Yaddaşımızdakı səs...
Rəşid Behbudov
kimi böyük, amma şıltaq sənətkar hər
müğənnini bəyənib özü ilə qastrola
aparmazdı. Bülbül kimi tələbkar
insanla da yola çıxmaq adi məsələ deyildi. Onlar qadın sənətkarlar arasında Sara
xanımı qəbul edir, onunla birlikdə
çıxışdan həzz alırdılar.
Sara xanımla
görkəmli vokal ustası Bülbülün Böyük Vətən
müharibəsi illərində Mozdokda və digər ön cəbhələrdə
əsgərlər qarşısında verdiyi konsert ordunun
döyüş ruhunun yüksəlməyinə səbəb
olurdu. Bülbül, Nazim Hikmət Bakıya
gələrkən onun şərəfinə evində verdiyi
ziyafətə qadın müğənnilərdən təkcə
Sara xanımı dəvət etmişdi.
Sara xanımla birlikdə
Efiopiyada qastrolda olan Rəşid Behbudovu ölkənin
prezidenti Hayl Selasye evinə qonaq çağırmış və
hər iki sənətkara dövlət mükafatını
şəxsən təqdim etmişdi.
1963-cü ildə
Moskvada Azərbaycan mədəniyyəti həftəsində
Sara xanımın Rəşid Behbudovla birlikdə Böyük
teatrın səhnəsindəki çıxışı
uğurla keçmişdi. Uzun illər Rəşid
Behbudovla neçə-neçə səfərlərdə,
görüşlərdə olan Sara xanım son mənzilə
də ölməz həmkarının adını
daşıyan Mahnı teatrından yola
salınmışdı.
Nazim Hikmət 1958 və
1960-cı illərdə Bakıda olarkən həm
Yazıçılar İttifaqında, həm də Mehdi
Hüseyngildə Sara xanım "Aişə" türk
mahnısını ifa etmişdi. Onun ifasından və
gözəlliyindən bihal olan böyük şair
"Aişə" mahnısının bir neçə dəfə
təkrarən oxunmasını istəmiş, sonda "Sara
xanımın səsi, avazı mənə anamın
laylasını xatırlatdı" demişdi...
Ona bəzən
"daş" atardılar
Sara xanım iyirmidən
çox mahnısını oxuduğu bəstəkar Şəfiqə
Axundova ilə çox yaxın idi. Sənətkar
hələ gənc yaşlarından onunla ünsiyyət
qurmuş, müharibə illərində qayğıya ehtiyac
duyan Şəfiqəyə əl tutmuş, kömək
durmuşdu. Bunu indiyədək bəstəkar
hörmətlə xatırlayır.
Bir gün televiziyada Gülyanaq Məmmədova
Şəfiqə Axundovanın "Nədən oldu"
mahnısını ifa etdikdən sonra aparıcı bəstəkara
"Sara xanım bu mahnıya öz möhürünü
vurub" söylədikdə, bir qədər ehtiyatsız
deyilmiş cavab alır":Düzdü,
Sara xanım həmin mahnını oxuyub. Amma
Gülyanağın ifası bir başqadı".
Bu söz Sara xanımın xətrinə
dəymiş, Şəfiqə xanımdan möhkəm
incimişdi: "Mən o mahnını yaşatmışam,
ömür vermişəm. Şəfiqə
xanım gərək belə deməyəydi".
Qəmbər
Hüseynlinin "Nə vaxta qaldı" mahnısını
Sara xanım 18 fevral 1954-cü ildə lentə
yazdırmışdı. Ondan sonra gərək
ki, heç bir müğənni bu mahnını lentə
aldırmayıb. "Nə vaxta qaldı"nı kim oxusa da, Sara xanım təki
xırdalıqları, incə boğazlarını eləməyə
hünəri çatmayıb.
Bir gün Zöhrə
Abdullayeva Brilyant Dadaşovanın verilişində iştirak
edərkən demişdi ki, "Nə vaxta qaldı"
mahnısının ilk ifaçısı Nərminə Məmmədova
olub. Sara xanım bu söhbəti
eşitmiş, uşaqlıqdan onun yanında böyüyən
Zöhrənin əslində bu mahnını ilk dəfə
kimin oxuduğunu bilə-bilə belə deməsi ona xoş gəlməmişdi.
Amma böyük sənətkar özündən
cavan həmkarını yanlış informasiyaya görə
utandırmamışdı.
Və yaxud
"Kamerton" verilişində Gülyaz və Gülyanaq Məmmədovalar
dedilər ki, "Şur" muğamını indiyədək
heç bir qadın müğənni oxumaması barədə
söylədiklərindən Sara xanım pərt olmuşdu.
13 may 1965-ci ildə "Şur" dəsgahını
başdan-ayağa lentə yazdıran sənətkarı bilmədiyini
danışanların efir məsuliyyətini unutması əməlli-başlı
hiddətləndirmişdi.
