Ağaxan Salmanlı-70
"Bizim xəmirimiz yaradıcılıqla yoğrulub"
"70
il çox
görünə bilər, ancaq o qədər
sürətli keçdi ki, sanki bütün yaşadıqlarımı yuxuda görmüşəm".
Ömrünün 70-ci ilini
xırdalayan xalq artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının
aktyoru Ağaxan Salmanlı yubileyi ərəfəsində qaynar
sənət həyatını
"Ekspress"in əməkdaşı ilə
söhbətində belə
dəyərləndirir.
Ağaxan müəllimi öncə qəzetimizin adından təbrik edir, yaşının üstünə bir o qədər də yaş gəlməsini arzulayıram.
"Deyəsən, məni uzunömürlülər siyahısına
salmaq istəyirsiniz. Niyyətinizə görə
təşəkkür edirəm,
inşallah niyyətiniz
çin olar. Mən doğrudan da bu həyatı
çox sevirəm",-deyə cavab verir.
Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə-gənclər
dram dərnəyində,
daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil
alıb (1960-1964).
Peşəkar səhnə
fəaliyyətinə Gənc
Tamaşaçılar Teatrında
Seyfəddin Dağlının
"Bahar oğlu"
əsəri əsasında
Cəfər Cabbarlı
rolu ilə başlayıb.
Xalq artisti kinoya
az çəkilməsindən
şikayətlənir. Yeri
gəlmişkən, Ağaxan
Salmanlı bu günlərdə İran
İslam Respublikasının
çəkdiyi 90 bölümdən
ibarət "Tacirlər"
adlı seriala dəvət alıb. Təbii ki, sənətlə nəfəs
alan aktyor üçün bundan gözəl yubiley hədiyyəsi ola bilməz...
- Bu illər ərzində hansı filmlərə çəkilmisiniz?
-
Öncə elə bu sualı gözləyirdim. "Axırıncı aşırım"
(komsomol), "Min bir qastrol" (musiqiçi) filmlərində
və "Mozalan"
satirik kino-jurnalının
10-15 süjetində çəkilmişəm.
Sadaladıqlarım o qədər kiçik epizodlardır ki, kino ilə bağlı
sual veriləndə deyirəm ki, "mən kinoya çəkilməmişəm". Seriala gəlincəsə,
onu İranın "Firdevsfilm" studiyası çəkir. Bu seriala dəvət olunmağım, doğrudan
da, mənim üçün ən böyük yubiley hədiyyəsidir. Serialın
artıq 75 bölümü
çəkilib. Ssenariyə
əsasən, mən bütün bölümlərdə
aparıcı obrazda üzərimə düşən
materialları mənimsəyərək
yeni bir insan həyatını yaşayıram. Serialın
hər bölümü
peşəkarcasına, zövqlə
və sürətlə
çəkilir. Artıq
bu serialdan sonra ürəklə deyə bilərəm ki, mən həqiqətən
kinoya çəkilmişəm
və kinodan tam anlamıyla başım yaxşı çıxır.
Ağaxan Salmanlı vaxtilə teatrşünas
Cabir Səfərov ilə söhbətində
kinoya çəkilməməsindən
gileylənibmiş. Teatrşünas
isə belə bir proqnoz veribmiş":
Sən heç qəm yemə. Sənin kino həyatın yaşlı
dövründə başlayacaq.
Sənin fakturan deyir ki, sən
qocaldığın zaman
ekran üçün
maraqlı olacaqsan..."
- Həqiqətən də öncə hissetmə kimi məqamlar var. Həm də unutmayaq
ki, kino həyatımın yaşlı
dövrdə başlayacağından
xəbər verən insan teatrşünas idi. İranın çəkdiyi "Tacirlər"
serialından 1-2 il əvvəl mən Ayaz Salayevin yeni filmi (adı
hələ də tam bəlli deyil), C. İmamverdiyevin
"Daş atan" filmi, Ülviyyə Könülün
"Vəkil hanı"
filmində çəkilmişdim.
Epizodik rollara çəkilsəm də,
obrazların daxili dünyası o qədər zəngin idi ki, böyük
həvəslə çəkilişlərə
qatılırdım. Bəhs
etdiyim filmlərin hər biri uğurlu
alındı və ifam yüksək səviyyədə qəbul
olundu.
- Ancaq epizodik rollarla müqayisədə
serialda olsa belə, əsas rollardan birinə çəkilmək daha maraqlıdır...
- Həqiqətən maraqlıdı.
