Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır

 

   Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

   1924-cü il sentyabrın 1-də H.Z.Tağıyev vəfat edəndə M.Ə.Rəsulzadə qürbətdə, N.Nərimanov Moskvada idi. Sentyabrın 4-də millət atasının dəfn mərasimində Mir Cəfər Bağırov iştirak etmişdi.

   Nəriman Nərimanovdan sonra H.Z.Tağıyevin ən böyük qədirşünası da odur. Repressiya illərində qəbrini qoruyub saxlamış, biçarə qızı Sara xanım müharibə illərində Bakıya qayıdarkən onun Maarif Nazirliyində təlimatçı vəzifəsində işləməsini təmin etmişdi.

   Qəribədir, bu dörd tarixi şəxsiyyətə - Tağıyev, Rəsulzadə, Nərimanov və Bağırov hələ də layiq olduqları qiyməti almayıblar. Diqqət yetirin, ASE-nin doqquzuncu cildinin nəşrindən altı il keçmiş, 1992-ci ildə Nəriman Nərimanovun "Ucqarlarda inqilabımızın tarixinə dair (İ.V.Stalinə məktub)" kitabının müqəddiməsində deyilirdi: "Stalin, Beriya, Bağırov və bu dəstənin digər üzvləri adamları döyür, məhv edir, tapdalayır, ömürlük şikəst edirdilər".

   İyirminci yüzilliyin sonlarında Bağırovu "adamları döyən, məhv edən, tapdalayan, ömürlük şikəst edən" kimi təqdim edən Azərbaycanın vəzifəli akademik və tarixşünaslarının məqsədi qaranlıqdır: Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1919-20-ci illəri tariximizdən silmək, 1918-ci ildə azərbaycanlılara qarşı bolşevik-daşnak qətliamını pərdələmək istənilir. Nə yaxşı, hər bir zaman olduğu kimi, doxsanıncı illərdə də haqqı tapdalamayan şəxsiyyətlərimiz, tarixçi-tədqiqatlarımız mərdanə və cəfakeş soydaşlarımız olmuş və vardır. Mir Cəfər Bağırov dövründə nə Şaumyana, nə də digər "26-lar"a Bakıda əzəmətli heykəllər ucaldılmayıb, ev-muzeyləri yaradılmayıb. Çünki 1917-20-ci illərdə şaumyanların, mikoyanların və digər daşnakların xalqımıza qarşı törətdikləri cinayətlərlə o bilavasitə tanış idi. Bu gün həmin dövrə aid arxivlərdə saxlanılan sənədlərin ilk oxucusu da elə M.C.Bağırov olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin sədri, tarix elmləri doktoru Ataxan Paşayev 2001-ci ildə "Azərbaycan" nəşriyyatı tərəfindən buraxılmış "Açılmamış səhifələrin izi ilə" kitabında (səh. 91-110) Azərbaycan türklərinin başına gətirilmiş müsibətlərə dair arxiv sənədləri hərtərəfli tədqiq olunmuşdur:

   ATAXAN PAŞAYEV - 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə keçirilən iclasında azərbaycanlılar və onların əmlakı üzərində zorakılıq hallarını təhqiq etmək üçün fövqəladə təhqiqat komissiyası yaratma haqqında məsələ müzakirə olunmuşdur. Məruzə ilə çıxış edən xarici işlər naziri Məmmədhəsən Hacınski bildirmişdir ki, "artıq 4 aydan çoxdlur ki, Azərbaycan ərazisinin müxtəlif bölgələrində bolşevik adı ilə məsuliyyətsiz erməni hərbi hissələri (bu hissələrin tərkibində Azərbaycan bolşeviklərinin birinci qurultayının nümayəndələri də vardı - T.Q.) və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı edilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda, həmin quldur dəstələri tərəfindən göndərilən yalan məlumatlar əsasında Avropa ölkələrində bütün ictimai fikir tamamilə əks istiqamətə, azərbaycanlılara qarşı yönəldilir". Hacınskinin təklifinə görə, Fövqəladə Təhqiqat Komissiyasının işinin nəticələri başlıca Avropa dillərində - rus, fransız, alman dillərində də elan edilməlidir.

