"Qərbdə
musiqimiz barədə kifayət qədər məlumat
yoxdur"
Sənubər Bağırova: "Mən Mədəniyyət
və Turizm Nazirliyi deyiləm ki, bütün xanəndələrimizi
xaricə göndərim..."
Azərbaycan
xalqının mədəni sərvəti olan muğam minillərin
o tayından damla-damla süzülə-süzülə,
süzgəclərdən keçərək müasir
dövrümüzə yetişib. Dünya xalqları Azərbaycanı
milli sərvətimiz olan muğama görə tanıyır
desək, çox da şişirtmiş olmarıq. İstedadlı xanəndələrimizin
peşəkar ifasına görə muğam
günü-gündən dünya səhnələrində
yerini daha da möhkəmlədir. Artıq 8 ildir ki, Azərbaycan
muğamı UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına
salınıb. Bu işin zəhmətkeşləri
sırasında tanınmış musiqişünas, sənətşünaslıq
namizədi Sənubər Bağırova da var. Bizim Sənubər
xanımla söhbətimizə də elə bu məqam rəvac
verdi.
Azərbaycan musiqisinin səfiri...
-
Sənubər xanım, sizi Azərbaycan musiqisinin səfiri
adlandırırlar...
-
Bu sözü mənə xaricdə çox deyiblər...
-
Artıq 7 ildir ki, Azərbaycan muğamı UNESCO-nun Qeyri-Maddi
İrs Siyahısına daxil edilib. UNESCO-nun Qeyri-Maddi İrs
Üzrə Dövlətlərarası Komitəsinin
üzvü kimi sizdən eşitmək bizim üçün
maraqlı olardı: bu gün Avropada muğama münasibət
necədir?
-
Mən əvvəlcə bir neçə kəlmə ilə
muğamın UNESCO-nun Qeyri-Maddi İrs Siyahısına
salınması tarixçəsinə toxunmaq istəyirəm. 2002-ci ildə Azərbaycanın
UNESCO-dakı nümayəndəsi Ramiz Abutalıbov təklif
etdi ki, muğamın bu təşkilat səviyyəsində
tanınması istiqamətində işə başlayaq. Sənədlər
UNESCO standartları çərçivəsində
hazırlanmalı idi. Bu fayla muğamın elmi tərifi,
müxtəlif lent yazıları, disklər, videokasetlər
daxil idi. Muğamın tarixi və bədii əhəmiyyəti
haqqında 50 səhifəlik mətn yazdım. Bu ideyanın əsas
təşəbbüskarı Ramiz Abutalıbov,
hazırlayanı isə mənimlə Jan Dürinq olub. Mən
milli ekspert kimi bu işə qatıldım. UNESCO-nun Qeyri-Maddi
İrs Şöbəsinin müdiri o zaman Azərbaycana gəldi.
Bakıda 3 gün qaldı, bu müddət ərzində mənə
müxtəlif suallar verdi. Sonradan bildim ki, mənim
hazırladığım mətndə toxunduğum məqamları
o, əvvəlcədən şifahi soruşurmuş ki, nə
dərəcə bunun elmi tərəfini bilirəm. Sonda mənə
bir sual verdi ki, "siz necə sübut edə bilərsiniz ki,
Azəraycan muğamı unikaldır, yəni, yalnız sizin
xalqa məxsusdur?" Yəni, ərəb və ya fars
muğamından törəmə deyil. Bu sual məni də
çaşdırdı. Çünki biz uşaqlıqdan
öyrəşmişik ki, Azərbaycan muğamı
unikaldır, bunun isbatına ehtiyac yoxdur. Bunu biz aksiom kimi qəbul
etdiyimizdən, onun sübutuna nə vaxtsa ehiyac
olacağını düşünməmişik. Onda mən
dedim ki, "hər xalqın öz dili olduğu kimi, musiqi dili
də var. Heç kim deyə bilməz ki, bir xalqın musiqi
dili başqasından üstündür. Bu bizim
muğamdır, çünki Azərbaycan musiqi dilində ifadə
olunur. Başqa xalqlar öz emosiyalarını musiqidə
başqa dildə ifadə edirlər". Bu cavab onu qane etdi.
