Mir Cəfərin
məhkəməsi necə hazırlanmışdır
(əvvəli ötən şənbə
saylarımızda)
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən
biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi
olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı
Teyyub Qurban bu məhkəmə, onun necə və kimlərin
sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Zamanın gərdişinə bax: 4 ildən sonra M.Ə.Rəsulzadənin
torpağa tapşırıldığı gün - mart
ayının 8-də Mirzəbala Məmmədzadənin ürəyi
dayandı. Ertəsi gün, martın 9-da cənazəsi
İstanbulun Kadıköy Osmanağa camisindən
qaldırıldı. Qəm karvanı şəhərin Qaraca Əhməd
qəbiristanlığına baş aldı...
Vaxtilə Mirzəbala Məmmədzadə ulu öndərimiz
Məhəmməd Əmin Rəsulzadə haqqında
demişdi: "72 yaşına qədəm qoymuş olan Rəsulzadə
ilə bir zamanlar 20 yaşına qədəm qoymuş gənc
inqilabçı Rəsulzadə arasında heç bir fərq
yoxdur". Bu
sözlərin müəllifi haqqında da demək olar. Hər
ikisi Azərbaycanın istiqlal yolunun mürşidləridir.
Bu da maraqlıdır ki, birincisini 1920-ci ildə Stalin,
ikincisini 1923-cü ildə Bağırov xilas etmişdi. Bu ilin oktyabrında
"Müsavat" partiyasının bir əsrlik yubileyi
zamanı M.Ə.Rəsulzadə də, Mirzəbala Məmmədzadə
də yanaşı duracaqlar - biri 127 yaşında, biri 113
yaşında.
Biri Novxanıda açdı
gözünü,
Biri də Zirədə cahana gəldi.
Xəzərə dedilər ürək sözünü,
Dalğalar qabarıb tüğyana gəldi.
Tarix
kitabıdır ömür dəftəri,
Taleyin yazdığı
varaqları var.
Müsavat ayağa qalxandan bəri,
Bakı kəndlərindən dayaqları var.
Dövran yad bayrağı
qaldıran
zaman,
Zülmətdə
nur kimi yaşadı
onlar.
Çoxları danışdı
millət adından,
Millətin yükünü
daşıdı onlar.
Əyilməz kişilər,
comərd
insanlar
Qürbət
yollarından Vətənə baxdı.
Burda şərəfsizə
dastan yazanlar
"Şərəf"
ordenini döşünə taxdı.
Çoxu
dahi oldu öz nəzərində,
Çoxu
dönük çıxdı duz-çörəyinə.
Bugünün, sabahın üfüqlərində
Dostları
görürəm çiyin-çiyinə.
İstiqlal uğrunda mübarizədə
Doğulur,
bərkiyir yenə də onlar.
Biri
Novxanıda, biri Zirədə
Azərbaycan!
- deyir yenə də onlar.
Azərbaycan
Respulikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində tanış olduğumuz bir çox materiallar
göstərir ki, Mir Cəfər Bağırov 1952-ci ildə
belə keçmiş müsavatçıları və
Müsavat əsgərlərini müdafiə etmişdir. Azərbaycan
KP MK-nın 1952-ci il dekabrın 25-26-da keçirilmiş
plenumundakı çıxışında deyilir: "Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunda Bayramov
familiyalı birisini işdən çıxarmışlar. Səbəbi
nədir? Guya geri qalır, vaxtında dissertasiyasını
bitirib müdafiə etməmişdir. Əslində isə
keçmişdə müsavat zabiti olduğuna görə.
Bayramov mənim ünvanıma Kirovobaddan teleqram vurmuşdu,
xahiş edirdi ki, onu qəbul edim. Mən Həsənov və
Orucov yoldaşlardan xahiş etdim ki, onlar birlikdə Bayramovun
Bakıya gəlişini təşkil etsinlər və qəbula
gətirsinlər. Belə də oldu. Gördüm ki, o,
yaşlı adamdır, əlli dörd-əlli beş
yaşlarında. Soruşdum ki, səni niyə institutdan xaric
ediblər? Cavab verdi ki, keçmişdə müsavat zabiti
oludğuma görə. Əmrə maarif nazirinin müavini
Muxtar Zülfüqarov qol çəkmişdir. Dedim ki, bu necə
ola bilər, axı Zülfüqarovun özü də
keçmiş müsavat zabitidir?" (Təəssüf ki,
M.C.Bağırovun bundan sonra azərbaycanca söylədiyi
cümlələr stenoqrama salınmamışdır - T.Q.)
