Yaddaşımızdakı səs...
(əvvəli
ötən sayımızda)
Sara Qədimova
heç kəsi təqlid etmirdi. Onun öz yolu, öz səsi
vardı: muğam, təsnif, xalq və bəstəkar
mahnılarından ibarət zəngin repertuarı ilə fərqlənirdi.
Bəstəkarlar yeni nəğmələr yazarkən Sara
xanımın səs diapozonu və oxu məharətini nəzərə
alır, onunla sıx yaradıcılıq əlaqəsi
saxlayırdılar.
Çoxdanın söhbətidi. Türkiyəyə
getmiş bir dəstə azərbaycanlı ziyalı
İstanbulda bir gənclə tanış olurlar. Həmin gənc
bizimkilərin gəlişi şərəfinə tez qrammofon
valını işə salır.
Oxuyanın Sara Qədimova olduğunu hamı dərhal
bilir. "Ay dilbər" xalq mahnısı sanki birinci dəfə
dinləyirmişlər kimi qonaqları ovsunlayır. Sahibinin
dediyinə görə, səslənmədəki
xırıltı valın 25 il sərasər oxunmağıyla
bağlıymış. Bu valın haradan alınmasına həmin
gənc "mənim əslim iranlıdır. Sara xanım
İranda olarkən bu şərqini oxuyub. Atam da həmin
konsertdə iştirak edib və sonra bu mahnını vala
köçürtdürüb. O vaxtdan Sara xanımın
ifası bizim evimizin bəzəyidi", - deməklə
aydınlıq gətirir.
Həmvətənlərimiz
daha sonra Sara xanımın ifasında Səid Rüstəmovun
"Bilmədin", "Sürəyya"
mahnılarını
Dəfələrlə Sara
xanımla birgə səfərlərdə, konsertlərdə,
görüşlərdə iştirak edənlər
tamaşaçıların, dinləyicilərin az və ya
çoxluğundan asılı olmayaraq hər yerdə onun həmişə
eyni həvəs və şövqlə oxuduğuna, sevgi və
məhəbbətlə qarşılandığına
şahid olublar.
Sara Qədimova vaxtilə
böyük əhəmiyyət kəsb edən "Nəsillərin
estafeti" qatarının tərkibində tez-tez ölkəmizin
rayonlarına gedirdi. Bu zaman onun hər gəlişi yerli sakinlərə
toy-bayram sevinci yaşadırdı.
Misir Ərəb
Respublikasının və Türkiyənin keçmiş
dövlət başçıları - Camal Əbdül Nasir
və Süleyman Dəmirəl Sara xanımın sənətini
yüksək qiymətləndirmişdilər. Hətta
Türkiyə prezidenti Süleyman Dəmirəl ustad xanəndəni
ilk dəfə dinlədikdən 29 il sonra şəxsi
qonağı kimi ölkəsinə dəvət
etmişdı.
...1958-ci ildə Misir prezidenti Camal Əbdül
Nasir Bakıya gəlmişdi. Həmin illərdə Azərbaycan
KP MK-nın birinci katibi işləyən İmam Mustafayevin
xatirələrindən: "Mən təklif etdim ki, yüksək
qonağı "Leyli və Məcnun" operasına aparaq.
Baş rolları ifa edən Sara xanımla Əbülfət Əliyevin
oyununa tamaşa etmək yaxşı olardı. Amma xəbər
verdilər ki, onlar Masallı rayonunda qastroldadır.
Afişalarda isə Əlövsət Sadıqovla Rübabə
Muradovanın adları yazılıb. Sara Qədimovayla Əbülfət
Əliyev təcili Bakıya çağırıldı. Elə
həmin gün axşam onlar Leyli və Məcnun rollarında
çıxış etdilər. Opera Camal Əbdül Nasirin
çox xoşuna gəldi. Fasilə zamanı misirli qonaq hər
iki sənətkarı təbrik etdi və onlarla birlikdə
şəkil çəkdirdi. Həmin şəkil Qahirədə
muzeydə saxlanılır".
Sara xanımın Süleyman Dəmirəllə
tanışlığı isə 1967-ci ilə gedib
çıxır. Həmin il Süleyman Dəmirəl
Türkiyənin baş naziri kimi Azərbaycana gəlmişdi.