Bundan sonra o da təklif etdi ki, namizədlik faylını
hazırlamaq mənə tapşırılsın. 2003-cü
ildə, həmçinin, İraq "makom"u və Özbək-Tacik
"şaşmakom"u da bu siyahıya düşdü. Amma
onu da deyim ki, 60-dan çox namizəddən 28-i Qeyri-Maddi
İrs siyahısına qəbul edildi. Bu bir daha sübut etdi
ki, Azərbaycan muğamının öz yeri var.
-
2003-cü ilə qədər Azərbaycan xanəndələrinin
xaricdə kifayət qədər konsertləri olub. Bundan başqa, xanəndələrimizin
xaricdə kifayət qədər albomları da
buraxılıb. Məgər bunlar muğamımızın
xaricdə tanınmasına bəs etmirdimi?
-
İlk dəfə 1989-cu ildə Dünya Mədəniyyətləri
Evi tərəfindən Parisdə Alim Qasımovun konserti təşkil
edildi. Ondan sonra Fransada bir neçə konsertlər oldu və
disklər buraxıldı.
Orta və Şərqi Asiya
musiqisi XX əsrin əvvəllərindən başlayaraq Avropaya ayaq açmağa başlayır. Bu musiqi
Avropa dinləyicisi tərəfindən tez zamanda qəbul
edilir. Avropalılar ərəb, hind, çin, yapon və
türk musiqisini dinləməyə böyük maraq göstərirlər.
Muğam dedikdə, avropalılar ilk növbədə İran,
ərəb və türk musiqisi kimi başa
düşürdülər. Çünki Sovet
İttifaqının dəmir pərdəsi Azərbaycan
musiqisinin Avropada səslənməsinin qarşısını
alırdı. SSRİ-nin digər Şərq xalqlarının
musiqisi də Avropada elə də tanınmırdı. Halbuki
ötən əsrin əvvəllərində Avropaya Şərq
musiqiçiləri arasında ilk olaraq Qafqaz sazəndələri
ayaq açıblar. Polşada, Fransada, Almaniyada Məşədi
Fərzəliyevin konsertləri olub. Bundan başqa, Cabbar
Qaryağdıoğlunun Avropada qrammafon valları istehsal
olunurdu. Stalin dövründən başlayaraq Azərbaycan xanəndələrinin
Avropa ilə əlaqəsi itdi. Avropada Azərbaycan
muğamını çox vaxt İran muğamı ilə səhv
salırdılar. Şərq ölkələrinə və ya
sosialist respublikalara arada musiqiçilərimizin qastrolu təşkil
olunurdu. Amma Avropada nadir hallarda konsertlər olurdu.
-
Amma Fikrət Əmirovun "Şur" və "Kürd
ovşarı" simfonik muğamları dünyanın bir
çox məşhur konsert salonlarında ifa olunub...
-
Bu, artıq 60-cı illər idi. Bu kimi hallar nadirən baş
verdiyinə görə, Qərbdə Azərbaycan musiqisinə
ekzotika kimi baxırdılar. Bu hal indi də var. 2010-cu iln noyabr
ayında BBC radiosunun "Dünya yolları" verlişinin
10 illik yubileyində Qoçaq Əsgərov "Turan"
ansamblı ilə çıxış elədi. Londonun
nüfuzlu "Sonq layn" jurnalının baş redaktoru dedi
ki, dünyada hind musiqisi deyiləndə, insanlar təxminən
söhbətin hansı musiqidən getdiyini bilirlər.
Türk, İran, ərəb, çin, yapon musiqisi də
müəyyən mənada tanınır. Azərbaycan musiqisi
isə sən demə, gizli xəzinə imiş. Yəni,
muğamın UNESCO-nun siyahısına salınmağına
baxmayaraq, hələ də Qərbdə musiqimiz barədə
kifayət qədər məlumat yoxdur.
"Hamı elə bilir ki, bütün bu işləri Zəlimxan Yaqub edib..."
-
Aşınq sənəti də UNESCO-nun həmin
siyahısına qəbul edildi. Bildiyimə görə,
aşıq sənətinin UNESCO-da qəbul olunması
artıq məhz sizin əməyinizdir...