Daha sonra
M.C.Bağırov çıxışında 1920-ci ildə Gəncədə
olduğu günləri belə xatırlayır: "Faytonla
gedirdim. Bir də gördüm ki, 30 nəfər boylu-buxunlu
cavanı sıraya düzüb aparırlar. Faytonu
saxlatdırdım, başçılarından soruşdum ki,
bu cavanları haraya aparırsınız? Cavab verdi ki, güllələməyə.
Qarayev yoldaşın əmridir, bunlar ağqvardiyaçı və
müsavatçı kimi güllələnməlidirlər. Mən
onların hamısını azad etdim, bəzilərini öz
yanıma işə götürdüm, o cümlədən
Muxtar Zülfüqarovu adyutant etdim. Hazırda nazir
müavinidir, pis də işləmir".
Təəssüf
ki, 1952-ci ildə Azərbaycan SSR maarif nazirinin müavini
olmuş keçmiş müsavat zabiti barədə geniş məlumat
əldə edə bilmədik. Çünki onun şəxsi
iş qovluğu Azərbaycan KP MK-nın qərarı ilə
1977-ci ildə tərtib olunmuş akt əsasında ləğv
olunub yandırılmışdır.
Mir Cəfər Bağırov və
Cəbrayıl Ələsgərov
Azərbaycan
Respublikası Prezidenti Siyasi Sənədlər Arxivində
1956-cı il dekabr ayında V.İ.Lenin adına Azərbaycan
Pedaqoji İnstitutunda kadr dəyişikliyinə dair çox
maraqlı materiallar saxlanılır. İ.Mustafayevin sədrliyi
ilə keçirilən Büro iclasının həmin il 11
dekabr tarixli 64 nömrəli protokolundan
çıxarışda oxuyuruq:
"V.İ.Lenin adına Pedaqoji
İnstitutun direktoru haqqında
1902-ci ildə
anadan olmuş, 1939-cu ilin avqustundan Sov. İKP üzvü,
partiya biletinin nömrəsi 06628807, Vəkilov Mehdixan Yusif
oğlu Azərbaycan Pedaqoji İnstitutunun direktoru təsdiq
olunsun və C.A.Ələsgərov həmin vəzifədən
azad edilsin.
Azərbaycan
KP İMK katibi İ.Mustafayev.
14 dekabr
1956-cı il."
Təzə
rektoru ictimaiyyət marksizm-leninizm kafedrasında müdirliyindən
daha çox Səməd Vurğunun böyük qardaşı
kimi tanıyır və hörmət edirdilər. Bəs
rektorluqdan çıxarılan kim idi? Kim idi yeni rektordan
beş yaş kiçik olan Cəbrayıl Ağaəli
oğlu Ələsgərov?
1907-ci ildə
Şamaxıda dünyaya göz açan Cəbrayıl
1917-1918-ci illərdə daşnakların törətdiyi dəhşətləri
öz gözü ilə görmüşdü. Fəqət
heç zaman ağlına gəlməzdi ki, xalqımıza
qarşı soyqırımın baş komandanı elə
rektoru işləmiş olduğu ali məktəbin
adını daşıdığı Lenin olmuşdur. Onun
imzaladığı dekretə əsasən, Şaumyan Azərbaycandan
azərbaycanlıları "təmizləmək" əməliyyatına
başlamışdı. 1918-ci ilin mart ayında erməni
silahlı birləşmələri Şamaxıya hücum edərək,
qədim şəhərin müsəlmanlar yaşayan hissəsini
tamamilə yandırmış, bir neçə gün ərzində
yeddi mindən çox şamaxılı qətlə
yetirilmişdir. Müdafiəsiz qalmış dinc əhali
qonşu rayonlara pənah aparmışdır, Cəbrayılgil
Ağdaşa çatar-çatmaz ailənin
başçısı Ağaəli kişi
dünyasını dəyişmişdir.
Yaxınları-qohumları onu Ağdaş torpağına
tapşırmışlar. Yeniyetmə oğul rəhmətliyin
son nəfəsdə söylədiyi vəsiyyətinə əməl
etmişdir: Bakıdakı tanışlarının yanına
gəlmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə xüsusi mətbəələrin birində
usta köməkçisi işləmişdir. Mürəttiblik
peşəsinə mükəmməl yiyələnmiş Cəbrayıl
Sovet hakimiyyəti illərində dövlət mətbəəsində
cildçi vəzifəsində
çalışmışdır. Əli çörəyə
çatan andan Cəbrayıl atasının bir
sözünü də qulağında sırğa
etmişdir: elm dalınca get, bala.
