Aytokya

 

   Mircavad Mircavad haqqında

 

   Məqalə Azərbaycanın görkəmli rəssamı Mircavad Mircavadovun həyat yoldaşı tərəfindən lent yazısına köçürülmüş xatirələri əsasında hazırlanıb. Böyük rəssamın həyatı və yaradıcılığı barədəki fikirləri ilk dəfə mediada - "Ekspress"də çap olunur.

 

   (əvvəli ötən şənbə saylarımızda)

 

   ...1950-ci ildə Leninqrada gedərkən yolüstü Konçalovskiyə baş çəkdim, Ermitajın fondunda saxlanılan Sezannı və bütün yeni qərb sənətini görmək üçün izn almaq istədiyimi ona bildirdim. Pyotr Petroviç "bundan bir şey çıxmayacaq" - dedi, vaxtı ilə o da buna cəhd edib, hətta onun sözünü yerə salıblar. "Siz məni yaxşı tanımırsınız" - qoca rəssama belə cavab verdim. Mixail İllarionoviç Artamanovun kabinetinə soxulub tələb elədim: "Sezannı mənə göstərin, yoxsa sizi öldürəcəm". O gülümsədi və dedi: "Öldürmək niyə, biz sənə hər şeyi göstərərik". Mən tərəddüd elədim, hər şeyin belə asanlıqla baş tutacağına inanmadım, mənə yazılı surətdə icazə verilməsini istədim. O bunu da təbəssümlə elədi. Nəhayət, əlimdə möhürlü, imzalı, daşdan keçən kağızla Ermitajın gizli xəzinəsinin qapısındayam, siqaret çəkməkdən səsi korlaşmış qadın qapını açır: "Siz bura necə düşmüsünüz? Bura kənar adamın ayağı dəyməyib".

   Budur, barmaqlarımın ucuyla tablolara toxunuram, Van Qoq, Matiss, Sezann, Qogen... tabloları əməlli-başlı görmürəm, onlarla nəfəs alıram, onları hava kimi uduram, su kimi içirəm. Gözlərim dolur, ağlayıram.

   İki gündən sonra şokdan ayılıb özümə gəlirəm, yenidən izn almaq üçün Ermitaja yollanıram. Ağ mərmər pilləkənlərlə qalxıram, yuxarıda bir qrup elmi işçi bir yerə toplaşıb, ayağım büdrəyir, yıxılıram, onlar gülürlər. Alim qardaşların arasında dayanmış bir qadın "Nə istəsə, ona göstərin. O, dəlidi, əsl dəlidi" deyir. Qadının sözləri mənə çox pis təsir elədi, əhvalım təlx oldu, ətrafında çərkəzi paltar geyinmiş iki balaca dəcəl oğlan dolaşan qadının özü heç də normal görünmürdü. Səhəri gün muzey işçilərindən birindən ətrafında çərkəzi paltar geyinmiş iki uşağın dolaşdığı qadının kim olduğunu soruşdum. "Orbelinin xanımıdır, amma onların cəmi bir oğulları var" - dedilər. Mən iki uşaq gördüyümü söylədim. "Sizə elə gəlib, bəzən belə şeylər olur". Bir qədər sakitləşəndən sonra yenidən Artamanovun yanına gedib kobudluğuma görə ondan üzr istədim. O, məni səmimiyyətlə qarşıladı, mən xəcalət çəkdim, ondan soruşdum: "Məni asanlıqla başınızdan edə bilərdiniz, məni aldadardınız, sonra milis çağırardınız, rəssamlıq institutunun tələbəsi deyiləm, nüfuzlu valideynlərim də yoxdu, niyə belə etmədiniz?" Artamanov cavab verdi: "Bu əsərlər bütün ölkədə heç kimə lazım deyil. Birdən siz rüzgar kimi içəri soxulursunuz, sanki hansısa başqa bir dünyadan gəlmiş adamsınız, sizə yalnız rəngkarlıq, rəngkarlıq və rəngkarlıq lazımdı. Bircə özünüzü kənardan görə bilsəydiniz! Necə ola bilər ki?"