-
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi İrs
Siyahısına qəbul edilməsinin təşəbbüskarı
Mehriban xanım, icraçısı mən olmuşam. Sənədli
filmin ssenarisindən tutmuş, elmi mətnin
yazılışı, arxiv materialları, köhnə lent
yazılarının axtarışınadək bütün
işləri təkbaşına etmişəm. O qədər əziyyət
çəkdim ki, indiyədək özümə gələ
bilmirəm. Bu iş məni o qədər yordu ki, hətta
yadıma düşəndə yoruluram...
Bundan
başqa, Fransada aşıqlarımızın konsertini təşkil
etdim. Fransada, həmçinin, Mədəniyyət və Turizm
Nazirliyinin dəstəyilə "Aşıq
antologiyası" adlı iki diskdan ibarət albom
buraxdırdım. Bir il sonra isə yenə də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə başqa bir
aşıq antologiyası albomumu hazırladım. Hamı elə
bilir ki, bütün bu işləri Zəlimxan Yaqub edib, ondan
soruşanda da hər şeyi öz adına çıxır.
Halbuki o, UNESCO-nun adını belə bilmirdi. Biz Fransaya gedib
qayıdandan sonra soruşurdu ki, "mənə de
görüm, biz getdiyimiz hansı təşkilat idi?.."
Ümumiyyətlə, Zəlixan Yaqubun bu işə heç
aidiyyəti yoxdur. Xaricdə hansısa bir şirkətin təklifi
ilə disk buraxdırmaq hər kəsə nəsib olmur. Həm
"Aşıq antologiyası", həm də Qoçaq Əsgərovun
İngiltərədə, Avstraliyada disklərini
buraxdırdım. BBC radiosunda Azərbaycan musiqisi ilə
bağlı ingilis dilində 3 veriliş hazırladım.
-
Daha hansı xanəndələrimiz xaricdə
tanınırlar?
-
Mən sizə məqalə göstərə bilərəm,
orada qeyd olunub ki, Avropada Alim Qasımovdan sonra ən çox
tanınan xanəndə Qoçaq Əsgərovdur.
-
Mən bu sualı sizə verəcəkdim. Azərbaycanda
Qoçaqdan yaşlı və ya gənc bir çox
tanınmış xanəndə var. Amma yalnız
Qoçağın Avropadakı
çıxışlarının əsas təşkilatçısı
sizsiniz. Niyə məhz Qoçaq?
-
2007-ci ildə onu mənim yanıma gətirdilər ki, biz istəyirik,
Qoçaqla birlikdə xaricdə konsert verək. Mən ona
qulaq asdım. Onun 3 oktava səsi var, bəmi, ortası və
zili yerindədir. Hər xanəndədə bu olmur.
-
Babək Niftəliyevdə, Təyyar Bayramovda, Abgül Mirzəyevdə
də 3 oktava səs var...
-
Babəkdə yaxşı zil səs var, bəmi yoxdur. Bir
müddət əvvəl hansısa telekanalda Babəklə
Qoçağın arasında yarış keçirildi,
Qoçaq qalib gəldi. Mən deyərdim, Babəkdə
aşıq səsi var, nəinki xanəndə. İlkin pis deyil.
Amma deməzdim ki, Təyyarın səsi Qoçaqdan
yaxşıdır. Qoçağın səsi kimi səs
tembri azdır. Quru səs deyil. Elə ilk dəfədən
onun səs tembri xoşuma gəldi. Bir də muğamda əsas
səs deyil, axı. Mən Qoçağın elə
oxumaqlarını eşitmişəm ki, çox vaxt efirə
çıxanda elə oxumur. Onun Səmərqənddə
birinci yer tutması da təsadüfi deyildi.
Qoçağın Səmərqənd simpozi-umunda konsertləri
çox vaxt axıra salınırdı. Mən şikayət
etdim ki, çox gecdir, insanlar çıxıb gedəcəklər.
Təşkilat Komitəsindən mənə dedilər ki,
"narahat olmayın, heç kəs getməyəcək".
Doğrudan da insanlar saat 12-dək qalıb ona qulaq
asırdılar.
-
Belə çıxır ki, ondan başqa Avropada məşhurlaşdırmağa
layiq xanəndəmiz yoxdur?
-
Bilirsinizmi, mən Mədəniyyət və Turiz Nazirliyi deyiləm
ki, bütün xanəndələrimizi xaricə göndərim...
-
Amma ən azından UNESCO-da söz sahibisiniz...
