"Mən Napoleon kimi düşünürəm..."
20 il əvvəl
vətən
eşqilə alışıb-yanan
bir qrup gənc
"Bakılı oğlanlar"
devizi ətrafında
birləşib, Azərbaycan
adını xaricdə
təbliğ etməyə
başladılar.
O zamanlar elə bir dövr idi ki, informasiya
blokadasına alınan Azərbaycan barədə ölkədən
xaricdə ikili təəssüratlar mövcud idi. Ermənilər
öz havadarları vasitəsilə azərbaycanlıları
"qaniçən", "quldur", "vəhşi"
kimi təqdim edə bilmişdilər. Belə bir vaxtda
bığ yeri yenicə tərləmiş bir qrup
bakılı oğlan Moskvada Şən və Hazırcavablar
Klubu yarışmasında çıxış edərək
sübut etdilər ki, bizlər simalarda təbəssüm
yarada bilən insanlarıq...
Bu gün bu və digər məsələlər barədə
"Bakılı oğlanlar"dan Bəhram Bağırzadə
ilə danışacağıq.
- Minlərlə insanın sevimlisi və milyonlardan biri Bəhram
Bağırzadə- bunların biri-biri ilə münasibəti
necədir?
- Mən əgər özümü minlərlə
insanın sevimlisi hesab etsəm, bu, təvazökarlıqdan
çox uzaq olar. Sadəcə, müəyyən insanlar var ki,
vaxtilə "Bakılı oğlanlar" Şən və
Hazırcavablar Klubuna qazandığı qələbələrə
görə azarkeşlik ediblər. Bu işlərə görə
insanlar üstündən çox illər keçməsinə
baxmayaraq, indi də bizə hörmət edirlər. Əgər
mən "miylonlarla pərəstişkarım var" desəm,
günah etmiş olaram, çünki bu belə deyil. Siz
sualınızda doğru buyurdunuz ki, mən həqiqətən
bu xalqın milyonlarla sıravi üzvündən biriyəm. Mən
indiyədək nə düşünməmişəm, nə
də heç yerdə deməmişəm ki, böyük
işlər görmüşəm. Bizim milli futbol
komandamızın oyunçularından fərqli olaraq,
sıravi Azərbaycan vətəndaşı və
"KVN"çi kimi öz missiyamı həyata
keçirmişəm. Çünki bizim futbolçularda mili
təəssübkeşlik, məsuliyyət
olmadığına görə Qazaxıstan komandasına bir
neçə gün əvvəl məğlub oldular. Amma biz o
dövrdə Azərbaycan dövləti və xalqı
qarşısında böyük məsuliyyət
daşıdığımızı dərk edirdik. Biz ermənilərlə
yarışanda bütün komandanın düşüncəsində
yalnız və yalnız "qələbə"
sözü həkk olunurdu. Bu da Vətənə sevgidən irəli
gəlirdi...
"Erməniləri düşmən saymıram"
- Düşməni zarafatla məğlub etmək nə dərəcədə
çətindir?
- Belə götürəndə, mənim düşmənim
yoxdur. Mənim düşüncəmə görə, ilk
növbədə özüm özümə düşmənəm.
Müqəddəs Quranda insanın özü ilə necə
mübarizə aparması aydın yazılıb. Ona görə
də, insanlar Allah-taalanın bizə nazil etdiyi Quranı
oxuyub, orada yazılanlara əməl etməlidirlər. Orada bizə
təlqin olunur ki, insanın ən birinci düşməni onun
öz içindədir. İnsan ilk növbədə
içindəki düşmənə qarşı cihad elan
edib, ona qalib gəlməyi bacarmalıdır. Əgər
içindəki düşməninə qalib gəlməyi
bacarırsansa, ətrafındakı düşmənləri də
məğlub edə bilərsən. Mənim kimlərisə
özümə düşmən hesab edəcək kimi
kompleksim yoxdur...
