"Muğam aləmi"nin proqramı
Martın 14-də Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət
və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar
İttifaqının birgə təşkilatçılığı
ilə "Muğam aləmi" II Beynəlxalq Muğam
Festivalının açılışı olacaq. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, martın 21-dək davam edəcək festivalın
proqramı artıq müəyyən edilib. Bir həftə
davam edəcək festival çərçivəsində
muğama həsr olunan müzakirələr keçiriləcək,
klassik və simfonik muğamlar səsləndiriləcək.
Festivalın
açılışı martın
14-də, saat 17.00-da
Beynəlxalq Muğam
Mərkəzində
olacaq. Martın 15-də, saat 11.00-da isə Milli Elmlər
Akademiyasının Tarix Muzeyində "Azərbaycan
muğamı və Orta Şərq musiqisi" adlı elmi
simpoziumun açılış mərasimi olacaq. Həmçinin,
festival çərçivəsində Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin
"Leyli və Məcnun", Müslüm Maqomayevin
"Şah İsmayıl", Fikrət Əmirovun
"Sevil" operaları nümayiş etdiriləcək.
Heydər Əliyev Sarayında isə
"Muğam-latinos"
adlı konsert keçiriləcək.
Festival iştirakçıları Beynəlxalq Muğam Mərkəzində
əməkdar artist Zabit Nəbizadənin ifasında
"Rast" muğamını dinləyəcəklər.
Xalq artistləri Nəzakət Teymurova "Cahargah",
Aygün Bayramova "Bayatı-Şiraz", əməkdar
artistlər Təyyar Bayramov "Şur", Cabir Abdullayev
"Segah", Simarə İmanova "Şüştər",
Teyyub Aslanov "Humayun" muğamını oxuyacaqlar.
Bundan başqa, festival
çərçivəsində
müxtəlif
ölkələrin ifaçılarının konsertləri də
təşkil ediləcək.
Həmçinin,
dünya şöhrətli xanəndə,
xalq artisti Alim Qasımovun
ustad dərslərinin keçirilməsi gözlənilir.
Festival martın
21-də Heydər Əliyev Sarayında keçiriləcək qala-konsertlə
başa çatacaq.
Ekspress.-2011.-12-14
mart.-S.31.