   Beş il Ermitajın divarları arasında dərs aldım, Avropa klassiklərindən Sezann metodu ilə improvizələr elədim. Rubens obrazları üzərində işləyəndə yeməyimə fikir vermirdim, çox yeyirdim, çəkim artırdı, El Qreko sənətinə üz tutanda aclıq çəkirdim, arıqlayırdım. Mənə elə gəlirdi ki, bu minvalla obrazların ruhunu qoruyub saxlamaq mümkündür. Mən əsərlərin üzünü köçürmürdüm, yeni qərb rəssamlığının gözü ilə onlara yanaşırdım, heç vaxt kopiya çəkmədim, pulum olmasa, gedib kömür, kartof boşaldıb başımı girləyərdim, bədii salonlar, komission dükanları üçün bayağı kopiyalar işləməzdim, bütün sovet tələbələri belə eləyərdilər. Leniqradda Vasilyevski adasında yaşayırdım, gələcək alim Rasim Əfəndiyev bir neçə ay öz çarpayısını dostcasına mənə həvalə elədi. Mənim o zaman üçün təhlükəli sayılan fikirlərim Rasimi qorxutmurdu, o heç zaman məndən üz döndərmədi. Hələ Bakıda Muxtarovun gözəl qotik binasında Rasimin mənzilində gənclərin toplantısında Avropa rəngkarlığından ağızdolusu danışardım, onda mənə kosmopolit kimi baxırdılar, Sezann isə ümumiyyətlə formaliz kimi qadağan olunmuşdu. Rasimin atası Səməd Mustafa oğlu Əfəndi haçansa neft milyonçusu Muxtarovun kontorunda işləmişdi.

   Vasilyevski adasında mənim dostum Bakı ədviyyatları ilə dadlı düşbərə bişirərdi. Amma məsələ bunda deyil, o, məni professor Levinson-Lesinq ilə tanış elədi, bu səbirli insan mənə yardımçı oldu, onun sayəsində Avropa fortlarını gördüm, amma mən acgöz, səbirsiz və kobud idim, holland rəssamlarının - Van Deykin, Frans Qalsın, Allah eləməsin, Vattonun adını eşidəndə özümdən çıxırdım. Mənim də öz ciddi səbəblərim vardı. Tablolarına əllərimlə toxunduğum sənətkarlar Matiss, Pikasso sağ idilər, yaşayıb yaradırdılar və hansısa əclaflar onların əllərini sıxmağıma yol vermirlər. Professor Levinson məndən Rasimə şikayətlənirdi, Rasim də öz növbəsində həmişə aranı sakitləşdirirdi. (Sonralar Rasim Əfəndi bir çox elmi əsərlər yazacaq, professor, akademik olacaq, Rasimin "Azərbaycanın daş plastikası" əsəri mənim masaüstü kitabımdır).

   Levinson məni görəndə sanki quldur görürdü, baxışlarını yayındırırdı, amma sən demə, mühazirələrində məni tələbələrinə nümunə göstərirmiş - rəssam belə olmalıdı...

   Mən işlərimi muzeydə saxlayırdım, bir gün tablolarımdan biri yoxa çıxdı. Piotrovskini xəbərdar etdim, axtardıq, axtardıq, tablonu tapa bilmədim, onda Boris Borisoviç dedi: "Dərd eləmə, deməli, yaxşı əsər olub ki, kimsə oğurlayıb".

   El Qrekonun "Pyotr və Pavel" tablosunun improvizəsi üzərində uzun müddət işləmişdim, onda mənə elə gəlirdi ki, improvizə alınmayıb, kətanı Neva çayına atdım, aradan illər keçəndən sonra Pikassonun "Menina"sını görüb sevindim, deməli hələ o vaxtlar Nevada batan kətanı işləyəndə mən düz yoldayammış...

