Yaddaşımızdakı səs...
Rəşid
Behbudovdan sonra xarici ölkə mahnılarını Sara Qədimova
qədər gözəl oxuyan ikinci bir müğənni
olmamışdı. Sara xanım əcnəbi dillərdə
25 mahnı ifa etmiş və lentə
yazdırmışdı.
Bunlardan ərəbcə
oxunan "Xəyalımın
nuru", "Yamayilə", "Leyla",
"Sili", farsca səslənən
"Rəftəm
ki, rəftəm",
"Peşiman şodəm",
"Bahori mən",
İndoneziya mahnısı
"Vurğunam", tacikcə
ifa olunan "Məhəbbət"
və başqa
mahnıların
adını çəkmək
mümkündü.
"Xəyalımın
nuru" mahnisindan söz
düşmüşkən,
1960-cı ildə Sara
xanım Misirə
qastrol səfərinə
getmişdi. Onu tarda Məmmədağa
Muradov, kamançada Habil Əliyev müşayiət edirdilər.
Sara Qədimova burada məşhur ərəb müğənnisi
Fehruz xanımla və dünya şöhrətli bəstəkar-müğənni
Fərid Əl-Ətraşla tanış olur. Fərid Əl-Ətraş
özünün "Xəyalımın nuru"
mahnısını Sara xanıma öyrədir. Böyük
müğənni açıq havada bu mahnını elə
gözəl ifa edir ki, yüzlərlə tamaşaçı
ayağa durub məşhur rus "Tanqo"sunu oynayır. Bu
mahnını dörd dəfə Sara xanıma oxutdururlar.
"Xəyalımın nuru" Misirdə "ilin ən
yaxşı mahnısı" elan olunur.
Sara Qədimovanın İraq müğənnisi Sinan Səidlə
birlikdə oxuduğu "Dühüllə"
mahnısısa indi də o ölkənin radiosunda səsləndirilir.
Qarabağ qadınlarının comərdliyi,
qorxmazlığı, Bakı gözəllərinin
xanımyanalığı Saranın şəxsində vəhdət
təşkil edirdi. O, ən mötəbər məclislərə
dəvət olunurdu. Çoxları özünü
yerişindən, oturuşundan, naz-qəmzəli
danışığından kübarlıq yağan Sara
xanıma bənzədər, ona oxşamağa
çalışardı. Di gəl, füsunkar müğənnini
təkrarlamaq mümkünsüz idi.
Müğənnilər onu əliaçıq,
çörəkli bir insan kimi xatırlayırlar. Sara
xanım öz tikəsini hamıyla yarı bölərdi.
Onunla qastrola gedənlər heç vaxt, heç nədən
korluq çəkməzdilər. Təşkilatçılıq
bacarığı öz yerində, Sara xanım əl-qolunu
çırmalayıb dadlı-tamlı xörəklər
hazırlayar, sənət dostlarını bu sarıdan da
qayğılanmağa qoymazdı. Elə buna görə də,
səhnədə böyük müğənni, evdə əsl
xanım olan bu qadına həsəd aparardılar.
Sara Qədimovanın olduqca ciddi və
zabitəli xasiyyətinə işarə ilə Xan
Şuşinski həmişə zarafata salıb deyərdi:
"Moskvada Stalin, Bakıda Mircəfər Bağırov,
filarmoniyada Sara xanım. Dad onların əlindən".
Yaşından asılı olmayaraq müğənnilər
onun yanında özünü yığışdırar,
söz-söhbətlərinə, danışıqlarına
fikir verərdilər.
Heç vaxt dilinə yalan gəlməz,
heç kəsin sözünü danışmaz,
paxıllıq və qeybət, kin-küdurət nə
olduğunu bilməzdi.
Adlarının çəkilməsi
belə yasaq olan vaxtda Hüseyn Cavidin şerlərini,
Müşfiqin yeganə qəzəlini məhz Sara xanım
oxuyub. Onun cəsarəti, qorxmazlığı, yalnız bu
faktla bitmir. İdeoloji sədlərə baxmayaraq fars şairi
Racinin qəzəlini, "Mahur hindi" muğamı
üstündə "Mürği-səhər"i, 1959-cu
ildə Vasif Adıgözəlovun Türkiyədən bəhrələnməklə
bəstələdiyi, ifasına icazə verilməyən
"Unutdun məni" mahnısını senzuraya məhəl
qoymadan tamaşaçıların ixtiyarına
çatdıran da Sara Qədimova idi.
