Batumidə "Əli və Nino"ya abidə qoyulub

 

Gürcüstanın Batumi şəhərində azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edən qeyri-adi maraqlı heykəl ucaldılıb. Türkiyənin "Hürriyyət" qəzetinin məlumatına görə, ötən ilin sonlarında ucaldılan abidə sevgiyə həsr edilib. Əvvəllər heykəlin adı "Kişi qadın" olsa da, sonradan "Sevgi" ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə Tamara Kvesitadzedir. Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir (platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər. Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi azərbaycanlı yazıçı Qurban Səidin "ƏliNino" əsəri olub. Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü qızı Ninonun simvoludur.

Tamara Kvesitadze 1968-ci ildə Tiflisdə doğulub. Dünya miqyasında məşhur olan heykəltəraş əsərlərində yeni materiallardan istifadə etməsi ilə tanınır.

Yeri gəlmişkən, Türkiyə mətbuatı bu abidəni nədənsə "eybəcər" adlandırıb.

 

 

Ekspress.-2011.-12-14 mart.-S.20.