   Dəfələrlə məni Bakı ətrafında alman cəsusuna oxşadıb həbs ediblər. Hər tərəf hərbi obyektlərdi, heç kim mənim azərbaycanlı olduğuma, rəssam olduğuma, sadəcə etüdə çıxdığıma inanmırdı, hirsimdən ana dilimdə söyüşü söyəndə adamlar təəccüblənirdilər, orda bizim dilimizdə söyüş söyməyi də öyrədirlər... Tübikləri ekspertizaya göndərirdilər, rəssamlıq məktəbindən arayış istəyirdilər, sonra anam dalımca gəlirdi. Adamların gözlərində rişxənd, istehza görürdüm, şəkil çəkmək üçün bulvara, parka, şəhərin mərkəzinə gedərlər. Buzovnada başıma dəhşətli bir olay gəlib, iki mənzərə, molbert və etüd qutusu ilə üzü küləyə tərəf gedirəm, təzəcə çəkdiyim mənzərələr sarıdan narahatam, bir evin qapısını döyüb mənzərələr quruyana qədər burda qalmasına izn istəyirəm. Ev sahibəsi Allaha, Qurana and içib məni arxayın yola salır. İki həftədən sonra mənzərələrin dalınca gələndə nə görsəm yaxşıdı, uşaqlar cırılmış mənzərələrlə oynayırlar, hirsimdən gözlərim dolur - bu, bir təsadüf deyil. Beləcə, biz hər şeyimizi - azadlığımızı, mədəniyyətimizi, torpaqlarımızı itirəcəyik...

   Məgər bu təsadüfdürmü, gözlərimə qulyabani görünür, əvvəlcə Gəncədə sovet əsgəri məni cəsus kimi hərbi hissəyə təhvil verir, Bakıda elektrik qatarında başında "aerodrom" var, Əliayağı pirində molladı, Baksovet tərəfdə dəlidi və s.

   ...Yük maşınında Lənkərana gedirik, nağıla bənzər bir bağın yanından keçirik, ağacların budaqlarında portağallar, mandarinlər, ovuc boyda feyxoalar sallanır. "Bunlar kimlər üçündü, mağazalarda heç vaxt belə şey görməmişik". Fazil (Azərbaycanın ən yaxşı heykəltəraşı, xarici səfərlərdən qayıdanda ordakı dünyanın çürüdüyünü dilinə gətirməzdi. Fazil rus dram teatrı üçün iki maraqlı avanqard barelyef işləyib, biri hələ divarda qalıb, ikinci daha mürəkkəb, daha ifadəli barelyef bir neçə gündən sonra MK-nın əmri ilə götürüldü) onlar üçündü - pıçıldadı. Marat, maşını saxla, - sürücüyə qışqırıram. Mandarinlər xalqa! - bu sözlərlə meyvələrdən dərib maşının banına Fazilə və Rasim Babayevə sarı atıram...

   Xalaoğlum olmayanda tələbə yataqxanasında onun çarpayısında yatırdım. Mən də qışda öz təzə çəkmələrimi ona verib, onun köhnə ayaqqabılarını geyərdim, onun çəkmələri ayağımı sıxardı. Uşaqlıqda olduğu kimi, yenə qardaşım Tofiqdən çox Rasimlə oturub-durardım.

   Aman Allah, mən ki onları düşündüklərindən daha çox sevirdim. Bəzən bütün dəstəmizlə Buzovnada ucuz otaq kirayələyərdik, bir dəfə qəbiristanlığın yaxınlığında həyətində böyük ərik ağacı bitmiş ev kirayələmişdik, o qədər ərik yemişdik ki, qarınağrısına düşmüşdük, bir dəfə qızğın mübahisə elədiyimiz yerdə qəbiristanlıqdan bizə çörək və halva gətirdilər, o saat mübahisəmiz kəsildi, ölüm bizə həyatı sevdirdi.

   "Qəbiristanlığa yaxın yerdə yaşamaq yaxşı şeydi, həmişə bədbəxt rəsamın qarnını doydururlar".

