Ramiz Quliyev Moskvada muğam çaldı

 

Rusiya Federasiyası Mədəniyyət Nazirliyi Moskva Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Dövlət Musiqi Akademiyasının böyük zalında "Qafqaz ritm melodiyaları" adlı qala-konsert keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutan konsertdə N.Osirov adına Rusiya Akademik Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə bərabər, Cənubi Qafqazın dünya şöhrətli musiqi ulduzları -professor Zurab SotkilavaMakvala Kasraşvili, Azərbaycanın xalq artisti, tarzən Ramiz Quliyev İtaliyada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı Yusif Eyvazov iştirak ediblər.

Xalq artisti Ramiz Quliyevdən aldığımız məlumatda bildirilir ki, N.Osirov adına orkestrin baş dirijoru və bədii rəhbəri, Rusiyanın xalq artisti Vladimir Androrovun dirijorluğu ilə keçirilən konsertdə onun ifasında görkəmli bəstəkarlar Q.Qarayev, T.Quliyev, R.Hacıyev, H.Xanməmmədov, H.Rzayevin əsərləri və Azərbaycanın klassik muğamları səslənib.

Anşlaqla keçən konsertin sonunda orkestrin rəhbərliyi səhnəyə çıxaraq Ramiz Quliyevə həmin kollektivin musiqi simvolunu hədiyyə edib və yeni solo-konsert proqramı ilə çıxış etmək üçün yenidən Moskvaya dəvət edib.

Tarzən Ramiz Quliyev Rusiya Akademik Dövlət Xalq Çalğı Alətləri Orkestri ilə çıxış edən ilk Azərbaycan musiqiçisidir.

 

 

AYXAN

 

Ekspress.- 2011.- 1 mart.- S. 14.