Küçə
uşağı - valideyn məsuliyyətsizliyinin
məhsulu
Kəmalə Ağazadə: "Cəmiyyət bu uşaqlarla bir yerdə olmağı qəbul edə bilmir"
Sığınacağın müvəqqəti sakinləri və kollektivi
Bu gün onların
hüquqlarının müdafiəsi günüdür...
Bu gün onlara verilən tərbiyə və təhsil, göstərilən
qayğı və diqqət, sabahımızın nə dərəcədə
parlaq və işıqlı olacağının göstəricisidir...
Lakin bu gün uşaq hüquqları valideynləri
tərəfindən kobud şəkildə
pozulan, uşaq ikən həyatın ən
ağır üzünü görən,
uşaqlığı əlindən alınan
uşaqlarımız da az
deyil...
Azərbaycanda
hüquqları pozulub, küçə həyatı
yaşayan uşaqların dəqiq statistikası bəlli deyil.
Təkcə Azərbaycan Uşaqlar Birliyində (AUB) 4 ildə
qeydiyyata düşən küçə uşaqların
sayı 1200-dən çox olub. Bu, bir QHT-nin öz təşkilatında
toplaya bildiyi uşaqların sayıdır. Amma bu
uşaqların sayı daha
çoxdur.
Azərbaycan Uşaqlar
Birliyinin küçə uşaqlarını bir məkanda
toplayacaq sığınacağı fəaliyyət göstərir.
Bir qədər yaddaşları təzələyib, deyim ki,
küçə uşaqları arasında keçən il
HİV-AİDS-in profilaktikası məqsədilə həyata
keçirilən layihə çərçivəsində
müvəqqəti sığınacaq, reinteqrasiya mərkəzi
fəaliyyət göstərib. Sığınacaq fəaliyyətini
sentyabradək davam edib. Layihə bitdikdən sonra isə
uşaqların getməyə yerinin olmaması səbəsindən
AUB bu sığınacağı yaşatmağa müvəffəq
olub. İlk sığınacaqdan hazırladığım
reportaj da elə keçən ilin bu gününə təsadüf
edirdi. Lakin 1 il ərzində sığınacağın yerləşdiyi
məkanla bərabər, bir çox dəyişikliklərin də
şahidi oldum. Bu dəyişiklik,
sığınacağın daha geniş otaqlardan ibarət
olması, yeni uşaqların gəlməsi və həmin
uşaqlarla işləyən işçilərin də
sayının artmasında özünü göstərib. Bu
uşaqlarla psixoloq, sosial və təhsil üzrə
işçilər, həkim-pediatrlar da işləyir.
"Ətrafdakılar bu uşaqların rəftarını qəbul edə bilmir"
Sığınacaqla bizi
yaxından tanış edən AUB-in rəhbəri Kəmalə
Ağazadə bir-bir otaqları gəzdirir. Otaqlar geniş olsa
da, çarpayıların sayının azlığına
diqqət yönəldən müsahibim deyir ki, yatmaq
üçün yer çatmayanda döşəməyə
yorğan-döşək salıb, gecələmək istəyən
uşaqlar üçün şərait yaradırlar. Qızların
otağı ilə oğlanların otağı təbii ki,
ayrıdır.
Qızların
otağında buranın müvəqqəti sakinlərindən
olan iki qız cütləşib, dırnaqlarını
boyayırdı. Oğlanların otağında isə kimisi
yatır, kimisi də otaqda var-gəl edirdi. Mətbəxdə
isə uşaqlar üçün qutab bişirilirdi.
K.Ağazadənin dediyinə görə, hazırda
sığınacaqda daimi qalan uşaqların sayı 5 nəfərdir.
Lakin gün ərzində gəlib yatıb, yemək yeyib, gecələməyən
uşaqlar da var. Gecə burada uşaqların yanında 2 sosial
işçi qalır: "Ötən ildən bu yana 3 dəfə
sığınacağın yerini dəyişdik. Çünki
hələ də cəmiyyət bu uşaqlarla bir yerdə
olmağı qəbul edə bilmir. Onların rəftarlarını
pis qəbul edirlər. Halbuki, adi ailələrdə də ərköyün
uşaqlar var. Lakin onların hərəkətləri ətrafdakıları
küçə uşaqların hərəkətləri qədər
qıcıqlandırmır".
