Üç prezidentin 8-ci görüşü
Soçi görüşündən nə gözləyək?
Bu gün
Azərbaycan və Ermənistan prezidentləri
Rusiyanın dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi ilə Soçidə bir araya gələcəklər.
Bu, İlham Əliyevlə Serj Sərkisyanın 2011-ci ildə ilk
görüşü olacaq.
Görüşə ATƏT-in Minsk qrupunun həmsədrləri
də qatılacaqlar.
Qeyd
edək ki, Soçi görüşü Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasına dair
üçtərəfli formatda keçirilən sayca 8-ci
görüş olacaq. Ümumiyyətlə, 2008-ci ildən bəri
Azərbaycan və Ermənistan prezidentləri 11 dəfə
görüşüblər, lakin Qarabağ nizamlanmasında
indiyədək hər hansı bir irəliləyiş qeydə
alınmayıb. 12-ci görüşdə hansısa yeniliyə
ümid varmı?
"Prezidentlərin
Soçi görüşündən gözləntimiz odur ki,
Ermənistan qeyri-konstruktiv, qeyri-rasional yolundan əl çəkərək
Azərbaycan torpaqlarını azad edəcək",-deyə
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanov
jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə
görə, Azərbaycan prezidentinin mövqeyi ondan ibarətdir
ki, sülh danışıqları davam etdirilsin, amma hər
bir sülh danışığının da bir limiti var:
"Bu limit başa çatan zaman təbii ki, alternativ
yolları düşünmək bizim haqqımız, bizim
borcumuzdur. Ermənistanın isə öz vətəndaşlarının
gələcəyini düşünəcəyini,
qeyri-konstruktiv yoldan əl çəkəcəyini gözləyirik.
Ermənistan rəhbərlərinin ölkənin
inkişafı haqqında düşünməsinin vaxtı
çatıb. Ümid edirəm ki, Ermənistan qeyri-konstruktiv
yoldan əl çəkib, Azərbaycan torpaqlarından
çıxaraq, regionda sabitliyin bərqərar olunması
üçün müəyyən işlər görən
dövlətə çevrilə biləcək".
Aslanov
vurğulayıb ki, Soçi görüşünün həlledici
olması üçün Ermənistanın tutduğu
qeyri-konstruktiv mövqedən çəkilməsi zəruridir.
Şöbə müdiri onu da qeyd edib ki, bu gün beynəlxalq
təşkilatların Qarabağ münaqişəsi ilə
bağlı bəyanat və fikirləri Azərbaycan
üçün kifayət deyil: "Artıq real işlərə
keçmək lazımdır. Biz istəyirik ki, beynəlxalq təşkilatlar
ortaya siyasi iradə qoysun, Ermənistanı təzyiq və digər
vasitələrlə Azərbaycan torpaqlarını
boşaltmağa vadar etsin".
Şöbə
müdiri hesab edir ki, "Azərbaycanın inkişafı, Ermənistanın
isə günbəgün tənəzzülə
uğraması onu göstərir ki, zaman gələcək ermənilər
Azərbaycanla sülh sazişi imzalamağa məcbur
olacaqlar".
"Dağlıq
Qarabağın Azərbaycanlı İcması" İctimai
Birliyinin sədri Bayram Səfərov da jurnalistlərə
açıqlamasında bildirib ki, o, "prezidentlərin
Soçi görüşündən uğurlar gözləyir".
Səfərov
Dağlıq Qarabağın erməni icması ilə hər
zaman görüşməyə hazır olduqlarını da
bildirib.
Politoloq
Rasim Musabəyov isə "Media forum"a bildirib ki, Soçi
görüşündən ciddi nəticə əldə
olunacağına ümid etmir": Hesab etmirəm ki, ictimaiyyətə
uğurlu nəticə, qeyri-adi nəsə təqdim edilsin. Ancaq
görüşü mənasız adlandırmaq da düz
olmazdı. Ən azı nəzərə almaq lazımdır
ki, dövlət başçıları boş-boş
görüşlərə vaxt sərf edəcək bekar şəxs
deyillər. Hər halda kifayət qədər vacib məsələlər
mövcuddur. Yəni hər hansı irəliləyişə
nail olunmadıqca müharibə təhlükəsi günbəgün
artır. Bunun qarşısını almaq üçün vəziyyəti
dəyişmək lazımdır. Amma yenə təkrar edirəm
ki, bu görüşdə sülh razılaşmasının
əldə olunması mümkün görünmür".
Sülhəddin
Əkbər isə hesab edir ki, prezidentlərin növbəti
görüşü Rusiyanın danışıqlar prosesində
təşəbbüsü əlində saxlamasına xidmət
edir: "Mətbuata sızan informasiyalara görə, İlham
Əliyev Rusiya prezdentinin vasitəçiliyi ilə 2010-cu il
oktyabrın 27-də Həştərxanda keçirilən
görüşdən narazı qalıb. Yəni İlham Əliyevin
Rusiyaya reveranslarının cavabsız qaldığı
aşkara çıxıb, Rusiya rəsmi Bakının
gözləmədiyi halda Ermənistanın mövqeyini
müdafiə edib. Düşünürəm ki, Rusiya
prezidenti bu dəfə çalışacaq ki,
danışıqlar prosesində nisbi balans yaratsın və
bununla Azərbaycan tərəfində yaratdığı
narazılığı qismən aradan qaldırsın"
(Media forum).
