İsmayıl Şıxlının barelyefi açıldı

 

Martın 7-də xalq yazıçısı İsmayıl Şıxlının yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi olub. Tədbirdə Azərbaycan ədəbiyyatının və mədəniyyətinin görkəmli simaları, ziyalılar, İsmayıl Şıxlının ailə üzvləri iştirak edib.

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev xalq yazıçısının həyat yaradıcılığı barədə danışıb. Bildirib ki, Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olan İsmayıl Şıxlının məşhur "Dəli Kür" romanı roman əsasında çəkilmiş eyniadlı film onu milyonların sevimlisinə çevirib, həm ədəbiyyat, həm kino ictimaiyyəti arasında böyük qələm sahibi kimi şöhrətləndirib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar İsmayıl Şıxlını dövrünün ən böyük yazıçılarından biri adlandırıb.

Onun sözlərinə görə, İ.Şıxlı xatirələrdə həm böyük yazıçı, həm də kübar ziyalı kimi qalıb.

Sonda mərhum yazıçının oğlu, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı atasının xatirəsinin əbədiləşdirilməsi məqsədilə onun yaşadığı evin qarşısında xatirə lövhəsinin vurulmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, xatirə lövhəsi İsmayıl Şıxlının yaşadığı binaya (Üzeyir Hacıbəyov, 27) vurulub. Xatirə lövhəsinin müəllifi heykəltəraş Natiq Əliyevdir.

 

 

AYXAN

 

Ekspress.-2011.-8-9 mart.-S.14.