Müsahibim deyir ki,
küçə həyatı yaşayan uşaqlar içərisində
böyük əksəriyyət yazıb-oxuma bilmir. Və bu
uşaqlar üçün dekabr ayından etibarən
"Heç bir uşaq təhsildən kənar
qalmasın" devizi altında layihəyə start verilib. Gürcüstan
QHT-si ilə birgə həyata keçirilən bu layihə
heç vaxt təhsil almayan, müxtəlif yaş
qruplarında olan uşaqların yazmaq-oxumaq, hesablamaq, həyat
bacarıqlarına yiyələnməsinə kömək etmək
məqsədilə həyata keçirilir: "Bundan əlavə,
keçən ildən Təhsildə Bərabərlik
Alyansı yaradılıb və AUB də bu təşkilatın
5 üzvündən biridir. Sosial cəhətdən həssas
olan uşaqların təhsildən yayınma səbəblərinin
araşdırılması və onlar üçün yay
düşərgəsinin təşkil olunması məqsədi
daşıyan layihə 60 uşağın yay düşərgəsində
iştirakına şərait yaradacaq. Düşərgə
Bilgəhdə təşkil olunacaq".
Müsahibimlə
uşaqların küçələrə düşmə səbəblərini
aydınlaşdırmaq istəyirəm. K.Ağazadə
yaxın günlərdə bununla bağlı araşdırma
aparacaqlarını, hazırda işin hazırlıq mərhələsində
olduğunu diqqətə çatdırır: "Lakin
uşaqların küçələrə düşməsinin
ən başlıca səbəbi valideyn məsuliyyətsizliyidir.
Problem uşağın valideyn diqqətindən kənarda
qalması, problemini valideyninə çatdıra bilməməsindədir.
Uşaq valideynindən kömək istədikdə bunun əksiylə
üzləşirsə, o da problemini dostlarına
danışmalı olur ki, nəticədə "dostlar"
onların küçələrə düşməsinə
səbəb olur".
Keçənilki qəhrəmanlarımın acı taleyi...
Keçən il
sığınacaqdan yazı hazırladıqda orada həmsöhbət
olduğum, yeni sığınacaqda gözümə dəyməyən
iki qızın- İlhamə və Aynurun (ad şərtidir)
taleyi ilə maraqlandım. Qeyd edim ki, İlhamə
sığınacağa dilənçilik etdiyi zaman
küçə uşaqları tərəfindən gətirilmişdi.
Ailəsinə qayıtmağı ağlına belə gətirməyən
qəhrəmanım 4 yaşından dilənçiliklə məşğul
olurmuş. Aynur isə 13 yaşında idi. Küçəyə
məcburi ərə veriləndən sonra
düşmüşdü. Ərindən qaçan Aynur
sığınacağa oğlanlardan birinin vasitəsilə gəlmişdi.
Sığınacaqda yaşayan oğlan Aynuru zorlamaq istəyən
bir neçə nəfərin əlindən alıb
sığınacağa gətirmişdi. Həmin il hər iki
qız sığınacaqdakı vəziyyətdən
çox razı idilər. Bəs, indi onlar hardadılar? Nə
işlərlə məşğul olurlar?
K.Ağazadənin sözlərinə
görə, qızlardan biri - Aynur valideynləri tərəfindən
qaçırılıb. İlhaməni isə valideyni
aldadaraq aparıb: "Aynuru valideyni bizdən xəbərsiz
qaçırıb. Yanına gəlib-gedirdi. Sonra bizə demədən
sığınacaqdan aparıb. İndi onun cinsi xidmət
göstərdiyini görənlər var. İlhamənin
anası isə gəlib burada ağlayıb-sızlayıb,
qızını aparmaq istədiyini bildirdi. Biz də ona
hüquqlarını başa saldıq. Ana da bizə
qızı diləndirməyəcəyinə dair söz verdi.
Həmin qızın indi gördüyü iş dilənçilikdən
də pisdir. Hazırda gecə klublarındadır. Bizim onlarla
işləməyimiz, əziyyətimiz valideynləri tərəfindən
heçə endirildi. Valideynlər arasında maarifləndirmə
işləri gücləndirilməlidir. Çünki valideyn
uşağına şəxsi malı, əşya kimi
baxır. Uşaq mənimdir, vəssalam".
Müsahibim deyir ki,
oğlanlardan biri də sığınacaqdan gedəndən
sonra qaraçılara qoşulub. Və bir gün daimi məşğul
olduqları işlərdən olan - kley iyləmə zamanı
boynuna benzin töküb yandırıblar: "Boyun hissəsi
tamamilə yanıb, indi sığınacağa gəlmək
istəyir. Onun qayıtmasının uşaqlara necə təsir
edə biləcəyini düşünərək, hələlik
geri qəbul etməklə bağlı bir qərara gələ
bilməmişik. Amma onu bu vəziyyətdə küçədə
də qoymaq istəmirik. Nəsə bir variant fikirləşəcəyik".
