Bu gün ilaxır çərşənbədir

 

Bayramınız mübarək!

 

Su, od yel çərşənbələri geridə qaldı. Bu gün ilin axır, boz ayın sonuncu çərşənbəsi olan torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında "ilaxır çərşənbə", "yer çərşənbəsi", "torpaq çərşənbəsi" kimi tanınır. Bu çərşənbə torpağın oyanmasının rəmzidir.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, "Əməkdar mədəniyyət işçisi" Tofiq Babayevin sözlərinə görə, bu çərşənbədə torpağın donu açılır, canına hərarət hopur, qəlbi buğlanır: "Əski inamlara görə, təbiətdə bütün mövcud olanlar üçün özül olan dörd müqəddəs amilin sonuncusunun oyanması ilə sel, yel, atəş və torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları yoxluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtarmaq üçün özündə daha böyük qüvvə tapır".

Torpağı təbiətin ali sərvəti, həyatın ən mühüm mənbəyi sayan həmsöhbətim bildirir ki, bütün həyatın kökü torpaqdadır: "Hər şeyə həyat verən müqəddəs torpaqdır. Torpaq olmasa, həyat da olmaz".

Onun sözlərinə görə, ilin sonuncu çərşənbəsi xüsusi təntənə ilə qeyd olunar, nəğmə oxunar, çalıb-çağırar, oyun-tamaşalar göstərilər: "Axır çərşənbədə evlərdə ağsaqqal, ağbirçəklər xoş söz danışar, hamıya da xoş söz danışmağı tapşırardılar ki, qapını pusan olanda xoş söz eşitsin. Bu çərşənbədə qəlbə toxunan, könül bulandıran sözlər danışmazlar".

T.Babayevin dediyinə görə, bu çərşənbədə səhər tezdən axar su üstə çıxarlar, çillə kəsdirərdilər: "Çərşənbə axşamı həyətlərdə tonqal yandırırlar. Hər tərəf nura, od-alova bürünər. Tonqal üstündən hoppanarkən "Ağırlığım, uğurluğum, düş bu odun üstünə, sarılığım səndə, qırmızılığım məndə" deyərlər. Bu adət qışın çıxması, isti yaz fəsli ilə əvəz olunmasıyla bağlıdır. Həm də tonqal üstündən tullanmaq-köhnə ilin qada-bəlasını odda yandırmaq və yeni ilə pak qədəm qoymaq deməkdir".

Axır çərşənbə axşamı şər qarışanda səməni xonça ilə bəzədilmiş mizlərin üstündə ailə üzvlərinin sayına adına bir dənə şam yandırarlar: "Axır çərşənbə həm "yeddi ləvin gecəsi" adı ilə məşhurdur. Bu zaman süfrədə 7 növ çərəzin olması şərtdir. Süfrəyə turş, acı təamlar qoyulmamalıdır. Bu çərşənbədə şamı yarımçıq söndürmək, tez yatmaq olmaz. Axır çərşənbədə hər bir ailə üzvünün adına ağac da əkilir".

Müsahibimin sözlərinə görə, ilaxır çərşənbədə barlı ağacın dibinə pul basdırılır, ya da kisəyə pul qoyub ocaq başından asardılar ki, evdən bərəkət əskik olmasın.

Bayramınz mübarək!

  

 

Aytən NƏBİYEVA

 

Ekspress.-2011.-15 mart.-S.5.