Həyat haqqında "Həyati oçerklər"
Kimya elmlər doktoru Pənah
Qurbanovun "Həyati oçerklər" (Yeni fəlsəfi
konsepsiya və ya sivilizasiyanın xilas şansı) kitabı
son zamanlar yerli-yersiz işlədilən "qlobal"
sözünün əsl qlobal motivlərini əks etdirir.
Kitab bəşəriyyəti hədələyən
bir neçə qlobal problemlərin ən təhlükəli
olanına - ekoloji təhlükəyə həsr olunmuş əsərlərin
ən qlobalı hesab oluna bilər.
Əsərdə dialektik
materializmin hamı tərəfindən qəbul olunmuş və
həyatın bütün dövrlərində tarixin
sınaqlarından şıxmış "İnkarı
inkar", "Əksliklərin vəhdəti və mübarizəsi",
"Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə
keçməsi" və digər qanunlarının və fəlsəfi
kateqoriyaların fonunda ekoloji təhlükənin
labüdlüyünü hər bir Yer planeti sakininə dərk
etdirməyə çalışır. Və həmin
problemin həllinin çox asan yollarının insan əlində
olduğunu göstərir.
İlkin addım kimi
icitmai formasiyaların ən ədalətlisi hesab olunan ibtidai
icma quruluşunun alternativi və daha mükəmməl
oxşarı olan "Ali icma" yaradılması vacib bir tədbir
olaraq qeyd edilir. Bu addım vətən
anlayışının beşik, ev, kənd,
şəhər, ölkə... kimi romantik mənasının
doğma Yer kürəsi kimi realist mənada qavranması
prinsipinə əsaslanır.
Müəllif Ali icma olaraq Avropa
Birliyinin və ABŞ-ın kortəbii surətdə yaradılmasını
(Ali İcmanın prototipi kimi ) xatırlatmaqla bir çox
problemlərin, o cümlədən, ekoloji problemin həllinin məhz
insanın öz əlində olduğunu və ekologiyanın
özü tərəfindən həll olunmasının yeganə
yol olduğu fikrini böyük əminliklə təqdim edir.
Müəllif qeyd edir: "Bəşər
tarixində çox az halda iki qardaş birlik yarada bilib. Lakin həyatın tələbi olduğu
üçün minillər boyu bir-birini parçalamağa
çalışan 27 Avropa dövlətinin tərəqqidə
olan bir birliyi, Avropa Birliyi yarada bilməsi ümumdünya
birliyinin yaradılmasını mümkün edir".
Alim ekoloji problemin həllinin,
ekoloji təhlükənin aradan qaldırılmasının
ilkin tədbiri kimi qlobal kompromisin vacibliyini ön planda təqdim
edir. Əsərin hər bir oçerkini
oxuduqca bu təhlükədən xilas olmağın digər
yollarının olduğu da göstərilir. Əlbəttə, adama elə gəlir ki, insan
oğlu bu təhlükəni həll etməyə qadirdir.
Əgər o, bunu etməsə və ya etmək
istəməsə, ekoloji "qulaqburması" aldıqdan
sonra etməyə məcburdur və məhkumdur.
Bir deyim: "Avropalılar
arasında hər bir müharibə vətəndaş
müharibəsidir" (Viktor Hüqo).
Kitab kifayət dərəcədə
lakonik və sadə bir üslubda yazılmışdır.
Adama elə gəlir ki, hər hansı bir fikrin
dəqiq ifadəsi üçün Pənah müəllimin
seçdiyindən qısa və dolğun yol yoxdur.
Kitab 22 oçerkdən,
ön və son sözdən ibarətdir. Lakin
hər bir oçerk öz növbəsində bitkin fəlsəfi,
elmi, publisistik əsər tutumuna malikdir. Daha
doğrusu əsərlər, ümumilikdə əsər
şair, alim, filosof, müdrik qələmindən
çıxmış mükəmməl, orjinal, gərəkli,
son dərəcə vacib ekoloji elmi, fəlsəfi, bədii,
publisistik "Anayasa"dır.
Yer kürəsinin hər
bir sakini bir-birinə qayğı göstərməyə və
bir-biri ilə dostluq etməyə məcburdur. İnsan oğlu "mən" sözünü
"biz" sözü ilə əvəz etməyə məhkumdur.
Bir deyim: "Yer kürəsi
hamımızın bir evimizdir. O, bir sala bənzəyir, bata da
bilər, yaşaya da bilər, ümumi evi qorumaq
lazımdır" (Tur Heyerdal).
Tur Heyerdalın bu
fikrlərini sevimli alimimiz "Məşhər" "Bir
daha məşhər haqqında", "Karbon",
"Kainat" və başqa oçerklərində
özünəməxsus dahiyanə fikirləri ilə daha
inandırıcı və daha qlobal şəkildə ifadə
edir.
Bəşəriyyəti
təhdid edən problemlərdən biri də müharibə təhlükəsidir.
Müharibə bəşər
övladının öz həmplanetliləri ilə zor dilində
danışma məqamıdır. Müəllif
dünya tarixində bu günədək baş vermiş 5000-dən
artıq irili-xırdalı müharibələrin, o cümlədən
iki dünya müharibəsinin bəşər övladına
heç nə vermədiyini faktların və inkarolunmaz məntiqi
dəlillərin dili ilə təhlil edir. Hamını
düşündürən üçüncü dünya
müharibəsi haqqında müxtəlif mütəfəkkirlər
bir-birini təsdiq, təkzib və ya inkar edən çoxlu
sayda fikirlər söyləməkdədirlər. Hətta dünyanın bir sıra inkişaf etmiş
ölkələrində müharibələri, onların
baş vermə səbəblərini və nəticələrini
təhlil edən institutlar fəaliyyət göstərir.
