Yel çərşənbəsi

 

"Külək baba, mən yatıram, sən də yat..."

 

Boz ayın üçüncü çərşənbəsi olan yel çərşənbəsi 8 Mart - Beynəlxalq Qadınlar Gününə təsadüf etdi. Bu çərşənbəyə el arasında "külək oyadan çərşənbə", "yelli çərşənbə" deyilir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" Tofiq Babayevin sözlərinə görə, bu çərşənbədə yellə, küləklə bağlı nəğmələr, əfsanələr, müdrik kəlam və məsəllər, atmacalar və s. söylənilərdi: "Əski etiqadlara görə, bu çərşənbədə yel ayılar, külək ərzi dolaşar, səsi-sorağı dünyanın o biri başından gələr, oyanmış suyu, odu hərəkətə gətirər, torpağı qızdırar, donmuşları oyadar. Bu təbiətin elə bir vaxtıdır ki, qış gücdən düşərək, son köçünü sürür, qar əriyib solur. Torpağın donu açılır, canına hərarət hopur".

Müsahibim deyir ki, əski etiqadlarda, ulu inamlarda külək də canlı hesab olunub. Bəzən onu insanlaşdırmış, çox vaxt isə tanrılaşdırıblar. T.Babayevin dediyinə görə, bu çərşənbədə oyanan yel yazın nəfəsindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəyişməsi olur ki, bu da yelin özünün təmizlənməsi kimi də qəbul edilir: "Bu çərşənbədə insanlar inanırdılar ki, onlar bəd əməllərdən çəkinməyəndə, haqsız qanlar töküləndə yel baba da qəzəblənər, günlərlə fasiləsiz əsib, coşar. Onda anasının ilki olanlardan xahiş edirlər ki, çölə çıxıb

 

   "Mən anamın ilkiyəm, ağzı qara tülküyəm,

   Külək baba, mən yatıram, sən də yat!"

 

mahnısını oxusun. bu xahişi eşidən külək baba da yavaş-yavaş ram olur. İnsanlar ona da inanarmışlar ki, yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürmək olmaz. Gərək yel baba xırmanı sovursun sonra. Həm deyərdilər ki, sovrulmamış buğda götürənin oğlu ölər, xırman sovrulandan sonra ilk buğda götürənin isə oğlu olardı.

T.Babayevin sözlərinə görə, bu çərşənbədə insanlar yel dağına ziyarətə gedərmişlər. Ürəklərində dilək tutanlar özlərilə nəzir-niyaz gətirər, qurban kəsərdilər: "Yel baba kimin nəzirini, qurbanını qəbul etsə o adam xeyir tapar, arzusuna çatar. Bəzi bilicilər məsləhət görərdilər ki, yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə, yel babanı çağır. Əgər yel baba səsinə səs verib əssə, söyüdün budaqları torpağa toxunsa, diləyin yerinə yetər".

  

 

Aytən NƏBİYEVA

 

Ekspress.- 2011.- 8-9 mart.- S. 8.