Parlament ombudsmanın hesabatını
qəbul etdi
Dünən Milli
Məclisin (MM) növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov öncə
deputatları cari məsələlərin
müzakirəsinə dəvət etdi.
"Milli Məclis Qəbələ
RLS-ə nəzarət etməlidir"
Gülər Əhmədova ölkədə
internet texnologiyalarının əhalinin xeyrinə istifadə olunmasını
təklif etdi. "Mən xahiş edirəm ki, "Azercell" şirkəti
satdığı mobil telefonların
hamısında yeni
"HELP ME" adlı application yaratsın və
cihazları bu xidmətlə
təmin etsin. Hər hansı
zorakılığa məruz qalan insan bu xidmət vasitəsilə
birbaşa Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və
Ombudsmanın yaratdığı qaynar xəttə çıxış
imkanını qazansın".
Fazil
Mustafa isə ordumuzda 7 əsgərin güllələnməsindən
sonra bu günlərdə Azərbaycanda 5 yaşlı Sevinc Əliyevanın
valideynləri tərəfindən öldürülməsini
növbəti sarsıdıcı hadisə adlandırdı. Deputat
bu istiqamətdə qanunvericiliyə diqqət
artırılmasını istədi: "Belə məsələlərdə
təkcə qanun qəbul etməklə kifayətlənmək
olmaz. Biz bu qanunlara
nəzarət mexanizmi
haqqında da düşünməliyik".
F.Mustafa
Qəbələ RLS-lə bağlı yayılan məlumatlara
da münasibət bildirərək dedi ki, Azərbaycanın
razılığı olmadan ölkə ərazisində yerləşən
bir hərbi məntəqənin modernləşməsindən
söhbət gedə bilməz: "Əlində Kalaşnikov
avtomatı olan xarici ölkə əsgərinin kiçik bir
binada olması, onun işğal olunmuş ərazilərdə
olmasından daha təhlükədir. Əgər Qəbələ
RLS icarəyə verilibsə, xarici ölkə burda istədiyini
edə bilməz. Bu məsələyə
mütləq parlament nəzarət mexanizmi olmalıdır".
Siyavuş
Novruzov isə bildirdi ki, Qəbələ RLS ilə
bağlı məsələ lazımsız yerə
şişirdilir. Sözügedən obyektlə bağlı
icarə müddətinin bitməsinə hələ bir il
qaldığını xatırladan Novruzovun fikrincə, bir ildən
sonra icarəni uzatmaq lazım gəlsə, bu məsələyə
yenə MM-də baxılacaq. "Hardansa sızan
informasiyaları şişirdilmiş formada cəmiyyətə
təqdim etmək lazım deyil. Bu, hərbi baza deyil, bu,
informativ xarakterli məntəqədir", - deyən S.Novruzov
Bakıya qoşun yeridilməsi, silahlı dəstələrin
yaradılması haqda mətbuatda yazılanları da yalan və
böhtan adlandırdı. Onun fikrincə, bununla ictimaiyyətdə
ajiotaj yaratmaq istəyirlər.
S.Novruzov
soyqırımı ilə bağlı ümumi bir abidənin
hazırlanmasını da təklif etdi: "Belə vahid abidə-muzey
xarici qonaqları başımıza gəlmiş
ayrı-ayrı faciələr və təcavüz barədə
məlumatlandırmağa imkan verəcək. Ayrı-ayrı
hadisələr haqqında müxtəlif abidələrin
qoyulması ilə hədəflərimizə çata bilməyəcəyik".
"Əhməd Cavadın adına
müzey açılsın!"
Fərəc
Quliyev Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ
münaqişəsinin adlandırılması məsələsinə
diqqət çəkdi. Onun sözlərinə görə, Azərbaycan
siyasətçiləri bəzən səhvən
münaqişəni "Azərbaycan-Ermənistan-Dağlıq
Qarabağ münaqişəsi" adlandırırlar: "Mən
bunun əleyhinəyəm. Ermənistan parlamenti Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi ilə
bağlı təsdiq etdiyi sənədi ləğv etməyib.