   1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri və xarici işlər naziri Fətəli xan Xoyski tərəfindən imzalanmış qərara əsasən Fövqəladə komissiyanın 7 nəfərdən ibarət tərkibi təsdiq olundu. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədov təyin edildi. 1919-cu il yanvarın 6-da komissiyanın sədri Ə.Xasməmmədov xarici işlər nazirinə yazdığı məktubunda bildirirdi ki, Avropa sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Göyçay, Cavad, Şamaxı və Quba qəzalarında müsəlmanlara qarşı ermənilər tərəfindən törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatlar nazirliyə göndərilir. Bu məlumatda qeyd edilirdi ki, Lənkəran qəzası polkovnik Avetisovun quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsi polkovnik İllarionoviç başda olmaqla ruslar tərəfindən, İrəvan quberniyasında, Gəncə quberniyasının Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur qəzasında böyük dağıntılar törədilib, azərbaycanlı əhali ucdantutma məhv edilir. Komissiya tərəfindən xaricə yollanacaq nümayəndə heyətinə əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil təqim olunmuşdu.

   Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi ermənilər Bakıda Erməni Milli Şurası və "Daşnaksütyun" partiyasının parlament fraksiyası günahkarları müdafiəyə başlamışlar. (Erməni Milli Şurası bu gün Ermənistanda "Erməni Milli Konqresi" adı ilə, "Daşnaksütyun" isə öz adı ilə Azərbaycan türklərinə qarşı haqsızlığı müdafiə edirlər - T.Q.) 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinə göndərdiyi məktubunda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnaya küçəsində Şamaxı şəhəri sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər. Həbs olunanlar Şamaxıda ən nüfuzlu adamlardır, Şamaxı şəhər dumasının üzvləridirlər. Gülbəndiyants Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, Arzumanov Şamaxı erməni kilsəsinin hamiktikoru, İvanyants isə məşhur tacirdir. Fövqəladə Təhqiqat Komissiyası 1920-ci il Aprel çevrilişinə qədər fəaliyyət göstərmişdir.

   Sovet hakimiyyəti illərində Erməni Milli Şurasının və "Daşnaksütyun"un liderləri "bolşevik" donunda uzun müddət cəzasız qalaraq, Azərbaycanda "yağlı" vəzifələrdə çalışmışlar. Amma Mir Cəfər Bağırov qətlə yetirilmiş soydaşlarımızın intiqamını almağı bacarmışdır.

   Arxiv qovluqlarında istənilən qədər belə faktlara rast gəlmək olar. Elə qardaşına "əclaf" deməklə M.C.Bağırovun daşnaklara nifrət dolu ürəyinə yol tapmağa çalışan, Gülbəndiyantsların, Arzumanovların, İvanyantsların, Lalayanların, Mikoyanların cərgəsində olmuş Tevodoros Mirzabekyan daşnak kimi güllələnmişdir. Mirzabekyanların "nüfuzlu şəxslər" olduğunu qüvvədə saxlamaq istəyənlər də M.C.Bağrovun sərt münasibəti ilə üzləşmişlər.

   Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində tanış olduğum maraqlı bir materialı oxucuların diqqətinə çatdırıram. 1937-ci ildə Böyük Oktyabr sosialist inqilabının 20 illiyi ərəfəsində daşnaklar çoxlarının ağlına gətirə bilmədikləri bir hiyləyə əl atmışlar. Onlar Mirzabekyanın "əziz" xatirəsi naminə "Bakinski raboçi" qəzetinin 1937-ci il 28 oktyabr tarixli sayının dördüncü səhifəsində T.Mirzabekyanın atasının, anasının, yaxın qohumlarının fotoşəklinin "Şərəfli qocalar" başlığı altında dərc olunmasını təşkil edərək, qəzet səhifəsini ermənilər arasında yaymışlar. Qəzetin redaksiya heyətinin nəzərindən qaçan bu fakt barədə M.C.Bağırova xəbər çatdırılan kimi məsələni Mərkəzi Komitənin büro iclasının gündəliyinə salmışdır. Tanış olun:

 

   "Azərbaycan K(b)P Mərkəzi Komitəsi Bürosu

   (17 dekbr 1937-ci il, protokol 37)

   Qərar

 

   "Bakinski raboçi" qəzetində verilmiş portretlərə Azərbaycan K(b)P Nərimanov rayon komitəsinin münasibəti barədə

   Qəzet səhifələrində ifşa edilmiş düşmən ünsür Tevodoros Mirzabekyanın atasının şərəfli qocaman kolxozçu kimi portretini və digərlərinin portretini dərc etmiş "Bakinski raboçi" qəzetinin redaksiyası məzəmmət edilsin, respublika, şəhər və rayon qəzetləri redaktorlarına bir vəzifə olaraq tapşırılsın ki, "Bakinski raboçi"nin səhvini öz fəaliyyətlərində nəzərə alsınlar.

