"Ədəbi
İrəvan-2009"
20
ildən artıqdır Qarabağ dərdi, Göyçə
itkisi milli ağrıya çevrilib içimizi göynədir.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
prosesi uzun illər yerində saysa da, danışıqların
sonu görünməsə də, bir gün gözəl
Şuşaya qayıdacağımıza, erməni
işğalı altındakı digər torpaqlarımızda
üçrəngli bayrağımızın
dalğalanacağına milli əminlik var.
Ümidsiz şeytandır, amma bir də o
müqəddəs torpaqlarımıza - İrəvana,
Göyçəyə, Zəngəzura qayıda biləcəyikmi?
Yoxsa Dərbənd ağrısı, Təbriz həsrəti kimi
Qərbi Azərbaycan itkisi də milli nisgilə,
yazarlarımızın əsərlərinə, xatirələrinə
köç edərək içimizi yandırmaqda, qaysaq
bağlamış milli yaranı sızlatmaqda davam edəcək?
"Ədəbi İrəvan-2009"
almanaxını vərəqlədikcə, qədim oğuz eli
Qərbi Azərbaycandan silah gücünə qovulan
soydaşlarımızın - ata-baba yurdlarından pərən-pərən
düşmüş qələm sahiblərinin, yazarların və
alimlərin əsərlərini, onların barəsindəki
xatirələri oxuduqca bu suallara cavab axtarmağa
çalışır və naçar fikirlərin əsirinə
çevrilirsən.
"Ədəbi İrəvan"
almanaxlarının toplayanı, tərtib edəni və
redaktoru sevimli şairimiz Əli Vəkildir. Göyçə
ağrısının bir an rahat buraxmadığı
ağsaqqal ziyalımız bu məcmuələri ərsəyə
gətirməyi özünün mənəvi borcu sayır,
yaradıcılığını bir kənara qoyaraq qüvvəsini
bu işə sərf edir və hər "Ədəbi İrəvan"
işıq üzü görənədək rahatlıq
tapmır. İndiyədək altı "Ədəbi İrəvan"
işıq üzü görüb. Bu sətirlərin müəllifi
ilə söhbətində Əli müəllim böyük zəhmət
bahasına ərsəyə gətirdiyi "Ədəbi
İrəvan"larla nəfəs aldığını deyir.
Bu ədəbi məcmuələr
milli düşüncəni, ictimai fikrimizi narahat edən məsələlərə
işıq salır. "Ədəbi İrəvan"
içimizi qovruldan ağrılarla, nisgillə bağlı
oxucusunu ovundurmur - bu onun funksiyasına daxil deyil, əksinə,
almanax bütünlükdə ruhu ilə oxucularını rahatsız
buraxmağa, düşündürməyə
çalışır: O TORPAQLARın
ağrı-acısı bizi daim RAHATSIZ etməlidir...
Zira bədii ədəbiyyat
problemi həll etmir, onu yalnız göstərir, üzə
çıxarır və vurğulayır. Lakin "Ədəbi
İrəvan" toplusunu sadəcə, ədəbi hadisə
kimi dəyərləndirmək də insafsızlıq
olardı. Çünki bu almanax Qərbi Azərbaycanın
tarixə çevrilməsi, yaddaşımızın bir
küncündə qalıb barəsində vird edilən bir
mövzu olması ilə barışmır, uca səslə
çağdaş Azərbaycanın aktual problemi olduğunu bəyan
edir.
Bu baxımdan "Ədəbi
İrəvan-2009" almanaxının şair Tofiq Abdullayevin
"Mənim o dağlara yazığım gəlir"
şeiri ilə açılması təsadüfi deyil:
Yuxu ərşə çəkil, gəl yatma, oyan.
Fırlanma ey dünya, sən dayan bir an.
Bir yanı
sıldırım, bir yanı yarğan,
Yoxdur o
dağlarda bir iz, bir ləpir,
Mənim o
dağlara yazığım gəlir.