O zaman Dövlət Təhlükəsizlik Komitəsinin sədri
vəzifəsində çalışan Heydər Əliyev onu
müşayiət edirdi. Səfərin axırıncı
gün Süleyman Dəmirəlin şərəfinə ziyafət
verildi. Bu ziyafətdə Sara xanımla yanaşı Xan
Şuşinski, Şövkət Ələkbərova və Əbülfət
Əliyev öz gözəl mahnıları ilə
çıxış etdilər. Sara xanım "Qara tellər"
xalq mahnısını, "
Aradan 28 il keçir. Süleyman Dəmirəl
yenidən Azərbaycana gəlir. Bu dəfə qardaş
ölkənin prezidenti kimi. Hörmətli qonaq onun şərəfinə
verilən ziyafətdə ötənləri xatırlayıb
belə deyir: "Sara xanımı dinlədiyim o ilk gün
xeyli uzaqda qalıb. Dünyanın çox ölkəsini gəzmişəm.
Bu 28 ildə nə onun gözəl simasını, nə də
təkrarsız səsini unutmuşam. Sara xanım vətənpərvər
müğənnidi. O, türk dünyasının ən parlaq
sənət ulduzlarından biridi".
Sara xanım iki dəfə
İranda qastrolda olmuşdu: 1942 və 1944-cü illərdə.
1944-cü ilin üç ayını xanəndə Arazın
o tayında keçirmişdi. Həmin vaxt İran şahı
Məhəmməd Rza şah Pəhləvi Xan Şuşinskini
və Sara Qədimovanı Şimrandakı iqamətgahına dəvət
etmişdi. Xan əmi ilə Sara xanım şahın hüzurunda
"Qarabağ şikəstəsi"ni və "Get ay
batandan sonra gəl, ay oğlan" xalq mahnısını duet
formasında oxumuşdular. Zəhra Rəhimova, Xan
Şuşinski və Əlövsət Sadıqov
danışırdılar ki, şah Sara xanımın səsinə
və gözəlliyinə məftun olmuş, sovet səfirindən
qarşısındakı pərinin yaşı, kimliyi barədə
soruşmuş, onunla ciddi maraqlanmışdı.
İrandan söz
düşmüşkən, 1942-ci ilin iyun ayında Azərbaycanda
İran və Türkiyə üçün radio verilişlərinə
başlanmışdı. Bu işə böyük məsuliyyətlə
və ciddi yanaşırdılar. Birinci verilişə
filarmoniyada baxış keçirildi. Mircəfər
Bağırov və bütün nazirlər bu baxışda
iştirak edirdilər. Bağırovun təklifi ilə Xan
Şuşinski və Sara Qədimova bu verilişdə
oxumalı idilər. Sara xanımın ifasında səslənən
"Kürdün gözəli" mahnısı Mircəfərin
xoşuna gəldi. O, Saraya "Qubanın ağ alması"
mahnısını da oxumağı tapşırdı. Sonra
hamının yanında iyirmi yaşlı Saraya dedi: "Sənin
gözəl səsin var, özün də gözəl
qızsan. Amma adın xoşuma gəlmir. Xaricdə eşidənlər
deyəcəklər ki, yəqin bu yəhudidi. Gəlsənə,
sənin adını dəyişək".
Sara çəkinmədən və
bir an belə fikirləşmədən
qıpqırmızı Mircəfərin üzünə
qayıtdı: "Ata-ananın qoyduğu adı dəyişməzlər".
Onun cavabından hamı
özünü itirdi. Bağırovun sözünün
qabağına söz demək olardı! Amma birinci katib
gülümsəyib heç nə demədi.
Bundan sonra Mircəfər Saradan daha
hansı mahnını bildiyini soruşdu. "Qubanın ağ
alması" cavabını eşidəndə, razı halda
gülümsündü. Sara xanım bu mahnını
füsunkarcasına elə oxuyur ki, hamının əli
üzündə qalır.
Bundan iki il sonra İrana qastrola gedəcək
qrupun tərkibinə şəxsən Bağırovun
tapşırığı ilə Sara Qədimova da daxil edilir
və üç ay qonşu ölkədə olur.
1960-cı ilin noyabr ayında Sara Qədimova
sənət adamlarından ibarət böyük bir heyətlə
Afrika ölkələrində qastrol səfərində
olmuşdu. Onun bu dəfəki repertuarına muğamlar, xalq və
Azərbaycan bəstəkarlarının yeni mahnıları
daxil edilmişdi.
Mərakeşin paytaxtı Rabat
şəhərində məşhur "Rəyyal"
salonundakı çıxışın uğuru barədə
yerli qəzetlərdə maraqlı yazılar verilmişdi.