-
UNESCO-da mənim işim başqadır. Sadəcə, öz əlaqələrimdən
istifadə edərək Qoçağın konsertlərini təşkil
edirəm.
-
Bu əlaqələrdən başqa xanəndələr
üçün də istifadə etməyə sizə nə
mane olur?
-
Bu, təkcə bir adamın işi deyil, bununla Mədəniyyət
və Turizm Nazirliyi məşğul olmalıdır. Bildiyimə
görə, onlar da nə mümkündürsə, edirlər.
Mən çalışıram ki, xarici prodüserlər,
menecerlər, disk buraxan tanınmış şirkətlərin
nümayəndələri özləri bizim xanəndələrimizlə
əməkdaşlıq etməyə maraqlı olsunlar, gəlib
onları axtarsınlar. Mən bu saat bu istiqamətdə öz
şəxsi əlaqələrimdən istifadə edərək
çalışıram. Məndən bir çox
musiqiçilər inciyirlər ki, nə üçün
onları da xaricə aparmıram. Başa sala bilmirəm ki,
xaricilər xanəndəni özləri tanıyıb, bəyənib,
dəvət edirlər. Siz internetdə maraqlansanız, görərsiniz
ki, xarici mətbuat Qoçaq haqqında nə yazır. Alim
Qasımovdan sonra Qoçağı Azərbaycanın ikinci
musiqi eksportu adlandırırlar. Bilirsinizmi, Azərbaycanın
özündə xanəndənin təkbaşına fəaliyyət
göstərməsi, irəli getməsi çətindir.
Müəyyən qruplaşmalar var. Özləri lazım
bildikləri adamı qabağa çəkirlər...
"Qoçağın da bədbəxtçiliyi
ondadır ki, ağdamlı deyil, Füzulidəndir"
-
Bir dəfə tanınmış qadın xanəndələrdən
biri şikayətləndi ki, muğamda "Ağdam
qruplaşması" var. Ona da Arif Babayev rəhbərlik edir.
O qruplaşmaya üzv olmayanlara tanınmağa imkan vermirlər.
Bu doğrudurmu?
-
Elə Qoçağın da bədbəxtçiliyi
ondadır ki, ağdamlı deyil, Füzulidəndir.
-
Siz başqa hansı qruplaşmaları görürsünüz?
-
Qruplaşmalar var. Çox vaxt bir qruplaşmada
başqa-başqa regionlardan olan xanəndələr olur. Mən
heç vaxt bu barədə açıq
danışmayacağam.
-
Niyə, deyin, Azərbaycan cəmiyyəti də bilsin ki, milli
musiqimizdə qruplaşma yaradıb xoşagəlməz
söz-söhbətlərin yayılmasının səbəb-karı
kimlərdir?
-
Ümumiyyətlə, musiqi cəmiyyətin mədəni həyatının
bir hissəsidir. Əgər cəmiyyətdə regional
qruplaşmalar varsa, musiqi həyatında da olacaq. Amma mənim
üçün musiqiçilərin və ümumiyyətlə,
azərbaycanlıların regional mənsubiyyəti heç bir
rol oynamır. Mən eyni həvəslə Gəncəbasar,
Borçalı və Şirvan aşıqlarını və
yaxud Qarabağ xənəndəsini geniş dünya
auditoriyasına tanıtdırmağa
çalışıram. Bu musiqiçilərdən çoxu
mənə sağ ol deyir, lakin elələri də var ki,
nankorluq edir. Misal üçün, dəfçalan Mahmud
Salahla bir il ərzində üç antirepriz
hazırladım. O isə hər yerdə
danışırdı ki, guya əsas işləri o təşkil
edib, mən isə, xaricə onun yanında tərcüməçi
kimi getmişəm. Əslində, mənə o ölkələrdə
(ABŞ-da və İngiltərədə) mühazirə oxumaq
dəvəti gəlmişdi, quru-quru mühazirələr
olmasın deyə, özümlə musiqiçilər
apardım. ABŞ-a və İngiltərəyə Qoçaq
da solist kimi getmişdi və onun xasiyyətinə orada bələd
oldum. Siz bilirsinizmi ki, o, 15 yaşında könüllü
müharibəyə gedib, yaralanıb da. Elə xanəndələr
var ki, özlərindən çox razıdırlar,
lovğadırlar. Amma Qoçaq tərbiyəli
oğlandır. Mən özümdən 30 yaş balaca
olmasına baxmayaraq, Qoçağa şəxsiyyət kimi
hörmət edirəm. Mən özüm artıq-əskik
danışmağı xoşlamıram deyə,
Qoçağın da bu xüsusiyyəti mənə xoş gəldi.