"O dərdlər, kədərlər
bağrımı dəlir" deyən şair ümidsiz
deyil:
Ümidim
var qayıdacam, görəcəm,
Ey sısqa
bulaqlar, sizi öpəcəm,
Elə bilmə
sənsizliyə dözəcəm,
O
dağlır nə çəkir, tənhalar bilir,
Mənim o
dağlara yazığım gəlir.
Göyçəsindən
Bu payız
da belə gəldi:
Yerindəmi
bizim ellər?..
Güclü
poetik tutuma malik, şərqdən qərbə köç edən
Türk soylarının şifahi və yazılı ədəbiyyatından
qırmızı cizgi kimi keçən bu yanğılı
"yerindəmi bizim ellər" sualı almanaxdakı digər
əsərlərin də ruhuna hopub.
Həsrət qaldığımız o
gözəl yurdumuzda düşmənin oynatdığı atdan
nə vaxtsa düşürülücəyinə əmin
olanlar da var, uzun illərin ayrılığında qovrulub
ümidsizliyə qapılanlar da.
Arif Dəmiroğlu
("Göyçənin" şeiri):
Bu gündən
sabaha inamımız yox,
Allah
uzaqdadı imanımız yox.
İl-ildən
bəd gəlir gümanımız yox,
Zəhərə
dönübdü aşı Göyçənin!
Həsən
Göyçəli ("Gedəmmədik vətənə"):
İllər
ötür, kövrəkliyim çoxalır,
Bu bahar da
gedəmmədik Vətənə.
Musa Urud
("Allahın umuduna
yurdmu
qoyarlar"):
Olub bir fitnənin
qulu gəlmişik,
Yaralı gəlmişik,
ölü gəlmişik.
Allaha
tapşırıb eli gəlmişik,
Allahın
umuduna yurdmu qoyarlar?
Qələndər
Göyçəli ("Salam de"):
İndi
Göyçə bizdən uzaq "zirvədə",
Ümidim
var, qayıdarıq bir vədə.
Orda
qalıb Seyid nənə, Pir dədə,
Gəlib
görən, Ulu Pirə salam de!
Bir gün
gələr düşmən özü təklənər,
Keşiş qaçar, "kəcavəsi" yüklənər,
Qəflə-qatır
Şah dağına diklənər,
Bu arzuda
olan ərə salam de!
Oruc
Göyçəli ("Ulu Göyçəm"):
Allah qismət
verə bizə,
Gedəm
bircə elimizə,
Oruc
göldə üzə-üzə,
Birgə
udum səndən içəm,
Ulu
Tanrım, Ulu Göyçəm.
Zərifə
İdrisqızı ("Olaydı"):
Bəd həsrətin
bir yol daşın ataydıq,
O
Göyçəli günlərimiz olaydı.
Saşa
Küskün:
O yerlərə
bir də gedib, gələydim,
Həsrətimi
sovub sonra öləydim.
Bilman Qüdrət ("Vedimizə gəldimi"):
Uşaq
kimi kövrəlirəm hər bahar,
Ürəyimin
sağalmayan dərdi var,
Geri dönən
qatar-qatar durnalar,
Saldığınız lələkdimi, ləldimi?
Görən
bu yaz Vedimizə gəldimi?
Firuzə
Nəsibli ("Bayatılar"):
Firuzəyəm,
aralı,
Elim
Göyçə aralı,
Mən o
yurda getməsəm,
Çətin
dözəm aralı.
Əhməd
Paşa ("Göyçə harayı"):
Başımda Göyçə harayı,
Unutmuşam
ili, ayı.
Düşmənə qalan sarayı,
Qayıdıb sökə bilmirəm.
Eldar
İsmayıl ("Düşübdü"):
Gəzmək
istəyirəm bir də dağları,
O kefli dəmləri,
qəmli çağları.
Könlümə Dərənin alma bağları,
Pəmbəkdə
beçənin balı düşübdü.
Surxay Əmiraslanov
("Göyçəmizdədir"):
Şirinli,
acılı keçən günlərin,
Uşaqlıq həsrəti Göyçəmizdədir.
