Mir Cəfərin məhkəməsi
necə hazırlanmışdır
Azərbaycanda ötən əsrin
ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin
dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur
məhkəməsi olmuşdur.
Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv
materialları əsasında
araşdırıb.
Xalqımızın unudulmaz sənətkarı
İsmayıl Dağıstanlıdan bəhs edilən kitabda
Mir Cəfər Bağırov barəsində tarixi gerçəkliyə
əks olan heç nə yoxdur. Bu baxımdan Lamiyə
İsmayılın "Hüquq ədəbiyyatı" nəşriyyatı
tərəfindən buraxılmış kitabını
yalnız təqdir etmək olar.
"Araz" nəşriyyatında hazırlanmış
bir kitabın üzərindəsə Bağırov ...Hitlerlə
yanaşı verilir. "Azadlıq" qəzetinin 2011-ci il
8-9 may tarixli (N105/4556) sayında Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi
Ziyadxan Əliyev "Avtoritar rejim yaradıcılarının
psixoloji durumuna baxış" məqaləsində yazır:
"Adıgözəl Məmmədovun səbrlə
düzüb-qoşduğu bu Sabirsayağı bədii
"ayinə"də A.Hitler və İ.V.Stalin də,
M.C.Bağırov və Andropov da, eləcə də Ə.Vəzirov
və M.əl-Qəzzafi də oxucu qarşısına məhz
qrimsiz, olduqları kimi çıxarıldıqlarından
kifayət qədər "diqqətçəkəndirlər"."
Faşizmə qarşı ölüm-dirim
savaşında oğlunu şəhid vermiş Mir Cəfərlə
Adolf Hitleri bir cərgədə yerləşdirənlər
görəsən kimlərin şərəfinə badə
qaldırırlar? Əbdürrəhman Vəzirov Qəzzafi
olsaydı, Azərbaycan parlamentinin kürsüsündən AXC
liderlərindən biri - Etibar Məmmədov "Sabahdan tətilə!"
çağırışını səsləndirə bilərdimi?
Öz "ayinə"sində Mir Cəfər
Bağırovun mənfi obrazını canlandırmaqda davam edən
"El" jurnalı 2011-ci il aprel sayında "Mirzə
İbrahimov. Bir ömür həsrət və 556 saylı
iş" adlı geniş yazı dərc etmişdir. Materialı
jurnalın şef-redaktoru Südabə Sərvi
hazırlamışdır. Burada oxuyuruq: "Bir dəfə
M.C.Bağırov çıxışında deyir: "Mənə
elə gəlir ki, Səməd Vurğun və Üzeyir
Hacıbəyov xalq düşmənidirlər. Düzdür,
yoldaşlar?" Heç kəs səsini
çıxarmır. Atam dözməyib deyir: "Mən sizinlə
razı deyiləm. Üzeyir bəy necə xalq düşməni
ola bilər ki, "Koroğlu" kimi opera yazıb? S.Vurğun
necə xalq düşməni ola bilər ki, "Vaqif"
dramını yazıb?"
Hamı qorxusundan nəfəsini udur. M.C.Bağırov
hirslənərək: "Otur, elə sən də onların
sırasındasan!" - deyir... Mirzə müəllimi həbs
etmək üçün ona 2 dəfə iş
açılmışdı. Bir dəfə cənublu olduğu,
Cənubdakı fəaliyyətinə görə, bir dəfə
də "Böyük demokrat" əsərini
yazdığına görə".
Mir Cəfər Bağırov və Mirzə İbrahimov
münasibətlərinə kölgə salan bu yuxu
yozumlarını Azərbaycan Respublikası İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan
materiallar alt-üst edir.
1937-ci ilin yanvarında Mirzə İbrahimov Üzeyir
Hacıbəyov və Səməd Vurğunla birlikdə
SSRİ Ali Sovetinə deputatlığa namizəd
(Ü.Hacıbəyov Naxçıvan seçki dairəsindən,
S.Vurğun Quba seçki dairəsindən, Mirzə
İbrahimov Qazax seçki dairəsindən) göstərilmişdi.
Mirzə İbrahimov barəsində Moskvaya göndərilmiş
şikayət məktubunda oxuyuruq: "Yoldaşlar! Öz vətəndaşlıq
borcum kimi Sizə bildirirəm ki, SSRİ Ali Soveti Millətlər
Sovetinə deputatlığı irəli
sürülmüş Mirzə Əjdər oğlu
İbrahimov İran təbəəlidir. Xahiş edirəm,
onun tərcümeyi-halını əməlli-başlı
yoxlayasınız. Bizə yaxşı məlumdur ki, Mirzə
İbrahimov anket göstəricilərində özünü
Naxçıvandan olan azərbaycanlı kimi qələm verir
və bu maska altında deputat olmaq niyyətindədir.
