Gənclərimizdə
vətənpərvərlik ruhu nə yerdədir?
Bu hissin aşılanması ana südündən başlanmalıdır
Gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi
müharibə şəraitində
yaşayan ölkəmiz
üçün həddən
artıq önəmlidir. Gənclərə milli ruhun aşılanması körpə
yaşlarından həyata
keçirilməli, bu,
baxçalarda, tədris
müəssisələrində, məktəblərdə, qəzet
və televiziyalarda özünü güclü
surətdə göstərməlidir.
Amma bu, nə dərəcədə
həyata keçirilir?
Cəmiyyətdə gənclərə vətənpərvərlik ruhunun
aşılanması lazımi
qədərdimi?
7
saylı məktəbin təlim-tərbiyə işləri
üzrə direktor müavini Elmira İbrahimovanın sözlərinə
görə, gənclərdə vətənpərvərlik
hissinin aşılanması, formalaşdırılması məhz
məktəblərin üzərinə düşən vəzifələrdəndir.
"Vətənpərvərlik hissi uşaqlarda körpə
yaşlarından formalaşdırılmalıdır.
Torpaqlarımızın işğal altında olduğu bir
şəraitdə biz uşaqlarda vətənə, torpağa,
elə-obaya sevgi, məhəbbət hissini formalaşdırmaq
məqsədi ilə müxtəlif tədbirlər həyata
keçiririk", - deyən E.Rəhimova bildirir ki,
torpaqlarımızın işğal günlərində bunu
uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə
nifrət hissi kimi aşılayırlar. Bundan əlavə həmsöhbətimin
bildirdiyinə görə, məktəbdə işğal
günləri ərəfəsində müxtəlif
müsabiqələr, divar qəzetləri, rəsm, inşa
müsabiqələri təşkil edilir.
Övladı
bu məktəbdə təhsil alan Dilbər Quliyeva da məktəbdə
vətənpərvərlik sahəsində görülən
işlərdən razıdır. Dediyinə görə,
müəyyən tarixlərdə uşaqlara verilən
tapşırıqlar, gəzintilər onun övladında
mübarizə əzmini daha da gücləndirir. "Müəllimi
Milli Qəhrəman Mübariz İbrahimov haqqında
danışandan sonra oğlum evə gələrək
böyüyəndə vətənə xidmət edəcəyini,
Mübariz İbrahimov kimi qəhrəman olacağını
deyirdi. Bunu mən sevinci hissi ilə qarşıladım",
- deyən D.Quliyeva televiziya məkanında bu sahədə
proqramların azlığından şikayətlənir. Onun
sözlərinə görə, vətənpərvərlik
mövzusunda proqramların sayı telekanallarda yetərincə
deyil.
160
saylı məktəbin təlim-tərbiyə işləri
üzrə dərs hissə müdiri Zənurə Əliyeva
da məktəbdə bu sahədə işlərin
görüldüyünü vurğuladı. Onun dediyinə
görə, işğal günləri ərəfəsində
uşaqlarla xüsusi diskussiyalar aparılır, bu günlər
xüsusi olaraq şagirdlərə aşılanır. "Torpaqlarımızın
işğal günləri məktəbimizdə xüsusi
olaraq qeyd olunur. Şagirdlərimizi bu günlərdə
müxtəlif tarixi yerlərə, internatlara aparır,
onları mübarizə ruhunda yetişdiririk", - deyən Z.Əliyeva
uşaqların özlərinin də vətənpərvərlik
mövzusuna daha çox üstünlük verdiklərini
bildirdi.
Uşaq
baxçalarında da vəziyyət eynidir. Zabrat qəsəbəsində
yerləşən 160 saylı uşaq baxçasında
körpələrə xüsusi qayğı göstərilməklə
yanaşı onlara kiçik yaşlarından vətənpərvərlik
ruhu aşılanır. İradə Sultanovanın rəhbərlik
etdiyi baxçada körpələrə hər səhər Azərbaycanın
himni oxutdurulur. Uşaqlara bayrağımızın, gerbimizin mənası
öyrədilir.
Övladını
bu baxçaya qoyan valideynlərdən biri baxçadan
razılıq edir: "Oğlumun 4 yaşı var. Baxçada
15 gün ərzində ona Azərbaycanın himnini öyrədiblər.
Oğlum Mübariz İbrahimovu da tanıyır, onun kimi qəhrəman
olacağını, erməniləri qıracağını
deyir", - deyən ananın sözlərinə görə,
məktəbli oğluna da təhsil adğığı məktəbdə
vətənpərvərlik ruhunun aşılanması
üçün çox işlər görülür. "Böyük
övladım 10-cu sinifdə oxuyur. Onlara hərbi vətənpərvərlik
dərsləri keçirilir. Övladımın hərbiyə
çox marağı var. Bu barədə o qədər kitablar
alıb ki..."
