Çində Azərbaycan
Mədəniyyəti Günləri
Mayın 24-dən 27-dək Çin
Xalq Respublikasında
Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
İki ölkə arasında mədəni sahədə əlaqələri
möhkəmləndirmək, Azərbaycan mədəniyyətini
Çində daha geniş
tanıtmaq məqsədi daşıyan tədbir
çərçivəsində Qara Qarayev adına
Azərbaycan Dövlət Kamera Orkestrinin, Dövlət Rəqs
Ansamblının solistlərinin və muğam
ifaçılarının
çıxışları, Azərbaycana həsr olunmuş fotosərginin, habelə milli geyimlərimizdən və miniatür kitablardan ibarət sərgilərin
təşkili nəzərdə tutulub.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan incəsənət
ustaları Çinin tarixi şəhərlərindən
olan Yentayda da konsert proqramı
ilə çıxış
edəcəklər. Bundan əlavə,
Azərbaycan rəsmi nümayəndə heyətinin
ÇXR-in Mədəniyyət Nazirliyində, Çin Milli Turizm Administrasiyasında,
Çin Milli Muzeyində görüşləri
də planlaşdırılır.
Azərbaycanla Çin
arasında mədəni əlaqələrin böyük tarixi
var. Qədim İpək Yolu dövründə bu münasibətlər
xüsusilə möhkəmlənib. Azərbaycan 1991-ci ildə
müstəqilliyini bərpa etdikdən sonra iki ölkə
arasında mədəni əlaqələr də yeni müstəviyə
qədəm qoyub. Müxtəlif səviyyəli
qarşılıqlı səfərlər zamanı mədəni
məsələlərə dair bir sıra sənədlər
imzalanıb. 2006-cı ilin dekabrında Azərbaycanın
Çindəki səfirliyinin nəzdində
"Şuşa" Mədəniyyət Mərkəzi fəaliyyətə
başlayıb. Ötən ilin noyabrında Azərbaycanın
Çindəki səfirliyinin dəstəyi ilə Üzeyir
Hacıbəylinin "Arşın mal alan" operettası
Pekində çin dilində səhnələşdirilib.
Ekspress.-
2011.- 11 may.- S. 23.