- Bəs ermənilər?
- Ermənilər sizin düşməniniz ola bilər, mən
onları düşmən saymıram. Mən onlarla aramızda
düşmənçilik yaradıb, bizi bugünkü vəziyyətə
gətirib çıxaranları düşmən hesab edirəm...
Uşaq vaxtlarımdan məndə ermənilərə
qalib gəlmək kompleksi olmayıb. Heç vaxt da məhz ermənilərə
qalib gəlməyi qarşıma məqsəd
qoymamışam. Mən həmişə Napoleon kimi qlobal qələbələr
barədə düşünmüşəm. Mən, daha
doğrusu, biz fikirləşirdik ki, Rusiya və yaxud Ukrayna
komandalarına qalib gəlməliyik. Onların üzərində
qələbə çalmaq elə ermənilərə qalib gəlmək
demək idi. Mən bakılıyam, uşaq vaxtı ermənilərlə
futbol, şaşki, şahmat, xokkey oynayanda, həmişə
onlara qalib gəlmişəm. Ona görə də erməniləri
özümə layiq rəqib, düşmən hesab etmirəm.
Yəqin ki, fikrimi düzgün çatdıra bildim. Erməniləri
udmaq sıradan bir qələbə idi, bunu da əldə etmək
üçün yalnız zəhmət çəkmək
lazım idi. Biz gecə-gündüz məşq edirdik, ona
görə də qalib gəlirdik. Azərbaycanın
yığma komandasının futbolçuları da
düzgün məşq edib, öz savadlarını
artırsaydı, nəinki Qazaxıstan, Almaniyanı da məğlub
edərdi. Amma bunu etmədilər...
- Yeri gəlmişkən, sizi yığma komandanın
bütün oyunlarında stadionda görürük. Onların
məğlubiyyəti sizi bezdirmirmi?
- Axı, mən onları sevirəm. Baxmayaraq ki, hər dəfə
mənim ümidlərimi puça çıxarırlar. Nə
etməli, futbolda biz buyuq da... Futbolçularımız dərk
etməlidirlər ki, qələbə əldə etmək
üçün ilk növbədə savad, elm lazımdır.
Əgər baş düzgün çalışırsa, onda
topu düzgün idarə etmək üçün ayağa
doğru siqnallar, əmrlər verir. Elmi olan millətə
heç bir başqa millət qalib gələ bilməz. Bizim
bütün problemlərimiz savadsızlıqdan irəli gəlir.
- Rəssam, aktyor, rejissor Bəhram Bağırzadə. Bunların
hansında daha çox rahatlıq tapırsınız?
- Mən özümü nə peşəkar aktyor, nə
rəsam, nə də rejissor hesab edirəm. Sadəcə, mən
bu işlərdən həzz alıram. Özümü daha
çox Azərbaycanı sevən, sıravi vətəndaş
kimi rahat hiss edirəm. Bütün insanlar rəsm çəkirlər,
sadəcə, bu məndə bəziləri ilə müqayisədə
daha yaxşı alınır. Özümü yüksək səviyyəli
peşəkar aktyor saymıram, çünki indiyədək nə
"Qızıl şir", nə də "Oskar"
almışam. Mən arzu edirəm ki, insanlar məşğul
olduqları işlərdən həzz ala bilsinlər,
çünki nəticədə keyfiyyətli iş alınacaq.
Həzz almaqları ilə yanaşı, evə çörəkpulu
da apara biləcəklər.
- Amma bildiyimə görə, siz ixtisasca rejissorsunuz...
- Bəli, peşəkar rejissoram və bu da həyatda mənə
çox kömək edir. İndiyədək bir çox filmlərim
və tamaşalarım olub. Qismət olsa, tammetrajlı film
çəkmək arzusundayam.
"Avropalıların yanında biabır
olacağıq..."