Bununla
belə, ana ölkə telekanallarında bu sahədə verilən
verilişlərin azlığından şikayətlənir. Dediyinə
görə, Vətənə sevgi, mübarizə ruhu
telekanallarda öz əksini tapmır. Elə bir ana kimi onu da
narahat edən budur.
Təhsil
Nazirliyinin Tərbiyə və məktəbdənkənar
şöbəsinin müdiri Ağababa İbrahimovun sözlərinə
görə, bütün təhsil müəssisələrində
milli bayramlar, adət-ənənələrimiz, dövlət
bayramları, tədbirləri qeyd olunur. İstənilən tədbirdə
vətənpərvərliyə böyük yer verilir. Gəncləri
vətənpərvərliyə, mübarizəyə səsləyən
idman tədbirləri təşkil olunur. Bundan əlavə
müxtəlif yaşlı uşaqlar üçün "Cəsurlar",
10-11-ci sinif şagirdləri üçün
"Şahin" hərbi-idman oyunları keçirilir. Həmsöhbətimin
fikrincə, bu kimi tədbirlər hərbi vətənpərvərlik
hissinin formalaşdırılmasına xidmət edir.
Məktəbəqədər
təhsil müəssisələrində vətənpərvərliyin
aşılanmasına gəlincə, İbrahimovun sözlərinə
görə, məktəbəqədər təhsil müəssisələrində
bu daha bəsit formada həyata keçirilir. "Vətənpərvərlik
ana südündən başlayır. Amma onu da nəzərə
almaq lazımdır ki, 3-4 yaşında uşağa nə qədər
müharibədən danışsaq da, o, başa düşməyəcək.
Sadəcə olaraq, ona düşmənlərimizi tanıda bilərik",
- deyən A.İbrahimov onu da qeyd etdi ki, hərbi vətənpərvərlik
hissinin aşılanması birbaşa cəmiyyətin vəzifəsidir.
"Düşdüyü yerdən, sosial mövqeyindən
asılı olmayaraq, hər bir azərbaycanlının borcudur
ki, vətənini sevsin. Biz təkcə vətənpərvərliyi
deyil, həm də tədris ocaqlarında Azərbaycanın
milli dövlətçiliyini təbliğ etməliyik. Bu da o
deməkdir ki, Azərbaycanda yaşayan hər bir vətəndaş
bu dövlətə, bu torpağa xidmət etməlidir. Əgər
şəxslərin Azərbaycan vətəndaşlığı
yoxdursa, qanunlarımıza hörmət etməlidir. Biz
onları buna məcbur etməliyik".
Bir
çox telekanallarımızda vətənpərvərlik ruhunu
aşılayan proqramlar kifayət qədər
olmadığından bu da gənclərimizin tərbiyəsinə
müəyyən qədər təsirsiz
ötüşmür. Milli Teleradio Şurasının
Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin
müdiri Təvəkkül Dadaşovun sözlərinə
görə, hazırda ayrı-ayrı kanallarda vətənpərvərlik
ruhunda proqramlar olsa da, müharibə şəraitində
yaşayan bir ölkə üçün bu proqramların
sayı kifayət deyil. Problemin ən çox özəl
telekanallarda olduğunu vurğulayan T.Dadaşova görə, bəzi
kanalllar bu sahəyə ən axırıncı bir məsələ
kimi yanaşırlar. "Telekanalların nümayəndələri
ilə istər rəsmi, istərsə də qeyri-rəsmi
söhbətlər zamanı məlum olur ki, onlar
auditoriyanın daha çox diqqətini cəlb edən şou
xarakterli proqramlara daha çox üstünlük verirlər. Onların
sözlərinə görə, bu tip verilişlər reytinq gətirmir,
tamaşaçı marağı qazanmadığı
üçün onlar şouya qaçırlar. Lakin biz bu səbəbləri
qəbul etmirik, onların qarşısında hərbi vətənpərvərlik
mövzusuna daha çox yer ayırmağı tələb kimi
qoyuruq".
Dediyinə
görə, kanalların yaradıcılıq fəaliyyətinə
qarışmamaq üçün Şura qarşısında
məhdudiyyət qoyulub. Digər tərəfdən isə
proqramlara qoyulan tələblərlə bağlı
"Televiziya və Radio haqqında" qanunun 32-ci maddəsində
qeyd olunur ki, kanallar mədəni-maarif proqramlarına
üstünlük verməlidir. "Mədəni-maarif
proqramlarına hərbi vətənpərvərlik hisslərini
aşılayan proqramlar da daxil olduğundan, biz telekanallardan
bunu tələb edə bilərik".