Azərbaycan ədəbiyyatında indiyədək
şairlərimizin özlərinə ən çox təxəllüs
götürdükləri məkan Təbriz və Şirvanla
bağlıdır: Təbrizi, Təbrizli, Şirvani,
Şirvanlı...
Bu anlamda artıq Göyçə də
irəli çıxır. Təkcə "Ədəbi
İrəvan-2009"da "Göyçəli" təxəllüsü
ilə beş şairin şeiri verilib. Təbriz kimi
Göyçə də həsrət-nisgil ədəbiyyatımızın
başlıca obrazlarından birinə çevrilir.
Surxay Əmiraslanovun "Göyçə"
şeiri də "yerindəmi bizim ellər" nisgili üzərində
köklənib:
Nə
tutulub qaş-qabağın,
Çiskin
tökür yazın, Göyçə.
Ayrı
düşüb şux tərlanın,
Kimlər
çəkər nazın, Göyçə.
Əlbəttə ki, "Ədəbi
İravan" ədəbi hadisədir. Zira topluda əsərələri
təqdim olunan şair və yazıçılar
çağdaş Azərbaycan ədəbiyyatının
nümayəndələri, müasir ədəbi prosesin
iştirakçılarıdır. Yəni onların yaradıcılığı
sadəcə itirilmiş yurdun xiffəti ilə məhdudlaşmır,
məhəbbətdən də yazırlar, təbiətdən
də. Sosial mövzuları, problemləri də nəzmə
çəkirlər.
Vahid Əzizin "Köhnə
"Moskva" oteli" şeirinin sərt və ironik
misraları müharibə vəziyyətində olan ölkənin
ağrılı paradoksunu ortaya qoyur:
Bir
yanında şəhidlər,
Birində
- nəhəng şəhər,
İçində kef məclisi,
Çölündə qara qəhər,
Ayağının altında
Maşınların yarışı,
İnsanların yarışı,
Çılçıraqlar damında,
Köhnə
"Moskva" oteli,
"Abma" Oteli, "Amba"...
İki
xoşbəxt insanın
Burda toyu
çalınır,
Sağlıqların həddi yox,
Təriflərin
həyası...
Rəqs
edir məclis əhli
Oynayır
qoca, cavan.
Döşəmədən
od qopur,
Şimşək çaxır tavandan
Musiqinin
get-gedə
Başına hava gəlir...
Bir tərəfdə toy, bir tərəfdə
yas - Şəhidlər xiyabanın qarşısında ziyafət!
Bu anormallıq bizim üçün çoxdan
"normallaşıb". Lakin hələ harasıdır,
"absurd teatrı" indi başlayır:
Hər kəsə
meydan geniş,
Hər kəsin
keyfi taraz,
"Ay
uşaqlar, yer verin,
Geri çəkilin
bir az!"
Qollarını çırmayıb,
Havanı
yara-yara,
Meydana daxil
olur
Bir yekəpər,
nataraz,
Bir ordu
generalı.
Generallar rəqs
edir,
Maşallah, gör nə qədər
Generalımız varmış.
Hamısı bir sıraya
Düzülsəydi bəlkə də
Batalyon
yaranarmış.
Generallar rəqs
edir,
Silkələnir
paqonlar.
Generallar rəqs
edir,
Cuşa gəlir
baxanlar.
Generallar rəqs
edir,
Döşəmədən
od qopur,
Generallar rəqs
edir,
Maşallah, məmləkətin
Generalları çoxdur...
Rəqs edin, generallar
Əsgərlər
səngərlərdə
Keşik
çəkirlər Sizə...
Azər Abdullanın
"Çavuş" povestində də ön cəbhə-arxa
cəbhə qarşılaşması var. Əsər köhnəlmək
bilməyən ədəbi mövzudadır: Xəyanət.
Söhbət Vətənə deyil, arvadının
döyüşən ərinə xəyanətindən gedir.