Bir daha bildiririk ki, o, iranlıdır, Culfadan köçərək
Naxçıvana gəlmiş, burada bir müddət
qaldıqdan sonra Bakıya köçmüşdür.
Y.Məmmədov və Mirzə İbrahimovu yaxından
tanıyan bir sıra şəxslər."
1937-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrının direktoru vəzifəsində
çalışan Mirzə İbrahimovun bədxahları istəyirdilər
ki, Mir Cəfər Bağırovun etibarını
qazanmış işıqlı bir ziyalının SSRİ Ali
Sovetinə seçilməsinin qarışsını
alsınlar. Lakin M.C.Bağırov Bütöv Azərbaycan
carçısının deputat seçilməsinə şərait
yaratmış, cızmaqaraçılar yana-yana
qalmışlar. Seçkilərdən beş gün sonra,
1937-ci il dekabrın 17-də Mir Cəfər Bağırovun
imzaladığı MK qərarı ilə SSRİ Ali Sovetinin
deputatı Azərbaycan SSR Xalq Komissarları Soveti yanında
İncəsənət İşləri İdarəsinin rəisi
təsdiq edilmişdir.
"El" jurnalının yazdığı ikinci
"iş"ə də Mir Cəfər Bağırov tərəfindən
xitam verilmişdir. Məsələnin mahiyyəti belədir:
1952-ci ilin yanvarında Mirzə İbrahimovun başı
üstünü yenidən qara buludlar almışdır. Bu dəfə
bədxahları Moskvanın müxtəlif ali orqanlarına
Mirzə İbrahimovun əxlaqsız davranışı barədə
imzasız məktublar göndərmiş və
yazdıqlarının bilavasitə Ümumittifaq təşkilatları
tərəfindən yoxlanılmasını təkidlə
xahiş etmişlər. Onu yenə də bədxahlarının
fitnə-fəsadından Mir Cəfər Bağırov xilas
etmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi Sənədlər Arxivində saxlanılan
bir sənədi də "El" jurnalının
M.C.Bağırov barəsində hədyanlarına cavab olaraq
oxuculara çatdırıram:
"Azərbaycan K(b)P Mərkəzi
Komitəsi M.C.Bağırov yoldaşa
Siz dəfələrlə xəbərdarlıq etmisiniz
ki, partiya üzvü öz ictimai və şəxsi həyatında heç bir faktı partiyadan gizlətməməlidir.
Mənim ictimai həyatım respublikanın partiya təşkilatının
gözü qabağında olmuşdur. Bu cəhətdən
partiyamız qarşısında vicdanım təmizdir. Ancaq
obıvatelcəsinə hissə qapılaraq həyatımda
baş vermiş bir fakt barədə Sizə indiyədək
bildirməmişəm. İş burasındadır ki, mənim
Zamira İbrahimova adlı qızım vardır, 1938-ci il mart
ayında Leninqradda doğulmuşdur. Anası Leninqrad şəhəri,
Vasilyev adaları, 12-ci xətt küçəsi, ev 15, mənzil
4-də yaşayan və uşaq müəssisələrində
işləyən Nina Fyodorovna Buslevadır. Onunla
tanışlığımız Leninqradda təhsil
aldığım dövrdə, 1936-cı ilin sonlarında
olmuşdur.
M.İbrahimov 15 yanvar 1952-ci il".
"El" jurnalının
2011-ci il aprel sayında Süleyman Rüstəm haqqında Südabə Sərvinin hazırladığı
mətndə də
Mir Cəfər Bağırovun
şəxsiyyəti alçaldılır.
"Süleyman Rüstəm.
Bir gün məni salıb yada..." (səh.34) yazısında
oxuyuruq: "S.Rüstəm
başqa şairlər
tək "rəhbərim,
vicdanımızı sənə
vermişik" kimi bütün sədləri
keçən ifadələr
işlətməyib, başqaları
tək Azərbaycan xalqının qatı düşməni Mir Cəfər
Bağırovla "işbirliyi"
yaradıb qələm
dostlarını güdaza
vermək üçün
Moskvaya tələsməyib".
Mir Cəfər Bağırovu
"xalqın qatı
düşməni" kimi
"El"ə çıxaranlar
gec-tez xalqın haqq məhkəməsi qarşısında cavab verməli olacaqlar!
Jurnalın 36-cı səhifəsində
deyilir: "S.Rüstəm
qorxmaz şair idi. M.C.Bağırovun hökmranlığı dövründə
şairin dil haqqında yazdığı
bu misraları heç kəsin cürəti çatmazdı
deməyə:
Mən sənin dilinə
dəymirəm, cəllad,
Gəl sən də
bu ana dilimə dəymə".