S.Əkbər
5 mart görüşündən konkret nəticə gözləmir":
Rusiya Cənubi Qafqazda hakim mövqeyə sahibdir. O isə
konfiliktin həll olunmasında maraqlı deyil.
Bütövlükdə isə danışıqlarda aktivləşmə
gözləniləndir. Məsələni regionda və
dünyada baş verən proseslər kontekstində dəyərləndirsək,
həm ABŞ-ın, həm də Avropa Birliyinin sülh
danışıqlarında daha aktiv mövqe nümayiş
etdirəcəyini gözləmək olar. Çünki bu
konfiliktin uzanması onların da maraqlarına uyğun
deyil".
Məlum
olduğu kimi, Qarabağ danışıqlarında
patronajlığı ələ alan Rusiya heç bir yeni ideya
təklif etmir, onun portfelində "münaqişə tərəfləri
arasında əldə oluna biləcək istənilən
sülh sazişi ilə razılaşmaq" kimi köhnə
ideyadan başqa da yeni bir şey yoxdur. Politoloq Rasim Ağayev
deyir ki, bu, hiyləgər mövqedir":Çünki
yaxşı bilirik ki, Rusiya Qarabağ müharibəsində
gizli və fəal şəkildə iştirak edib, Ermənistana
hərbi sursat və texnika ötürməklə
yanaşı, informasiya və siyasi dəstək də
nümayiş etdirib. Buna görə hazırda onun hakim
mövqeyində durması bizdə inam yaratmır. Lakin nə
etmək olar, bu forma artıq sabitləşib və Rusiyaya
münaqişənin nizamlanmasında öz formatını və
yanaşmasını dəstəklədiyini göstərmək
və çox şeyin ondan asılı olduğunu dünya
ictimaiyyətinə nümayiş etdirmək üçün
belə görüşlər keçirmək
lazımdır" (ANS-Press).
Ekspertin
sözlərinə görə, Rusiya yaxın qonşudur və
ondan çox şey asılıdır:
"Düşünürəm ki, sözügedən
görüşdə nəyin əldə
olunub-olunmayacağından asılı olmayaraq, Brüssel,
Avropa ölkələri və Vaşinqtonda bu prosesi diqqətlə
izləyəcəklər.
Tərəflərə
gəldikdə isə, Ermənistan prezidenti Serj Sərkisyanın
Moskvada Dmitri Medvedyevlə görüşməsi və Rusiya
ilə müəyyən razılaşmalar əldə etməsinə
baxmayaraq, bunları demək olar: həm İrəvan, həm də
Bakıda bütün diqqətlər bilavasitə sərhədləri
yaxınlığında baş verən inqilabi vəziyyətlərə
yönəlib. "Mən Yaxın Şərq regionunu əhatə
edən inqilab qəzəbini nəzərdə tuturam. Həmin
vəziyyət artıq İrana da sirayət edib və onun
"hava"sı həm İrəvanda, həm də
Bakıda, əhval-ruhiyyə və bütün ictimai-siyasi vəziyyətə
təsir etməyə bilməz. Biz bunu hiss edirik və
hazırki vəziyyətdə tərəflər məqbul qərar
qəbul edərlərsə, bu hakim təbəqə və
hökumət dairələrinin mövqeyini möhkəmləndirə
və xeyir gətirə bilər. Lakin məsələ
burasındadır ki, Dağlıq Qarabağ münaqişəsi
Ermənistanda çətin ki, birmənalı şəkildə
müsbət qarşılana bilən problemlər
sırasına aiddir", - deyə ekspert qeyd edib.
Rasim
Ağayevin sözlərinə görə, Sərkisyanın
kreslosu real olaraq laxlayır və çətin ki, ondan nəsə
gözləmək olar":Soçi görüşü
çətin ki, qarşılıqlı addımla nəticələnsin.
Çünki vəziyyət Ermənistanın təkid etdiyi
Qarabağda referendumun keçirilməsi mövzusuna dirənib
ki, buna da Azərbaycan gedə bilməz. Hazırda bir neçə
güzəştli qərar var, lakin Ermənistan tərəfi
belə qarşılıqlı addımların
atılmasına hazır deyil. Güman edirəm ki, Soçi
görüşü yeni yanaşmaların hazırlanması səylərinin
həyata keçiriləcəyi sülhməramlı mahiyyət
daşıyır. Lakin hansı yanaşmalar? Bax, məsələ
də elə bundadır. Düşünürəm ki,
Qarabağ problemində irəliləyiş bir müddətdən
sonra olacaq".
Beləliklə,
Soçi görüşü ilə bağlı ortalıqda
elə bir gözlənti yoxdur. Bir çox ekspertlərə
görə, üç prezidentin 8-ci
görüşünün önəmi sadəcə bundan ibarət
olacaq ki, tərəflər danışıqların davam
etdirilməsində maraqlı olduqlarını nümayiş
etdirəcəklər. Yəni proses davam edir, müharibə təhlükəsi
yoxdur.
Rusiyanın
isə, "Arşın mal alan" operettasının qəhrəmanı
Soltan bəy demişkən, muzdu bundan ibarət olacaq ki, Moskva
bir daha danışıqlar prosesinin onun nəzarəti
altında olduğunu, Cənubi Qafqaz regionunda söz sahibi
olduğunu nümayiş etdirəcək..
A.Xəlil
Ekspress.- 2011.- 5-7 mart.- S.3.