Çəkisini
bilən sənətkar
Əbülfət
Sara xanıma, bir-birlərinə çox hörmətlə
yanaşırdılar. Onların səsində
həmahənglik vardı. Əbülfətlə
Saranın iştirak etdikləri konsertlərdə,
tamaşalarda qələbəlik, ruh yüksəkliyi
olardı.
"Leyli və Məcnun"
operasında onlar bir-birinə yaraşırdılar və sanki
öz həyatlarını oynayırdılar. Xüsusilə birinci pərdə onların
ifasında çox təsirli səslənirdi.
Əbülfət
Sara xanımın sənətini yüksək qiymətləndirərdi.
Eyni zamanda Sara Qədimovayla Yavər Kələntərli
də Əbülfətin ifasına yüksək qiymət
verirdilər. "O, oxuyanda gərək çənəsinin
altına qızıl boşqab tutasan ki, ağzından
tökülən bal səs yerə axmasın" - deyirdilər.
Əbülfət Əliyev
"Sara xanım həm gözəl qadın, həm gözəl
sənətkar, həm də gözəl evdar xanımdı, əlinin
dadı-duzu bişirdiyi yeməklərin ətrinə
qarışır, yoldaşlığı bizim kimi min
kişiyə dəyər, ona baş əymək
lazımdı"-deyərdi.
Qulu Əsgərov
onların dostluğana "Deyişmə"
mahnısını həsr etmişdi. Bu
mahnı uzun illər Sara və Əbülfətin gözəl
ifasında zövqləri oxşadı, repertuardan düşmədi.
Sonralar bu
mahnını İslam Rzayevlə Zeynəb xanım lentə
yazdırdılar.
Sara xanım Əbülfət vəfat
edərkən onun dəfnində fəal
iştirakçısı kimi unudulmaz sənət fəxri
xiyabanda basdırılması üçün səlahiyyətli
şəxslərə üz tutdu və sonda istəyinə
nail oldu.
Sara xanım öz
qiymətini bilən sənətkar idi. Ömründə
heç kəsə ağız açmazdı. Bir dəfə də olsun televiziya və radio rəhbərlərinə
müraciət etməzdi ki, mənim konsertimi verin və yaxud
hansısa verilişə çağırın. O,
öz çəkisini, qədr-qiymətini bilən idi.
Bir gün Məleykə
Əsədova Sara xanımı verilişinə dəvət
edir. Sara xanım ona "qızım, mən
gəlib sənin qarşında otura bilmərəm. Mən sənin verilişinin adamı deyiləm"
deyir.
Sara xanım
"Kamerton", Gülşən Qurbanovanın "Qaynar
qazan" verilişlərində iştirak etməkdən də
imtina etmişdi. Rəhmətlik Gülşən
xanımın xətrini istəsə də, yumşaq şəkildə
"yox" deməyi lazım bilmişdi: "İncimə, mənə
bu yaşda, ad-sanda camaatın qarşısında
yüngüllük eləmək yaraşmaz".
Sara
xanım belə Sara idi: qürurlu, mənliyini, ləyaqətini
gözləyən bir insan...
Bir gün Sara
xanımı ata yurdu Ağdama məhsul bayramına dəvət
edirlər. O, özü ilə rayona başqa bir
müğənni də aparır. Qayda belə
idi ki, konserti xalq artisti bağlayırdı, yəni
axırıncı o oxuyardı.
"
Həmin müğənni "
Bununla da Sara xanım
növbəti dəfə sözünü yeridib,
prinsipiallığını göstərə bilir.
Sara
zövqü
Sara Qədimova
İndoneziyada olarkən prezident Sukarnonun həyat
yoldaşı Hartini Sukarno ona qeyri-adi, par-par parıldayan al
qırmızı və yaşıl rəngli iki dəst
parça bağışlayır.
Sara xanım
yaşıl parçanı Şövkət Ələkbərovaya
hədiyyə verir. Hər ikisi
bağışlanan parçadan səhnə paltarları
tikdirirlər. Pərəstişkarları
Sara xanımı həmin paltarda görəndə necə də
sevinirdilər.
Bir dəfə Sara
xanıma qısqanclığı tutan o zamankı mədəniyyət
nazirinin qadın müavinlərindən biri deyir ki,
parıltılı paltarı geyinmək məsləhət
deyil. Bu xanəndənin xatirinə dəyir.
Günlərin birində
xanım nazir müavini olan məclisdə Sara xanım
Şövkətlə danışıb qərara alırlar
ki, hər ikisi həmin paltarları geyib səhnəyə
çıxsınlar. Belə də olur.
Onları həmin paltarlarda görən nazir
müaini əsəbləşib, salonu tərk edir.
Beləcə, "25
ildi səhnədəyəm, necə geyinməyi bilmirəm ki,
mənə dərs keçsinlər" ədasıyla Sara Qədimova
vəzifəli xanımdan çəkinmədiyini sübuta
yetirir.
"Kəsmə
şikəstə"
Cahangir Cahangirov dəfələrlə
Sara Qədimovaya "Füzuli kantatası"nı
yeni formada muğam üstündə oxumağı təklif
etmişdi. Amma Sara xanım
razılaşmamışdı. Demişdi
ki, Şövkət xanım bu kantataya möhür vurub, onu
başqa birisinin oxuması günahdı. Sara
xanım, belə Sara xanım idi.
