şərq şairlərinin poeziyasında buna rast gəlirik. Rable, Svift başqaları bunu yazıblar, müasir rəssamların əsərləri bu mövzudadır - fiziki dünya, metofizik aləm... Nəsimi poeziyası da belədi, bilirsənmi Nəsimi necə ölüb? O zirvəyə qalxan adam üçün qorxu yoxdu.

   - sən buna inanmısan? Əfsanədi, köhnə nağıldı.

   - Axı Cordano Bruno olub, bir az yaxın gəlsək, Van Qoq, Antonen Arto, öz içlərindəki atəş onları yandırıb kül elədi...

   Bir yay gecəsi birdən-birə qəlbimi dəhşət bürüdü. Divarlar üstümə gəlib "ölüm, ölüm, ölüm" pıçıldayırdı.

   Elə bu zaman məndən min kilometrlərlə uzaqda Moskva ətrafında, Serpuxov stansiyasında qardaşım, rəssam Tofiq elektrik qatarının təkərləri altında qalmışdı.

   Morq. Masanın üstündə qardaşımın cəsədi, potoloqoanatom otaqdan çıxmağımı məsləhət görür, mən çıxmıram, o, qardaşımın kəllə sümüyünü mişarla kəsəndə dözə bilmədim, ordan qaçdım...

   Mənim qardaşım sadəlövh idi. Mən onu rəssam eləmişdim. Quttuzoyaya pərəstiş etməsi məni əsəbiləşdirirdi, özünü sənətə həsr etmək əvəzinə durub evlənəndə özümdən çıxmışdım, sonra oğlu dünyaya gələndə də sevinmək əvəzinə xoşagəlməz sözlər söyləmişdim. Biz yola getmirdik, mən ona düdük deyirdim, o məni faşist adlandırırdı... necə oldusa, onu oğurluqda günahlandırdım, o, ütünü qapıb mənə sarı tolazladı, mən də ütünü yerdən götürüb ona tərəf atdım, əlbəttə ikimiz ütünü qəsdən yana atırdıq, elə bilirdim ki, o, mənim tübiklərimi əkişdirir, Buzovnada tərtibatçı rəssam Arif mənim rənglərimi əkişdirirdi. Tofiq sənaye mənzərələri çəkirdi, o, öz tematik əsərləriylə sovet rəssamları arasında layiq olduğu yeri tutmaq amacındaydı. O, "istedadım varsa, məni qiymətləndirəcəklər" kimi axmaq xəyallara qapılırdı. Onun kölgədə qalması bu hakimiyyətin yüksək səviyyəli peşəkarları deyil, özünü gözə soxmağı bacaran, həyasız mənsəbpərəstləri irəli çəkdiyini bir daha sübut edir, sən hamı kimi olmalısan.

   Anamız gileylənirdi ki, niyə onun oğlanlarının bəxti gətirmir, yaxşı bunun nə çəkdiyi yalnız özünə bəllidi, bəs Tofiq, o ki qardaşı kimi deyil.

   Tofiqin "Lökbatan"ı xoşuma gəlir, "Yatmış oğlum", "Meyvələrlə natürmort" və s. əsərləri yaxşıdı. Rəsul Rza onun natürmortlarından birini almışdı. O zaman Tofiq etiraf olunmağa can atanların ən yaxşısıydı, sonra Toğrul irəli çıxdı, qardaşımın işləri tədricən çox quru, qrafik olurdu, Toğrulun isə palitrası əlvan rəng çalarları ilə nəfəs alırdı, daha sonra Rasim fantastik süjetləri dinamik kompozisiyaları ilə irəli çıxdı... Mən həcmli abstrasiya ilə məşğul olurdum, bu haqda hələ danışacağam. Müstəqilliyim mənə çox baha başa gəldi... Qısa bir dram - komik bir əhvalat. Qubernator bağında aclıqdan başım gicəlləndi, skamyaya oturdum. Lyuba "indi gəlirəm" pıçıldayıb peraşki satan qadına tərəf getdi, orda növbə vardı, Lyuba qadına nəsə deyirdi, qadın gülümsəyirdi, mən bir şey anlamamış o iki bubliklə geri döndü.

   - Bunları kim verdi, - deyirəm. - Axı pulumuz yoxdu.

   - Heç kim, - cavab verir. - Qaraçı genlərim oyandı, arvada bir vedrə kompliment söylədim, bu da əvəzi...

 

   (ardı var)

 

 

   Adil Mirseyid

 

   Ekspress.-2011.- 4-6 iyun.- S. 15.