"Mənim kimi yaşamaq çətin və
pisdir"
Qısa arayış: Orxan Fikrətoğlu 1966-cı ildə
Bakı şəhərində tanınmış şair Fikrət
Sadığın ailəsində dünyaya göz
açıb. 1991-ci ildə Moskvada Dünya Ədəbiyyatı
İnstitutunu bitirib. 1983-cü ildə kinoda
işıqçı kimi fəaliyyətə başlayıb.
Müxtəlif dövrlərdə C.Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında, Dövlət Kinematoqrafiya Komitəsində,
"Azərtelefilm"də, həmçinin,
"Günay" qəzetinin baş redaktoru işləyib. Dövlətlərarası
"MİR" teleşirkətinin direktor müavini olub. Hazırda
"Mozalan" satirik kinojurnalının direktoru və ANS
telekanalının baş icmalçısıdır. Yeddi bədii
nəsr kitabının, üç publisistik kitabın müəllifidir.
İlk hekayəsi 1981-ci ildə "Kirpi" jurnalında
çap olunub.
Bir neçə bədii filmin ssenari müəllifidir. Əsərləri
İran, Türkiyə, Bolqarıstan, İsveç və bir
çox ölkədə çap olunub. "Yeddi"
romanı Almaniyada mükafata layiq görülüb. Dediyinə
görə, hətta hekayələri Oksford Universitetinin dərsliklərinə
salınıb, "Dünya Nəsr Antologiyası"na
düşüb. Bəzi pyesləri ölkə teatrlarında
səhnələşdirilib.
Ailəlidir. Bir qızı var.
Bugünkü həmsöhbətimiz
hamının yaxşı tanıdığı köhnə
azərbaycanlı Orxan Fikrətoğludur. Orxanı hərə
bir cür tanıyır. Kimi yazıçı, kimi jurnalist
kimi, kimi rejissor, kimi müəllim kimi, kimisi də tanınmış
şair Fikrət Sadığın oğlu kimi...
Bəs, əslində, kimdi Orxan
Fikrətoğlu? Biz əvvəlcə qısa arayışla
onu təqdim edək, qalanını isə öz öhdəsinə
buraxırıq...
"Bu
gün ədəbiyyatda və televiziyada qruplaşmalar
formalaşıb..."
- Orxan müəllim, qarşıdan
Novruz bayramı gəlir. Bayram günü həm də sizin
doğum gününüzdür, 45 yaşınız tamam
olur. Nəsə dəyişib, yoxsa elə köhnə azərbaycanlı
kimi qalmısınız?
- Mən elə həmişəki
mənəm. Elə bilirəm ki, özüm barədə
danışsam, əsl azərbaycançılıq və
İslam əxlaqına uyğun gəlməz. Çünki bu
əxlaqla mən də yaşayıram, sən də, digərləri
də. Lakin nə etdiyimi və etmək istədiyimi demək
istəyirəm. Əslində, insan anadan azad doğulur. Ona
görə də azadlıq axtarmaq həvəsi məndə həmişə
maraq doğurub. Axı insan nədən və niyə azad olmaq
istəyir? İnsan anadan ifrat dərəcədə, hətta
tərbiyəsizlik sayılacaq qədər azad doğulur. Elm və
mədəniyyət olmasa, insan dünyaya zülm edər. Əlimə
qələm alandan həm ədəbiyyatda, həm də kinoda
insanın transformal olmasını, dəyişmə
anlarını işləmişəm. Dünyada radionun,
televiziyanın yaranıb ölməsini müşahidə
etmişəm. Mənim gözümün qabağından
dünya ədəbiyyatı başqa dönəmə
keçir. Artıq dünya kinosu da tamam dəyişib. Məsələn,
bu gün televiziyalar yalnız reytinqə işləyir. Bu
gün baş verənlərin klassik televizya və radioya dəxli
yoxdur. Mən o televiziya və radionun adamıyam. Çünki
mən orada sırf siyasi maarifçiliklə məşğul
olmuşam. Ədəbiyyat şəhər və kənd ədəbiyyatına
bölünəndə, mən ilk dəfə sürrealist
hekayələr yazmışam. Və yaxud, Gülbəniz Əzimzadənin
çəkdiyi "Ümid", Ramiz Əzizbəylinin
"Yalan", özüm çəkdiyim "Ərazi",
"Xalça" filmlərində də insan faktoruna bu
prizmadan yanaşmışam. Ona görə də, mənə
elə gəlir ki, bu yaşımda- dördlə beşin
yan-yana durduğu bir məqamda elmək istədiyimin bir faizini
etmişəm.