"Qarabağın maralı"
mahnısı. Bu gün çoxları belə adda bəstədən
və onun ilk dəfə Sara xanımın ifasında səslənməsindən
xəbərsizdi. Qaim-qədim Qarabağ torpağının
yetirməsi, həvəskar bəstəkar İsgəndər
Novruzlunun yazdığı, sonralar adı dəyişilərək
"Azərbaycan maralı" şəklinə düşən
bu mahnının taleyi ağır olmuşdu. Əfrasiyab Bədəlbəyli
xatırlayırdı ki, "Qarabağın
maralı"nı melodiyası türk musiqisinə
yaxınlığı bəhanəsilə oxumağa
qoymurdular. Amma Sara xanım cürət edib, mahnını
"Şahnaz" muğamının ortasında təsnif
kimi oxudu. Qırx il bu mahnıya üz tutmasına baxmayaraq, onu
lentə yazdıranda Sara Qədimova artıq 70
yaşındaydı. 1992- ci il idi, daha Qarabağ əvvəlki
Qarabağ deyildi. Günü-gündən əlçatmaz,
ünyetməz olurdu cənnət diyarımız. Və beləcə
oraları mahnılardan savayı gəzib-dolanmağın yolu
qalmırdı deyəsən...
Sara Qədimova 1956-cı ilin fevral
ayının 14-nü - Azərbaycan televiziyasının fəaliyyətə
başladığı ilk günü yaxşı
xatırlayırdı: "Həmin gün Bakıya qar
yağmışdı. Hava çox soyuq idi. Həmin vaxt
verilişləri yalnız Bakıda və Sumqayıtda göstərilən
televiziya işə düşürdü. Vaxt yetişdi.
Axşam saat 7-də birinci verilişdə Mehdi Hüseyn,
Süleyman Rüstəm və Teymur Əliyev canlı efirə
çıxdılar. Onlar xalqımızı bu əlamətdar
hadisə münasibətilə təbrik etdilər. Xəstəliyi
ilə əlaqədar verilişə gələ bilməyən
Səməd Vurğunun təbrikini də onun adından
S.Rüstəm çatdırdı.
Sonra tarzən Hacı Məmmədov,
kamançaçı Nefton Qriqoryan və mən
çıxış etdim. "Şahnaz"
muğamını, "Ay dilbər" və "Gülə-gülə"
xalq mahnılarını oxudum. Orası da yadımdadı ki, mən
televiziyada çıxış etmək üçün əvvəlcə
qara ipəkdən səhnə paltarı geymişdim. Teymur
müəllim məni yanına çağırıb
"Sara xanım, bu gün tarixi bir hadisədi. Qara paltar geymək
olmaz. Bunu düz başa düşməzlər. Paltarını
dəyişməlisən"-dedi.
Təcili Mehdi müəllimin
"Pobeda" maşınında evə qayıdıb
paltarımı dəyişdim və televiziyanın ilk
verilişinə ağ libasda çıxdım".
1960-cı illərdə Azərbaycanın
rəhbər şəxslərindən biri olmuş Şıxəli
Qurbanov Sara xanımın sənətini yüksək qiymətləndirirdi.
Onların arasında səmimi ünsiyyət vardı. Ş.
Qurbanov Azərbaycan Ali Sovetinin deputatı kimi təmsil etdiyi
Qusar və Qasım İsmayılov (indiki Goranboy)
rayonlarının seçicilərlə görüşə
gedərkən çox vaxt bəstəkar Süleyman Ələsgərovla
Sara Qədimovanı özü ilə aparırdı.
Ş.Qurbanov bütün konsertlərdə
Sara xanımdan "Xatirələr", "Tarçalan
oğlan", "Qara tellər" mahnılarını və
"Qatar" muğamını oxumasını xahiş edərdi.
Ş. Qurbanov yaxşı bilyard
oynayırdı və bu oyunu Sara xanıma da öyrətmişdi.
Bundan başqa, Sara Qədimova nərd oyunun ustası idi. Ona
qalib gəlmək hələm-hələm kişinin işi
deyildi. Xan Şuşinski, Əbülfət Əliyev, Hacı
Məmmədov, İldırım Həsənov Sara xanımla
nərd oynayanda özlərini
yığışdırırdılar. Bir dəfə Xan əmi
lap divara dirənmişdi. On üç dəfə dalbadal nərddə
uduzmuşdu...
1965-ci ildə Sara xanım
bağına gedərkən avtomobil qəzasına
düşmüşdü. Maşında qardaşı və
rəfiqəsi Sara Məmmədova da var idi. Bu qəza çox
söz-söhbətə səbəb oldu. Hərə
özündən bir əhvalat düzüb qoşurdu.
Çox ağır xəsarət alan Sara xanım Sabunçu
xəstəxanasına yerləşdirilmişdi.
Sənətkara baş çəkməyə
gələn, vəziyyətilə maraqlananlar yetərincəydi.
Onun müalicəsilə məşhur travmotoloq Lev Frankenberq məşğul
olurdu. Bu hadisədən iki il əvvəl sovet nümayəndə
heyətinin tərkibində Sara Qədimovayla birgə
üç ay İndoneziyada olan və müğənniylə
dostlaşan kosmonavt Valentina Tereşkova rəfiqəsinin qəzaya
uğraması xəbərini eşidən təki Moskvanın
ən məşhur travmotoloqu - Trapeznikovu Bakıya göndərmişdi.
Sara xanım xəstəxanada yatarkən də boş oturmurdu.