Onlar
daim aqressiya, təcavüzə məruz qalıblar...
Sığınacaqda
uşaqların aqressiv rəftarına təmkinlə cavab verən
psixoloq Samir Əhmədov küçə uşaqları ilə
işləməyin çətin olmadığını,
lakin onlara nəyisə başa salmaq lazım gəldikdə
bunun o qədər də asan əldə
olmadığını deyir: "Çünki onların
çoxu təhsilsiz, savadsız uşaqlardır. Çoxu hərif
və rəqəmləri belə
tanımır. Bunlara hər
hansısa bir problemi başa salanda məcburuq ki, onların öz dilində başa salaq. Çünki ədəbi dildə başa
salsaq, bizim nə demək
istədiyimizi anlamayacaqlar. Bunlar
biz gündəlik gördüyümüz,
məktəbdə oxuyan
uşaqlar kimi deyillər.
Onlar daim aqressiya, təcavüzə məruz qalan uşaqlardır".
Söhbətimizin bu yerində
bir qrup könüllülər uşaqlar üçün
geyim, ərzaq və dərman ləvazimatları ilə
sığınacağa təşrif buyurdu. Könüllülərdən
biri Qurban Kərimbəyli deyir ki, xeyriyyəçi insanlar
tapıb, sığınacaqdakı uşaqlar
üçün vəsait tapıb, lazımı şeyləri
ala bilirlər: "Xeyriyyəçilər çox azdır. Zəngin
insanlar pul vermək istəmirlər".
Q.Kərimbəylinin
sözlərinə görə, imkansız uşaq və
yeniyetmələrə yardım məqsədilə "onlar
küçələrin deyil, bizim uşaqlardır" devizi
altında kampaniyaya başlayacaqlar. Bu gün start götürəcək
kampaniya iyunun sonunadək davam edəcək.
"Hərbi
xidmətə getmək istəyirəm..."
Təkcə apreldən may
ayınadək 10 baxımsız şəraitdə olan
uşağı uşaq evlərinə yerləşdirməsinə
yardımçı olduqlarını deyən K.Ağazadə
sığınacaqda olan 10 yaşlı Vüsalın (şərti
ad) da sənədlərini hazırlayıb, uşaq evinə
qoyulacağını bildirdi. Uşaqlar içərisində ən
sakiti olan Vüsalın anası təcridxanadadır.
Azadlığa çıxmağına isə 3 ili var. Vüsalın
anası həbs olunandan sonra atası da evi tərk etdiyindən,
o, evdə təkbaşına qalıb. Bir müddət xalası
himayəsinə götürüb. Lakin xalası səhər
işə gedib, axşam gəldiyindən uşağı
baxımsızlıqdan sığınacağa gətirib:
"4 aydır ki, buradayam. Burada şərait çox
yaxşıdır. Bura gəlməyənədək evdə təkbaşına
qalırdım. Darıxırdım. Xalam işə gedirdi, mənsə
tək qalırdım".
Digər müsahibim
Camalın (şərti ad) isə 19 yaşı var. 6
yaşından 12 yaşınadək internat məktəbində
qalıb. Sonra anası məktəbdən çıxarıb,
yanına gətirib. Atasını uşaq ikən itirən
Camalın anası da əsəb xəstəsi olub. O da
dünyasını dəyişəndən sonra təkbaşına
qalan müsahibim təkər qaraldaraq pul qazanıb:
"Heç kimə möhtac deyildim. Anamın
sağlığında işləyib, ailəni saxlayırdim.
16 yaşınadək təkər qaraldaraq pul
qazanırdım. Böyüdükcə isə təkər
qaraltmağa utandım. İndi axşam növbəsində
dönərxanada işləyirəm. Axşama qədər
sığınacaqda oluram, sonra isə gedirəm işimin
başına. Orada da gecələyirəm".
Camal deyir ki, küçə
həyatı yaşadığı zamanlarda uşaqlar
arasında içib-çəkən də vardı. Amma o bu
yolun ona xeyir gətirmədiyini bildiyindən,
"dostlar"ının pis vərdişlərinə aludə
olmayıb. İndi onun bircə istəyi var - əsgər
olmaq: "Kəmalə xanıma demişəm ki, sənədlərimi
düzəltsin. Çünki mənim doğum şəhadətnaməm
də yoxdur. Sənədlərim düzəlsin, hərbi xidmətə
yollanacam. Bu, mənim ən böyük istəyimdir".
Aytən
Nəbiyeva
Ekspress.-
2011.- 1 iyun.- S. 13.