Belə olduğu halda Qarabağ ermənilərinin
münaqişədə tərəf kimi iştirak etməsini
ortaya atır. Odur ki, biz bu ifadədən imtina etməliyik. Mən
təklif edirəm ki, bu münaqişədən
danışanda ya "Ermənistan-Azərbaycan müharibəsi"
deyilsin, ya da "Qarabağ münaqişəsi"".
Məlahət
İbrahimqızı isə 31 mart azərbaycanlıların
soyqırımı günü il bağlı dünya
parlamentlərinə müraciət ünvanlanmasının vacibliyinə
toxundu. O, Azərbaycanın dövlət himninin sözlərinin
müəllifi Əhməd Cavadın Azərbaycanda qəbri
olmadığını deyərək, heç olmasa Bakıda
onun adına muzey açılmasını təklif etdi.
Tahir
Rzayev isə hüquq müdafiəçisi Leyla Yunusdan
şikayətləndi: "Leyla Yunus qəzetlərdən
birində Ombudsman Elmira Süleymanova barədə bildirib ki,
"günahsız insanların qanı Elmira xanımın
koftasına bulaşıb. Ombudsman özü bu məsələyə
münasibət bildirməlidir".
Elmira
Axundova isə MM-in özünün müstəqil parlament
kanalı açmasını istədi: "Əgər bu,
mümkün deyilsə, AzTV rəhbərliyindən, həmkarımız
olan Arif Alışanovdan xahiş edək ki, yeni
açılan "Mədəniyyət" kanalında Milli Məclisin
fəaliyyətini işıqlandırmaq üçün
gündə 1-2 saat vaxt ayrılsıın".
Vitse-spiker
Bahar Muradova isə ATƏT-in qış sessiyasında Azərbaycan
nümayəndə heyətinin gördüyü işlər
barədə deputatlara geniş məlumat verdi.
Ombudsmana edilən şikayətlər artıb
Daha
sonra İnsan hüquqları üzrə müvəkkilin
(ombudsman) illik məruzəsi dinlənildi. Elmira Süleymanova
bildirdi ki, 2010-cu ildə ombudsmana edilən şikayətlərin
sayı əvvəlki ilə nisbətən 32 faiz
artıb və
onların sayı 11 min 660-a
çatıb. Hesabat ilində
bir çox sahədə,
o cümlədən qanunsuz
tikililərin dağıdılması, mənzil-istismar
məsələləri, dövlət yol polisi ilə bağlı
şikayətlərə baxılıb. Onun sözlərinə
görə, əhali ilə görüş
və aparılan
monitorinqlərin nəticəsində ötən il bir çox
dövlət qurumlarında rüsumlar, cərimələrin məbləği
ilə barədə məlumatların görünən yerdə
asılmasına nail olunub.
Ombudsman
həmçinin bildirdi ki, ona ünvanlanan şikayətlərin
1041-i korrupsiya və rüşvət halları ilə
bağlı olub. "Ötən il ərzində daxili işlər
orqanları əməkdaşları tərəfindən insan
hüquq və azadlıqlarının pozulması ilə
bağlı 174 fakt qeydə alınıb. Onların 51-i vətəndaşlarla
kobud rəftar, 38-i əsassız saxlama, 46-sı polisə əsassız
gətirilmə, 22-si sürücülərin
hüquqlarının pozulması, 5-i əsassız cinayət
məsuliyyətinə cəlb etmə ilə əlaqədar
olub. Bu cür hərəkətlərə yol verən 276 əməkdaş
intizam məsuliyyətinə cəlb edilib, 18 nəfəri
orqanlardan xaric olunub, 20-si vəzifəsindən azad edilib, 238 nəfər
barəsində müxtəlif dərəcəli inzibati tədbirlər
görülüb. 14 fakt üzrə polis əməkdaşları
tərəfindən qanunvericilik və insan haqlarının
pozulması faktı aşkarlanıb", - deyən
E.Süleymanova bu şikayətlərlə bağlı
DİN-ə 529 sorğu göndərildiyini bildirdi. Ombudsman
dedi ki, bəzi hallarda cinayət hadisələrinin qeydiyyata
alınmaması, polis əməkdaşları tərəfindən
vətəndaşlara qanuna zidd olaraq güc tətbiq edilməsi,
vətəndaşların müraciətlərinə
baxılmasında süründürməçilik halları
müəyyən edilib: "Bəzi müstəntiqlərin
qeyri-peşəkarlığı, bəzi hallarda cinayətin
üstünü bilərəkdən ört-basdır etmək
cəhdləri, həmçinin toplanmış materiallar
üzrə yoxlamaların natamam aparılması haqqında tələsik
qərar qəbul edilməsi də şikayətlərə yol
açıb".