- Yazıçı Orxan Fikrətoğlu
bu gün həm kino çəkir, həm də jurnalistika ilə
məşğuldur. Amma bir məsələ var, bu sənət
aləminin heç biri sizi sonadək qəbul etməyib. Ədəbiyyatçılar
deyir kinoçəkəndir, jurnalistlər sizi
yazıçı kimi qəbul edirlər.
Kinematoqrafçılar da sizi televiziyaçı hesab edirlər.
Yəni, ruslar demişkən, "yadlar arasında doğma,
doğmalar arasında yad". Bugünkü dünyanın
qarışıq rənglərini Orxan Fikrətoğlunun
hansı gözü daha aydın görür-
yazıçı, jurnalist, yoxsa rejissor gözü?
- Əslində, bunları mənim
yazıçılığım birləşdirir. İlk dəfə
yaradıcılığa nəsrlə başlamışam.
Qorki adına Moskva Ədəbiyyat İnstitunun da nəsr
şöbəsini bitirmişəm. Siz
sadaladığınız işlərin mərkəzində nəsr
durur. Mən televiziyada da öz sözümü demişəm.
Məndən əvvəl televiziyada "Zorxana" olmayıb,
heç kim o dildə danışmayıb. Heç cəhd də
etmədilər.
- Amma "Zorxana"nı efirə
tin söhbətləri gətirməkdə, efirin akademik səviyyəsini
aşağı salmaqda qınadılar...
- Olsun da. Bəli, mən xəbər
dilinə virus salmışam. Əliağa Vahid də
küçə dilində yazırdı. Bu gün məgər
Əliağa Vahid yaşamır? Amma Azərbaycan ədəbiyyatına
absurdizmi də mən gətirmişəm, bu da var. Yəni,
bunları mən eləmişəm, pis və yaxud
yaxşı olması artıq mənim üçün ikinci
dərəcəli söhbətdir. Bəli, bu gün ədəbiyyatda
və televiziyada qruplaşmalar formalaşıb və
bunların heç biri məni qəbul etmir. Çünki mən
heç bir klanın, qruplaşmanın və partiyanın
üzvü deyiləm. Fərdi şəkildə öz istədiyimi
yazan, göstərən biriyəm. Əsas odur, bilirəm ki, mən
özüməm və bunun yaxşı-pis olması də
artıq ikinci dərəcəlidir. Elə bilirəm ki, mənim
kimi yaşamaq çətin və pisdir.
O ki qaldı özümü ifadəyə,
bu məndə daha çox nəsrdə yaxşı
alınıb. Düşünürəm, ədalətli ədəbi
tənqid bunun qiymətini çoxdan verməli idi.
"Hər
şeydən əsəbiləşirəm
deyə, az adamla ünsiyyətdə oluram"
- Fikrət Sadıqdan nəyi
götürmüsünüz və yaxud nələrdən
imtina etdiniz?
- Mən Fikrət Sadığı
tam qəbul edirəm. Çünki pisi, yaxşısı, zəifi
və güclüsü ilə Fikrət Sadıq mənim
atamdır. Oğul da atasına oxşamalıdır, onun səhvini
də yalnız ikmiz olanda deyirəm. Bununla yanaşı, etiraf
edirəm ki, ədəbiyyatla bağlı böyük
davalarım olub. Mən Yazıçılar Birliyində
çıxış edib demişəm ki, "bu təşkilat,
ümumiyyətlə, bağlanmalı, fəxri adlar, orden və
medallar ləğv olunmalıdır" və yaxud "Sovet ədəbiyyatı
yoxdur!" Təbii ki, atam məndən bu söhbətlərə
görə dəfələrlə küsüb. Çünki
bu onun dünyası, mühiti, dostlarıdır. Amma sonra mənimlə
razılaşıb. Məsələn, mənim əsərlərimdə
naturalist məqamları, erotik
çılğınlıqları o əvvəlcə qəbul
etmirdi. Amma sonra dedi ki, bu sənin öz yolundur, özün bilərsən.