Bu mövzunun yaşı savaş tarixi qədərdir.
Homerin "Odissey" əsərində Penelopa əri Odisseyin
(Uliss) yolunu müharibədən qayıdanadək illərlə
gözləməklə sədaqətli qadın
obrazının simvoluna çevrilmişdi. II Dünya
müharibəsində Konstantin Simonovun "Gözlə məni"
şeiri bu mövzuya damğasını vurmuşdu. 1941-1945-ci
illər müharibəsindən sonra "vuruşan əsgər-gözləyən
arvad" - "gözlə məni"
çağırışı Çingiz Aytmatovun "Cəmilə"si
və İsa Hüseynovun (Muğanna) "Tütək səsi"
ilə təftişə məruz qaldı: Müharibələr
bəşəriyyətin əbədi yol yoldaşıdır,
insan qısa ömrünü savaş dövrünə və
qanunlarına tabe etdirə bilməz...
Cəmilə başqasını
sevmişdisə, "Tütək səsi"ndə iki
oğul anası Söylü müharibəyə gedən ərinin
"qara kağızı"nı aldıqdan sonra Cəbrayılla
evlənmişdi. Hər iki əsər humanist pafoslu idi, sovet ədəbiyyatında,
ümumiyyətlə, müharibə ədəbiyyatında iz
buraxmışdı.
"Çavuş"da çavuş
Tarixin dramı başqadır: o, sağ-salamatdır və cəbhədə
qəhrəmancasına vuruşur. Və bir gün cəbhə
bölgəsindən Bakıya ezamiyyətə gələn
Tarix arvadı Narıngülü evində tapmır. Arvad
yolunu azıbmış, yeganə uşağını təkbaşına
buraxaraq "cavan canını çürütməmək"
üçün "Dubay yolu"nu tutubmuş. Və Tarix
namusunu yumaq - xəyanətə görə intiqam almaq istəyir...
Sanki müharibə bu ölkədə
getmir, mənəvi-əxlaqi dəyərlər deqradasiyaya
uğrayıb. Remarkın bir romanı var - "Zəfər
tağı". Əsərdə müharibə çox
uzaqlarda gedir, lakin o, insanların həyatına təsir edir,
onlar cəbhədə deyillər, ancaq savaşla
yaşayırlar.
Bizdə cəbhə xətti
Bakının 400 kilometrliyindədir - "Çavuş"un
"arxa cəbhə"si sanki savaşı çoxdan
"unudub". Tarixi buralarda ovunduracaq heç nə yoxdur,
hamı bu qəfil peyda olmuş hərbçiyə dəvə
nalbəndə baxan kimi baxır və çavuşda
"kombat sindromu" baş qaldırır":Bu şəhər
mənim yerim deyil... Bircə onu bilirlər arvadı...
Arvadını-namusunu qoruya bilməyən Vətənini qoruya
bilərmi?.. Mən mağmın elə bilmişəm əsgər
ailəsinə-qadına hamı bacı, övlad gözüylə
baxır. Yaxşı, bu dəfə avtomatla
qayıdaram..."
Qarabağ mövzusunda münaqişə
başlayandan bəri kifayət qədər əsər yazılıb.
Aqil Abbasın "Dolu" romanını nəzərə
almasaq, bu mövzuda ciddi sayılacaq əsərlərin
sayı bir əldəki barmaqların sayından da azdır.
Üstəlik, bu əsərlərin əksəriyyətinin bədii,
eləcə də ideoloji cəhətdən zəifliyi bir
yana, süni vətənpərvərlik, saxta savaş və
nifrət pafosu bezdirici səviyyədədir. Bəlkə də,
onlar ədəbi əsər deyil, sadəcə vətənpərvərlik
təbliğatıdır, amma təbliğatı da bacarmaq
lazımdır.
Tanınmış qələm sahiblərinin
bu mövzuya girişməməsi, meydanı
ikinci-üçüncü dərəcəli yazarlara buraxması
da təəssüf doğurur.