 

   Azərbaycan K(b)P MK katibi M.C.Bağırov.

   17 dekabr 1937-ci il."

 

   ... On altı ildən sonra, 1953-cü ildə dünya daşnaklarının Kremldəki lideri Anastas Mikoyan Lavrenti Beriyanın Moskvada qətlini təşkil etdikdən sonra M.C.Bağırovun Bakıdan Samaraya sürgün olunmasına nail olmuş, beləliklə, Mirzabekyanlar barədə "Bakinski raboçi" qəzetinin səhvi qüvvəyə minmişdir. Üç il sonra, 1956-cı il aprel ayının 26-da SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının təsdiq etdiyi ittihamnamədə müttəhim M.C.Bağırov nədə təqsirləndirilir? Daşnakları cəzalandırdığına görə. Tanış olun: "Azərbaycanda Sovet Hakimiyyəti qurulması uğrunda gizli fəaliyyət göstərən bir sıra köhnə bolşeviklərin xalq düşməni Beriyaya Müsavat kəşfiyyatında xidməti ilə əlaqədar siyasi etimad göstərmədiklərini yaxşı bilən Bağırov göstəriş vermişdir ki, 1902-ci ildən Sov. İKP üzvü İ.İ.Anaşkin, 1904-cü ildən Sov. İKP üzvü L.Arustamov, 1904-cü ildən Sov. İKP üzvü İ.Dövlətov, 1907-ci ildən Sov. İKP üzvü T.K.Mirzabekyan, 1905-ci ildən Sov. İKP üzvü M.T.Arzayan, 1905-ci ildən Sov. İKP üzvü A.S.Baqdasarov, 1906-cı ildən Sov. İKP üzvü N.V.Manuçarov, 1906-cı ildən Sov. İKP üzvü B.N.Ovçiyan və başqaları həbsə alınsınlar".

   Daşnakların "və başqaları" arasında 1938-ci ildə 60 yaşlı Sov. İKP üzvləri Avanesov Budaq Arustamov, Azaryan Alış Karapetoviç, 62 yaşlı Petrosyan Voskan Tsaturoviç, 58 yaşlı Danilyan Hacı Martirosoviç, 69 yaşlı Çeliyan Muxan Xosroviç və Qabrielyan (Manvelyan) Avanes Aleksandroviç, 63 yaşlı Ter-Quqasyan Ter-Sarkis Qolustoviç, 60 yaşlı Antonyan Arsen Martirosoviç, 67 yaşlı Ohanov Voskan Əmiroviç, 55 yaşlı Şahnazarov Andrey Sarkisoviç, 67 yaşlı Aramyan David Abramoviç, 55 yaşlı Voskanyan Sərkis Naqapetoviç, 59 yaşlı Qalustyan Nikolay Xaçaturoviç, 52 yaşlı Süleymanyan Ayrapet Arutyunoviç və Tevosyan Mixail Ayrapetoviç, 69 yaşlı Manvelyan Sərkis Ağacanoviç, 60 yaşlı Tavakalyan Voskan Mirzayeviç, 73 yaşlı Myasnikyan Ananiy İvanoviç, 75 yaşlı Mnaçakanyan Avatis Stepanoviç və s. vardır.

   Sual olunur: "Sov. İKP üzvü" olan altmış-yetmiş yaşlı ermənilər, görəsən, 1918-1920-ci illərdə hansı partiyanın üzvləri olmuşlar? 1938-ci ildə "Sov. İKP üzvləri" 1920-ci ildə otuz yaşında ikən Azərbaycanda hansı siyasi cərəyanın iştirakçıları idilər? Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1920-ci il fevralın 11-də gizli keçirilmiş Azərbaycan K(b)P birinci qurultayının nümayəndələrinin siyahısına diqqət yetirin:

   Avanesov İvan (Tevan) Akopoviç - Təvəllüdü 1890, fəhlədir, Bakı şəhəri, partiya mənsubiyyəti göstərilməyib.

   Ağamirov Suren Xristoforoviç - Təvəllüdü 1897, qulluqçudur, Bakı şəhəri, partiya mənsubiyyət göstərilməmişdir.

   Kasparov Nikolay Tevosoviç - Təvəllüdü 1880, fəhlədir, Bakı şəhəri, Bakı limanı təşkilatı.

   Mirzoyan Artyom Qriqoryeviç - Təvəllüdü 1890, fəhlədir, RK(b)P-nın üzvü, Bakı şəhəri.

 

   (ardı var)

 

 

   Teyyub Qurban

 

   Ekspress.-2011.-19-28 mart.-S.15.