Sumqayıt hadisələrinə dair yeni faktlar

 

Baş verənlərlə bağlı cinayət işi yenilənib

 

Dünən Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında www.sumqait.com adlı veb-saytın təqdimatı keçirildi. Sayt 1988-ci ilin fevralında Sumqayıt şəhərində baş vermiş hadisələrə həsr olunub.

Prezident Adminstrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirdi ki, ermənilər öz yalan və böhtan dolu materiallarını internetdə yerləşdirməklə bundan dünyada Azərbaycana qarşı istifadə edirlər, Sumqayıt hadisələrini isə "erməni soyqırımı" kimi təqdim etməyə çalışırlar. Sumqayıt hadisələri ilə bağlı cinayət işinin yeniləndiyini deyən Ələsgərov hadisələrdə başda Mixail Qorbaçov olmaqla o vaxtkı SSRİ rəhbərliyinin, ermənipərəst dairələrin və erməni millətçilərinin əli olduğunu qeyd etdi: "O vaxt DTK tərəfindən Sumqayıtda xüsusi əməliyyat planı hazırlanmışdı. Sınaqdan çıxarılmış bu ssenari sonradan digər bölgələrdə - Özbəkistan və Qırğızıstanda da tətbiq olundu".

Şöbə müdirinin sözlərinə görə, cinayət işində yeni açılmış hallar onu göstərir ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaş Eduard Qriqoryan, onun iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunub: "Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandıraraq ona Sumqayıtda yaşayan və separatçıların yaratdığı "Qarabağ", "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və ev ünvanlarını veriblər. Bu emissarlar aqressivliyi artırmaq məqsədilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin edib. Hadisələr zamanı isə bu şəxslər Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah paylayıblar".

F.Ələsgərov dedi ki, aparılan təhqiqat zamanı talançıların hərəkət marşrutlarının əvvəlcədən müəyyən edildiyi və onların törətdiyi hərəkətlərin lentə alınaraq dərhal sonra xarici kanallarda yayımlandığı müəyyən olunub.

Saytın təqdimatını keçirən PA-nın Siyasi təhlil və informasiya təminatı şöbəsinin böyük məsləhətçisi Fərhad Məmmədov isə sayt yaradılmazdan əvvəl aparılan araşdırmalar zamanı Sumqayıtla bağlı domenlərin ermənilər tərəfindən alındığının ortaya çıxdığını nəzərə çatdırdı. Buna görə də "www.sumqait.com"la birlikdə eyni adlı, sonluğu .org və .net-lə bitən domenlər də alınaraq hamısı eyni sayta yönləndirilib.

Daha sonra baş prokurorun müavini Rüstəm Usubov rəhbərlik etdiyi istintaq qrupunun əldə etdiyi yeni faktlar barədə məlumatlar verdi: "Sumqayıt hadisələrindən ermənilərin zərərçəkən olduğu deyilir, əslində isə bu, belə deyil. Yeni istintaq zamanı Sumqayıtda bəzi ermənilərin öz mal-mülklərini öncədən Rusiyaya çıxardıqları, sonra isə öz evlərini yandırdıqları məlum olub. Ermənilər özləri də etiraf ediblər ki, bu addımı kompensasiya almaq məqsədilə atıblar. 100-dən çox varlı erməni özünün bankdakı pullarını çıxarıb".

Usubovun sözlərinə görə, istintaqın gedişində Sumqayıt hadisələri zamanı şəhərlə Ermənistan və digər ölkələr arasında bir çox telefon danışıqlarının aparıldığı da üzə çıxıb.

Tarixçi alim Yaqub Mahmudov ermənilərin azərbaycanlılara qarşı İrəvan mahalında, Gəncədə və Bakıda törətdiyi soyqırımlarla bağlı kitablar hazırlandığını söylədi.

Sonda məlumat verildi ki, soyqırım faktları ilə bağlı yaxın vaxtlarda Respublika Prokurorluğunda da müzakirələr aparılması nəzərdə tutulur.

 

 

Aqil CAMAL

 

Ekspress.- 2011.-1 mart.-S.13.