Hökumət
hesabat verdi, Milli Məclis qəbul etdi
Milli
Məclisin (MM) dünənki iclasında Azərbaycan hökumətinin
2010-cu il üçün hesabatı dinlənildi. Qeyd edək
ki, iclasda güc nazirləri istisna olmaqla digər nazirlər,
komitə rəhbərləri və hökumət üzvləri
iştirak edirdilər.
Öncə spiker Oqtay Əsədov
deputatları axır çərşənbə münasibətilə
təbrik etdi. Daha sonra o, deputatlara paylanan hesabatın ölkənin
həyatındakı müsbət dəyişiklikləri və
dövlət proqramlarının icrasını ətraflı
şəkildə özündə əks etdirdiyini deyərək
qeyd etdi ki, dünyadakı qlobal iqtisadi böhrana baxmayaraq Azərbaycan
iqtisadiyyatı ötən il də dinamik inkişafını
qoruyub saxlayıb.
Hökumətin hesabatını təqdim
edən baş nazir Artur Rəsizadə isə bildirdi ki, 2010-cu
ildə dünyanın əksər ölkələrində
böhranın təsiri hiss olunsa da, Azərbaycanda daxili
potensiala söykənən milli inkişaf strategiyası
uğurla davam etdirilib, yüksək iqtisadi və sosial
artım templəri əldə edilib. Onun sözlərinə
görə, Nazirlər Kabineti əsas diqqəti makroiqtisadi
sabitliyin qorunmasına, qeyri-neft sektoruna daha çox investisiya cəlb
etməklə bu sahənin şaxələndirilməsinə,
müasir texnologiyaların tətbiqi ilə istehsalın səviyyəsinin
yüksəldilməsinə yönəldib: "Hökumət
sosial problemlərin həlli, regionların tarazlı
inkişafı, sahibkarların işgüzar fəallığının
artırılması, işsizliyin azaldılmasını da
daim gündəmdə saxlayıb".
Baş nazir bildirdi ki, hesabat ilində
41,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib, onun
real həcmi 5 faiz artıb. Qeyri-neft sektoru üzrə isə
bu artım 7,9 faizə çatıb: "İl ərzində
Azərbaycan iqtisadiyyatına bütün maliyyə mənbələrindən
13,9 milyard manat və ya əvvəlki ildəkindən 32,4 faiz
çox investisiya yatırılıb. Əsas kapitala yönəldilmiş
investisiyaların məbləği isə 21,2 faiz artaraq 9,7
milyard manata çatmış, onun da 75,2 faizi daxili
investisiyalar olub. Sərmayələrin 70 faizindən qeyri-neft və
infrastruktur sahələrinin inkişafında istifadə
edilib".
Baş nazir dedi ki, il ərzində
ölkədə yoxsulluq 9,1 faizə endirilib, 73 min yeni iş
yeri açılıb. A.Rəsizadə ölkənin strateji
valyuta ehtiyatlarının il ərzində kəskin artaraq təxminən
30 milyard ABŞ dollarına çatdığını da
bildirdi. Onun sözlərinə görə, ölkə
iqtisadiyyatının yeni seqmenti olan qiymətli metalların
hasilatı sahəsində ciddi artım əldə olunaraq
ümumilikdə 2058 kiloqram qızıl istehsal edilib.
Baş nazir ötən ilin yaz
aylarında Kür və Araz çaylarında daşqın nəticəsində
bir neçə rayonun ərazisini su basdığını
qeyd edərək, təbii fəlakətin fəsadlarının
aradan qaldırılması və əhaliyə yardım
göstərilməsi məqsədilə dövlət büdcəsindən
300 milyon manatdan artıq vəsait ayrıldığını
bildirdi.
Rəsizadə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar
ordu quruculuğuna da önəm verildiyini dedi. "Ümumilikdə
2010-cu ildə müdafiə tədbirlərinin həyata
keçirilməsinə 3 milyard dollar vəsait
ayrılmışdır ki, bu da ötən illə müqayisədə
40 faiz çoxdur. Müdafiə Sənayesi Nazirliyinin
zavodlarında yeni istehsal sahələri yaradılıb. Nəticədə
hərbi-sənaye kompleksində 350-dən çox
çeşiddə müdafiə təyinatlı məmulat
istehsal olunub, onun həcmi 2,3 dəfə artıb".
Baş nazirin
çıxışından sonra O.Əsədov deputatları
müzakirələrə dəvət etdi.
Mübariz Qurbanlı hesabatı
müsbət qiymətləndirərək dedi ki, Azərbaycanın
əsas strateji məqsədi iqtisadiyyatı inkişaf etmiş
ölkələr sırasına daxil olmaqdır. Deputat bununla
belə ölkədə kənd təsərrüfatının
da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirdi.
"Qarşıdakı illərdə dünyada ərzaq
çatışmazlığı problemi yaşanacaq. Ona
görə də hökumət bu sahəyə diqqəti
artırmalıdır".