Amma məişət zəminində mən atama peyğəmbərimizin
dediyi oğulluğu etmişəm. Bütün hərəkətlərimə
görə də ondan halallığımı istəmişəm.
Belə baxanda, məndən həmişə atama şikayətləniblər.
Amma onun bir kəlmə sözü var, "bu sənindir".
Dayım Aqşin Babayevə də yüksəkrütbəli
siyasilər şikayətlənirdilər. Deyirdilər ki,
"ona de, eləməsin". Dayım da mənə deyən
günün sabahı daha da çox tənqid edib
söyürdüm. Amma çox vaxt şikayətlərini
atama deyirlər, çünki mənimlə əlaqə
yaratmaq çətindir. Çox əsəbi adamam, hər
şeydən əsəbiləşirəm deyə, az adamla
ünsiyyətdə oluram. Çox vaxt şikayətlərin
cavabını Fikrət Sadıq özü verir, məni
qarışdırmır.
- Bu gün ədəbiyyat aləmində
aşkar qarşıdurma var. Təzələr köhnələrdən
imtina edir, köhnələr də təzələri qəbul
etmir. Sizcə, dava nə davasıdır?
- Mən artıq orta nəslə
aidəm. Hələ bir-iki il də ortalıqda var-gəl etmək
imkanım var. Əslində, cavanlarla qocaların maksimalistcəsinə
bir-birini bəyənməməsi təbiidir. Adəm peyğəmbərdən
bu yana gənclər özlərini yaşlılardan
ağıllı, güclü, qocalar da əksinə,
onları cahil sayıblar. Bir məsələ də var ki, gəncliyində
novator, qocalığında mühafizəkar olmayanı normal
insan saymıram. Lakin əsas odur ki, ortaya iş
qoyulmalıdır, imkanla ideya üst-üstə düşməlidir.
Hər nəsil özündən əvvəlkini bəyənməsə
də, ortaya yazı qoyub axı. Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, onlardan sonra Hüseyn Cavid,
sonra 50-cilər, 60-cılar, 70-cilər və 80-cilər- bunlar
ortalığa tutarlı iş qoyublar. Bunu inkar etmək olmaz.
Heç kimi bəyənməyib, heç nə yazmamaq, məncə,
yalnız dəlilikdir, anormallıqdır.
- Müasirlərdən kimləri
oxuyursunuz?
- Bu yaxınlarda Əziz Alpout
adlı müəllifin Türkiyədə dərc olunan bir
kitabını oxudum, əsrin əvvəllərində baş
verən hadisələrdən bəhs edirdi, oradan çox
şey öyrəndim. Amma yeri gəlmişkən deyim, "Əli
və Nino" əsərini qəbul etmirəm, ona nifrət
edirəm. Əslində, böyük mədəniyyətə
malik azərbaycanlılar bu əsərdə çox
cılızlaşdırılırlar. Əziz Alpoutun həmin
dövrdən bəhs edən əsəri isə mənə
daha doğmadır. Müasir ədəbiyyat deyəndə, mən
Yaşar Əliyev, Eyvaz Əlləzoğlu, Qulu Ağsəsi təsəvvürümə
gətirirəm. Bizi də çox vurdular, elə 60-cılar
bizi çox təpiklədir. Amma bizim nəsil Qarabağda
vuruşdu, meydanlarda gecələdi...
"40
yaşıma qədər
bütün dostlarımı itirdim"
- "Mozalan"ın səsini
eşitmirik. Neştəri korşalıb, yoxsa?..
- Biz bir əsrdən çoxdur ki,
Mirzə Ələkbərin təsirindən çıxa
bilmirik. Amma istedad baxımından o qədər
"cırlaşmışıq" ki, böyük Sabirin
özünütənqidini lağlağı səviyyəsinə
salmışıq. Gülüş xatirinə səhnədə
dombalaq aşırıq, arvad paltarı geyinirik. Bu gün
lağlağı Azərbaycan mədəniyyəti kimi təlqin
olunur. Amma mən "Mozalan"a bunu buraxmıram. Klassik
mövzuda hazırlanan "Mozalan"a da baxan yoxdur. Ona görə
də bizim məhsulu alan yoxdur.
- Kinematoqrafçı Orxan Fikrətoğlunu
bu gün nə düşündürür, nə
maraqlandırır, nə narahat edir?
- Bu gün mən istədiyim səviyyədə
Azərbaycan kinosu olmasa da, bunu yaratmaq mümkündür.