Füzulinin, Seyid Əzimin, Vahidin kitabları onun əlindən
düşmürdü. Ayağından on kiloqramlıq
ağır daş asılmasına baxmayaraq, o burada otuz iki qəzəl
öyrənir.
Sara xanım əla müalicə
olunur. Amma dedi-qodu, söz-söhbət onu sarsıdıb ruhdan
saldığından, tezliklə konsertlərdə
çıxış etmək istəmir.
Mayın 25-də Şıxəli
Qurbanov Sara xanımı yanına çağırır. Sonradan
sənətkarın özünün
danışdığına görə onların
arasındakı qısa söhbət zamanı "Sara
xanım, niyə oxumursan?" sualına cavab ala bilməyən
Şıxəli müəllim canıyananlıqla "Siz mənim
maşınımda da qəzaya düşə bilərdiz"
deməklə onu inadından döndərir. Bundan sonra Ş.
Qurbanov radio və televiziya komitəsinin sədri Teymur Əliyevə
tapşırır ki, tezliklə Sara xanımın televiziyada
konsertini versin. Teymur Əliyev deyir ki, "nə qədər dəvət
edirk, Sara xanım gəlmir".
Ş.Qurbanovun növbəti
tapşırığı mayın 29, 30, 31-də Sara
xanımın filarmoniyada 3 günlük konsertinin təşkili
ilə bağlı olur.
Amma sən demə, hər yerə
ayın sonuncu günü Niyazinin dirijorluğu ilə simfonik
orkestrinin konsertinin oacağını bildirən afişalar
vurulubmuş. Ş.Qurbanov orkestrin konsertini başqa vaxta
keçirmək barədə göstəriş verir. Niyazi bu
məsələyə görə yamanca pərt olur.
Üç gün filarmoniya
ağzınacan xanəndənin pərəstişkarları ilə
dolub-boşalır. Həkimi Lev Frankenberqin təklifiylə
Sara xanım ilk konsertdə səhnəyə qısa paltarla
çıxır. Çünki, Bakıya belə bir xəbər
yayılmışdı ki, onun bir qıçı kəsilib,
protez düzəldiblər. Hamı böyük maraqla Sara Qədimovaya
tamaşa edir. Sağlam vəziyyətdə səhnədə
görünməsi ilə bütün şayiələrə
son qoyan sənətkar hər üç konserti
"Şür" dəsgahı ilə başlayır.
Sara xanım zarafatı,
deyib-gülməyi çox sevirdi. Hətta səhnədə
muğam və mahnıları gülə-gülə
oxuyardı. Bu əhvalatı xatırlayanda da, həmişə
üz-gözünə təbəssüm
qonardı":1957-ci ildə Kürdəmir rayonunun
Sığırlı kəndinə qastrola getmişdik. Xan əmi,
Şövkət və Əbülfət də burada idi. Kənddə
klub olmadığından, kolxoz sədrinin evinin balkonundan səhnə
kimi istifadə edib oxuyurduq. Kolxozçular isə həyətdə
göy otun üstə bardaş qurub qulaq asırdılar. Təsəvvür
edin, mikrofon yox, camaat da səs-küy salır. Axırı,
kolxoz sədri ayağa durub camaata dedi:
-Ay köpək uşaqları,
sakit olun, görək Bakıdan gələn bu it
uşaqları nə oxuyacaq.
Hamımız sakit dayanıb pərt
halda heç nə demədik. Sonra kolxoz sədri bizi həmin evdə
qonaqlığa dəvət etdi. Əvvəlcə evi necə
tikməsindən söz açdı:
-Bu alt-üst evi çox çətinliklə
tikmişəm. Allahdan arzum budu, sizin eviniz də alt-üst
olsun.
Sonra arvadına acıqlandı:
- Ay zırbazırın qızı,
artistlər bəyəm əl-üz yuyurlar? Tez ol, o zəhrimarı
hazırla, zalım uşağı at kimi acıblar.
Əbülfət dözə bilməyib
dedi:
- Qardaş, biz çörək-zad
yemirik. Səhərdən bizi it uşağı
adlandırdın - dinmədik, evimizi uçurtdun - səsimizi
çıxarmadıq, yeməyimizi zəhirmar elədin -
ağzımızı açmadıq, indi də bizi at elədin...".
1950-60-ci illərdə Bakıda, nəinki
paytaxtda, bütün Azərbaycanda üç gözəl sənətkar
xanımı barmaqla göstərirdilər: Sara Qədimova,
Leyla Bədirbəyli və Nəcibə Məlikova.
Sara xanımı görmək
üçün müxtəlif rayonlardan filarmoniyanın
qarşısına yüzlərlə adam toplaşardı.
Çox vaxt onun başından gül ləçəkləri
tökərdilər. Sara xanım elə səliqəli, elə
yaraşıqlı geyinərdi ki, ona məftunluqla
baxardılar.
Bu üç Azərbaycan gözəli
təsadüfi hallarda Nizami küçəsində gəzintiyə
çıxarkən, hamı onların tamaşasına
dururdı...
Seymur
Elsevər
Ekspress.-2011.-12-14
mart.-S.18.