Bizdə
serillar indi-indi çəkilir. Doğrudur, serial sənət nümunəsi
hesab olunmur, ancaq aktyor üçün
işləməyə, özünü
göstərməyə kifayət
qədər zaman,
material olur. Bu baxımdan ilk dəfə seriala çəkilsəm
də, həqiqi kino, kinonun sirləri
gözlərim qarşısında
canlı bir mənzərə olaraq açıldı. Öncə fotosınaq
keçirildi. Serial üçün seçilən
bütün aktyorları
kinostudiyaya dəvət
etdilər. Serialın çəkiliş
qrupu arasında elə bir yaradıcı
mühit var ki, çəkiliş vaxtı şəxsən mən özümü çox rahat hiss edirəm. Təsəvvür edin ki, iki ayda 75 bölüm
çəkilib. Doğrudur, gün
ərzində 12 saat çalışırıq ki,
tez bir vaxtda
çəkilişlər bitsin,
çünki başqa
işlərimiz də
var.
- Çəkilişə
qatılan aktyorların
hər biri günlük pul alır. Əgər çəkilişlər uzanırsa,
deməli daha çox qazanc əldə etmək imkanı yaranır...
- (Gülür)
Bilirsinizmi, bizim həyatımız yaradıcılıqla
yoğrulub, biz pul görməmişik. Əslində pul görmüşük,
ancaq göz doyduran məbləğdə
deyil. Xəmirimiz yaradıcılıqla yoğrulub. Şəxsən
mən ona görə bu serialın tez bitməsini istəyirəm
ki, tezliklə Ramiz Həsənoğlu ilə iş birliyim başlayacaq. O, M.F.Axundovun "Mürafiə
vəkilləri" komediyası
əsasında televiziya
filmi çəkməyə
hazırlaşır. Ramiz
Həsənoğlu ilə
ilk dəfə "Ordan-burdan"
tamaşasında iş
birliyimiz olub. Bu komediyada Ağabəşir
obrazı mənə həvalə olunmuşdu.
Hazırda "Tacirlər" serialının son 15 bölümünün
çəkilişləri üçün
məkan axtarışına
başlanılıb. Ola bilsin
ki, digər bölümlər Gürcüstanda
çəkilsin.
- Xaricdən filmlərimizə dəvət
alan aktyorlar
burada xüsusi diqqətlə qarşılanır
və daha çox qonorar alırlar. Çox təəssüf ki, eyni diqqət, qayğı, bizim aktyorlara başqa ölkələrdə göstərilmir...
- Yalnız bizim sahədə deyil, digər sahələrdə də eyni problemlə qarşılaşırıq. İstər
mühəndisi, istər
fəhləsi, istər
adi işçisi əcnəbi ölkələrdən
gələnlərlə müqayisədə
yarıbayarı az maaş alır. Əgər əcnəbi 1000 manat alırsa, bizimki sadəcə 500 manat alır. Öz insanlarımızın dəyərinin
bu dərəcədə
aşağı tutulması
məni daim narahat edir.
-
Məsələn, Ağaxan
Salmanlı "Tacirlər"
serialında çəkildiyi
üçün hər
gün 1000 manat qazana bilirmi?
-
Öz aktyorlarının
bir günlük çəkilişi 1000-1500 manatla
hesablanır. Ancaq bizim
aktyorlar burda nə qədər qazanırsa, o qədər
də onlar hesablayır. Görünür
qismətimiz, taleyimiz belədir ki, nə qədər pul verilirsə, ona da qane
olaq...
- Bu sadəcə
insafsızlıqdır...
- Heç bir şeyin dalınca gözüm qalmayıb. Vaxt var idi, Ağaxan Salmanlının
səsi televiziyadan, radiodan, kinostudiyadan, dublyajdan, teatr səhnəsindən, xalq teatrlarından, məktəb
səhnəsindən gələrdi.
Bakıda elə bir jurnal, qəzet yox idi ki,
mən orda mütəmadi olaraq çıxış edərək
yaradıcı dostlarım
haqqında portret məqalələr yazmayım,
tamaşalar haqqında
yazmayım. Hər
yerdən səsim gəlirdi, gördüyüm
işlərin nəticəsində
də az
və ya çox olsun fərq etməz, pul qazanırdım. Ancaq hazırda biz aktyorlar televiziyadan, radiodan, kinodan çox uzaq qalmışıq.
Bir tək göz dikdiyimiz teatrdır ki, oradan da
aldığımız əmək
haqqı sizə yaxşı məlumdur.
Bütün bunlara rəğmən
biz işləyirik. Səbəbi də xəmirimizin, əqidəmizin, mənəviyyatımızın
yaradıcılıqla yoğrulmasındadır.
52 ildir rəsmən
bu sənətdəyəm.
Xalq Teatrına getdiyim 3 ili
də hesablasaq, deyə bilərəm ki, 55 illik sənət
fəaliyyətim var. Bu illərin
fonunda manat söhbəti etmək doğru olmazdı. Doğrudur, haqsızlığa qarşı
çıxıram, həqiqəti
deyirəm, ancaq mübarizə aparmıram.
Özləri başa düşməlidirlər...
- Sizi qəzetimizin adından 70 illik yubileyiniz münasibəti bir daha təbrik edir, cansağlığı
və yeni-yeni yaradıcılıq uğurları
arzulayıram.
Ulduzə Qaraqızı
Ekspress.- 2011.- 18-20 iyun.- S.18