Qayıdaq hər cür pafosdan uzaq
"Çavuş"a. Tarixin hədəfi artıq
düşmən deyil, xəyanətkar arvadıdır.
Çavuş namusunu yumaq üçün guya planlar qurur.
Tarix döyüşdə onlarla düşməni
öldürüb, lakin o, qatil deyil, arvadını necə
öldürəcəyi barədə yalnız primitiv, onu
asanlıqla ələ verə biləcək planı var:
Narıngülü cəbhəyə cəlb edib "dərənin
birində başına bir güllə..."
Çavuşun dramı necə bitəcək,
Tarix namusunu yuya biləcəkmi? Cavabı yazıçı
oxucunun ixtiyarına buraxır. Savaşın davam etdiyi -
yalnız döyüşün uduzulduğu, müharibəninsə
bitmədiyi bir şəraitdə belə əsgər
dramına, naturalizmə, "həyatın dibi"nə
ağrılı enişə ehtiyac varmı? Bu, artıq
polemika mövzusudur...
Qeyd edək ki, "Ədəbi İrəvan-2009"da
müəlliflərin əsərləri "Poeziya",
"Nəsr", "Publisistika", "Ədəbiyyatşünaslıq"
və "Yubileylər" bölmələri altında
toplanıb.
"Poeziya" bölməsində 84
şairin seçmə şeirləri ilə tanış ola
bilərsiniz. "Nəsr" bölməsində
"Çavuş"dan başqa, Firəngiz Bayramovanın
"İnam" və Müzahim İsmayılzadənin
"Milyon dollarlıq nahar" hekayələri, həmçinin
Bəhruz Niftəliyevin anası Flora Xəlilzadəyə həsr
etdiyi "Mənim tanrım gözəllik yox, sənsən,
ana!" yazısı təqdim edilir.
"Publisistika" bölməsində
Nizami Cəfərovun "Misir müəllim", Məmməd
Əfşanın "Tapdıq Muxtar oğlu Əmiraslanov",
Pərvanə İbrahimova ilə Anzulə Əmirovanın
BDU-nun rektoru, akademik Abel Məhərrəmovun tələbəlik
illərinə həsr edilmiş "Elmin zirvələrinə
aparan yol", Sərtib İslam oğlu ilə Nəsibə
İsrafilqızının "Zirvədən zirvəyə",
Maksim Musayevin "Bəhman Səfərovu xatırlayarkən",
İnqilab Vəlizadə ilə Bilal Muradovun "Ermənistan
azərbaycanlılarının soyqırımı",
professor İsmayıl Vəli Öməroğlunun "Erməni
kilsələrinin türk dilində duaları", professor
Yusif Yusifovun "Mənim həyatım", habelə akademik
Qərib Məmmədovun ekloji mühitlə və Sərtib
İslamoğlunun milli qəhrəman Mübariz İbrahimovla
bağlı maraqlı məqalələri toplanıb.
AMEA-nın müxbir üzvü, millət
vəkili Nizami Cəfərov "Misir müəllim"
yazısında təhsil naziri Misir Mərdanovun nail olduğu
böyük mövqe və nüfuzun sirrini açır.
Vaxtilə BDU-da filologiya fakültəsinin dekanı olmuş
N.Cəfərov Misir müəllimin universitetin prorektoru və
rektoru olduğu dönəmlə bağlı xatirələrini
oxucuları ilə bölüşərək belə qənaətə
gəlir: Misir Mərdanov "daxilindən gələn zəngin
kənd (milli) kübarlığı ilə hər cür
saxta, süni "kübarlıq"dan həmişə
yüksəkdə dayanıb".
"Misir müəllim"dən bir
epizod: N.Cəfərov yazır ki, dekan olduğu vaxt filologiya
fakültəsinin bir müəllimi dərsdə öz fənnindən
danışmaq əvəzinə müxalifət təbliğatı
apardığına görə cəzalandırılmalı
imiş":Misir müəllim məsələnin
böyüməsinə imkan vermədi. Müəllimi həbsdən
çıxartdırdı, başa saldı... Və hərdən
də məndən soruşurdu ki, Kipiyani neynəyir?