Kamilə
Əliyeva isə Novruz bayramı qabağı kənd təsərrüfatı
məhsullarının qiymətlərinin süni şəkildə
artırıldığından narahatlığını
çatdırdı: "Nazirlər Kabineti xüsusi tədbirlər
planı hazırlamalıdır".
Fəzail Ağamalı isə təhsildə
və tələbə qəbulunda rüşvətxorluqdan
danışdıqdan sonra bildirdi ki, nə qədər müəllimin
və həkimin əməkhaqqı 90-100 manatdır,
rüşvətin qarşısını almaq olmayacaq.
Vahid Əhmədov isə ərzaq
təhlükəsizliyi məsələsinə toxunaraq qeyd
etdi ki, qoyulan investisiyaların 10-12 faizi mütləq kənd təsərrüfatı
sahəsinə ayrılmalıdır. Deputat son zamanlar baş
verən süni qiymət artımına da münasibət
bildirdi: "Bütün bunlar monopoloya ilə əlaqədardı.
Hökumətin anti-korrupsiya tədbirləri istənilən səviyyədə
deyil".
Əli Əhmədov isə
hökuməti insanların mənzil şəraitinin
yaxşılaşdırılması üçün təkliflər
hazırlamağa çağırdı. YAP-çı
deputatın fikrincə, Azərbaycanda insanların həyat
şəraiti yaxşılaşdırılsa da, insan
artımı ilə bağlı mənzillərə xüsusi
ehtiyac duyulur: "İnsanların mənzil şəraitinin
yaxşılaşdırılması ilə bağlı 10
illik dövlət proqramı hazırlansın və bunun həyata
keçməsi üçün hər il büdcədən 1
milyard pul ayrılsın. Bununla dövlət onminlərlə
insanın mənzil məsələsini həll edə bilər".
Əhliman Əmiraslanov isə
seçildiyi dairədə orta məktəblərin bərbad
vəziyyətdə olmasından gileyləndi. O, hökumətdən
həmin məktəblərin bərpası üçün
maliyyə vəsaiti ayırmasını istədi.
Vitse-spiker Bahar Muradova isə
hesabatdan razılığını bildirərək Füzuli
rayonunda Fin qəsəbəsində yaşayan məcburi
köçkünlər üçün yeni evlərin tikilməsini
istədi. B.Muradova fürsətdən istifadə edərək,
martın 8-də Ağdamın Orta Qərvənd kəndində
erməni snayperi tərəfindən öldürülən 9
yaşlı Fariz Bədəlovun qətli ilə bağlı
Ermənistan prezidenti Serj Sərkisyana və onun həyat
yoldaşına müraciət də etdi: "Mən Azərbaycan
parlamentinin vitse-spikeri kimi Ermənistan prezidenti Serj Sərkisyana
və onun xanımına müraciət edirəm: öz
xalqınızı uşaq qatili olmaqdan çəkindirin!"
B.Muradova bildirdi ki, F.Bədəlovun
qətli 8 Mart Beynəlxalq Qadınlar Günü, insanların
Novruz Bayramına hazırlaşdığı bir vaxtda baş
verib: "Bu addım prezidentlərin Soçi
görüşündən sonra oldu. Öldürülən hərbçi
deyil, 9 yaşlı uşaqdır. Mən bu gün Azərbaycanda
səfərdə olan ATƏT sədrinə müraciət edirəm.
Nə vaxta qədər uşaq qatili olan Ermənistana dəstək
verəcəksiniz? Biz hər dəfə bu məsələləri
qaldıranda tərəflər arasında etimadın təmin
olunmasından danışırlar. Bundan sonra qarşı tərəfə
necə etimad göstərmək olar?"
Muradova eyni zamanda Azərbaycan
qadınlarına müraciət edərək, Novruz Bayramı
günü süfrələrində Azərbaycan ərazi
bütövlüyü uğrunda şəhid olmuş şəxslərin
xatirəsini yad etmək üçün şam
yandırmalarını xahiş etdi.
Zahid Oruc isə son günlər
Bakıda keçirilən aksiyalardan, internet
çağırışlarından və dünyanın bir
neçə ölkəsində gedən rəngli inqilablardan
danışaraq, Azərbaycanda belə bir inqilabın baş
tutmayacağını dedi.
Spiker O.Əsədov isə Z.Oruca
irad tutaraq onun hesabatdan danışmalı olduğunu dedi:
"Sən hesabatdan danışmaq əvəzinə rəngləri
bir-birinə qarışdırdın".
İqbal Ağazadə isə
hökumətin hesabatını sərt tənqid etdi. "Azərbaycanda
rəsmi olaraq istehlak səbətinin xərci adambaşına
162 manat elan olunub. Amma təqaüdçülərə cəmi
112 manat pensiya verilir. Bu necə inkişafdır? Son bir ildə
çörək 33 faiz bahalaşıb. Amma bunun müqabilində
əmək haqlarında heç bir artım olmayıb", -
deyən İ.Ağazadə hesabatdakı rəqəmlərin
şişirdildiyini də bildirdi. Dediyinə görə, sənəddə
bütün rəqəmlər yazılsa da, onun necə xərcləndiyinə
dair heç bir məlumat yoxdur: "ABŞ səfirliyinin Azərbaycanda
300 milyon dollara tikdirdiyi məktəbi Təhsil Nazirliyi 1 milyon
800 min manata tikib. Bütün bunlar korrupsiya ilə əlaqədardı".