Uzun illər boyu Sara xanım "Kəsmə
şikəstə"ni lentə
yazdırmaq istəsə də, arzusunu həyata keçirməyə
sanki ürək eləməmişdi. Səbəbi
sadəydi. Onun fikrincə, Fatma Mehrəliyevanın
ifa etdiyi "Kəsmə şikəstə"dən sonra,
bu, elə-belə məsələ deyildi. Hətta o,
Şövkət xanımı, Gülxar Həsənovanı və
Zöhrə Abdullayevanı qınayırdı ki, gərək
Fatmadan sonra onlar "Kəsmə şikəstə"yə
müraciət etməyəydilər: "Xalq Fatmanın
şikəstəsini qəbul edib, bəyənib, vəssalam"
qənaətində olan xanəndə nəhayət yetmişi
haqlamaqdaykən tilsimi sındırmaq qərarına gəlir"":Şikəstə"ni
lentə yazdırıram. Qəti fikrimdi. Amma Fatma xanım oxuyan "Kəsmə şikəstə"ni
yox, Yavər Kələntərlinin dilindən eşitdiyim
yanıqlı "Sarıtorpaq şikəstə"sini".
Qarabağ
torpağının, doğma Gülablının kafir
düşmənlə üz-üzə qaldığı
ağrılı günlərin birində rəhmətlik
İslam Rzayevin ansamblının müşayiətilə
"Sarıtorpaq şikəstəsi" lentə
yazıldı. İlahi, bu şikəstəni
oxuyanda Sara xanım nə qədər ağladı. Ürəyinin dərdini, ah-naləsini şikəstəyə
qatdı. "Ay başı bəlalı, Qarabağ"
fəryadı dinləyənlərin gözündə yaş
qoymadı. İndi ara-sıra televiziya və
radioda səslənən həmin "kəsmə" -
"Sarıtorpaq şikəstəsi" beləcə
yarandı.
"Rəftəm
ki, rəftəm"
1960-cı illərin əvvəlindən
İranla incəsənət əlaqələrində bir istiləşmə
vardı. Bir-birinin ardınca Mərziyyə,
İlahə və Pərvanə xanım Azərbaycana qastrol səfərinə
gəlmişdilər.
Sara xanım Rəşid
Behbudov, Tofiq Quliyev və Sürəyya Qacarla birlikdə Mərziyyə
xanımı Bakıda dəmir yolu vağzalında
qarşılamış. 20 gün evində
saxlamışdı. Onun ifa etdiyi "Rəftəm
ki, rəftəm" mahnısını öyrənib, uzun illər
repertuarında səsləndirilmişdi.
Azərbaycanla
tanışlığı Culfadan başlayan İlahə
xanımı Naxçıvanda qarşılayıb Bakıya gətirənlər
sırasında Əhsən Dadaşov və Cahangir Cahangirovla
yanaşı, Sara Qədimova da olmuşdu.
Rəşid Behbudov
evində Mərziyyə xanımın şərəfinə
düzənlədiyi ziyafətdə qadın müğənnilərdən
yalnız Sara xanım iştirak etmişdi. Sara Qədimovanın özü də Mərziyyə
xanımın şərəfinə köhnə
"İnturist"də böyük ziyafət vermişdi.
Sara xanım 83 il
yaşadı. 2005-ci il may ayının 12-də
dünyasını dəyişən müğənni gəncliyində
və orta yaşlarında olduğu kimi, ahıl
çağında da qadınların ən gözəli idi. Bəli, bu o Saraydı ki, 1950-60-cı illərdə
onu bircə dəfə görmək üçün adamlar Azərbaycanın
ucqar rayonlarından Bakıya axışar, konsertinə
düşməyə çalışardılar. Sara xanımın həyatdan getməsi təkcə
bir ailənin deyil, bütün xalqımızın itkisiydi.
Sara xanım
1954-cü ildə Azərbaycanın əməkdar, 1963-cü
ildə xalq artisti fəxri adlarına layiq
görülmüşdü. O, 1959-cu ildə "Şərəf
nişanı", 1997-ci ildə "Şöhrət"
ordenləri ilə təltif olunub, Prezident təqaüdçüsü
idi. 1963-cü ildə Bakı şəhər
sovetinin deputatı seçilmişdi.
Azərbaycanın
çox "bərk" gedən müğənniləri və
xanəndələri olub, lakin fiziki yoxluqları ilə səsləri
də qeyb olub.
Sara xanımının səsi
yaddaşımızda az-az qalan səslərdəndir:
Xanın, Seyidin, Fatmanın, Şövkətin, Rübabənin,
Bülbülün, Rəşidin, Əbülfətin, Tükəzbanın,
İslamın, Zülfünün, Mütəllimin, Yaqubun, Səxavətin
və s. böyük sənətkarlarımızın səsi
kimi...
Seymur Elsevər
Ekspress.- 2011.-19-28 mart.- S. 18.