   Toğrul, rəssamlıq məktəbi, gözləri dupduru, əynində romantik paltar, köynəyinin yaxalığı altında bant, tünd holland palitrası, gözəl anası var, onun anası əslən Fransadandı, Toğrulgildə olmaqdan, anası ilə söhbət etməkdən xoşum gəlirdi. Restoranda Toğrul südlü şorba sifariş verəndə az qala gülməkdən öləcəkdim, onunçün araq və kabab gətirdim, ilk dəfə "odlu su" onun incə boğazını yandırdı... ona qarşı həmişə isti hisslərim olub... "26 Bakı Komissarı" tablosunu işləyəndə soruşdu: "Bilirəm, bilirəm, mövzunu unut, əsər haqqında fikrini söylə, hə?" - mən də ona həqiqəti söylədim, sovet realistik məktəbi üçün maraqlı və təzədi, ekspressiv kompozisiya, təmiz rənglər... bilirsinizmi, Toğrul ağladı.

   Natürmortlarında, mənzərələrində, uşaq obrazlarında o dupduru gözlü, məxmər gödəkçəli oğlandan bir şeylər var. Ayrı-ayrı qütblərdə dayansaq da, mənim sənət qarşısında absolyut ədalətim haqqında daha bir örnək, hardasa gərək ki, altmış üçüncü ildə Tahir vatman kağızı üzərində işlədiyi cizgi rəsmlərini mənə göstərdi, rəsmlərin texnikası, dinamikası mənim xoşuma gəldi. 1987-ci ildə Moskvada "Manej" sərgisində Tahirin rəsmlərinin başqa əsərlər arasında necə seçildiyini gördüm, ona yaxınlaşıb dedim: "Sən burdasan, mən orda, amma sənə düzünü deyəcəyəm, rəsmlərin çox güclüdür, təbrik eləyirəm".

   Yaxşı görülmüş işdən xoşum gəlir, akademizm olsa belə, obyektliyimə görə çoxları mənə hörmətlə yanaşırdı. 60-cı illərdə pul qazanmaq məqsədi ilə uşaq kitabları üçün müasir, rəngarəng illüstrasiyalar işlədim, sərbəst mövzu idi, park, uşaqlar, fəvvarələr, illüstrasiyalar özümün də xoşuma gəlirdi, baş redaktor məni formazilmdə günahlandırdı və bildirdi ki, nə qədər ki, sağam, bu burjua işlərinə yol verməyəcəm, mən də ondan geri qalmadım - onda sənin ölümünü gözləyərəm. Qəpik-quruş qazanmaq üçün xaltura eləməli oldum, Azərbaycanın rayonlarında yolkənarı şitlər üzərində plakatlar çəkirdim, toyuq-cücə, inək-qoyun, süd bidonları...

   Bir dəfə Rəssamlar İttifaqında dilxor oturub barmaqlarımla dizimi döyəcləyirdim, pəncərədən uçub gedən buludlara baxırdım, yaxınlıqdan bir səs gəldi: "Hə, Cavad, bütün müridlərin səni tək qoyub". Dönüb baxdım, tanış adamdı, kədərli, amma gümrah səslə ona dedim: "Bir nəfər də döyüşçüdü..."

   Artistlər, yazıçılar, alimlər və rəssamlar sürüsü hakimiyyət maşınına boyun əyirdi, onlarla bir örkənlə addımlamaq istəyənlər bunun bədəlini ödəməli olurdular, işgəncələr altında can verirdilər, ya da buz heykəllərə dönürdülər, Hüseyn Cavid kimi. Xruşşov Amerikada olanda Amerika prezidentinə "gələn dəfə bura Şoloxovla gələcəyəm" - demişdi, ABŞ prezidenti isə "SSRİ-yə Heminqueylə gələcəyəm" - söyləmişdi, yazıçı isə dövlət başçısı ilə gəlməkdən imtina etmişdi... bax belə!

   Dəfələrlə yalan və zor imperiyasını tərk etmək istəmişəm, mənim irihəcmli tablolarım vardı, əgər bəstəkar və ya şair olsaydım, kağızlarımı çemodana doldurardım və haydı. Amma mən bu məngənədən canlarını qurtaranların əvəzinə sevinirdim, sanki mənim bir hissəm onlarla uçub gedirdi...

 

   (ardı var)

  

 

   Adil Mirseyid

 

   Ekspress.- 2011.- 7-10 may.- S. 14.