Kitablarımız Əbu-Dabidə sərgilənir

 

Birləşmiş Ərəb Əmirliklərində Yaxın Şərqin ən böyük kitab sərgilərindən biri olan Əbu-Dabi Beynəlxalq Kitab Sərgisinin təntənəli açılışı olub. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 2011-ci il mart ayının 15-də işə başlayan möhtəşəm kitab bayramının kataloqunda Azərbaycan da yer alıb. Respublikamızdan sərgi üzrə əlaqələndirici, sözügedən nazirliyin əməkdaşı Elbəy Əlinin Əbu-Dabidən verdiyi xəbərə görə, 168 adda 265 nüsxə kitabla, ölkəmizi tanıdan çox sayda informatik bülletenlər, albomlar, büroşürlər, jurnallarkataloqlarla tədbirə qatılan milli ekspozisiya ilk gündən böyük maraq doğurub.

Elbəy Əli bu ilin sentyabr ayının 26-30-u arası II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi nəzərə alınaraq il ərzində Azərbaycan kitab sənətinin uğurlarını dünyanın ən nüfuzlu sərgi-yarmarkalarında nümayiş etdiriləcəyini bildirib. London, Moskva, Frankfurt, İstanbul, Minsk və digər şəhərlərdə təşkil olunan ənənəvi sərgilər bu sıradandır. Mövzusuna görə rəngarəng olan kitablar arasında Azərbaycan tarixinə və xalqımızın müstəqillik uğrunda mübarizəsinə, Heydər Əliyevin zəngin irsinə və həyat yoluna, müasir dövrdə dövlətimizin apardığı iqtisadi, siyasi, mədəni həyatına aid nəşrlər, eyni zamanda, incəsənət, mədəniyyət, ədəbiyyat istiqamətli kitablar var. Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində Azərbaycan kitablarının nümayişi martın 20-nə qədər davam edəcək.

  

 

AYXAN

 

Ekspress.-2011.-17 mart.-S.23.