Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən əsrin ən
qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Bu yaxınlarda Azərbaycan polisinin
tarixinə dair respublikamızda ilk dissertasiya müdafiə
etmiş tədqiqatçı-alim İltifat Əliyarlının
"Şəxsiyyət və zaman" silsilə məqalələrini
böyük maraqla oxudum. Müəllifin Lavrenti Beriya və Mir
Cəfər Bağırov münasibətlərinə aid
dedikləri yalançı şahidlərin 1953, 1956 və
1965-ci illərdə uydurduqlarını tam alt-üst edir.
İLTİFAT ƏLİYARLI:
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra M.C.Bağırov Bakıya
qayıtmışdı. Əvvəlcə onu Qarabağ
İnqilab Komitəsinin sədr müavini göndərmişdilər.
Sonra Azərbaycan diviziyasının komissarı, diviziya hərbi
tribunalının və səyyar sessiyasının sədri vəzifələrində
çalışmışdı. 1921-ci il fevralın 21-də
M.C.Bağırov Azərbaycan Fövqəladə
Komissiyasının sədri təyin olundu. Respublikada dövlət
təhlükəsizliyi məsələləri, o cümlədən
banditizmə qarşı mübarizə bilavasitə FK
orqanlarına həvalə edilmişdi. 1922-ci il mart ayından
isə M.C.Bağırov Azərbaycan SSR-in həm xalq daxili
işlər komissarı və eyni zamanda Fövqəladə
Komissiyanın sədri idi.
Qeyd etmək lazımdır ki,
M.C.Bağırov Fövqəladə Komissiyanın sədri
olanda L.Beriyanı özünə müavin vəzifəsinə
dəvət etmişdi. Onların hələ köhnədən
tanışlığı vardı. L.Beriya Azərbaycan Xalq
Cümhuriyyəti dövründə hökumət dairələrində
yüksək nüfuza malik olan məktəb yoldaşı Mirzəbala
Məmmədzadənin vasitəsilə 1919-cu il avqustun 13-dən
1920-ci ilin martın 1-dək Azərbaycan Xalq Cümhuriyyəti
Daxili İşlər Nazirliyinin Əks-Kəşfiyyat İdarəsində
(Sovet tarixşünaslığında "Müsavat Əks-Kəşfiyyatı")
işləyir. Aylıq məvacibi 800 manat olur.
1926-cı ildə Azərbaycan K(b)P
MK-ya və Bakı şəhər partiya komitəsinə rəhbərlik
edən Levon Mirzoyan M.C.Bağırovu xalq daxili işlər
komissarı və Dövlət Siyasi İdarəsinin sədri
vəzifələrindən uzaqlaşdırdı. M.C.Bağırov
L.Beriyanın yüksək vəzifədə
çalışdığı Tiflisə üz tutdu, onun
köməkliyi ilə Zaqafqaziya Su İdarəsinin rəisi təyin
olundu və beləliklə, vaxtilə M.C.Bağırovun ona
etdiyi yaxşılığın əvəzini
çıxdı. L.Beriya hər vasitə ilə
M.C.Bağırovun yenidən Azərbaycana, əvvəlki vəzifəsinə
qayıtmasına çalışırdı. O, 1928-ci ilin
mayında Zaqafqaziya Diyar Partiya Komitəsinin birinci katibi Serqo
Orconikidzenin adına xüsusi məktub göndərərək,
həmin məktubda Zaqafqaziya Diyar Komitəsinin katibi Mamiya
Oraxelaşvilinin və digərlərinin M.C.Bağırova
qarşı təxribatçı münasibətini sübut
etdi. L.Beriya M.C.Bağırovun vəzifəsindən qərəzlə
çıxarılması barədə Azərbaycan K(b)P
MK-nın birinci katibi N.F.Gikaloya da məktub göndərdi. M.C.Bağırova
olduqca müsbət xasiyyətnamə verməklə, onun Azərbaycan
Xalq Daxili İşlər Komissarı və Baş Dövlət
Siyasi İdarəsinin sədri vəzifəsində yenidən
işləməsi məsələsini tezləşdirməyi
xahiş etmişdi. Nəticədə 1929-cu il iyul
ayının 1-də M.C.Bağırov yenidən Xalq Daxili
İşlər komissarı və Dövlət Siyasi İdarəsi
Kollegiyasının sədri təyin edilmişdi.
Qeyd etmək lazımdır ki,
M.C.Bağırov Tiflisdə işlədiyi vaxt onun Azərbaycandakı
tərəfdarları təzyiq və təqiblərə məruz
qalmışdı. Məsələn, 1917-ci ildə Qubada qəza
milis komissarı işləyərkən M.C.Bağırovun rəisi
olmuş Əli bəy Zizikski (sonralar Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin deputatı olmuşdur) 1928-ci il
avqustun 6-da həbs olunub güllələnmişdi.
