Şok iddia - Nəsiminin məzarı Türkiyədədir
Orta əsr
Azərbaycan şairi və hürufilik təriqətinin
ən məşhur nümayəndələrindən biri, Nəsimi təxəllüsü ilə daha
çox tanınan Seyid Əli İmadəddin haqqında hələ də
bilmədiyimiz nüanslar var.
Azərbaycan türkcəsində divan, fars və ərəb dillərində
isə müxtəlif əsərlərin müəllifi olan Nəsiminin Suriyada (Hələb şəhərində) edam olunduğu tarixdən məlumdur.
Lakin
bir neçə gün öncə
Nəsiminin qəbrinin Türkiyənin Qaziantep vilayətində olduğu barədə məlumatlar yayılıb. Məlumatı
verən Türkiyədə yaşayan azərbaycanlı, Qaziantep
Böyük Şəhər
Bələdiyyə
başçısının məsləhətçisi, biologiya elmləri doktoru Yusif Zeynalov
bunu təsadüfən bildiyini
söyləyib. "Bir neçə
illər öncə Suriyanın Hələb
şəhərinə ezam olunmuşdum.
Orada İmadəddin Nəsiminin məzarını
ziyarət etmək istədim. Orada Nəsimi məqbərəsi
var. Amma məqbərənin içərisində məzar
yox idi. Hələbdəki
bütün qəbiristanlıqları
gəzdim. Amma Nəsimiyə
aid heç bir məzar yox idi. Türkiyəyə
qayıdandan sonra Qaziantepdə
Heydər Şahin adlı yaşlı bir adamla tanış
oldum. Söhbət təsadüfən şair
Nəsimidən düşəndə, o mənə dedi ki, sizin
Nəsiminin qəbri Qaziantepin
Ağtorpaq kəndindədir. Əvvəlcə
ona inanmadım. Amma
birlikdə məzarı ziyarət etdik. Məzar Ağtorpaq kəndində
bir təpənin üstündə idi",
- deyə Y.Zeynalov bildirir.
Ərazidə olarkən
Hacı Mehmet Quzu adlı bir nəfərlə tanış olan Y.Zeynalov Nəsiminin məzarının burada olması barədə bəzi məlumatlar öyrənə bilib. Məlumata görə, o zaman
Qaziantep inzibati vahid kimi qəza olaraq Hələb valisinə tabe imiş. Nəsimi də orada
məsciddə bir otaqda müvəqqəti olaraq qalırmış. Qısa müddət ərzində
çox sevildiyi üçün din xadimləri onu aradan qaldırmaq istəyib.
Bunun üçün
Nəsimiyə tələ qurublar.
Gizlincə onun
ayaqqabısının altına Quranın bir
ayəsini qoyublar. Sonra da valiyə
xəbər veriblər. Əvvəlcə vali
buna inanmayıb. Deyib ki, əgər belə şey
olsa, onun dərisini soyduraram. Doğrudan da Nəsiminin ayağının altından
Quranın ayəsi çıxır. Onu çarmıxa çəkirlər
və bədəninin bir parçasından
dərini soyurlar. Sonra Nəsimini sərbəst
buraxırlar. Şair yaralı
halda camiyə (məscidə) dönür. Amma əhali onu kafir adlandıraraq məscidə
buraxmır.
Nəsimi şəhərdən
kənarda Ağtorpaq adlanan kəndə gedir. Ora ilə şəhərin arasında təxminən
1 kilometr məsafə
var. Kənddə təpəlikdə
"Cücə adam" deyə
çağırılan balacaboy
kişi yaşayırmış. Nəsimi
ona deyib ki, mən öləndən sonra
təpənin üstündə
basdır. "Cücə adam" da Nəsimini təpənin
üstündə basdırıb. Amma gücü çatmadığına
görə, şairi balaca
çuxurda dəfn edib.
Uzun illər ərzində
yağış yağandan sonra qəbrin üstü açılırmış
və sümüklər çöldə
qalırmış. O zaman əraziyə
gələn Səlcuq dövlətinin bir hərbçisi məzarı daşlarla hörür. Bu məzar
1985-ci ilə qədər qalır. Həmin dövrdə kənddə
çox zəngin bir insan olub.
O həmin ərazini alır və istəyir məzarı sökdürsün. Lakin təsadüf nəticəsində müflisləşir
və planları baş tutmur.
Sonradan 1986-cı ildə məzarın üstündə məqbərə tikilir. Məqbərə Mehmet Quzunun ailəsi tərəfindən tikdirilir.
Beləliklə, Nəsiminin məqbərəsini və məzarını
Mehmetin ailəsi qorumağa başlayır...
Ekspress.-2011.- 12-14 mart.- S. 17.