- "Bakılı oğlanlar" komandasının
ardıcıl qələbələri Azərbaycanda
"KVN" hərəkatı yaratdı, bütün orta və
ali məktəblərdə şən və hazırcavablar
komandaları təşkil edildi. Amma sizin komandanın
dağılması ilə bu hərəkat da
dağıldı...
- Bilirsinizmi, "Bakılı oğlanlar" müəyyən
məhdud müddət üçün nəzərdə
tutulmuş mübarizə yolu idi. Axı, mən
ömrümün axırına kimi "KVN" oynaya bilmərəm.
Çünki "KVN" ciddi sənət deyil. Kim istəyir, məşğul olsun da, bu mənim
problemim deyil, axı. Gənclər bizdən sonra
"KVN"-lə ciddi məşğul olmadılar, ona
görə ki, özlərinə əziyyət vermək istəmədilər.
Biz gedib İsgəndər Cavadov, İqor Ponomaryov və
Maşallah Əhmədovdan soruşa bilərikmi, Azərbaycanın
yığma komandası nə üçün qələbə
qazanmır? Bu onların problemi deyil. Çünki onlar vaxtilə
yaxşı futbol oynayıblar. Deməli, bu, gənclərin
öz problemidir. Onlar da məşğul olmaq istəmirlər.
- Sizcə,
niyə?
- Səbəbini
desəm, dərc edəcəksiniz?
- Əlbəttə.
- Bunun ən
başlıca səbəbi gənclərin valideynlərinin az
məvacib almasıdır. Əgər valildeynlər
yaxşı maaş alsalar, ailələrini ürəkləri
istədiyi kimi təmin edər və uşaqlarının
yaxşı təhsil alması üçün müəllim
yanına göndərə bilərlər. Gənclər də
evə çörəkpulu aparmaq əvəzinə dərnəklərə
getmək barədə düşünərlər. Bu gün
valideyn gecə-gündüz pulun dalınca
qaçdığı üçün övladına nəzarəti
itirir.
- Bu gün
bəzən "Bakılı oğlanlar"ı ciddi
satiranı "KVN"-nin təsirinə salmaqda
günahlandırırlar. Bununla
razılaşırsınızmı?
-
Bilirsinizmi, bu da bizim problem deyil. Çünki biz
"KVN"-i peşəkar oynayırdıq. Əgər indi
yeri gəldi-gəlmədi "KVN" reprizlərindən
istifadə edirlərsə, biz nə etməliyik? İnsanlara nəyisə
birbaşa qadağan edə bilmərik, axı.
- Sizin
"Bakılı oğlanlar" komandasında Moskvadakı
son çıxışınızda çox təsirli
monoloqunuz oldu. Bunu əvvəlcədən
hazırlamışdınız, yoxsa improvizə idi?
- Təbii
ki, monoloqun mətni əvvəlcədən hazır idi və
həmin mizanı dəfələrlə məşq
etmişdim. Bəlkə də səhnədə Allahın
adını zikr etdiyimizə görə qələbə bizə
qismət oldu. Məsələ bundadır ki, bu qələbələr
10-15 il bundan əvvəl olub. Təəssüf ki, bu gün
bugünkü qələbələrdən danışa
bilmirik. Üstündən min illər keçib, hələ də
Nizamidən, Füzulidən ağız dolusu
danışırıq. Bəs, bu gün nə etmişik?