Mir Cəfər Bağırov və
Stalin arasında səmimi münasibətin yaranmasının
da ilk səbəbkarı L.Beriya olmuşdur. Beriya -
Bağırov dostluğu tarixi dostluqdur. Azərbaycan Xalq
Cümhuriyyətindən qidalanmış dostluqdur.
Bəs, daşnak Tevodoros Mirzabekyan
Azərbaycanın Xalq Cümhuriyyəti dövründə nə
işlə məşğul olmuşdur?
Onun 1931-ci il avqustun 8-də
yazdığı tərcümeyi-halında oxuyuruq: "1919-cu
ildə Cəbrayıldan olan yoldaşlarımla birlikdə
milli şuranın tərkibində olmuşam". Bu hansı
milli şura idi?
Məlum olduğu kimi, 1918-ci ilin
dekbarında fəvaliyyətə başlayan Azərbaycan Xalq
Cümhuriyyəti Parlamenti ölkəmizdəki bütün
milli azlıqların parlamentdə təmsil olunmasını təmin
etmişdi. Parlamentdəki on bir fraksiyadan ikisi erməni
fraksiyası idi. Lakin "Böyük Ermənistan"
xülyası ilə zəhərlənmiş daşnaklar
"ərazi" müharibəsini dava etdirdilər. Qarabağ
bölgəsində 1918-ci ildə və 1919-cu ilin əvvəllərində
"Daşnaksütyun" partiyasının və Erməni
Milli Şurasının təşkil etdikləri silahlı
quldur dəstələri (bu dəstələrin içərisində
T.Mirzabekyan da vardı - T.Q.) Cəbrayıl qəzasında Azərbaycan
türklərinə qarşı olmazın vəhşiliklər
törətmişdilər. 12 azərbaycanlı və 3 erməni
kəndindən ibarət qəzada daşnak quldur dəstələri
silah gücünə müsəlmanlar yaşayan kəndləri
soyub-talamış, qətllər törətmiş,
mal-qaranı sürüb aparmışdılar. Tərcümeyi-halında
Anastas Mikoyanla birlikdə
"inqilabçılığından" fəxrlə bəhs
edən Mirzabekyan da həmən milli şuranın
soyğunçuları arasında idi. Bunu Sovet hakimiyyəti
illərində M.C.Bağırovdan dürüst bilən ikinci
azərbaycanlı yox idi.
Tərcümeyi-halında Tevodoros
Mirzabekyan 1917-1918-ci illərdə Balaxanı rayon və
Bakı Şəhər Partiya Komitəsinin üzvü
olduğundan söhbət açır. O zaman Bakıda nələr
baş verirdi və Mirzabekyanın siyasi fəaliyyəti kimlərin
mənafeyinə xidmət edirdi? Qarabağ ermənisinin
Bakıda və Balaxanı neft mədənlərində nə
ölümü vardı? Bu suallara 2007-ci ildə
"Nurlan" nəşriyyatı tərəfindən nəşr
olunmuş "Azərbaycanlıların soyqırımı
(1917-1918-ci illər)" kitabında müfəssəl cavab
tapmaq olar. Kitabın müəllifi Azərbaycan Milli Elmlər
Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun
elmi işçisi Vaqif Abışovdur.
VAQİF ABIŞOV: Şaumyanın
başçılıq etdiyi Bakı Soveti öz hakimiyyətini
qoruyub saxlamaq və Bakını türklərə təslim
etməmək üçün hər vasitəyə əl
atmışdı. Onlar daşnak-erməni hərbi hissələrinin
Azərbaycan-türk ordusunun hücumları
qarşısında duruş gətirə bilmədiklərini
görüb, bu dəfə İranda ingilislərə öz
ordusu ilə xidmət edən Lazer Biçeraxova kömək
üçün müraciət etmişdilər. Biçeraxova
inam bəsləməyən, lakin silahlı qüvvələrə
bərk ehtiyacı olan Bakı Xalq Komissarları Soveti uzun tərəddüddən
sonra Biçeraxovun dəstəsindən türklərlə
mübarizə üçün istifadə etmək qərarına
gəlmişdi. L.Biçeraxov kazax hərbi hissəsinin
komandanı idi və Birinci Dünya müharibəsinin
gedişində İran ərazisində Rusiya hərbi hissələrinin
təkribində Türk ordusuna qarşı vuruşmuşdu. Rusiyada
oktyabr silahlı çevrilişindən sonra ingilislərin
xidmətinə keçmişdi. İranda yerləşən
ingilis qoşunlarının komandanı Denstervil
Biçeraxovun xidmətinə bir neçə zirehli hərbi
maşın verərək, onun dəstəsini Bakı Sovetinin
köməyinə göndərmişdi. Denstervilin etibar etdiyi
Biçeraxovun qoşunu Qafqazda elə bir real gücə malik
olmasa da, Bakı Kommunasının qırmızı ordusuna
kömək etməli idi. Onun qüvvələri Ələt-Yevlax
istiqamətində türk ordusunun hücumunun qarşısını
almaq istəyən qırmızı orduya kömək etməli
idi. Ancaq həmişə olduğu kimi, bu dəfə də
bolşevik-erməni qırmızı ordusu türklərin
güclü hücumu qarşısında duruş gətirə
bilməyərək silahlarını atıb
qaçmışdılar. Biçeraxovun dəstəsi cəbhə
bölgəsinə gələndə artıq türk ordusu
Kürün üstündə olan körpünü
tutmuşdu.