Ağlı başına gəlib, ya yox?.."
"Ədəbiyyatşünaslıq"
bölməsində akademik Ağamusa Axundovun Paşa Qəlbinurun
"Qara su" romanı haqqında "Nəsrimizdə hadisə",
Həsən Ağacanın "Ədəbi İrəvan-2008",
professor Teymur Əhmədovun "Seyid Məhəmmədhüseyn
Şəhriyar", Pənah Göyçənin Əli Vəkilin
poeziyası ilə bağlı "Yurd həsrəti", Əhməd
Oğuzun şair Hidayətə həsr etdiyi "Həsrət-
təbiətin şairə ən qiymətli bəxşidir"
məqalələri toplanıb. A.Axundov, T.Əhmədov,
P.Göyçə və Ə.Oğuz barələrində
söz açdıqları görkəmli yazarlar və
onların yaradıcılıqları ilə bağlı
maraqlı təhlillər aparır, yeni fikirlər ortaya
qoyurlar.
Topluda "Yubileylər"
başlığı altında akademik Budaq Budaqovun görkəmli
dilçi-alim Afat Qurbanov haqqındakı "Azərbaycan
dilçiliyi elminə həsr olunmuş ömür",
AMEA-nın prezidenti Mahmud Kərimovla akademik Akif Hacıyevin
Milli Elmlər Akademiyasının müxbir üzvü,
tanınmış fizik Yusif Məmmədova həsr etdikləri
"Elmi məktəbi və təşkilatçılığı
ilə tanınan alim", Səfalı Nəzərlinin
"Atatürk və din", professor Əmrulla Paşayevin
professor Fərrux Rüstəmov haqqında
"Tanınmış gənc alim", Məhəmməd Nərimanoğlunun
"Bilal ənsərin "Alın yazısı"" məqalələri
təqdim olunur.
Professor Nadir Məmmədlinin rəhbərlik
etdiyi "Nurlan" nəşriyyatında çapdan
çıxmış "Ədəbi İrəvan-2009"
almanaxının nəşriyyat redaktoru Səfalı Nəzərli,
bədii redaktoru Elnur İrəvanlıdır.
Kitab üz qabığında əməkdar
rəssam Cabbar Quliyevin rəsm əsəri - başı
qarlı uca dağın insanda inam, saflıq və nikbinlik
hissləri oyadan təsviri ilə başlayır. "Ədəbi
İrəvan"ın son səhifələri dahi Üzeyir bəy
Hacıbəyli, Natəvan və Bülbülün erməni
vandallarının güllələdiyi büstlərinin şəkli
və böyük ozan Dədə Qorqudun rəsmi ilə bitir:
Heç nəyi itirməyə, unutmağa haqqımız
yoxdur və Vətənin dağından-daşından
tutmuş mənəvi-mədəni irsimizədək malik
olduğumuz bütün sərvətlər milli taqətimizi
artıran dəyərlərdir.
Sonda qeyd edək ki, "Ədibi İrəvan-2009"
toplusundakı əsərlərin hamısından söz
açmaq, bədii-estetik baxımdan dəyərləndirmək
üçün bir qəzet səhifəsi yetməz,
yalnız onu vurğulamaq istərdim ki, gözəl şairimiz
Əli Vəkil bir söz sərrafı kimi öz
almanaxında təmənnasız olaraq yalnız haqqı
çatan yazarlara və onların yaradıcılıq
nümunələrinə yer vermiş, toplunun tərtibatında
janr və mövzu rəngarəngliyinə nail olmuşdur.
"Ədəbi İrəvan" həm
bədii aspektdən, həm də əsərlərinin məzmunu
- yurda, tarixə vəfa, gerçək vətənpərvərlik
baxımından seçilənlərin toplusudur.
Qəzənfər
Həmidoğlu
Ekspress.-
2011.- 4-6 iyun.- S. 13-14.