Mir Cəfər Bağırovun
"hökmranlığı" dövründə ana dilimiz haqqında digər "qorxmaz" şairlər də yazmışlar. Bu əsərlərdəki "cəllad"
ifadəsinin də
"hökmran" M.C.Bağırova
aidiyyəti yoxdur.
İlk dəfə
1945-ci ildə çap
olunmuş "Bakının
dastanı" poemasında
Səməd Vurğun
qurultayın kürsüsünə
qalxaraq ana dilində nitqə başlayan Mir Cəfər
Bağırovu belə
vəsf edirdi:
Alqış, alqış...
Dalğalandı salon birdən,
Kimdir çıxan qurultayın
kürsüsünə?
Hörmət hissi aşıb-daşır
nəzərlərdən,
Bəzən asta,
arabir də
gur səsinə
Qulaq verib dinləyirik
natiqi biz.
Üzündədir, gözündədir
diqqətimiz,
Onun adi sözlərinə
zinət verir
Azərbaycan torpağının
məsəlləri...
1941-1943-cü illərdə Azərbaycan dili haqqında yazılmış
şeirlərdəki "cəllad"
sözünün kimlərə
aid olduğunu "hökmranın"
özü nişan
vermişdir: "Mən
Naxçıvanda olarkən
oradan 3-4 saatlığa
Təbrizə getdim. Təbrizdə bir neçə
yerdə 7-8 qız və oğlan uşağına rast gəldim və onlarla danışmaq istədim. Ancaq mən maşını
saxlayan kimi onlar qaçdılar.
Mən uzaqdan Azərbaycan dilində onlara dedim: "Bura gəlin". Mənim Azərbaycan dilində danışdığımı eşidən kimi hamısı qayıdıb
yanıma gəldi".
(Bax: Cəmil Həsənli. Güney Azərbaycan: Tehran-Bakı-Moskva
arasında. (1939-1945). Bakı, 1998, səh.43).
Azərbaycan dilini əzəli Azərbaycan torpağında qadağan
edənlərin də
ünvanını M.C.Bağırov
göstərmişdir - İran
irticaçıları! Bütöv
Azərbaycan uğrunda
mübarizə aparan rəhbərin səsinə
səs verən Səməd Vurğun yazırdı:
Cəllad! Mənim dilimdədir
bayatılar, qoşmalar,
De, onları heç duydumu
sənin o daş
ürəyin?
Süleyman Rüstəmin "Dilimə
dəymə" şeirinin
isə öz tarixçəsi vardır.
Bu barədə böyük
şairin sədaqətli
dostu olmuş unudulmaz xalq yazıçımız Hüseyn
Abbaszadə hələ
1985-ci ildə yazırdı:
"Süleyman Rüstəm
Böyük Vətən
mübaribəsi illərində
İranda olmasını
xatırlayırdı. Axı
o vaxt şairin ömrünün iki ili Cənubi
Azərbaycanda keçmişdi.
O tayda zülm altında inləyən qan qardaşlarının həyatına, güzəranına
yaxından bələd
idi. Şair gah piyada, gah at belində, gah da arabayla,
maşınla Cənubun
obalarını - kəndlərini,
qəsəbələrini, şəhərlərini
qarış-qarış gəzmiş,
dəhşətli səhnələrin
şahidi olmuşdu.
Süleyman müəllim
Cənuba həsr etdiyi odlu şeirlərdə
təkcə özü
təsəlli tapmır,
həm də xalqının nisgilli ürəyindən keçənləri
inamla xəbər verir, həyəcan təbili çalır, bizi doğma Vətənimiz Azərbaycanın
ikiyə bölünməsini
bir an da
olsun unutmamağa çağırır".
Süleyman Rüstəm
1942-ci ilin yanvarında
Təbrizdə olarkən,
"Yad gül dərə bilməz",
"Dəyişməsə kökündən", "Dilimə
dəymə" və
s. şeirlər yazmışdır.
1943-cü ildə həmin şeirlərin də daxil olduğu
kitabını Mir Cəfər
Bağırova hədiyyə
etmişdir.
"El" jurnalında iki misrası verilmiş şeiri bütünlüklə oxuculara
təqdim edirəm:
Mən sənin dilinə
dəymirəm, cəllad,
Gəl sən də
bu ana dilimə dəymə!
Sənin də bağın var,
gülün var, çəkin,
Bağımda əkdiyim
gülümə dəymə!
Həsədlərlə baxdın
çəmənimə sən,
Gör bir nələr
etdin
vətənimə sən.
Yan - deyib,
od vurdun
bədənimə sən,
Altında atəş var,
külümə dəymə!
Mən ağa ağ dedim,
qaraya qara,
Sən məni istədin
çəkəsən dara.
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı
könlümə dəymə!
Təbriz. Yanvar, 1942
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 11-13 iyun.-S. 15.