Bakıdakı Sovet hökumətinin
orduya yeni qüvvələr cəlb etdirmək cəhdləri
də heç bir nəticə verməmişdi. Orduda olanlara hər
cür güzəşt edildiyinə baxmayaraq döyüşmək
istəyən çox az idi. Əhalinin zorla türklərə
qarşı döyüşməyə cəlb edilməsi isə
bolşeviklərə olan nifrəti bir daha
artırmışdı.
Dördaylıq mövcudluğu
dövründə bolşevik-erməni hökuməti heç
bir sosial-iqtisadi tədbir həyata keçirməmişdi,
milyon tonlarla neft Sovet Rusiyasına göndərilmişdi. Görkəmli
sənayeçilərdən olan Tağıyev və
Nağıyev həbs edilmiş, qalanları isə
sürgün olunmuşdu.
Vaqif Abışovun adlarını
çəkdiyi Tağıyev və Nağıyev adlarına
keçən əsrin səksəninci illərində nəşr
edilmiş Azərbaycan Sovet Ensiklopediyasının yeddinci və
doqquzuncu cildlərində rast gəlirik. ASE-nin 1983-cü ildə
buraxılmış VII cildində (səh.145) vur-tut bir abzasdan
ibarət məqaləcikdə vurğulanır ki,
"Nağıyevin sənaye müəssisələrində
dəfələrlə fəhlələrin inqilabi
çıxışları olmuşdu". ASE-nin 1986-cı
ildə nəşr olunmuş IX cildində isə (səh.121)
üç abzaslıq məqalə verilmişdir. Birinci abzasda
Hacı Zeynalabdin Tağı oğlunun təvəllüdü
1823 əvəzinə 1838 yazılmışdır. İkinci
abzasda oxuyuruq: "Fəhlələrin amansız istismarı nəticəsində
Tağıyev Rusiyanın ən varlı şəxsiyyətlərindən
birinə çevrilmişdi, tam olmayan məlumatlara görə,
1917-ci ilin axırlarında Tağıyevin kapitalı 30 milyon
manata çatırdı. Ağır iş şəraiti, əmək
haqqının azlığı, müdiriyyətin
özbaşınalığı və s. Tağıyevin
müəssisələrində bir sıra nümayişlərə
və tətillərə səbəb olmuşdu. Azərbaycan
burjuaziyasının digər nümayəndələri kimi,
Tağıyev inqilabi hərəkata qarşı mübarizə
aparan irticaçı qüvvələri müdafiə
etmişdir. 1917-20-ci illərdə Sovet hakimiyyətinə
qarşı mübarizə aparmışdır".
Göründüyü kimi, ASE
müəllifləri Tağıyevə və Nağıyevə
həsr etdikləri məqalələrdə tarixi dəlillərlə
deyil, mirzabekyanların cızmaqaralarına əsaslanmışlar.
Yalnız mirzabekyanlar üçün 1917-20-ci illərdə
Azərbaycanda "Sovet hakimiyyəti" mövcud idi. Tağıyev
müəssisələrində tətillərin
iştirakçılarının kimlər olduğunu hələ
1906-cı ildə "burjuaziya nümayəndəsi" M.Ə.Rəsulzadə
göstərirdi: "Bu fəhlələr qonşumuz erməni
millətinin bir qism fəhlələridir ki, tətil edib təklif
etdilər ki, müsəlman fəhlələri fabrikdən
çıxsınlar. Erməni fəhlələrini bu işə
vadar edən haman daşnaksütyun firqəsidir..."
Teyyub
Qurban
Ekspress.- 2011.-12-14
mart.-S.15.