E.Süleymanova
işgəncə və qeyri-insani rəftar, ləyaqəti
alçaldan hərəkətlərlə bağlı DİN-ə
24 müraciət etdiyini də söylədi. "Amma bu
müraciətlərə verilən cavablara görə
bildirilib ki, faktlar təsdiqini tapmayıb. Dövlət Yol Polisi
ilə bağlı 163 şikayətin təhlili göstərib
ki, sürücülərlə kobud rəftar, qeyri-peşəkar
münasibət, müəyyən olunmuş cərimələr
artıq əsassız pul tələbi kimi qanunsuzluqlara yol
verilib".
"Ombudsman icra strukturunun əlavəsidir"
Müzakirələr
zamanı Zahid Oruc təklif etdi ki, tikinti sahəsində vətəndaşların
aldadılması faktları ilə bağlı dövlət
qurumlarının da məsuliyyəti
artırılmalıdıri. Deputat keçmişdə
tikilən evlərin qeydiyyata
alınması məsələsini
də qaldırdı: "İndi Azərbaycanda sosial amnistiya qərarına ehtiyac var. Əgər
kimsə 10 ildən artıq bir yerdə
yaşayırsa, onun qeydiyyata
alınması zəruridir".
F.Mustafa
isə bildirdi ki, ombudsmanın hesabatında çox dəyərli
təkliflər var. O bu təkliflərin sırasına
mülkiyyət hüquqları ilə bağlı daha çox
məsələnin daxil edilməsini də istədi:
"İndi məhkəmə qərarı olmadan evlərin
sökülməsi, zorakı yolla mülkiyyətin əldə
edilməsi adi hala çevrilib. Tikintidə o qədər
effektsiz layihələr ortaya qoyulur. Hansı ki, evi
sökülənlərə 500 min ödənilmir".
Mustafa
korrupsiyaya qarşı mübarizədən də
danışdı. Onun fikrincə, bu mübarizə öncə
inhisarçılıqdan başlamalıdır: "Əvvəlcə
inhisarçılıq qaldırılmalı, azad
sahibkarlıq yaranmalıdır. Onda işsizlik problemi də həll
olunar və korrupsiyaya qarşı effektiv mübarizə aparmaq
mümkün olacaq".
İqbal
Ağazadə isə hesab edir ki, ombudsmanın hesabatı
ölkədə baş verənlərə dair yekun xülasədir:
"Ombudsman bu şəkildə çıxış
hazırlamamalıdır. Bu sənəddə sərbəst
toplaşmaq hüququnun tapdanması ilə bağlı faktlar
salınmalıydı. Niyə ombudsman siyasi qurumların mitinq
və küçə yürüşlərinə dair
bütün müraciətlərinə Bakı Şəhər
İcra Hakimiyyətinin qeyri-qanuni cavabına münasibət
bildirməyib? Avropa Məhkəməsində Eynulla Fətullayev
barəsində çıxarılan qərarın yerinə
yetirilməməsi ombudsman tərəfindən çox kəskin
şəkildə tənqid edilməliydi. Burda isə sadəcə
jurnalistin vəkilinin Ali Məhkəməyə verdiyi
hansısa kassasiya şikayətindən bəhs olunur".