Ölkənin Kasablanka adlı liman şəhərində demək
olar, bütün dünyadan gələn və bir müddət
burada lövbər salan gəmilərdə
çalışanların qarşısında elə sahildəcə
konsert verən Sara xanımgilin kollektivi coşğun
temperamentli afrikalıların bolluca alqışlarını
qazandılar.
Afrikada qastrolda olarkən Sara
xanım Əlcəzairdən Tunisə çoxlu sayda
qaçqının gəldiyindən xəbər tutur.
Kövrək təbiətli, xeyirxah niyyətli sənətkarlarımız
ehtiyac içində olan bu adamların halına laqeyd qala
bilmirlər. Azərbaycan torpağının elçiləri
xalqımızın adət-ənənəsinə uyğun hərəkət
edib, Əlcəzair qaçqınlarına əl tutmaq qərarına
gəlirlər. Onlar vəsait toplamaq məqsədilə Tunis
şəhər teatrında əlavə bir neçə
konsert veririlər. Sara xanım da sənət dostları ilə
bir sırada köməyini əsirgəmir. Toplanılan vəsait
qaçqınların hesabına
köçürülür. Bu hadisədən uzun illər
sonra qaçqın-köçkün ağrıları
yaşadığımız günlərdə Sara xanım
yana-yana danışardı: "O vaxt qaçqın
sözü eşidəndə elə bil ki, bütün
varlığım titrədi. Yurdundan didərgin salınan
evsiz-eşiksizləri görəndə ürəyimdən
qara qanlar axdı. İndiyəcən onları
unutmamışam. Sən demə, bu bir xəbərdarlıq
imiş. Nə biləydik ki, zaman gələcək belə bir
müsibəti mənim doğma xalqım da yaşayacaq."
Ürək göynədən bu
sözləri Sara Qədimova sonralar deyəcəkdi, ahıl
çağlarında. Hələliksə, 1960-cı ildi.
Sevimli sənətkarımız və həmkarları
Afrikadadı. Yerli mətbuat bizimkilərin, o cümlədən
Sara xanımın məharətini yüksək qiymətləndirir.
Həmin faktların təsdiqi sənətkarlarımız
Bakıya döndükdən sonra jurnalist H.Rəhimovun "Ədəbiyyat
və incəsənət" qəzetinin 26 noyabr 1960-cı il
tarixli sayındakı yazısında da əksini tapır:
"...Azərbaycan artistləri liman işçiləri həmkarlar
ittifaqı nümayəndələrinin dəvəti ilə Mərakeşin
ən böyük şəhərlərindən olan
Kasablankaya getmiş və orada böyük konsert vermişlər.
Onların təkcə Tunis və Sfaks şəhərlərində
doqquz konserti olmuşdur. Tamaşaçılar Azərbaycan
artistlərinin çıxışlarını hər yerdə
böyük maraqla və sevinclə
qarşılamışlar. Xüsusən Şövkət Ələkbərova
ilə Sara Qədimovanın ifaçılıq məharəti
dinləyiciləri heyran qoymuşdu. Əlcəzairlilər və
mərakeşlilər onların ifasında ərəb
mahnılarını heyranlıqla dinləmişlər. Yerli mətbuat,
xüsusən "Ladefeş", "La preso" qəzetləri
və s. Azərbaycan artistlərinin
çıxışlarına yüksək qiymət
vermişlər..."
Sara xanımın xarici ölkələrdəki
uğurlu çıxışları o dövrdə tərkibində
yaşadığımız nəhəng imperiyanın rəhbərlərinin
də gözündən yayınmırdı. SSRİ mədəniyyət
naziri Y.Furtseva 1963-cü ildə Azərbaycan SSR Mədəniyyət
Nazirliyinə göndərdiyi məktubda yazırdı: "Azərbaycan
Respublikasının xalq artisti Sara Qədimova İndoneziyada
dörd aylıq qastrol səfərində böyük müvəffəqiyyət
qazandı. O, Cakartada sovet inşaatçılarının
köməyi ilə tikilmiş stadionda - "Cakarta gölməçəsi"ndə
kosmonavt Valentina Tereşkovanın da iştirak etdiyi konsertdə
prezident Sukarnonun sevdiyi mahnını ifa edən zaman yüz min
nəfər tamaşaçı həmin mahnını onunla
birlikdə ifa etmiş, əsl qələbəlik olmuşdu.
Sara Qədimova xarici ölkələrdə Azərbaycan
musiqisinin layiqli təmsilçisi kimi sovet adamının
yüksək adına xələl gətirən heç bir hərəkətə
yol vermir".
Seymur
Elsevər
Ekspress.-2011.-5-7
mart.-S.18.