Lakin onlar da bir ortaq proqnoz verməyə çətinlik
çəkirlər.
Haşiyə: Məşhur fizik,
Nobel mükafatı laureatı Albert Eynşteyndən
soruşurlar: "Üçüncü dünya müharibəsi
necə olacaqdır?"
Dahi alim:
"Üçüncü dünya müharibəsi
haqqında heç nə deyə bilmərəm. Dordüncü dünya müharibəsi isə
yay-oxla olacaqdır" - deyə cavab vermişdir.
Doktor Pənah Qurbanov
isə bəşəriyyətin xilasının, müharibə
sözünün bir termin kimi arxaik sözlər
siyahısına keçməsinin labüdlüyünü Ali
icmanın yaradılmasında dönə-dönə israrla təbliğ
və danılmaz məntiqi faktlarla sübut edir.
Daha bir deyim:
"Üçüncü dünya müharibəsi baş verə
bilməz və hətta baş versə belə, onun
külündən sıyrılıb çıxanlar Ali
icmanı yaradacaqlar" (Pənah Göyçə).
Kitabı təşkil
edən hər bir oçerk bir-birindən mövzu və mənaca
fərqlənsə də, onları onların daxilindən ana
xətt kimi keçən ekoloji problem və onun həlli
yolları bir vəhdət halında birləşdirir.
Pənah Qurbanovun qələmindən
çıxmış hər bir oçerk öz məna və
məzmun keyfiyyətləri ilə bir-birindən kəskin
şəkildə fərqlənsə də onları eyni bir
problemin həlli yolları istiqamətində köklənməsi
birləşdirir. Onun aktual şəkildə
təqdim etdiyi qlobal problem digər bəşəri problemləri
kölgədə qoyur. Doğrudan da müəllifin təqdimatında
nüvə fəlakəti, müharibə təhlükəsi,
gen mühəndisliyinin insan klonlaşdırılması şəklində
yaratdığı hədələr ekoloji təhlükənin
fonunda o qədər də fəlakətli görünmür.
Pənah müəllim
Yer kürəsində özünü büruzə verən hər
bir materiya və hadisənin maddi əsasını molekul (zərrə)
və kainat anlayışları müstəvisində izah və
sübut edir. Müəllif inkarolunmaz məntiqi dəlillərlə
məkan olaraq kainatın, Günəş sisteminin, Yer kürəsinin,
okeanların, dağların ... molekulların təşəkkülünün
və təkamülünün mərhələlərini an, il, əsr, era, hətta milyonlarla
ölçülən zaman müstəvisində təsvir
edir.
Müəllif, sanki
20-dən artıq oçerk libaslı elmi əsəri bir amal ətrafında
birləşdirməklə bəşəriyyətin də bir
Ali icmada birləşməsi faktının
mümkünlüyünü sübut etmək istəmişdir.
Kitab, həmçinin
ingilis dilinə də tərcümə olunmuşdur. Zənnimizcə
professor Pənah Qurbanovun "Həyati oçerklər"i
ümumilikdə olmasa da onun tərkibinə daxil edilmiş
oçerklərdən (əsərlərdən) hər
hansı biri BMT-yə və Avropa Birliyinə daxil olan ölkələrin
dövlət başçılarının diqqətini cəlb
edərsə, bəşəriyyətin ortaq fikrə,
düşüncəyə, bir amala, kompromisə gəlməsinin
vacibliyi dərk olunardı. Yəqin ki, gec və
ya tez əziz həmyerlimiz dünyada Ali icma nəzəriyyəsinin
banisi və onun elmi əsaslarını irəli
sürmüş ilk alim kimi dünyanın elm tarixində
özünə yer alacaq və bununla da bəşəriyyəti
qlobal təhlükədən xilas etməyin yollarını
göstərən dahi kimi qəbul ediləcəkdir.
Əziz həmvətənlərim,
bu faktı yadda saxlayın. Təbiətin
və cəmiyyətin ən mühüm və zəruri
qanunlarından biri olan "Ali icma" qanununun müəllifi
Azəri türkü olan həmyerlimiz doktor Pənah Abdulla
oğlu Qurbanovdur. O, qeyri səlis çoxluqlar nəzəriyyəsinin
banisi Lütfi Zadəni dünya elm aləminə bəxş
etmiş Azərbaycanımızın övladıdır. Heç şübhə edilə bilməz ki, Pənah
müəllim "Ali icma" nəzəriyyəsinin banisi
kimi Beynəlxalq Nobel mükafatı alacaq ilk Azərbaycanlı
alim olacaqdır.
Müəllif
bütün varlığı ilə Ali icmanın
yaranmasının labüdlüyünü yüksək
nikbinliklə vurğulayır. Bununla da bəşəriyyətin
qlobal fəlakətlərdən xilasının
mümkünlüyünə böyük əminliklə
inandığını söyləyir. Həmin
fikirləri bu dahi şəxsiyyəti təkcə Azərbaycanın,
türk dünyasının deyil, ümumi bəşəriyyətin
övladı olmaq şərəfinə yetmək məqamına
yüksəldir.
Əziz oxucular, Sizi
tanınmış Azərbaycan şairi, filosofu, alimi, kimya elmləri
doktoru Pənah Abdulla oğlu Qurbanovun "Həyati oçerklər"
adlı kitabını oxumağa və anamız Yer planetini
ekoloji fəlakətdən xilas edilməsi yolunda onun fikirlərinin
təbliğatçılarından olmağa dəvət edirəm.
İsgəndər Səklikov,
"Əməkdar müəllim",
Goranboy rayonu Səfikürd
kəndi.
Ekspress.-2011.- 12-14 mart.- S.
12.