Çünki bizdə bunun məktəbi var. Sadəcə,
yeni kadrlar yetişdirməliyik. Mən hələ ki gənc,
perspektivli kadrları görmürəm. Amma yəqin ki,
yetişəcək. Gənclərin arasında qəbul etdiyim
rejissor Yavər Rzayevdir ki, o da məndən 10 yaş
böyükdür.
Rafiq Quliyevi gənclərə aid
edirlər, 56 yaşı var. Mən bu gün Slavyan
Universitetində jurnalistikadan dərs deyirəm. Gənclərlə
təmasda olana qədər onlardan qaçırdım. Elə
bilirdim ki, gənclər yollarını azıblar. Amma sonradan
gördüm ki, bugünkü gənclik çox
ayıqdır. Şeirin və nəsrin nə olduğunu məndən
də yaxşı bilirlər, hansı konyuktr işləkdirsə,
onunla gedirlər, ailələrini dolandırmağı
bacarırlar. Yəni, onlar kapitalizmi bizdən yaxşı dərk
edib, pul qazanmaq üçün rəqabəti yaxşı
öyrəniblər. Bunlar kiməsə yol verməzlər.
İstedadlı-istedadsız, kimsəni özlərindən irəli
buraxmazlar. Və gənclərin zəmanəyə
uyğunlaşması, ayıqlığı məni həqiqətən
də sevindirir, ən azından yaşamağı
bacarırlar. Amma mənim nəslim pafosa inanandır. Misal
üçün, məni 20 Yanvar hadisələrində
aldadıb əliyalın tankın qabağına
çıxarmışdılar ki, "get öl, qəhrəman
olacaqsan". Mən Qarabağda döyüşmüşəm,
ölümə getmişəm. Amma indikilər getməz. Deyəcəklər
ki, "hamı getsin, mən də gedim". Və ya deyəcək
ki, "varlının, yüksəkrütbəli məmurun
övladı getmirsə, mən də getmirəm". Bunlar
erməniləri də aldadacaqlar. Belə baxanda, qərdeşim,
düz deyir də. Amma məhz buna görə belə
insanlardan mənəviyyata söykənən po-eziya, ədəbiyyat
gözləməyə dəyməz.
- Yazarların bir ümumişlək
sözü var, deyirlər ki, "özümü
yazıram". Orxan Fikrətoğlunun qəhrəmanları
ona nə dərəcə yaxındır?
- Əgər kim ki özünü
yazdığını deyirsə, inanmayın, yalan deyir.
Poeziyada o məsələ hansısa mənada doğru ola bilər,
şair hissiyatını yazır. Amma nəsrdə belə
deyil. Mən, misal üçün, insanlığını
itirəndən sonra qayıdıb təzədən insan
olanların hekayətlərini yazıram. Misal
üçün, "Ölümə məhkum olmuş"
hekayəsində güllələnməyə məhkum edilən
polkovnikin əsgər üzünü qırxmır və
öldürür. Amma sonradan o özü həmin polkovnikə
çevrilir. Xeyirdən xeyir, şərdən şər
doğar. Məni bir yazıçı kimi belə insan faktoru
həmişə düşündürüb. Biz bu dünyaya
insan kimi gəlmişiksə, qarşılaşdığımız
şəraitdən asılı olmayaraq
insanlığımızı itirməməliyik.
Gözünüzün qabağında nə qədər dost
itirmişəm. Çünki düşmənlərimi
bağışlaya bilirəm, amma dostlarımı yox. 40
yaşıma qədər bütün dostlarımı itirdim.
Çünki kimsə mənə xəyanət edibsə,
sonradan yenə edəcək, yalan danışacaq.
- Akademik Milli Dram Teatrında əsərinizin
səhnəyə qoyulacağını eşitdik...
- Teatrın direktoru İsrafil
İsrafilov məni dəvət etdi, görüşdüm.
"İynənin nağılı" pyesimi
götürdü. Absurd əsərdir. Əsərin mövzusu
qayçı ilə iynənin mübahisəsindən gedir.
Alleqorik bir əsərdir. Bu il, ya da ola bilsin, gələn il mənim
hansısa əsərim "Azdrama"da səhnəyə
qoyulsun.
İltifat
HACIXANOĞLU
Ekspress.-2011.- 19-28 mart.- S.19.