Efirdə
milli-mənəvi dəyərlərin tətbiqi məsələlərinin
həddən artıq zəif olduğunu deyən MTRŞ rəsmisi
təmsil olunduğu qurumun İnzibati Xətalar Məcəlləsinə
bununla bağlı müəyyən dəyişikliklərin
edilməsini təklif etdiyini bildirdi. "Milli- mənəvi dəyərlərin
aşılanması acınacaqlı vəziyyətdə
olarsa, Şura istər cərimələrin edilməsi və
istərsə də inzibati tənbeh tədbirlərinin edilməsi
üçün səlahiyyət istəyir. Biz
düşünürük ki, Şuraya kanalların
yaradıcılıq fəaliyyətlərinə müəyyən
məqamlarda müdaxilə edilməsi səlahiyyəti verilərsə,
bu kimi məsələlərin həllində daha qətiyyətli
mövqe tuta bilərik", - deyən T.Dadaşov hesab edir ki,
gənc nəslin düzgün inkişafı və milli-mənəvi
dəyərlərin aşılanması sahəsində müəyyən
proqramların həyata keçirilməsi üçün
MTRŞ-yə müəyyən səlahiyyətlər verilməlidir.
Onun fikrincə, məhz belə olan təqdirdə şura
kanalların yaradıcılıq fəaliyyətinə
müdaxilə edərək milli-mənəvi dəyərlərin
qorunmasını, vətənpərvəlik ruhunda
proqramların yayımlanması sahəsində işlərin
görülməsini tələb edə bilər.
Son
zamanlar yazılı mətbuatda da bu sahədə bir axsama
özünü göstərir. Bunun müxtəlif səbəblərinin
olduğunu bildirən Mətbuat Şurasının
icraçı katibi Rəhim Hüseynzadə bu gün mətbuat
səhifələrində işıqlandırılan bu
mövzuda yazıların oxunaqlı olmadığını,
quru dildə yazıldığını deyir. "Bəzən
bu sahədəki yazılarda "Hərbi sirr haqqında"
qanunun müddəaları pozulur. Əvvəllər hər hansı
bir hərbi hissə N saylı yazılardı. Amma indi qəzetlərdə
bu, birbaşa açıq-aydın verilir ki, bu da qanun
pozuntusudur", - deyən R.Hüseynzadə bunu jurnalistlərin
ixtisaslaşmasının və maarifləndirilməsinin zəif
olması ilə əlaqələndirdi. Onun fikrincə, bu gün
orduya çağırılan gənclər öncədən
maarifləndirilməlidir. "Bu gün Azərbaycan müharibə
şəraitində yaşadığı üçün hər
günümüz vətənpərvərlik ruhunda
olmalıdır. Hər gün mətbuatda bu mövzuya yer
verilməlidir".
Deputat
Ceyhun Osmanlıya görəsə bu gün Azərbaycanda vətənpərvərlik
ümumi bir anlayış kimi qəbul edilir. "Məncə,
vətənpərvər insan xəyali insan deməkdir. Bu
gün Azərbaycanın inkişafı naminə "xəyal",
təhsilli vətəndaşlar yetişdirməliyik. Azərbaycan
gəncləri şüursuz, təhsilsiz bir kütlə
olmamalıdır. Bu gün cəmiyyətin inkişafı
üçün hər bir Azərbaycan gənci öz üzərində
işləməlidir. İnkişaf etmiş cəmiyyət isə
istənilən an müharibəyə hazır olur".
Həmsöhbətimə
görə, bütün müharibələr informasiya üzərində
gedir. Silahlı müharibələrin başlanacağı
gözlənildiyi halda belə ilk növbədə informasiya
müharibəsi başlayır. "İraq, Əfqanıstan
müharibələrinə nəzər salsaq görərik ki,
əvvəlcə bu müharibənin SNN-də,
"Vaşinqton Post"da, BBS-də informasiya əsasları
hazırlandı. İnsanlar psixoloji cəhətdən buna
hazırlandıqdan sonra real müharibə başlandı.
Sadalananları nəzərə alaraq deyə bilərəm ki,
bu gün hər bir Azərbaycan gənci ilk növbədə
informasiya ilə düzgün rəftar etməyi
bacarmalıdır. Vətənpərvərlik insanın
özünü inkişaf etdirməsi deməkdir. Bəzən
deyirlər ki, "mən vətən üçün ölərəm".
Mən düşünürəm ki, vətən
üçün ölmək yox, vətən
üçün nə isə etmək lazımdır".
Vətənpərvərliyi
peşəkar, fəal vətəndaşlıq kimi qəbul edən
deputat müharibə şəraitində vətənpərvərliyin
tərənnüm edilməsi vəzifəsini KİV-in üzərində
olduğunu bildirdi. "İstənilən cəmiyyəti
televiziyalar bir həftənin içində istər müharibəyə,
istərsə də sülhə hazırlaya bilər".
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun elan etdiyi müsabiqəyə təqdim
etmək üçün
İradə CƏLİLOVA
Ekspress.- 2011.- 4 mart.-S.5.