Bizim qələbələrdən ötən 10 il ərzində
mən heç nə edə bilməmişəm. Bizi gənclik
mütləq əvəz etməlidir. Bu yaxınlarda Eldarla
Nigarın "Eurovision"da qələbə qazanmasına
çox sevindim. Bu qələbələrə çox
ehtiyacımız var, gənclər bu barədə həqiqətən
fikirləşməlidirlər. Bir tərəfdən azərbaycanlı
və Eldar Qasımovun şamaxılı qohumu kimi sevinirəm
ki, "Eurovision" Azərbaycana gəlir. Bir tərəfdən
də Nigar Camal 1997-ci ildə "Bakılı
oğlanlar" komandasında mənimlə
çiyin-çiyinə çalışdığına
görə sevinirəm. Bu xəbəri eşidəndə,
çox sevindim, lakin birdən yadıma bir Şəki lətifəsi
düşdü, məyus oldum. Soyuq müharibə vaxtı
Şəkidə nüvə bombasından qoruyan
sığınacaq tikməyə başlayırlar. Mühəndisdən
soruşurlar ki, bu sığınacaqda neçə nəfər
gizlənə bilər? Cavab verir ki, 10 min nəfər. Bu zaman
soruşurlar ki, axı, Şəkinin 100 min nəfər əhalisi
var, sabah amerikanlar atom bombası atsalar, nə edəcəksiniz?
Mühəndis də qayıdır ki, "nə edəcəyik,
heç nə, biabır olacağıq..." Mən də qələbəyə
görə ilk 10 dəqiqəni bərk sevinsəm də, sonra
fikirləşdim ki, sabah avropalılar Azərbaycana gəlsələr,
biabır olacağıq. Çünki onları qəbul etmək
üçün Bakıda infransturktur lazımi səviyyədə
deyil...
- Artıq
"Eurovision"a hazırlıqlara başlanılıb...
- Axı,
binalar tikməklə, məişət məsələlərini
həll etməklə iş qurtarmır. Onlar Bakıya gələndə,
Azərbaycan polisini görüb geri qayıtmasalar
yaxşıdır. Polis ən azından üzügülər
olmalıdır, xarici dil bilməlidir. Avtobuslarda "Bayıl,
dvaddçatı" qışqıran uşaqlar
olmamalıdır. Bulvarda insanlar ailəvi halda tum çırtlayıb
yerə tüpürməməlidirlər. Siqareti çəkib,
qutusunu maşının pəncərəsindən hara gəldi
atmamalıdırlar. Mən "Ekspress" qəzeti vasitəsilə
"Eurovision -2012" təşkilatçılarından
xahiş etmək istəyirəm ki, şəhərdəki
tıxacların sayını azaltmaq üçün
müsabiqəyə bir ay qalmış Bakıya rayonlardan gələn
maşınları buraxmasınlar. O ərəfədə
bütün dükanlardan günəbaxan tumları
yığışdırılsın. Çünki
insanların şəhərdə tum çırtlayıb,
qabığını türüpməsini xaricilər
görsələr, şoka düşərlər. Bir neçə
il əvvəl mən Gürcüstanda olanda, gördüm ki,
marketlərdə tum satılmır. Soruşanda, dedilər ki,
"Nelzya plevat na Rodinu-mat", yəni "Ana torpağa
tüpürmək olmaz"...
Dedilər
ki, "günəbaxan tumunu kilo ilə alıb evdə
özümüz qovururuq. Əfsuslar olsun ki, bu mədəniyyət
bizdə yoxdur. Ona görə də müsabiqə ərəfəsində
bu kimi nöqsanların ortalığa çıxmaması
üçün indidən fikirləşib çarə
tapmalıyıq. Bundan başqa da qəzetiniz vasitəsilə
insanların nəzərinə çatdırmaq istəyirəm
ki, Allah-taala qara rəngdən də başqa rənglər
yaradıb. Bakı sakinlərindən xahiş edirəm ki,
müsabiqə keçirilən vaxt küçəyə
çıxanda, başdan-ayağa qara rəngə
bürünməsinlər. Çünki qara
kasıbçılıq rəmzidir.
Kasıbçılıq deyəndə, mən insanın
daxili aləminin kasıb olmasını, düşüncə
kasıbçılığını nəzərdə
tuturam. İnsanın daxili aləmi kasıb olanda, rəngləri
tutuşdura bilmir, toya da, yasa da qara rəng geyinir...
İLTİFAT
Ekspress.- 2011.- 11-13 iyun.- S.14.