Cəbrayıl
Ələsgərov Bakıdakı birinci dərəcəli 76
nömrəli məktəbi bitirdikdən sonra Sənaye
texnikumuna daxil olmuşdur. 1928-ci ildə texnikumu əla qiymətlə
bitirdiyinə görə Məşədi Əzizbəyov
adına Politexnik İnstitutuna (indiki Neft Akademiyasına) daxil
olmuşdur. Elmi-tədqiqat işlərinə dərin
marağını nəzərə alaraq, Cəbrayıl Ələsgərovu
Kuybışev adına Neft Elmi-Tədqiqat İnstitutuna elmi əməkdaş
qəbul etmişlər. O, 1935-ci ilədək burada
çalışmışdır. Həmin vaxtdan 1937-ci il
noyabr ayınadək gənc alim və pedaqoq Lenin rayonundakı
Neft Texnikumunun əvvəlcə tədris hissə müdiri və
sonra direktoru vəzifəsində işləmişdir. 1937-ci
ilin noyabrında isə həyatında unudulmaz anlar
yaşanmışdır. Mir Cəfər Bağırov
"Şamaxı qaçqını"nı şəxsən
qəbul etmiş, ətraflı söhbətdən sonra Mərkəzi
Komitə Bürosunun qərarı ilə Azərbaycan Dövlət
Universitetinin rektoru vəzifəsinə təsdiq edilmişdir.
Cəbrayıl Ələsgərov 1941-ci ilin iyun ayınadək
rektor vəzifəsini ləyaqətlə yerinə
yetirmişdir. Respublikamızın bir çox adlı-sanlı
ziyalıları kimi, o da düşmənlə
döyüşə yollanmışdır. Cəbrayıl Ələsgərov
mayor rütbəsində Zaqafqaziya Hərbi Dairəsinin Tiflisdəki
qərargahında, 44-cü orduda Krım cəbhəsində
baş siyasi təlimatçı olmuşdur.
1943-cü
ilin fevralında mayor Cəbrayıl Ələsgərova
Şimali Qafqaz cəbhəsindən kədərli xəbər
çatdırılmışdır: iki qardaşı -
Ağabala və Mikayıl ağır döyüşlərdə
həlak olmuşlar. Cəbrayıla bir an elə gəlmişdir
ki, iki qolu yoxa çıxmışdır. Atasının
vaxtsız vəfatından sonra belə bir sarsıntı
keçirməmişdi... Elə bu zaman Cəbrayıl Ələsgərova
bir teleqramı da əlbəəl verib imzalatdılar: Təcili
Bakıya Mərkəzi Komitəyə gəlməlidir.
Mərkəzi
Komitədə, Mir Cəfər Bağırovun qəbulunda
olarkən, respublika rəhbərindən xahişi bu oldu:
- Yoldaş
Bağırov, icazə verin, ön cəbhəyə gedim,
qardaşlarımın intiqamını alım...
- Hissə
qapılaraq düşməndən intiqam almazlar,
ağılla, səbrlə və siyasətlə hərəkət
etmək lazımdır. Odur ki, sənin mübarizə yerin də,
iş yerin də Mərkəzi Komitə olacaqdır.
Azərbaycan
Respublikası İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində təsəvvürümüzdə
canlandırdığımızın rəsmi ifadəsi ilə
rastlaşırıq:
"Azərbaycan
K(b)P MK Bürosu iclasının 1943-cü il avqustun 23-də
keçirilmiş protokolundan çıxarış
Cəbrayıl
Ağaəli oğlu Ələsgərov yoldaş, 1931-ci ildən
partiya üzvü, partiya bileti N 1470389, Azərbaycan K(b)P
MK-nın partiya kadrları şöbəsinin bölmə
müdiri - ikinci müavin vəzifəsinə təsdiq olunsun.
ÜİK(b)P MK-dan bu qərarın təsdiq olunması
xahiş edilsin.
Azərbaycan
K(b)P MK katibi M.C.Bağırov."
...Cəbrayıl
Ələsgərov "bir gözü ağlar, bir
gözü gülər" can-ciyərlərinin yanına
qayıtdı. Ömür-gün yoldaşı Zəminiyə
xanım onu addım səslərindən hiss edərək
qapını üzünə açdı. Ərini tutqun
görən Zəminiyə dinməz durdu. Cəbrayıl
otağa keçərək, qayınanası ilə
salamlaşdı, sonra anasına tərəf addımlayaraq
yeridi, ana-bala qucaqlaşdı və Zəminiyə
gördü ki, ərinin göz yaşları anasının
çiyninə axır, yaxınlaşıb "Cəbrayıl,
nə baş verib?" soruşanda əri
hıçqırağını boğa bilmədi.
Özünə gəlib sakitləşəndən sonra fəryad
etdi: "İki qardaşım həlak oldu! Cəbrayıl təkləndi!"
Ana da, qayınana da ər-arvadın ah-naləsinə
qoşuldular...
(ardı var)
Teyyub Qurban
Ekspress.- 2011.- 7-10 may.- S. 15.