İ.Ağazadə
hazırda Azərbaycan vətəndaşlarının məhkəməyə
güvənmədiyini deyərək hesabatda bu məsələyə
də diqqət yetirilmədiyini bildirdi. "Niyə qeyd
olunmayıb ki, indiyə qədər Azərbaycan məhkəmələrində
dövlət ittihamçısının istədiyi cəzadan
fərqli bir cəza olubmu? Məhkəmələr bu gün
prokurorluqdan asılıdır. Nə qədər ki, ombudsman
icra strukturunun əlavəsi kimi fəaliyyət göstərəcək,
müvəkkilin bundan artıq fəaliyyəti də
olmayacaq", - deyə İ.Ağazadə vurğuladı.
Siyavuş Novruzov: "Leyla Yunus erməni əsillidir"
Fərəc
Quliyev isə dedi ki, ombudsmanın fəaliyyəti sahəsində
Budapeştdə erməni hərbçisini öldürdüyünə
görə ömürlük azadlıqdan məhrum olan
ordumuzun zabiti Ramil Səfərovun hüquqlarının
müdafiəsinin də yer almalıdır: "Ombudsman həmçinin
Qərbi Azərbaycan, Dağlıq Qarabağ və digər
rayonlardan qaçqın və məcburi köçkün
düşən şəxslərin beynəlxalq məhkəmələrə
şikayət etməsinə dəstək və kömək
göstərməlidir".
İlyas
İsmayılov isə məruzədə söz
azadlığına dair bölməsində yazılanlara
etiraz etdi. Deputat qeyd etdi ki, hesabatın bu hissəsində
KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən
həyata keçirilən layihələr, jurnalistlərin
mükafatlandırılması haqqında məlumatlar yer
alıb: "Bunların ombudsmanın fəaliyyətinə nə
dəxli var? Daxili işlər orqanlarına aid statistik məlumatların
bu hesabata nə aidiyyəti var?"
S.Novruzov
isə Leyla Yunusun Elmira Süleymanovanın ünvanına
söylədiyi fikrə qayıdaraq hüquq müdafiəçisini
ermənilərlə əlbir olmaqda ittiham edib. "Zərdüşt
Əlizadə öz kitabında Leyla Yunusun erməni əsilli
olması ilə bağlı faktları açıqlayıb. Belə
çıxır ki, bu adamlar erməni ola-ola, öz əlləri
azərbaycanlıların qanına bulaşdığı
halda digərlərinin əlinin qana
bulaşdığını deyirlər. Görün, biz nə
qədər tolerant ölkədə yaşayırıq",
- deyə S.Novruzov ironiya ilə bildirdi.
Aqil
Abbas isə Azərbaycanda polislərin hüquqlarının
müdafiəyə ehtiyacı olduğunu dedi. Onun sözlərinə
görə, yol polisi tərəfindən keçirilən
reydlərdə görünür ki, qanunu pozan vətəndaşlar
az qalır polisi döysünlər: "Hər kəsin
haqqını qoruyuruq. Amma polisin hüququ qorunmur. Xahiş edirəm,
Azərbaycanın bel sütunlarından biri olan polisləri də
müdafiə edək".
Oqtay
Əsədov isə çıxışların çox
olduğunu və növbəti məsələləri
müzakirə etməyə az vaxt qaldığını
görərək müzakirələri yarımçıq
saxladı. Beləliklə, 105 səs lehinə, 1 səs əleyhinə
olmaqla ombudsmanın illik məruzəsi qəbul edildi.
Daha
sonra bir neçə hökumətlərarası saziş təsdiq
edildi. Deputatlar həmçinin "Əməliyyat-axtarış
fəaliyyəti" "Yol hərəkəti",
"Gömrük tarifi", "Yeyinti məhsulları",
"Dərman vasitələri" haqqında qanunlara bəzi əlavə
və dəyişikliklər etdilər.
Aqil ASLAN
Ekspress.- 2011.- 5-7 mart.- S.5.