Bu, əsl kişi xasiyyətidir. Ailəsini tanıyandan sonra
onların da nəcib insan olduğunu gördüm. Xanəndəlik
sənətinə isə gəldikdə,
düşünürəm ki, Qoçağın böyük
gələcəyi var. O, daima üzərində işləyir
və inkişaf edir. İnanıram ki, gələcəkdə
o, Alim Qasımov kimi muğamımızı dünyada layiqincə
təmsil edəcək.
-
Azərbaycanda Beynəlxalq Muğam Festivalı keçirilir.
Bir ekspert kimi bu festival barədə düşüncələrinizi
öyrənmək maraqlı olardı.
-
Nadir Axundovun keçirdiyi muğam müsabiqəsinin Beynəlxalq
Muğam Müsabiqəsinə aidiyyəti yoxdur. Bu, Heydər Əliyev
Fondunun iki ildən bir keçirilən növbəti televiziya
muğam müsabiqəsidir. Sadəcə olaraq bu il Respublika Gənc
Xanəndələr Müsabiqəsi ilə üst-üstə
düşdü. Mən, ümumiyyətlə, yerli xanəndələrimizin
Beynəlxalq Muğam Festivalında iştirakı
üçün seçimin aparılmasının əleyhinəyəm.
Belə çıxır ki, kimlərinsə əlinə
"o olmasın, bu olsun" üçün imkan
düşür... Düşünürəm ki, xaricdən gələn
sənətçilər kimi, yerli xanəndələrə də
beynəlxalq müsabiqədə iştirak etmək hüququ
verilməli idi. Qoy, kimlərin bu müsabiqədə
qalıb-qalmayacağına beynəlxalq münsiflər heyəti
qərar versin. Hərçənd bunun da yalnız adı beynəlxalq
jüridir. Çünki heç bir müsabiqədə 3-4
yerli mütəxəssis jüriyə salınmır. Bizim beynəlxalq
muğam festivalımızda isə münsiflər heyətinin
4 üzvü yerli nümayəndə, 3 nəfər isə
xaricidir. Ona görə də belə tərkibli jürinin qərarları
təbii ki, hər yerdə qeyri-obyektiv qəbul olunacaq.
-
Elə keçən dəfə Təyyar Bayramovun da 1-ci yerə
layiq görülməsindən sonra çoxlu söz-söhbət
yarandı. Deyilənə görə, "Ağdam
qruplaşması" Təyyarın əməkdar artist
adı alması üçün Babəkin 1-ci yerə layiq
görülməsinə imkan verməyib...
-
Mən bu barədə heç nə deyə bilmərəm...
-
Axı, elə bil bu cavab səmimi olmadı...
-
Mənə elə gəlir ki, bu söhbətimizdə həddindən
artıq səmimi cavablar verdim. Mən heç bir
qruplaşmada olmadığımdan, kimlərinsə dediyi
sözlərin sonradan mənim dilimdən eşidilməsini istəmirəm.
Bircə onu deyə bilərəm ki, siz dediyiniz söz-söhbətləri
mən də eşitmişəm. Onların nə dərəcədə
həqiqət olması barədə isə fikir yürütmək
artıq məncə, qeybət kimi çıxır. Mən
isə həmişə fakta əsaslanıb mühakimə
yürüdürəm. Fakt olmayan yerdə hansısa fikir
yürütməyi özümə layiq bilmirəm.
Təyyara
gəldikdə isə, çox mədəni, savadlı
oğlandır. İnanmıram ki, Təyyar kimi oğlan belə
söhbətə getsin. Sadəcə, mən bir şeyə
üzülürəm ki, Azərbaycan muğamı artıq
UNESCO səviyyəsində dünyada tanınır, amma
daxilimizdə bu sənəti şəxsi ambisiyalardan
ötrü istifadə etməyə başlayıblar. Əslində,
bu da təbiidir, insan övladı çiy süd əmib...
İLTİFAT
Ekspress.- 2011.-5-7 mart.- 19-20.