Daha sonra İ.Ağazadə
yarıtmaz fəaliyyətinə görə hökuməti
istefaya çağırdı. O, son günlər gənclərə
qarşı təzyiq kampaniyasını da pislədi: "Tələbələrə
müxtəlif təzyiqlər edərək onların ictimai fəaliyyətinə
süni əngəllər yaradırlar, ali məktəblərdən
qovulacağı ilə hədələyirlər. Bütün
bunlara son qoyulmalıdır".
Fazil Mustafa da hökumətin
hesabatını tənqid etdi. Onun fikrincə, hesabat natamam
hazırlanıb: "Hesabatda ölkənin sosial-iqtisadi
yüksəlişi gerçəkliyi göstərmir. Əhalinin
yaşayış səviyyəsinin yüksək olmasından
danışmaq yersizdir. Hökumət üzvləri
mağazada, aptekdə, bazarda olan qiymətlərlə
tanışdırmı? Gəlin rəqəmlərlə
bir-birimizi aldatmayaq. Maaşlar, pensiyalar çox
aşağıdır. Vergi qurumları kiçik və orta
biznesi sıradan çıxarıb. İcra
başçıları parkların təmirini iş
adamlarının boynuna qoyur, sonra da dövlət büdcəsindən
həmin pulu özləri üçün mənimsəyirlər.
İnhisarçılığın qarşısını
almaq lazımdır. Bu gün ölkədə ya yüksək
zənginlər var, ya da ən yoxsul insanlar. Belə olmaz!"
F.Mustafa da hökuməti istefaya
çağırdı: "Nazirlər Kabineti istefa verməlidir.
YAP-ın gənc kadrlarından yeni hökumət qurmaq
olar".
Siyavuş Novruzov isə İqbal
Ağazadəni rəhbərlik etdiyi Ümid Partiyasının
maliyyə hesabatlarını gizlətməkdə ittiham etdi.
Onun sözlərinə görə, MM-də
çıxış edən partiya sədrləri
ömürlərində bir dəfə də olsa maliyyə
hesabatı verməyiblər. "Onlar bu boyda hesabata necə
münasibət bildirə bilirlər? Ümumiyyətlə,
bunların söylədikləri rəqəmlərin
hamısı səhv rəqəmlərdi. Onlar söyləyirlər
ki, Neft Fondundan gələn gəlirlər hara gedir. Necə yəni
hara gedir? Qaçqın və məcburi köçkünlər
üçün mənzillər tikilir, yollar çəkilir,
uşaq baxçaları, xəstəxanalar tikilir. Bunu
gözünüz görmür? Bütün bunları görmək
lazımdı. Elə qüvvələr var ki, ancaq
Amerikanın tikdiyi hər hansı bir məktəbi
görürsə, bu başqa məsələ. Azərbaycan
hökumətinin gördüyü işləri də görmək
lazımdır".
Müxalifətin və gənclərin
aksiyalarına toxunan S.Novruzov müxalifəti faydalı iş
görməyə çağırdı:
"Ağıllı işlə məşğul olun. Gənclərlə
işləmək istəyirsinizsə, onları ağac əkməyə
çağırın, gənclərin mədəniyyəti,
intellekti ilə məşğul olun. Mitinqə niyə
çağırırsınız onları? Hökumətin
yaratdığını siz
dağıtmalısınız?"
MM sədrinin birinci müavini Ziyafət
Əsgərov isə deputatları elemantar riyaziyyatdan belə
başı çıxmamaqda ittiham etdi. O, Yaponiyada baş verən
güclü zəlzələnin fəsadlarını misal gətirərək
Azərbaycanın gələcəkdə baş verə biləcək
təbii fəlakətlərin nəticəsini aradan
qaldırmaq üçün müəyyən Ehtiyat Fondunun
yaradılmasının vacibliyini qeyd etdi. Əsgərov eyni
zamanda müəllim və həkimlərin
maaşlarının, təqaüdlərin
qaldırılması ilə bağlı deputatların təkliflərinə
də sərt münasibət bildirdi: "Mən də istəyərəm
ki, maaşlar artsın. Amma biz müharibə şəraitində
yaşayırıq.
Nəhayət, iş
vaxtının keçdiyini görən O.Əsədov
müzakirələri dayandırdı və hesabatı səsə
qoydu. Beləliklə, 107 lehinə, 3 nəfər isə əleyhinə
olmaqla hökumətin heabatı qəbul edildi.
Aqil ASLAN
Ekspress.-
2011.-16 mart.-S.12.